17.09.2017

Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri

1931-ci ildə Azərbaycan bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə təşkil edilmişdir. Şərqdə simfonik orkestr prinsipi ilə yaradılmış ilk xalq çalğı alətləri orkestri olan bu kollektiv Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında əhəmiyyətli rol oynamışdır. Orkestrin ilk tərkibi tar, kamança, balaban, dəf və nağaradan ibarət olmuş, sonralar orkestrə tütək, zurna, qoşanağara, klarnet, qanun, fortepiano və s. alətlər daxil edilmişdir. Kollektivin bədii rəhbəri və baş dirijoru Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor Ağaverdi Paşayevdir. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri 2000-ci ildə F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı nəzdində yaradılmışdır. Yarandığı gündən orkestr bir çox dövlət əhəmiyyətli tədbirlərdə çıxışlar etmiş, beynəlxalq festivallarda uğurlar qazanmışdır. Belə ki, 2004, 2005 və 2010-cu illərdə İranda keçirilən ənənəvi “Fəcr” Beynəlxalq musiqi festivallarında “Qızıl Çəng” mükafatına layiq görülmüşdür. Belarusiya, Maldova, Tacikistan, Ukraynada keçirilən mədəniyyət günlərində tamaşaçıların böyük rəğbətini qazanmışdır. Bir çox ölkələrdə qastrol səfərlərində olmuşdur.