16.08.2017

Ağdaş rayon Heydər Əliyev Mərkəzi

2014-cü ilin may ayının 1-də Ağdaş rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzinin yeni binasının açılışı olmuşdur. Mərkəzin inşasına 2012-ci ilin avqustunda başlanmışdır. İnşaat işləri ən yüksək standartlar səviyyəsində həyata keçirilmişdir. Ümumi sahəsi 5 min 800 kvadratmetr olan ikimərtəbəli bina zəruri avadanlıqla təchiz edilmişdir. Girişdə Mərkəzin qonaqlarına inzibati binanın maketi təqdim olunur. Birinci mərtəbədə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Buradakı ekspozisiya zalında Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı sənədlər böyük maraq doğurur. Dahi şəxsiyyətin müxtəlif dövrlərdə çəkilmiş fotoları 6 guşədə yerləşdirilmişdir. Bu fotolarda Ümummilli Liderin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən Ağdaşın inkişafına da xüsusi diqqət göstərməsi dolğun əksini tapmışdır. Ulu Öndərin rayondakı müxtəlif obyektlərin açılışında iştirak etməsi, ictimaiyyət nümayəndələri, ziyalılar və zəhmətkeşlərlə görüşləri ağdaşlıların xatirəsində dərin izlər buraxmışdır. Mərkəzdə xarici dil kursları, foto-video- audio studiya, informasiya texnologiyaları otağı, xalq çalğı alətləri dərnəyi, rəqs studiyası, internet klub, kafe, 3D kino zalı və s. fəaliyyət göstərir. Prezident İlham Əliyevin müxtəlif illərdə Ağdaşa səfərlərini əks etdirən fotoguşənin də yaradıldığı Mərkəzdə rayonun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək üçün hərtərəfli imkan vardır. Mərkəzin böyük və kiçik konfrans zallarında ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin, o cümlədən ulu öndər Heydər Əliyevin zəngin irsinin geniş təbliği məqsədi ilə açıq dərslərin keçirilməsi də nəzərdə tutulmuşdur. Açıq sərgi salonunda maraqlı rəsm nümunələri nümayiş etdirilir. Burada rəsm və heykəltəraşlıq studiyası, xalq sənətkarlığı emalatxanası, dizayn və kompyuter kursları, elektron kitabxana fəaliyyət göstərir. İntellektual oyunlar otağında müxtəlif oyunların təşkili planlaşdırılır. Son illər respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin keçirilməsi nəzərə alınaraq, burada da müvafiq şərait yaradılmışdır.

Ünvanı: Ağdaş rayonu, Heydər Xiyabanı
Tel:02023 5 54 74