26.07.2017

İfaçılar

Musiqi alətlərində çalanlar musiqi əsərlərini ifa edərək, bəstəkarın öz əsəri ilə dinləyicilərə çatdırmaq istədiyi əhval-ruhiyyəni, ideya və düşüncələri əks etdirirlər.

 

Abdullayeva Aida Həmdulla qızı (23.04.1922 – 2010)

Azərbaycan Respublikasının əməkdar artisti, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan arfa ifaçılığı məktəbinin yaradıcısı. Aida Abdullayeva 1922-ci il aprelin 13-də Bakı şəhərində anadan olmuşdur. O, 1940-cı ildə onillik orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən ali musiqi təhsili almaq üçün Moskva Dövlət Konservatoriyasına göndərilmişdir. 1941-ci ildə müharibənin başlaması ilə əlaqədar Aidə Abdullayeva Bakıya qayıdır, Opera və Balet Teatrının orkestrində işə qəbul olunur. 1942-ci ilin payızında ailəsi ilə birlikdə repressiyaya məruz qalaraq Qazaxıstana sürgün edilir. 1943-cü ildə Üzeyir Hacıbəyovun vəsadəti əsasında o, Azərbaycana qaytarılıb Bakı Dövlət Konservatoriyasına bərpa olunur və Radiokomitənin Simfonik orkestrində işləməyə göndərilir. 1944-cü ildə Aida Abdullayeva yenidən Moskva Konservatoriyasında professor K.Erdelinin sinfində təhsilini davam etdirir. Bu təhsil ocağını 1949-cu ildə bitirdikdən sonra Aida Abdullayeva o vaxtlar Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuş Qara Qarayevin rəyi əsasında Konservatoriyada müəllimlik fəaliyyətinə başlayaraq arfa sinfinə rəhbərlik etməyə başlayır. Burada işlədiyi onilliklər ərzində o, respublikamızda, eləcə də xaricdə fəaliyyət göstərən simfonik orkestrlər üçün bir çox arfa ifaçıları hazırlamışdır. Onun təşəbbüsü ilə Asəf Zeynallı adına musiqi məktəbində, Sumqayıt musiqi məktəbində arfa sinfi açılmışdır.

 

Adıgözəlzadə Murad Zöhrab oğlu (20.11.1973)

 Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu.
Adıgözəlzadə Murad Zöhrab oğlu 1973-cü il noyabrın 20-də Bakı şəhərində anadan olub. 1980-cı ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olub.
1984-cü ildə “Konsertino-Praqa” beynəlxalq radio-müsabiqəsində iştirak edib və on ən yaxşı gənc ifaçı siyahısına düşüb. 1987-ci ildə Çexoslavakiyada qastrollarla çıxış edib. 1990-cı ilin avqust ayında Almaniyada pianoçuların beynəlxalq müsabiqəsində iştirak edib. Həmin ilin sentyabr və oktyabr aylarında Türkiyədə qastrolları olub. 1991-ci ildə məktəbi bitirib və Üzeyir Hacıbəyli adına Bakı Dövlət Musiqi Akademiyasında professor R.Atakişiyevin sinifinə daxil olub, sonradan təhsilini professor F. Bədəlbəylinin sinifində davam etdirib. 1995-ci ildə Dövlət Kamera Orkestri ilə Türkiyədə qastrollarla çıxış edib. 1996-cı ilin may ayında Pianoçuların Respublika Müsabiqəsinin ilk laureatı olub və “İlin ən yaxşı pianoçusu” adına layiq görülüb. Həmin ilin dekabr ayında “İlin ən yaxşı musiqiçisi” adı ilə təltif edilib. 1996-cı ildə Bakı Musiqi Akademiyasını bitirərək Almaniyanın Münxen şəhərində Ali Musiqi Mətkəbində professor E.Virsaladzenin sinifinə daxil olub və 1998-ci ildə oranı bitirib.1998-ci ildən bu günə qədər professor E.Virsaladzenin assistenti M.Lidski ilə məsləhətləşmələri davam etdirir. Almaniyada oxuduğu dövrdə Şvelm şəhərində solo konsertlə çıxış edib. Həmin ildə Çaykovski adına Moskva Dövlət Konservatoriyasında professor E.Virsaladzenın sinifinə daxil olub və 2000-ci ilin noyabr ayında oranı bitirib. MDK-da oxuduğu dövrdə Moskvada, Türkiyədə, Bakıda konsertlərlə çıxış edib, həmçinin Vladimir Spivakov fondunun stependiantları ilə Ukraynanın Kiyev şəhərində musiqi festivalında iştirak edib. 2000-ci ilin dekabr ayında Bursa şəhərinin Dövlət Simfonik Orkestri ilə Türkiyədə konsertlərlə çıxış edib. 2001-ci ilin oktyabr ayında Tbilisidə ikinci beynəlxalq müsabiqənin qalibi olub. 2001-ci ilin dekabr ayında Gürcüstanın Tbilisi şəhərində beynəlxalq festivalda iştirak edib.
2002-ci ilin yanvar və fevral aylarında Almaniyada İnqolştad kamera orkestri ilə qastrollara çıxıb və Keninqsbaxda solo proqamla, həmin ilin mart ayında Moskvada “YAMAHA” şirkətinin təşkil etdiyi “Rixterin xatirəsinə” beynəlxalq festivalda, həmçinin Türkiyənin Antaliya şəhərində dövlət simfonik orkestri ilə, aprel ayında P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının kiçik zalında solo konsertlə, 2002-ci ilin may ayında Bakının Dövlət Simfonik Orkestri ilə çıxışlar edib. Həmin ilin iyun ayında P.İ.Çaykovski adına 12-ci beynəlxalq müsabiqəsində iştirak edib. Hazırda konsert fəaliyyəti ilə bərabər Bakı Musiqi Akademiyasının fortepiano kafedrasının dosentidir.
2004-cü ilin mart ayında Moskva Dövlət Akademik Filarmoniyasının Solisti fəxri adına, 2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Qızıl Xaç” ordeni ilə təltif olunmuşdur. Azərbaycanın görkəmli pianoçusu, professor Zöhrab Adıgözəlzadənin oğludur. Görkəmli Azərbaycan yazıçısı İmran Qasımovun nəvəsidir.

Axundova Yeganə Əskər qızı (22.05.1960)
Yeganə Axundova 1960-cı ildə mayın 22-də Şəkidə anadan olub. 1983-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında N.Usubovanın fortepiano sinfini bitirib, 1885-ci ildə isə professor N.Naumovun rəhbərliyi altında Moskva Konservatoriyasında təcrübə keçib. Y.Axundovanın repertuarında müxtəlif dövrə və cərəyanlara aid olan Azərbaycan və Qərb bəstəkarlarının əsərləri geniş yer tutur. O. Budapeşt, İsrail, Türkiyə, İngiltərə və bu kimi ölkələrin konsert salonlarında onların orkestrləri ilə bir sıra məşhur dirijorların təfsirində çoxlu sayda çıxışlar edib. Bu gün də mahir pianoçunun qastrol səfərləri onun yaradıcılığına yeni səhifələr yazır. Y.Axundova 1984-cü ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllimlik fəaliyyətinə başlayıb. 2003-cü ildə dosent, 2009-cu ildə isə professor elmi dərəcələrinə yiyələnib.

Aşumova Samirə Rauf qızı.

Professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Doğum yer: Azərbaycan, Bakı şəhəri Təhsil: 1970-1981- ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1981-1986-cı illərdə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının fortepiano fakültəsində (professor A.İ.Vedernikovun sinfi) oxuyub, 1986-1989-cu illərdə aspirantura şöbəsində təhsilni davam etdirib. Pedaqoji fəaliyyəti: 1986-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında konsertmeyster, 1989-cu ildən assistent, 1991-ci ildən müəllim,1993-cü ildən baş müəllim, 1995-ci ildən dosent, 2004-cü ildə professor vəzifəsinə keçib. 2016–cı ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas Fortepiano” kafedrasında müdir vəzifəsində çalışır. Elmi və ifaçılıq fəaliyyəti: Tələbəlik illərindən müsabiqə və festivallarda daima uğurla iştirak edib. II Respublika müsabiqəsində I premiyaya, Zaqafqaziya ifaçılıq müsabiqəsində diploma layiq görülüb. 1990 – ci ildə Moskva şəhərində «Новые имена» proqramında iştirak edib. 1991-ci ildə İtaliyanın Neapol şəhərində IV Beynəlxalq musiqi–ifaçılıq müsabiqəsində laureat adını qazanıb. 2014–cü ildə Yunanıstanın Rodost şəhərində Beynəlxalq Müsabiqədə iştirakına görə Diploma layiq görülüb. S.Aşumovanın öz ifasından ibarət azərbaycan, rus və xarici bəstəkarların əsərlərindən ibarət CD diskləri var. Məşhur diricorların rəhbərliyi ilə müxtəlif simfonik və kamera orkestrlərlə birgə konsert proqramları ilə çıxış etmişdir. 1991-ci ildə professor M.A.Smirnovun elmi rəhbərliyi altında «Фортепианный концерт в творчестве композиторов Азербайджана (стилевые особенности и проблемы интерпретации)» adlı namizədlik dissertasiyasını müdafiə edib. 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.S.Aşumova həm respublikamızda, həmçinin bir sıra xarici ölkələrdə (ABŞ, Almaniya, İngiltərə, Rusiya və s.) keçirilən konsertlərdə böyük uğurla çıxış edib. 5 metodik tövsiyyə və müxtəlif elmi məcmuələrin və məqalələrin müəllifidir.

 

 


Atakişiyev Rauf İsrafil oğlu (15.07.1925 – 03.02.1994)

Müğənni, lirik tenor, pianoçu, pedaqoq. Azərbaycan SSR xalq artisti (1967). Moskva Dövlət Konservatoriyasını Konstantin Nikolayeviç İqumnovun (1873-1948) sinfi üzrə bitirmiş və vokal üzrə Antonina Vasilyevna Nejdanovadan (1873-1950) dərs almışdır. Opera və Balet Teatrının solisti olmuşdur.
Azərbaycan Opera və Balet Teatrının səhnəsində Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasında Əsgərin partiyasını ifa etmişdir. 1965-ci ildə çəkilmiş “Arşın mal alan” filmində də Əsgərin mahnıları Atakişiyevin ifasında səslənmişdir. Lenski (“Yevgeni Onegin” P.Çaykovski), Alfred (“Traviata” C.Verdi), Almaviva (“Sevilya bərbəri” C.Rossini), Faust (“Faust” Ş.Quno), Balaş (“Sevil” F.Əmirov) partiyalarını ifa etmişdir.
Lirik-dramatik tenor səsi olub və həm də pianoçudur. Teatrda Əsgər (“Arşın mal alan” Ü.Hacıbəyli), Faust (“Faust”Ş.Quno), Qraf Almaviva (“Sevilya bərbəri” C. Rossini), Knyaz Sinoda (“Demon” A. Rubinşteyn), Hofman (“Hofmanın nağılları” J. Offenbax), Malxaz (“Daisi” Z. Paliaşvili), Alfred (“Traviata” C. Verdi), Edmond (“Kornevil zəngləri” R. Plaket), Anatoli (“İnsanın taleyi” ) partiyalarını oxuyub.
Rəşid Behbudovun ifasında daha çox məşhur olan “Я встретил девушку” mahnısının ilk ifaçısıdır. Mahnı ilk dəfə 1957-ci ildə Tacikistan SSR-in “Stalinabad” kinostudiyasında çəkilmiş eyniadlı filmdə ifa olunmuşdur. Tahir Atakişiyevin qardaşıdır.

Aslanova Sona (40.10.1924 – 10.03.2011)

Azərbaycanın tanınmış opera müğənnisi, aktrisa.Sona Aslanova 1924-cü ildə oktyabrın 4-də Bakı şəhərində anadan olub. Azərbaycanın opera səhnəsində Gülçöhrəni, Nigarı, Əslini böyük məharətlə oynamış və həyatının böyük hissəsini Amerika Birləşmiş Ştatlarında yaşamışdır. 2011-ci ilin fevral ayında Amerika Birləşmiş Ştatlarında dünyasını dəyişmişdir.

 


Behbudov Rəşid Məcid oğlu (14.12.1915 – 9.06.1989)

Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur. 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət alır. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov “Stalin mükafatı” ilə təltif olunur.
1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olmuşdur.
Dövlətimiz tərəfindən Rəşid Behbudov SSRİ Xalq Artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstan MSSR-ın Xalq Artisti, Gürcüstan SSR-ın Əməkdar İncəsənət Xadimi adlarına layiq görülmüşdür.
Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat etmişdir.

 

Bədəlbəyli Fərhad Şəmsi oğlu (27.12.1947)

 Pianoçu, Azərbaycan SSR xalq artisti, Azərbaycanın Dövlət mükafatı Laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru. Fərhad Şəmsi oğlu Bədəlbəyli 27 dekabr 1947-ci ildə Bakıda görkəmli rejissor, Azərbaycan xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olmuşdur.

1965-1969-cu illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M. R. Brennerin sinfində), 1969-1971-ci illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) oxumuşdur. Fərhad Bədəlbəylinin adı B. Smetana adına (Çexoslavakiya, 1967, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı) və Viana da Mota adına (Portuqaliya, 1968, I mükafat) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşır.

Bu gün F. Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. Pianoçunun qastrol səfərləri – Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslavakiya, İsveçrə, Yuqoslaviya, Yaponiya və b. ölkələri əhatə edir. Musiqi təşkilatçılığı işi, maarifçilik – F. Bədəlbəylinin ikinci mühüm fəaliyyət sahəsidir. 1986-1989-cu illərdə o, Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olmuşdur. F. Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987-1996-cı illərdə o, buranın rəhbəri olmuşdur) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (hal-hazırda o, 1989-cu ildən bu cəmiyyətin sədridir) yaradılmışdır.

1995-ci ildən o, “Azərbaycan Mədəniyyətinin Dostları” fondunun üzvüdür. 1971-ci ildən F. Bədəlbəyli Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir (1976-cı ildən dosent, 1983-cü ildən professor). 1991-ci ildən F. Bədəlbəyli onun təşəbbüsü ilə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasına çevrilmiş ADK-nın rektorudur. Dövlətimiz tərəfindən F.Bədəlbəyli 1972-ci ildə Azərbaycan SSR əməkdar artisti, 1978-ci ildə Azərbaycan SSR xalq artisti, 1979-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı, Azərbaycanın Dövlət mükafatı Laureatı, 1990-cı ildə SSRİ xalq artisti ordenlərlə təltif olunmuşdur.

Ələkbərova Şövkət Feyzulla qızı (20.10.1922 – 07.02.1993)

Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olmuşdur. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinifini bitirdiktən sonra səhnə yaradıcılığına başlamışdır. 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmişdir. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi. 1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak etmiş və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb etmişdir. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova “Qarabağ şikəstəsi”ni oxumuş, Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olmuşdur. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoydu. 1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanır. SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi.

Hacibəyova Ülviyyə (1960)

Ülviyyə Hacıbəyova 9 iyun 1960-cı ildə ziyalı ailəsində anadan olmuşdur. Ü.Hacıbəyova 3 yaşından pianoda çalmağa başlamış, ilk əsərini isə 6 yaşında yazmışdır. Bunun nəticəsi olaraq Azərbaycan Telefilm onun haqqında “Ülviyyənin mahnıları” adlı film çəkmişdir. Ü.Hacıbəyova ilk təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində, Y.L.Filatovanın sinfində almışdır. 1978-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının professoru, Xalq artisti, görkəmli incəsənət xadimi R.Atakişiyevin sinfində təhsil alımşı, assistent-stajorluğu bitirmiş, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professorları Y.İ.Milşteyn və L.Naumovdan dərs almışdır. Məhz Ü.Hacıbəyova tərəfindən C.Hacıyev, S.Hacıbəyov, Niyazi və s. bəstəkarların əsərlərini redaktə edərək ilk dəfə ifa etmişdir. Ü.Hacıbəyova “Hacıbəyovların musiqi dünyası”, “Azərbaycan Dövlət Musiqi Mədəniyyəti muzeyi arxivindən”, “Azərbaycan bəstəkarlarının antologiyası” diskləri daxil olmaqla 18 diskin müəllifidir. Bununla yanaşı, o, bir sıra mahnıların, piano əsərlərinin, puiano üçün işləmələrin, 30-a qədər elmi məqalələrin, “Sənət fədailəri. Hacıbəyovların musiqi dünyası” adlı kitabının müəllifidir. Respublikanın əməkdar incəsənət xadimidir.

Haqverdiyev Əli Həsən oğlu (29.06.1939 – 14.09.1992)

Əli Haqverdiyev 1939-cu il iyunun 29-da tanınmış incəsənət xadimlərinin ailəsində anadan olmuşdur. O yalnız musiqi ilə deyil, incəsənətin digər növləri ilə də məşğul olub. Əvvəlcə Rəssamlıq Texnikumunda, sonra isə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Əli Haqverdiyev aktyor kimi fəaliyyət göstərib. Bas səs tembrinə malik olan sənətkar uzun illər Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb. Onun rəsm əsərləri bir sıra sərgilərdə nümayiş olunub, aktyor kimi bir neçə Azərbaycan filmlərində də çəkilib. “Dədə Qorqud” filmindəki Yalıncıq obrazı və başqaları buna nümunədir.
Repertuarı çox zəngin olan Əli Haqverdiyevin bir vokalçı kimi özünəməxsus xüsusiyyəti olub. O, qərb və rus bəstəkarlarının ariyalarını, romanslarını azərbaycan dilinə tərcümə olunmuş variantda ifa edib. Azərbaycanın Əməkdar Artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan Rəssamlar İttifaqının üzvü Əli Haqverdiyev 1992 -ci il sentyabrın 29-u vəfat edib.

Sürəyya xanım Qacar (01.05.1910 – 1992)

Azərbaycan müğənnisi. Azərbaycan Respublikasının xalq artisti (1954). Sürəyya xanım Şəmsəddin Mirzə qızı 1 may 1910-cu ildə Şuşa şəhərində anadan olmuşdur. 1927-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirmişdi. 1927-39-cu illərdə Azərbaycan Opera və Balet Teatrının solisti olmuş, burada Leyli, Əsli, Gülnaz, Asya (“Leyli və Məcnun”, “Əsli və Kərəm” operaları, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları. Ü. Hacıbəyli), Şahsənəm (“Aşıq Qərib” Z. Hacıbəyli) partiyalarında çıxış etmişdir. 1940-cı ildən Azərbaycan Dövlət Filarmoniyasında solist (fasilələrlə), 1968-ci ildən vokal üzrə məsləhətçi-müəllim işləmişdi. Repertuarında Azərbaycan xalq mahnıları, muğamlar, eləcə də xarici ölkə xalqlarının və bəstəkarlarının mahnıları əsas yer tutmuşdu. O, 1992-ci ildə vəfat edib. Sürəyya xanım Qacar Azərbaycan Respublikasının xalq artisti fəxri adını almış, 2 “Şərəf nişanı” ordeni ilə təltif edilmişdi.

Qasımova Fidan Əkrəm qızı (17.06.1947)

 Azərbaycanın opera müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (1982), SSRİ xalq artisti (1988), Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (1984). Qasımova Fidan Əkrəm qızı (d. 17.6.1947, Bakı) – Azərbaycan Dövlət Konservatoriyasını (1971) və Moskva Konservatoriyasının aspiranturasını (1974) bitirmişdir, İsveçrə (1973, Cenevrə) və Niderlandda (1975, Hertogenbos) keçirilən beynəlxalq müsabiqələrin iştirakçısı, musiqiçilərin C.Viotti ad. müsabiqəsinin (1977, Verçelli ş., İtaliya; birinci mükafat) laureatıdır. Beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş ilk azərbaycanlı qadın müğənnidir. 1974-cü ildən Azərbaycan Opera və Balet Teatrının solistidir. Partiyaları: Nigar (“Koroğlu” Ü.Hacıbəyli), Mikaela (“Karmen” J.Bize), Marqarita (“Faust” Ş.Quno), Mimi, Çio-Çio-san (“Bohema”, “Çio-Çio-san” C.Puççini), Tatyana (“Yevgeni Onegin” P.Çaykovski), Dezdemona, Aida (“Otello”, “Aida” C.Verdi), Sevil (“Sevil” F.Əmirov) və s. Repertuarına Azərbaycan (Ü.Hacıbəyli, A.Zeynallı, Q.Qarayev, A.Məlikov, Niyazi), rus (M.Qlinka, P.Çaykovski, S.Raxmaninov), Qərbi Avropa (A.Stradella, İ.S.Bax, G.F.Hendel və b.) bəstəkarlarının kamera-vokal əsərləri, eləcə də Azərbaycan xalq mahnıları (“Laçın”, “Qubanın ağ alması”, “Girdim yarın bağçasına”, “Evləri var xana-xana” ve s.) daxildir. 1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir (1990-cı ildən professor). 1992-ci ildən İstanbul Dövlət Universiteti Konservatoriyasının professorudur. Xarici ölkələrdə (Çexoslavakiya, Almaniya, Danimarka, Portuqaliya, Belçika, Rumıniya, Hollandiya, Türkiyə və s.) qastrolda olmuşdur. Kinoda çəkilmişdir (“Torpaq. Dəniz. Od. Səma”). Azərbaycanıın “Şöhrət” ordeni ilə təltif edilmişdir. Müğənni Xuraman Qasımovanın bacısıdır.

 

 

 

Qasımova Xuraman Əkrəm qızı.
Azərbaycanın opera müğənnisi, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı. “Şöhrət” və “Şərəf” ordeni laureatı.Bakı Musiqi Akademiyasında dərs deyir (1993-cü ildən solo oxuma kafedrasının müdiri, 1996-cı ildən professor) 1994-cü ildən İstanbul Dövlət Universiteti konservatoriyasının professorudur.
6 iyun 1951-ci ildə Bakıda doğulmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1976-cı ildən Azərbaycan Opera və Balet Teatrının solistidir. Əsas partiyaları: Sevil və Dilbər (“Sevil” F.Əmirov), Nigar (“Koroğlu” Ü.Hacıbəyli), Mimi və Müzetta (“Bohema” C.Puççini), Dezdemona, Aida (“Otello”, “Aida” C.Verdi), Tatyana (“Yevgeni Onegin” P.Çaykovski), Xurşudbanu Natəvan (Natəvan V. Adıgözəlov) və s. İfaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin (1977, I mükafat), vokalistlərin M.Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin (1977) və Mariya Kallas adına Beynəlxalq müsabiqənin (Afina, 1981; həmçinin “Qran pri” qızıl medalına layiq görülmüşdür), eləcə də ifaçıların P.İ.Çaykovski adına 8-ci Beynəlxalq müsabiqəsinin (Moskva, 1982) laureatıdır. Kinofilmlərə çəkilmişdir (“Mən ki gözəl deyildim”, “Həyat bizi sınayır”). 1982-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir (1993-cü ildən “Solo oxuma” kafedrasının müdiri, 1996-cı ildən professor), 1994-cü ildən İstanbul Dövlət Universiteti konservatoriyasının professorudur. Bir sıra xarici ölkələrdə (Bolqarıstan,Çexoslavakiya, Malta, Fransa, Avstriya, Norveç, Türkiyə, Finlandiya və s.) çıxış etmişdir.

 

 

 

 

Rafiq Quliyev ( 1934 – 2007 )
Azərbaycanın Əməkdar Artisti, Azərbaycan Dövlət Konservatoriyasının professoru, Azərbaycan ifaçılıq sənətinin parlaq nümayəndələrindən biri – Rafiq Quliyev 1934-cü il dekabrın 5-də anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki onillik musiqi məktəbində 7 yaşından musiqi ilə məşğul olmağa başlayıb. Musiqinin sirli aləmində ilk müəllimləri Reqina Siroviç və M.Brener kimi tanınmış musiqiçilər olublar. 1952-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında məşhur Aleksandr Qoldenveyzerin şagirdi olmuş Fəridə Quliyevanın sinfinə daxil olur. Fitri istedadı, əsl professionallara məxsus məktəb, ən başlıcası isə seçdiyi sənətə sədaqətiylə Rafiq Quliyev Moskva Dövlət Konservatoriyasının aspirantı olur. Burada o, Abram Şatskesin və Yakov Fliyerin tələbəsi olur. Aspiranturanı bitirdikdən sonra Bakıya qayıdan Rafiq Quliyev doğma konservatoriyanın divarları arasında müəllimlik fəaliyyətinə başlayır. O, ömrünün sonunadək bu peşəyə sadiq qalır. 1960-cı ildə I Zaqafqasiya Musiqiçi-ifaçılar müsabiqəsində iştirak edərək qazandığı parlaq qələbə bu istedadlı pianoçuya çoxsaylı solo çıxışlarına yol açır. 1974-cü ildən 1976-cı ilədək Qahirədə musiqi professoru vəzifəsində işləyib. 1996-cı ildə Yunanıstanın Korfi adasında Loniya Universitetində usta-siniflər təşkil etmişdir. Rafiq Quliyev Almaniya və Misirin bir çox şəhərlərində çıxış edərək 50-dən çox konsertlər vermişdir.

Maqomayev Müslüm Məhəmməd oğlu (17.08.1942 – 25.10.2008)

Görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ-nin xalq artisti (1973).Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təcrübə keçib. Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaronun, “Toska” operasından Skarpianın partiyalarını hazırlayıb. 1966-cı ildə Parisin “Olimpiya” konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb. 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qrammofon valları böyük tirajla buraxılıb. Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmişdi. Məşhur dirijor və bəstəkar Niyazi onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı. Oxumaqdan yorulmayan Müslüm təcrübəli pedaqoqlardan dərs aldıqca səsi daha da cilalanır və gözəlləşir, tembri zənginləşirdi.
O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır.
Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün də gəlib yetişir və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən “La skala” teatrına təcrübə toplamağa göndərilir. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanır, onlardan qiyabi olaraq vokal dərsləri alırdı. İndisə gənclik xəyalları gerçəkləşmiş və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olmuşdu. Beləliklə, Müslüm Bakıya əsl Fiqaro kimi qayıdır və “Seviliya bərbəri” tamaşasında səhnəyə çıxır. Görkəmli pianoçu Rauf Atakişiyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açır. “Seviliya bərbəri” operasının hər tamaşası anşlaqla keçir və Bakı tamaşaçıları Fiqaronu – Müslüm Maqomayevi görünməmiş coşqu ilə qarşılayırlar.  Müslüm Maqomayev Tamara Sinyavskaya ilə evlənmişdi.  1971-ci ildə haqqında “Oxuyur Müslüm Maqomayev” adlı film-konsert çəkilmişdir. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ “Qırmızı Əmək Bayrağı” və “Xalqlar Dostluğu” ordenləri ilə təltif edilmiş, SSRİ-nin xalq artisti adını almışdır.
Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib.
Görkəmli musiqiçi və dirijor Müslüm Maqomayevin nəvəsidir.

 

 

Mehrəliyeva Fatma (04.06.1926 – 04.01.2000)
Müğənni (lirik soprano). Azərbaycanın əməkdar artisti (1960).Yaradıcılıq fəaliyyətinə “Sazçı qızlar” ansamblında (1940) başlamış, sonralar ansamblın solisti olmuşdur. Üzeyir Hacıbəyovun “Şəfqət bacısı” mahnısının ifası ona uğur qazandırmışdır. Böyük Vətən müharibəsi illərində ifa etdiyi mahnılar Azərbaycan milli radiosunun qızıl fonduna daxildir. “Arşın mal alan” filmində (1945) Telli rolunu ifa etmişdir. Bir çox Azərbaycan muğamlarını məharətlə oxumuş, “Kəsmə şikəstə”nin əvəzsiz ifaçısı olmuşdur.


Bülbül (Məmmədov Murtuza Məşədi Rza oğlu) (22.06.1897 – 26.09.1961)

Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı. Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” (İbn Salam), “Əsli və Kərəm” (Kərəm), Z.Hacıbəyovun “Aşıq Qərib” (Qərib) operasında oynamışdır. 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir. 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R. Qraninin sinfini) bitirib, Azərbaycana geri dönmüş və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlamışdır. 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılmışdır. 1938-ci ildə SSRİ xalq artisti adına layiq görülmüşdür. 1940-cı ildə professor seçilmişdir. 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olmuşdur. Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilmişdir. SSRİ–nin 2 dəfə Lenin, 2 Qırmızı Əmək Bayrağı, “Şərəf nişanı”, İtaliyanın Qaribaldi orden və medallarına layiq görülmüşdür.
26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır, onun adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbi fəaliyyət göstərir.
Oğlu Polad Bülbüloğlu müğənni, bəstəkar və diplomatdır.
Nəvəsi Teymur Bülbül Rusiya Federasiyasının Əməkdar Artistidir.

Məmmədova Şövkət Həsən qızı (18.041897 – 8.06.1981) 

İlk professional Azərbaycan qadın müğənnisi (lirik koloratur soprano). SSRİ xalq artisti (1938). Azərbaycan opera ifaçısı və müəllimi. Azərbaycan SSR Ali Sovetinin (1-4 çağırış) deputatı olmuş, 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və “Şərəf nişanı” ordenləri ilə təltif edilmişdir. Şövkət Məmmədova indiki Gürcüstanın Tbilisi şəhərində kasıb pinəçi ailəsində anadan olub. Atası Şövkətin musiqiyə qarşi olan istəyini hiss edib, milyonçu H.Z.Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir. 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yodaşı Sonanın köməyi ilə İtaliyada, Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin 1912-ci ildə ona olan kömək kəsilir və Məmmədova Rusiyaya qayıtmalı olur. O təhsilini Tbilisi musiqi məktəbində davam etdirir. Həmin il Bakının Tağıyev teatrında ilk dəfə professional ifaçı kimi çıxış edir. Üzeyir Hacıbəyovun “Ər və arvad” operettasından bir neçə parça ifa edir. Konsertdən əldə olunan pul Məmmədovanın İtaliyada təhsilini davam etmək üçün işlənməliydi. Lakin qadının örtüksüz səhnədə oxuması Bakının müsəlman icmasını xeyli qəzəbləndirdi. Namərd qoçular həm Şövkət Məmmədovanı, həm də onu səhnəyə buraxan dahi bəstəkər Ü. Hacıbəyovu öldürmək qərarına gəlirlər, lakin hər ikisi faytona minib Abşeron kəndlərinin birində gizlənirlər. 1915-ci ildə Şövkət Məmmədova Kiyev Konservatoriyasına ( indiki Kiyev Musiqi Akademiyası) daxil olur. 1915-ci ildə Kiyevdə oxuyarkən Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurur. Tiflisdə musiqi məktəbini bitirdikdən (1910) sonra təhsilini davam etdirmək üçün 1911-ci ildə Milana getmiş, burada məşhur müğənni D.Ambroziodan dərs almışdır (ikinci dəfə Milanda 1927-29-cu illərdə olmuşdur). 1917-21-ci illərdə Kiyev Konservatoriyasında oxumuş, burada R. Qlierlə birgə verdikləri konsertlərdə Azərbaycan musiqisini təbliğ etmişdir. Onun təşəbbüsü ilə 1923-cü ildə Bakı Teatr Texnikumu (1923-25-ci illərdə direktoru olmuşdur) açılmış, not nəşriyyatı təsis edilmişdir. Azərbaycan Opera və Balet Teatrının səhnəsində ilk dəfə 1921-ci ildə Violetta (“Traviata” C.Verdi) partiyasında çıxış etmiş, 1948-ci ilədək (fasilələrlə) teatrın solisti olmuşdur. Azərbaycan opera səhnəsində rus və dünya vokal sənətinin ən yaxşı ənənələrini milli musiqi xüsusiyyətləri ilə əlaqələndirmişdir. Azərbaycan SSR Ali Sovetinin (1-4 çağırış) deputatı olmuşdur. 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və “Şərəf nişanı” ordenləri ilə təltif edilmişdir. Əsas partiyaları: Rozina (“Sevilya bərbəri” C.Rossini), Lakme (“Lakme” L.Delib), Cilda (“Riqoletto” C.Verdi), Olimpiya (“Hofmanın nağılları” J.Offenbax), Marqarita Valua (“Hugenotlar” C.Meyerber), Qar qız (“Qar qız” N.Rimski-Korsakov), Antonida (“İvan Susanin” M.Qlinka), və s. Yaradıcılığında Şahsənəm (“Şahsənəm” R.Qlier), Nərgiz, Gülzar (“Nərgiz”, “Şah İsmayıl” M.Maqomayev), Gülçöhrə (“Arşın mal alan” Ü.Hacıbəyli) partiyaları xüsusi yer tutmuşdur. Repertuarına Azərbaycan xalq mahnıları, rus və Qərb bəstəkarlarının kamera-vokal əsərləri daxil idi. Tbilisi, Odessa, Moskva, Kiyev, Leninqrad, Daşkənd, Paris və Təbrizdə çıxış etmişdir. Azərbaycan Teatr Cəmiyyətinin ilk sədri olmuşdur (1945-52). 1945-81-ci illərdə Azərbycana Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərmişdir (1949-cu ildən ildən professor). Onun ifa etdiyi Rozina (“Sevilya bərbəri” C.Rossini), Lakme (“Lakme” L.Delib), Cilda (“Riqoletto” C.Verdi), Şahsənəm (“Şahsənəm” R.Qlier), Nərgiz (“Nərgiz” M.Maqomayev), Gülçöhrə (“Arşın mal alan” Ü.Hacıbəyli) və digər partiyaları Azərbaycan opera sənəti tarixində yeni səhifələr açmışdır.


Muxtarova Fatma Sәttar qızı (26.3.1893 — 19.10.1972)

Azərbaycan müğәnnisi (mezzo-soprano), Azәrbaycan SSR Xalq Artisti (1940). Gürcüstan SSR Əməkdar Artisti (1936). Qırmızı Əmək Bayrağı və “Şərəf nişanı” ordenləri ilə təltif edilmişdir. Kiçik yaşlarından ailəsi ilə birlikdə Rusiyaya (əvvəllər Rostova, sonra isə Peterburqa) köçmüşdür. Saratov Konservatoriyasını bitirmiş (1914), Moskva, Saratov, Sankt-Peterburq, Kiyev, Xarkov, Odessa vә s. şәһәrlәrin opera teatrlarında oxumuş, 1938—53-cü illәrdә AOBT-nın solisti olmuşdur. Atasını erkən itirmiş, ailəsini saxlamaq üçün Rusiyanın şəhərlərində (Peterburq, Saratov və s.) “Katya” adı ilə şarmanka, eləcə də qarmonun müşayiəti ilə oxumuş, təlxək və oyunbazlarla birlikdə çıxış etmişdir. “Saratovskiye vedomosti” qəzetinin redaktoru N.M.Arxangelskinin, Saratov Konservatoriyasının prof. M.Y.Medvedevin köməyi ilə 1914-cü ildə Saratov Konservatoriyasını bitirdikdən sonra Moskvaya köçmüş, F.İ.Şalyapinin vasitəsilə S.İ.Ziminin opera teatrına dəvət olunaraq 1917-ci ilədək burada oxumuşdur. 1920-ci ildən Kazan, Leninqrad, Kiyev, Xarkov, Odessa, Tbilisi və s. şəhərlərin opera teatrlarında oxumuşdur.
Fatma Muxtarova 1938-1953-cü illərdə M.F.Axundov ad. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Əsas partiyaları: Marfa, Marina Mnişek (“Xovanşina”, “Boris Qodunov” M.Musorqski), Lyubaşa (“Çar gəlini” N.Rimski-Korsakov), Amneris (“Aida” C.Verdi), Dalila (“Samson və Dalila” K.Sen-Sans), Aksinya (“Sakit Don” İ.Dzerjinski), Əzra (“Nizami” Ə.Bədəlbəyli) və s. Yaradıcılığının zirvəsi Karmen (“Karmen” J.Bize) partiyasıdır. Konsert proqramları ilə də çıxış etmişdir. Qırmızı Əmək Bayrağı və “Şərəf nişanı” ordenləri ilə təltif edilmişdir. Fitri istedada, güclü vә gözәl sәsә, yüksәk aktyorluq mәһarәtinә malik olan Fatma Muxtarova bir çox mәşһur müğәnnilәrlә çıxış etmişdir. Üzeyir Hacıbəyov onun sәnәtkarlığını yüksәk qiymәtlәndirirdi.

 

 

 

Səfərova Elmira Yusif qızı (16.09.1934 – 11.01.1997)

Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi, professor, pedaqoq və pianoçu. 16 sentyabr 1934-cü ildə dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıda Səfərov Yusif Əliqulu oğlu və Firidunbəyova Cəvahir Həsən qızının ailəsində gözəl bir qız uşağı dünyaya gəldi. Onun adını Elmira qoydular. Elmiranın atası Yusif müəllim tanınmış mühəndis-neftçi, Azərbaycan Respublikasının əməkdar mühəndisi, iki dəfə dövlət mükafatı laureatı, texnika elmləri namizədi və Xəzər dənizində yerləşən qeyri-adi şəhər – «Neft daşlarının» əsasını qoyanlardan biri olmuşdur. Hal-hazırda Bakı şəhərinin gözəl küçələrindən biri onun adını daşıyır. Yusif müəllim incəsənəti, xüsusən də musiqini çox sevirdi.
Anası Cəvahir xanım gözəl səsə və böyük musiqi istedadına malik idi. Gənc yaşlarında o, dahi Üzeyir Hacıbəyovun xorunda oxuyurdu və solist kimi də müxtəlif konsertlərdə çıxış edirdi. O, Azərbaycan mahnılarını çox gözəl ifa edirdi. Lakin malik olduğu istedad və qazandığı uğurlara baxmayaraq Cəvahir xanım uşaqlarının (Elmiradan savayı onun bir qızı və bir oğlu da var idi) xatirinə səhnəni tərk etməyə məcbur olmuşdur. Xalq musiqisinə, muğamlara və Azərbaycan bəstəkarlarının, xüsusən də Üzeyir Hacıbəyovun yaradıcılığına olan sevgilərini valideynlər öz uşaqlarına aşılayırdılar və onları musiqi incəsənətinə dərin məhəbbət və böyük maraq mühitində böyüdürdülər. Balaca Elmirada musiqiyə olan sevgi uşaqlıq dövründən yaranmışdır. Artıq iki yaşından o, musiqinin ahəngini həssaslıqla duyur, oxumağı və rəqs etməyi çox sevirdi. Bundan başqa uşaqlıq dövründən Elmiranın daxilində artistizm və yüksək sənətkarlıq da özünə yer etmişdi. «Molodyoj Azerbaydjana» qəzetinə verdiyi 30 Yanvar 1992-ci il müsahibəsində Elmira xanım demişdir: «… gələcək həyatımda sənət seçimi ilə bağlı heç bir zaman sual meydana çıxmamışdır. Belə bir təəssürat var idi ki, musiqi mənimlə birgə doğulub və mən öz həyatımı musiqidən kənar heç cür təsəvvür edə bilmirdim.» 1942-ci ildə Elmira Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən 10-illik məktəbə, gözəl pedaqoq, Peterburq konservatoriyasının məzunu, məşhur pianoçu A.N.Yesipovanın şagirdi T.S.Qruşkonun sinfinə daxil olur. Onun musiqi istedadının təşəkkül tapmasında və inkişafında mühüm rolu Azərbaycanın görkəmli pedaqoqları K.K.Səfərəliyeva, L.N.Yeqorova və R.I.Siroviç da oynamışlar. Məktəbi bitirdikdən sonra 1952-ci ildə Elmira xanım Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına – Azərbaycan fortepiano məktəbinin banilərindən biri olan Azərbaycanın xalq artisti, bir neçə pianoçu nəsli yetişdirmiş professor M.R.Brennerin məktəbinə daxil olur. Qeyd etmək lazımdır ki, M.R.Brennerin məktəbi yüksək peşəkarlıq, gözəl səslənmə və müəllif mətninə son dərəcə diqqətli münasibəti ilə fərqlənirdi. Bütün bu keyfiyyətləri Elmira xanım müəllimindən mənimsəmiş və sonralar öz pedaqoji təcrübəsində tətbiq etmişdir. Konservatoriyada oxuduğu illər ərzində Elmira xanım özünü peşəkar musiqiçi, istedadlı pianoçu və yaradıcı şəxsiyyət kimi göstərmişdir. O müntəzəm olaraq, böyük uğurla simfonik və solo konsertlərlə çıxış edirdi. Onun konsertlərinin proqramı çox çeşidli olurdu – L.V.Betxoven, F.List, F.Şopen, P.I.Çaykovski, R.Şuman və s. kimi bir çox görkəmli bəstəkarların əsərlərindən ibarət idi. Azərbaycan bəstəkarları Q.Qarayevin, F.Əmirovun, C.Hacıyevin əsərləri isə Elmira xanımın ifasında yalnız Bakının deyil, həm də Moskvanın konsert səhnələrində səslənirdi. Təhsil aldığı müddət ərzində Elmira xanım Üzeyir Hacıbəyov adına təsis edilmiş təqaüdə layiq görülmüşdü. «Bu mənim üzərimə bir çox öhdəliklər qoyurdu. Mən bizim hamımız üçün, bütövlükdə Azərbaycan üçün böyük işlər görmüş gözəl musiqiçi və bəstəkar Üzeyir Hacıbəyov fəaliyyətinin böyüklüyünü həmişə dərk etmiş və qarşısında baş əymişəm.», deyə Elmira xanım qeyd edirdi («Molodyoj Azerbaydjana» qəzeti, 30 Yanvar, 1992-ci il).

Şuşinski Seyid (1889 – 1965)

Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi idi. Cabbar Qaryağdıoğlu onu “Şərq musiqisinin incisi” adlandırmışdı.
Seyid Şuşinski 1889-cu ildə indiki Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur. Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirrlərinə yiyələnmək üçün ən əvvəl iki il Nəvvabın yanında oxumuşdu. Sonrakı müəllimi Cabbar Qaryağdıoğlu olmuşdu. Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan “Cahangah”ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu “mayə”dən yox, “Mənsuriyyə”dən başlayardı, zildə böyük ustalıqla zəngulələr vuraraq, sonra “mayə”yə enərdi. Maraqlıdır ki, həyatının son illərində, yaşı artıq 74 ötmüş Seyid “Mənsuriyyə”ni eyni şövqlə oxuyurdu. Seyid Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvaninin qəzəlləri ilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şerlərinə də müraciət edirdi. Sabirin “Millət necə tarac olur-olsun, nə işim var” şeirini “Müxalif”də oxuyardı. Seyid Şuşinski siyasi-ictimai mövzuda şeir və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran ilk xanəndə olmuşdur. O, bir sıra mübariz ruhlu mahnılar da oxumuşdur. “Ayıl ey millət”, “Mən bir türkəm”, “Millət istərsə” və s. Seyid Şuşinski, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edirdi. Molla Nəsrəddinin bir neçə nömrəsinin çıxmağına maddi yardım göstərmişdi. Ümumiyyətlə, Seyid Şuşinski böyük mesenat idi, o dövrün teatr aktyorlarına çox kömək etmişdi, özü də aktyor kimi bir sıra rolları oynamışdı. Seyid Şuşinski “Cahargah”dan başqa “Mahur”, “Nəva”, “Məsnəvi”, “Mani”, “Arazbarı”, “Heyratı” kimi muğamların gözəl ifaçısı idi. O, novator sənətkar olaraq, bir çox muğamları birləşdirib onları yeni variantda oxumuşdur. (“Rast-Humayun”, “Qatar-Bayatı”, “Şur-Şahnaz”) “Rast”da və “Kürdi-Şahnaz”da “Dilkəş”i ilk dəfə Seyid Şuşinski ifa etmişdi.
Seyid Şuşinski 1965-ci ilde 76 yasında vefat etmisdir.