17.09.2017

Adıgözəlov Yalçın

Yalçın Adıgözəlov 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. Musiqi ilə məşğul olmağa atasının-tanınmış azərbaycan bəstəkarı Vasif Adıgözəlovun rəhbərliyi ilə başlamışdır. Y.Adıgözəlov pianoçu kimi Bülbül adına orta-ixtisas musiqi məktəbini bitirərək, 1982-ci ildə Bakı Musiqi Akademiyasının fortepiano ixtisası üzrə professor Rauf Atakişiyevin sinfində təhsil almışdır. 1983-cü ildə N.A.Rimski-Korsakov adına Leninqrad (Sankt-Peterburq) Dövlət Konservatoriyasına dirijorluq ixtisası üzrə daxil olmuşdur. 1984-1989-cü illərdə Leninqrad (Sankt-Peterburq) konservatoriyasında opera simfonik dirijorluğu ixtisası üzrə maestro İ.A. Musindən dərs almışdır. Konservatoriyanı bitirdikdən sonra Bakı şəhərinə qayıtmış və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrində dirijor kimi çalışmağa başlamışdı. 1991-1992-ci illərdə Vyana Musiqi Akademiyasında professor Karl Esterrayxerin yanında təcrübə keçmişdir. 1991-ci ildən 1998-ci ilədək Yalçın Adıgözəlov Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru olmuşdur. 2001-ci ildən maestro Adıgözəlov İstanbul Opera və Balet Teatrının dirijoru olmuşdur. Yalçın Adıgözəlov bir çox aparıcı Rusiya Milli Orkestri, P.İ.Çaykovski adına Böyük Simfonik orkestri, Sankt-Peterburq filarmoniyasının orkestri, ABŞ, İspaniya, Avstriya, Belçika,Rumıniya və bir çox aparıcı simfonik orkestrlərlə əməkdaşlıq etmişdir. Dirijor M. Rostropoviç, N. Petrov, S. Stadler, İ. Moniqetti kimi çox tanınmış musiqiçilərlə çıxış etmişdir. 1997-ci ildən pedaqoji fəaliyyətilə məşğul olmuşdur, Bakı Musiqi Akademiyasının dosentidir. 2012-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülmüşdür. 2012, 2014 və 2015-ci illərdə Prezident Mükafatına layiq görülmüşdür.