22.08.2017

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu

Azərbaycan Respublikası Prezidentinin 2564 nömrəli 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin “ “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun mühafizəsi və maddi-texniki təminatı barədə” 01 iyul 2009-cu il tarixli 365 nömrəli Sərəncamına əsasən qoruğun konservasiya və bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması, ərazidə arxeoloji tədqiqat işlərinin aparılması və “Atəşgah” tarixi muzey mərkəzinin yaradılması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan bir milyon manat vəsait ayrılmışdır.

“Atəşgah məbədi” – Bakının 30 kilometrliyində, Abşeron yarımadasının demək olar ki, mərkəzində, köhnə Suraxanı qəsəbəsi ərazisində yerləşir. Abidənin tarixi kökləri bizi çox qədimlərə, Azərbaycan dövlətçiliyinin yarandığı və ölkədə hakim dinin yaranma tarixi e.ə. X –IX əsrlərə aid olan zərdüştlük olduğu dövrlərə aparır. Zərdüştlük dünyada ən qədim dinlərdən biridir. Bu din məhz Azərbaycan ərazisində yaranmış və digər ölkələrə də yayılmışdır. Zərdüştlüyün müqəddəs kitabı Avestadır. Zərdüştlük qanunlarına görə od əsas yerlərdən birini tutur. Zərdüştlük Azərbaycanda b.e. VII əsrinədək – ölkədə islam dini qəbul olunanadək hökm sürmüşdür. Yerli əhali islamı qəbul etdikcə, insanlar tədricən od məbədlərini ziyarət etməkdən əl çəkdilər və buna görə zaman keçdikcə məbədlər xarabalıqlara çevrilməyə başladılar. “Atəşgah” məbədinin də aqibəti belə oldu. Əsrlər keçdi, Azərbaycanın ərazisindən keçən Böyük İpək yolu və orta əsrlərdə Şərqin bir çox ölkələri ilə ticarət əlaqələri zərdüştiləri artıq bir çox nəsillərin dəyişməsindən sonra yenidən Suraxanıdakı ibadətgaha qovuşdurdular. Azərbaycana gələn tacirlər vətənlərinə qayıtdıqda qəribə, görünməmiş hadisə – yerin təkindən çıxan od haqqında danışırdılar. Beləliklə, XVII əsrdən başlayaraq Suraxanıya ardı kəsilməyən zəvvarlar axını başlandı. Abşeron yarımadası, xüsusən neft və qaz yataqları ilə zəngin olan Suraxanı zərdüştilərin təxminən b. e. II – III əsrlərində özlərinə məbəd tikdirmələri üçün ən münasib yer olmuşdur. Tarixi mənbələrdə yazıldığına görə, qədim atəşpərəstlər məbədinin qalıqları üzərində, təbii qazın çıxdığı əbədi məşəlin yerində XVII-XVIII əsrlərdə inşa edilmiş bu məbəd 24 hücrədən və mərkəzi səcdəgahdan ibarətdir. Tarixçilərin yazdığına görə, müxtəlif vaxtlarda tikilmiş hücrələr və ibadətgah XVII əsrin sonlarında ümumi hasara alınmışlar. Məbədin ən erkən tikilişi təqribən eramızın 1713-cü ilinə aid edilir. Mərkəzi məbəd-səcdəgah isə 1810-cu ildə tikilmişdir. XIX əsrin əvvəllərində məbəd artıq hazırkı görünüşünü almış və dəyişdirilmədən dövrümüzədək qalmışdır. Yerli memarlıq ənənələri üslubunda tikilmiş “Atəşgah” özündə qədim od səcdəgahlarının cizgilərini birləşdirir. Hazırda dünyada yalnız iki yerdə — Şimali Hindistanda və Azərbaycanda belə bir atəşgah mövcuddur. Atəşpərəstlərin ən ali sitayiş və ibadət məbədi — ziyarətgahı isə məhz Azərbaycandakı Suraxanı Atəşgahıdır.