Cizgi Film

Azərbaycanda animasiya kinosunun texnikasından ilk dəfə XX əsrin 30-cu illərinin əvvəllərində istifadə olunmuşdur. «Uçuş» kinoxronika süjetində (1931) Bakıdan Moskvaya uçan təyyarənin hərəkət trayektoriyası animasiya üsulu ilə lentə alınmışdır. 1933-cü ildə bir neçə sənədli filmdə, o cümlədən «Lökbatan», «Neftin simfoniyası» və «Cat» kinolentlərində də texniki animasiyadan istifadə edilmişdir. «Cat» (təlimat filmi, rəs. Basov) filmində amerikan qurğusunun vasitəsilə neftin quyudan hava və ya qazla necə çıxarılması təsvir olunmuşdur. 1935-ci ildə «Abbasın bədbəxtliyi» filmi çəkilib ekranlarda nümayiş etdirilmişdir. Bu səsli film Azərbaycan neftçilərinin məişət qayğılarına həsr olunmuşdur. Rəssamlardan Q.Xalıqov, Məhəmməd Maqomayev, C.Zeynalov, Ə.Mirzəyev, rej. D.Dikarev, ssen. A.Popov, oper. Q.Yegiazarov, yazıların müəllifi Y.Fidler, məsləhətçi-rəssam N.Xodatayev film üzərində işləmişlər. «Azərfilm»də «Dəniz səyyahı Sindbadın macəraları» və «Vur, toxmağım!» səsli bədii animasiya filmləri müharibənin başlanması ilə əlaqədar yarımçıq qaldı. Lakin texniki və qismən bədii animasiyadan müharibədən sonrakı illərdə də onlarla elmi-kütləvi və sənədli, eləcə də bədii («Bir qalanın sirri», «Kazbek» qutusu» və s.) filmlərdə istifadə olunmuşdur. Həmin rəsmləri M.Rəfiyev, C.Zeynalov, Ə.Mirzəyev, A.Axundov, N.Məmmədov, B.Əliyev, operator A.Milov yerinə yetirmişlər. «Azərbaycantelefilm» YB-də TV tarixində ilk dəfə olaraq rejissor R.İsmayılov öz ssenarisi əsasında «Danışan işıqlar» (1965), «Qırmızılar, qaralar və başqaları» (1969) telev. anim. filmlərini çəkdi. Hər iki filmin oper. V.Behbudov idi. Sonralar o, rejissor kimi onlarla televiziya bədii animasiya filmi yaratmış, bu filmlərin əksəriyyəti müxtəlif kinofestivalarda mükafat və diplomlara layiq yer tutmuşdur: «Göyçək Fatma» (1973, 6-cı ÜTF-nin prizi, Tbilisi, 1976), «Ustalar –qızıl əllər» (1976), «Möcüzələr adası» (1978, 8-ci ÜTF-nin mükafatı, Bakı, 1978), «Başlanğıc» (1982, 10-cu ÜTF-nin prizi, Almatı, 1983), «Qara leylək» (1986), «Basatın igidliyi» (1988), «Qurbanəli bəy» (1989), «Analar və laylalar» (1992) və s. Rej.-oper. V.Behbudov 1991-ci ildə «Basatın igidliyi», «Sehrli çıraq» və «Xeyirxah nağıl» anim. filmlərinə görə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. 1968-ci ildə «Azərbaycanfilm»də animasiya filmləri sexi bərpa olandan sonra (1990-cı ildə sexin bazasında “Azanfilm” studiyası yaradılmışdır) burada Azərbaycan kinosunun nailiyyətlərindən olan «Cırtdan» (1969, rej. Y. Əfəndiyev), «Fitnə» (1970, rej. A. Axundov), «Tülkü həccə gedir» (1971, rej. N.Məmmədov və B. Əliyev), «Bulud niyə ağlayır?» (1973, rej. M. Pənahi, anim. filminə görə 7-ci ÜKF 1-ci mükafatı), «Arzunu yarat» (1977, rej. F. Qurbanova), «Daş» (1977, rej. H. Əkbərov və Ə. Məmmədov), «Qız qalası əfsanəsi» (1978. rej. M. Pənahi), «Cücələrim» (1980, rej. A. Axundov), «Akvarium» (1983, rej. F. Qurbanova, Ümumrusiya fest.-da priz), «Münəccimin şagirdi» (1983, rej. A. Məhərrəmov), «Təqib» (1984, rej. V. Talıbov), «Düşüncə» (1987, rej. N. Nərimanbəyova), «Seans» (1987, rej. F. Qurbanova), «Bir dəfə, haradasa…» (1990, rej. V. Talıbov, ən yaxşı anim. filminə görə Azərb. filmlərinin 2-ci fest.-müsabiqəsinin mükafatı), «İthaf» (1990, rej. Ş. Nəcəfzadə; Oberhauzen BKF mükafatı, ən uğurlu debüt üçün “KROK-91” Beynəlxalq Animasiya filmləri federasiyasının festivalında priz; ən yaxşı animasiya filminə görə Bakı «Şərqdən baxış» BKF mükafatı), «Güzgü» (1990, rej. E.Axundov), «Ümid» (1993, rej. E.Axundov), «Söhbətül-əsmar» (Meyvələrin bəhsi) (1994, rej. E.Axundov, ən yaxşı anim. filminə görə Azərbaycan filmlərinin III festival- müsabiqəsində mükafat), «Torpaq» (2002, rej. R. İsmayılov), «Basat və Təpəgöz» (2003, rej. A.Məhərrəmov), «Qızıl» (2003, rej. E.Axundov), «Qarğa balası və özgə yuvası» (2005, rej. R.Dadaşov), «Ayna» (2006, rej. F.Quliyeva), «Siçan və pişik» (2008 rej. R.Dadaşov), «Nuş olsun!» (2008, rej. F.Qurbanova), «Cəsur təyyarə» (2009, rej. A.Şirinova), «İt sərgisi» (2010, rej.A.Məhərrəmov), «Təmiz, natəmiz və biz» (2011, rej. F.Qurbanova), “Səmada şəkil”, “Köhnə saat” (rej.C.Əhədov), “Cırtdan və Təpəgöz” (2013), “Ən güclü kimdir?” (A.İbrahimov), “Gəlin birgə öyrənək” (Y.Kərimov) və b. qeyd etmək olar.