Bədii Film

Kino yaranandan cəmi altı ay sonra, 1896-ci ilin ortalarında Lümyer qardaşlarının kinematoqrafı Azərbaycana gətirildi. O vaxtlar Bakıda xaricdən gətirilmiş filmlər göstərilirdi. 1898-ci il yanvarın 8-də «Bakinskoye Obşestvennoye Sobraniye»nin zalında «Şagirdlərə Yardım Cəmiyyəti»nin xeyrinə gecə keçirilərkən, burada «hərəkətə gətirilən fotoşəkillər», yəni kinematoqraf nümayiş etdirildi. Eyni zamanda qonaqlara hədiyyə vermək məqsədi ilə sehrli fənərlər və gözəl şəkilləri olan stereoskoplar satışa qoyulmuşdu. Həmin il mayın 31-də xeyriyyəçilik məqsədilə Mixail bağında keçirilən xalq gəzintisi zamanı axşam saatlarında Bakı elmi foto dərnəyi tərəfindən filmlər nümayiş etdirildi və bu nümayiş «Şəhər bağında xalq gəzintisi» adı altında lentə alındı. Həmin xronika filmi və Bakının həyatından bəhs edən «Qatarın dəmiryol stansiyasına daxil olması», «Qafqaz və Merkuri» cəmiyyətinə məxsus gəminin limandan yola düşməsi» və «Bazar küçəsi sübhçağı» kinosüjetləri ilə birgə iyunun 21-də Bakının mərkəzində, Vasil- Vyatskinin teatr-sirkində, sirk tamaşasının bir əyləncəli nömrəsi kimi göstərildi. Bu kinosüjetləri Bakıda 30 ildən artıq yaşamış A.M. Mişon çəkmişdi. 1898-ci il avqustun 2- də ikinci proqram həmin teatr-sirkdə tam müstəqil şəkildə nümayiş etdirildi. Bu proqrama «Bibiheybətdə neft fontanı yanğını», «Əlahəzrət Buxara əmirinin «Velikiy knyaz Aleksey» paroxodu ilə yolasalma mərasimi», «Qafqaz rəqsi» xronikal-sənədli və «İlişdin» bədii süjetləri daxil edilmişdi. «İlişdin» süjetində Bakı bağlarının birində baş verən yumoristik əhvalat lentə alınmışdı. «Bibiheybətdə neft fontanı yanğını» kinosüjeti dünya kino sənəti salnaməsinin qızıl fonduna daxil edilmişdir. XIX əsrin sonlarında – XX əsrin əvvəllərində Bakı həyatından bəhs edən informasiya səciyyəli sənədli filmlər çəkilmişdir: «1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı», «Balaxanı-Sabunçu polis idarəsinin süvari qorodovoylarının at oynatmaları», «Bakılıların həyatı və Böyük Knyaz prospekti ilə hərəkəti», «Əhalinin Bakı şəhər bağında gəzintisi», «Bakı neft mədənləri», «Neftayırma zavodları», «Neft buruqlarında iş» və s. O dövrdə belçikalı sahibkarlar – Pirone qardaşları – Zaqafqaziyada, o cümlədən Bakıda, Birja küçəsi, 3 saylı evdə (indiki Ü. Hacıbəyov, 3) özlərinin kirayə kontorunu açır və onların təşkil etdikləri «Filma» Səhmdar Cəmiyyəti 1915-ci ildə bir neçə b/f istehsalına başlayır. Filmlərə quruluş vermək üçün Peterburqdan rej. B. Svetlov və oper. Q.Lemberq dəvət olunmuşdular. 1916-cı ilin yazında «Baku» qəzetində belə bir elan dərc edildi: «Fransız elektro- bioqrafı. H.Z. Tağıyevin passajı. Bu il mayın 14-də Bakının neft mədənlərində çəkilmiş və neft milyonçularının həyatından bəhs edən “Neft və milyonlar səltənətində” filminin 1- ci seriyası nümayiş etdiriləcək. Kinodram İ. Musabəyovun romanı əsasında çəkilib. Ssen. müəl. A.D.Panova-Potyomkinadır. Film tammetrajlı olduğuna görə, hər axşam yalnız üç seans göstəriləcək». Sonrakı elanlardan məlum olur ki, 2-ci seriya mayın 27- də nümayiş etdirilmişdir. Filmdə rus aktyorları ilə yanaşı Azərb. tragik aktyoru H. Ərəblinski, xanəndə Cabbar Qaryağdı oğlu, tarzən Qurban Pirimov, məşhur rəqqas Mədətov da çəkilmişlər. Bu filmdə neft bumu ilə bağlı müxtəlif insan taleləri, Bakı müsəlman milyonçularının məişəti, bir parça çörək üçün neft mədənlərində çətin şəraitdə işləyib-yaşayan fəhlələrin ağır güzəranı öz əksini tapmışdır. 2 «Neft və milyonlar səltənətində» ilk Azərb. t/m bədii filmi idi (ikinci dəfə bu əsərin motivləri əsasında 1980-ci ildə rej. F. Əliyev «Qızıl uçurum» adlı b/f («remeyk») çəkmişdir). Bundan başqa B. Svetlov Bakıda daha bir neçə b/f quruluş vermişdir: «Arvad», «Arvadlar ərlərini mənsəbə necə çatdırırlar», «Ayaqyalın məhəbbət (Bakıda hadisə)», «Knyaz Dəmir Bulat», «Ölümünə bir saat qalmış», «Yeni tərzdə köhnə əhvalat» və «Arşın mal alan». 7 hissədən ibarət olan «Arşın mal alan» b/f 1917-ci il yanvarın 3-də Bakıdakı «Forum» kinoteatrında göstərilmişdir. Kinokomediya səssiz olduğu üçün onun təsir gücü nisbətən az idi. Buna görə də salondakı musiqiçilər komediyadan musiqi parçaları ifa edirdilər. 1917-ci ildə Bakıda daha bir bədii və üç s/f çəkilmişdir. «Filma» Səhmdar Cəmiyyətinin istehsal etdiyi «Bir alçalmanın tarixi» adlı bədii film (rej. B. Svetlov) məişət melodramı idi. «Bakıda xalq azadlığı bayramı» adlı s/f fevral inqilabının Bakıda əks-sədasına həsr olunmuşdur. «Neftin qazılması və çıxarılması» s/f inqilabdan əvvəl neftin çıxarılmasının primitiv texnologiyasından söhbət açırdı. «Mitinqdə çıxış» kinosüjetində Bakı komissarlarından birinin çıxışı verilmişdir. 1919-cu ildə bir t/m sənədli film lentə alınmışdir. «Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə» adlanan bu kinoreportaj o vaxt kinoteatrlarda nümayiş etdirilmişdir. Azərb. XI Qırmızı Ordu tərəfindən işğal olunandan sonra (1920) ölkədə kino tarixinin yeni dövrü başlandı. Kinematoqraf yeni ideologiyanın – sovet hökumətinin güclü təbliğat vasitəsinə çevrildi. İlk günlərdən xronikal-sənədli filmlərin yaradılmasına xüsusi diqqət yetirildi. Reportaj səciyyəli «XI Qırmızı Ordu hissələrinin Bakıya gəlişi», «XI Qırmızı Ordu hissələrinin Bakıda paradı», «Bakıda Şərq xalqlarının 1-ci qurultayı», «26 Bakı komissarı cənazələri qalıqlarının dəfni», «XI Qırmızı Ordu komandirləri dağlıların qonağıdır», «Pyotr meydanında iməcilik», «Sovet Azərbaycanının 1-ci ildönümü» xronikal lentlər Sovet Azərbaycanı kinosunun ilk nümunələridir. 1923-cü il aprelin 28-də Bakıda Azərb. Foto-Kino İdarəsi nəzdində 1-ci Dövlət kinofabrikinin rəsmi açılışı oldu. AFKİ 1924-cü ildə 2 seriyalı «Qız qalası» b/f (rej. V. Ballyuzek) ekranlara buraxdı. Film, Bakıda Xəzər dənizinin sahilində ucalan XII əsrin tarixi memarlıq abidəsi – Qız qalası ilə bağlı əfsanə əsasında çəkilmişdir. Filmin çəkilişi Azərb. kino sənətinin ilk inkişaf dövrü üçün səciyyəvidir. «Şərq ekzotikası» adlandırılan bu filmdə süjetlə möhkəm bağlı olmayan əlavə məhəbbət xətləri, üsyan epizodları verilmişdir. 1925-ci ildə yaradıcı kadrların hazırlanması məqsədilə AFKİ nəzdində aktyor və rej. studiyası təşkil olundu. Burada dramaturq C. Cabbarlı, gələcək rej.-dan M. Mikayılov, A. Quliyev, R. Təhmasib, aktyorlardan Ə. Tahirov, L. Təhmasib, N. Həsənov, R. Çobanzadə və b. təhsil almışlar. Studiyada Moskvadan və Leninqraddan dəvət olunmuş Ardatov, Sladkopevtsev, S. Trotski, P. Kirillov, L. Tolçan dərs deyirdilər. Səhnəmizin aparıcı aktyorlarından biri A.M.Şərifzadə bu studiyada aktyor sənətindən mühazirələr oxuyur, özü də kino rejissorluğu işinin sirrlərini öyrənirdi. Bu dövrdə teatr aktyorlarından bir qrupu Azərbaycan kinosunda da fəal çalışırdı: Ə. Hüseynzadə, R. Darablı, A. Gəraybəyli, M. Sənani, M.A. Əliyev, M. Mərdanov, K. Ziya, S. Ruhulla, M. Davudova, Ə. Məmmədova, İ. Hidayətzadə və b. 20-30-cu illərdə kinofabrikdə istehsal olunmuş b/f-rin əsas məzmununu yaxın keçmişin tarixi hadisələri, qadın azadlığı, ölkədə gedən dəyişiklər, xurafat və cəhalətə qarşı mübarizə, inqilab təşkil edirdi («Bismillah» (1925; rej. A.M. Şərifzadə, A.Valovoy), «Müxtəlif sahillərdə» (1926; rej. A. Litvinov), «Hacı Qara» («Sona»; M.F. Axundovun 3 pyesinin motivləri əsasında; 1928; rej. A.M. Şərifzadə), «Sevil» (C. Cabbarlının pyesi əsasında; 1929; rej. A. Beknazarov), «Lətif» (1930; rej. M.Mikayılov), «26 komissar» (1932; rej. N. Şengelaya), «İsmət» (1934; rej. M.Mikayılov), «Almaz» (C. Cabbarlının pyesi əsasında; 1936; A. Quliyev, Q. Braginski), «Bakılılar» (1938; rej. V. Turin), «Kəndlilər» (1939; rej. S. Mərdanov). Bu filmlərin bəziləri «montaj» kinematoqrafı prinsipləri üzərində qurulmuşdu. Sovet ideologiyasının tələbi ilə o illərdə təbliğat və təşviqat filmlərinin istehsalı ön plana çəkilmişdi. Kinoya biliklərin yayılmasının və əməyin səmərəliliyinin artırılması vasitəsi kimi baxılırdı və əhəmiyyət verilirdi. Təşviqat filmləri isə partiya və dövlətin ən mühüm siyasi, hərbi, din əleyhinə məsələlərinin xalq arasında izah olunması məqsədini daşıyırdı. Bu dövrdə kinofabrikdə bədii filmlərlə yanaşı hər il onlarla sənədli və elmi- kütləvi film də çəkilirdi: «Azərbaycanda çəyirtkə ilə mübarizə», «Azərbaycanda ipəkçilik sənayesi», «Hərbi dənizçilərin həyatı», «Suraxanı neft mədənlərində yanğın», «Azərbaycana səyahət», «Culfa-Bakı yolu», «Xəzər gəmiçiliyi», «Atəşpərəstlər məbədi», «Bakı SSRİ-nin incisidir», «Bibiheybətdə qaz fontanı yanğını», «Nəriman Nərimanovun dəfni», «I türkoloji qurultay», «Həyat uğrunda mübarizə», «Azərbaycanda kinopavilyonun açılışı», «Küləklər şəhəri», «Pambıqçılıq», «Neft fontanı», «Şərqə doğru» və s. 30-cu illərdə Azərb. kinosunda üç hadisə xüsusilə diqqəti cəlb edir. Birincisi, Azərb.-da ilk dəfə anim. kinosunun əsası qoyulmuş, 1935-ci ildə fəhlə neftçilərin məişətinin yaxşılaşdırılmasını təsvir edən «Abbasın bədbəxliyi» komediyası (rej. D. Dikaryov, rəssamlar Q. Xalıqov, C. Zeynalov, M. Maqomayev, Ə. Mirzəyev) çəkilmişdir. Bundan 4 il əvvəl isə texniki anim.-dan istifadə olunaraq “Uçuş” xronikası, 1933-cü ildə “Lökbatan” sənədli və “Cat” təlimat filmləri istehsal olunmuşdur. “Cat” filmində anim.-dan (rej.Basov) bütünlüklə istifadə edilmişdir. İkincisi, respublikada ilk səsli bədii film – «Mavi dənizin sahilində» (1935; rej. B. Barnet və S. Mərdanov) çəkilib ekranlarda göstərilmişdir. Balıqçıların həyatından bəhs edən bu kinokomediya «Azərfilm» və «Mejrabpomfilm» studiyalarının birgə istehsalı idi. Filmdə baş rollarda məşhur rus aktyorları N.Kryuçkov, L.Sverdlin və Y.Kuzmina çəkilmişlər. Dünya kinosunun 100 illiyi münasibətilə müxtəlif ölkələrin ən nüfuzlu kinoşünasları arasında keçirilən sorğuya əsasən bu film Bernar Eyzenşitsin (Fransa) dünya kinosunun bütün dövrlərinin ən yaxşı 12 əsərinin adı çəkilən I siyahısına (kino sənət kimi tarixi inkişafda) daxil edilmişdir. Eyni zamanda bu film sıravi tamaşaçı kimi Naum Kleymanın (Rusiya) bütün dövrlərin ən yaxşı 12 əsərinin adı çəkilən III siyahısına (sıravi tamaşaçı kimi) daxil edilmişdir. 1935 – 1940-cı illərdə 6 bədii film çəkilib ekranlara buraxılmışdır. Beləliklə də, kino sənəti öz imkanlarının yeni mərhələsinə qədəm qoymuş, söz vasitəsilə insanın mənəvi aləmini açmağa cəhd etmişdir. Üçüncüsü, 1937-ci ildə respublikamızda ilk dəfə filmlərin Azərb. dilində səsləndirilməsinə başlanmış, bütün SSRİ-də məşhur olan «Çapayev» bədii filmi dublyaj (rej. Ş. Şeyxov) edilmişdir. 1941-1945-ci illər müharibəsi ərəfəsində və müharibə başlanarkən Bakı k/st-da iki t/m bədii film – «Yeni horizont» (1940, rej. A. Quliyev, Q. Braginski) və «Səbuhi» (1941, rej. R. Təhmasib, A. Beknazarov) istehsal olunmuşdur. 1-ci film Bakı neftçilərinin 4 həyatından, 2-ci film isə Azərb. maarifçisi və dramaturqu M.F. Axundovun həyat və yaradıcılığından bəhs edir. Müharibənin başlanması ilə Azərbaycan kino işçiləri öz işlərini yeni dövrə uyğun qurmalı oldular. Studiyanın planları təcili dəyişdirildi. Xalqın mənəvi qüvvəsini səfərbər etmək, vətənpərvərlik təbliğatını gücləndirmək kinonun əsas vəzifəsi oldu. Müharibə illərində sənədli kino ustaları – Ə. Həsənov, M. Mustafayev, S. Bədəlov, N. Bədəlov, Ə. Ələkbərov, V. Yeremeyev, V. Zbudski və b. ilə yanaşı, bədii kinoda çalışan rej. və operatorlardan M. Dadaşov, İ. Əfəndiyev, Q. Braginski, A. Quliyev, Ə. Atakişiyev, H. Seyidzadə sənədli filmlərin, k/j-rın çəkilişində də yaxından iştirak edirdilər. O dövrün sənədli filmlərindən «Beş dəqiqəlik konsert» (rej. V. Yeremeyev), «Cənub sərhədlərinin keşiyində», «Vətən uğrunda» (rej. Ə. Həsənov), «Mahnılar və şeirlər», «Biz Bakını müdafiə edirik» (rej. Q. Braginski), «416-cı» (rej. C. Məmmədov), «Almanların Şimali Qafqazda vəhşilikləri», «Bakı döyüşür» (rej. M. Dadaşov), «Qayğı» (rej. A. Quliyev), «Şəfa nəğməsi» (rej. Q. Salamzadə), «Qardaşlıq köməyi» (rej. A. Dadaşov), «Məktuba cavab» (rej. İ. Əfəndiyev), «Əbədi odlar ölkəsi» (rej. H. Seyidzadə), «General Həzi Aslanov» (rej. N. Bədəlov), «Qələbə bayramı» (rej. M. Mikayılov) və b. qeyd etmək olar. Müharibə başlanandan bir qədər sonra rej. A. Quliyev «Vətən oğlu» (1941), sonra isə «Bəxtiyar» (1942) kinonovellalarını yaratdı. Həmin il rej. M. Mikayılov «Sovet pəhləvanı», rej-lardan N. Bədəlov və H. Seyidzadə «Sovqat» q/m bədii filmlərini çəkdilər. 1943-cü ildə vahid süjet xətti ilə bağlı üç novelladan ibarət «Bir ailə» (rej. Q. Aleksandrov, R. Təhmasib, M. Mikayılov) və «Sualtı qayıq T-9» (rej. A. İvanov) bədii filmləri istehsal olundu. 1945-ci ildə Ü. Hacıbəyovun «Arşın mal alan» musiqili komediyası yenidən ekranlaşdırıldı (rej. R. Təhmasib, N. Leşşenko). Filmin şən ovqatı, milli yumoru, Azərb. ruhuna xas ideal görüntüləri, təskinlik gətirən harmonik bədii dünyası, onu yüksək mənada Azərb. kinosunun mifi səviyyəsinə yuksəltdi. Əsas obrazların ifaçıları Rəşid Behbudov, Leyla Bədirbəyli, Lütfəli Abdullayev, Münəvvər Kələntərli və b. böyük şöhrət qazandılar. Filmin yaradıcıları SSRİ Dövlət mükafatına layiq görüldülər. Film dünyanın 136 ölkəsində uğurla nümayiş etdirildi. Həmin musiqili komediya 1965-ci ildə 3-cü dəfə ekranlaşdırıldı, amma əvvəlki filmin səviyyəsinə qalxa bilmədi. (rej. T.Tağızadə). Müharibədən sonra nəinki Azərb., həm də Ümumittifaq miqyasında film qıtlığı yarandı. 50-ci illərin ortalarına qədər əsasən s/f və k/j-lar istehsal olunurdu. Kinopublisistika həyata özünün müstəqil müəllif baxışını və yaradıcılıq prinsipiallığını itirmişdi. O illərin kino salnaməsi real həyatı uydurma təsəvvürlərlə əvəz etmişdi. “Qalib ölkənin bir günü” (1947), “Qocaman həmkarlar ittifaqı” (1947), “Stalin blokunun yeni qələbəsi” (1947), “Dağlıq Qarabağ” (1948), “Bakıda Stalinin olduğu yerlər” (1949), “Böyük sərkərdə” (1949), “25 il Leninsiz” (1949), “Lenin yolu ilə” (1949) və s. sənədli filmlər bu qəbildəndir. Bu dövrdə yalnız iki bədii film – tarixi mövzuda «Fətəli xan» (1947; rej. Y. Dziqan; yeni redaksiyada 1959-cu ildə ekrana buraxılıb) və fəhlə həyatından bəhs edən «Bakının işıqları» (1950; rej. A. Zarxi, İ. Xeyfits, R. Təhmasib; yeni redaksiyada 1958-ci ildə ekranlara buraxılmışdır) çəkilmişdir. Azərb. kinosunun yeni inkişaf mərhələsi 50-ci illərin ortalarından başlanır. Həmin dövürdə ÜDKİ-ni bitirmiş böyük bir dəstə Bakı k/st-da fəaliyyətə başladı. Bunların arasında ssen.-lər (Ə. Məmmədxanlı, İ. Qasımov), rej.-lar (H. Seyidbəyli, Ə. İbrahimov, H. İsmayılov, Ş. Mahmudbəyov, L. Səfərov, T. Tağızadə), oper.-lar (X. Babayev, T. 5 Axundov, Ə.H. Hüseynov, R. Ocaqov), rəs.-lar (C. Əzimov, E. Rzaquliyev, N. Zeynalov, K. Nəcəfzadə, M. Hüseynov) var idi. Onların gəlişi ilə Azərb. kinosunda bir canlama əmələ gəldi, milli kino yeni inkişaf mərhələsinə qədəm qoydu. 50-ci illərin ikinci yarısından bir-birinin ardınca «Görüş» (1955, rej. T. Tağızadə), «Bəxtiyar» (1955, rej. L. Səfərov), «Qara Daşlar» (1956, rej. A. Quliyev), «O olmasın, bu olsun» (1956, rej. H. Seyidzadə), «Qızmar günəş altında» (1957, rej. L. Səfərov), «Mahnı belə yaranır» (1957, rej. R. Təhmasib, M. Mikayılov), «Bir məhəllədən iki nəfər» (1957, rej. Ə. İbrahimov, İ. Qurin), «Kölgələr sürünür» (1958, rej. İ. Əfəndiyev, Ş. Şeyxov), «Bir məhəllədən iki nəfər» (1957, rej. Ə. İbrahimov, İ. Qurin), «Onun böyük ürəyi» (1958, rej. Ə. İbrahimov), «Uzaq sahillərdə» (1958, rej. T. Tağızadə), «Ögey ana» (1958, rej. H. İsmayılov), «Bir qalanın sirri» (1959, rej. Ə.S. Atakişiyev) bədii filmləri istehsal olundu. Həmin filmlərdə siyasi hadisələr, partizan hərəkatı, nağıllar, fəhlə və kolxozçuların, müxtəlif peşə sahiblərin əməyi, həyatı və qayğıları öz əksini tapdı. Məsələn, “Bir məhəllədən iki nəfər” filmi Şərq ölkələrindən birində xalqın azadlıq və demokratiya uğrunda mübarizəsndən bəhs edir. İgid partizan Mehdi Hüseynzadəyə həsr edilmiş “Uzaq sahillərdə” filmi isə Azərbaycanın, eləcə də keçmiş sovet kinosunun nailiyyətlərindəndir. Dinamik, gərgin hadisələr, dəqiqliklə yaradılmış xarakterlər, rejissor və operator işinin yüksək səviyyəsi filmə geniş şöhrət qazandırdı. “O olmasın, bu olsun” kinokomediyası ilk milli rəngli bədii filmi kimi kino tariximizə daxil oldu. Bu illərdə məşhur sovet rej. Roman Karmen Bakı k/s-da Xəzər neftçilərinin əməyinə həsr olunmuş iki film çəkdi: «Xəzər neftçiləri haqqında dastan» (1953) və «Dənizi fəth edənlər» (1959). Bu filmlərin yaradıcılarından bir qrupu (rej.-oper. R. Karmen, oper. C. Məmmədov və b.) Lenin mükafatına layiq görüldülər. 1945-ci ildən “Arşin mal alan” kinokomediyası istehsal olunandan sonra milli kinematoqrafiyada mus. komediya, mus. film janrına maraq daha da artdı. 50-ci illərin ortalarından başlayaraq Bakı k/st.-da “Görüş”, “Bəxtiyar”, “O olmasın, bu olsun”, 60-cı illərdə “Əmək və qızıl gül”, “Payız konserti” (1962), “Romeo mənim qonşumdur” (1963), “Əhməd haradadır?” (1963), “Ulduz” (1964), “Arşın mal alan” (1965) və s. filmlər çəkildi. Sonrakı illərdə də bu ənənə davam etdirildi və “Mahnı qanadlarında” (1973), “1001-ci qastrol” (1974), “Qaynana” (1978), “Mən nəğmə qoşuram” (1979), “Yarımçıq qalmış mahnı” (1979), “Nəğməkar torpaq” (1981), “Evlənmək istəyirəm” (1983), “Musiqi müəllimi” (1983), “Musiqili xaş” (1984), «Bəyin oğurlanması» (1985), “Cin mikrorayonda” (1985), “Bəxt üzüyü” (1991), “Şirbalanın məhəbbəti” (1991), “Hacı Qara” (2002) filmlərində bu ənənə davam etdirilmişdir. 60-cı illər A. kinosu həm bədii, həm də məzmun cəhətdən tədricən yeniləşmə dövrü kimi diqqəti cəlb edir. Bu dövrdə «Telefonçu qız» (1962, rej. H. Seyidbəyli), «Yenilməz batalyon» (1965, rej. H. Seyidzadə), «Sən niyə susursan?» (1966, rej. H. Seyidbəyli), və b. filmlər istehsal olundu. 60-cı illərin sonu – 70-ci illərin əvvəlində Azərbaycan kinosuna yeni nəslin böyük bir dəstəsi gəldi. Bunların arasında ssen.-lər M. və.R. İbrahimbəyovlar, Anar, A. Axundova, Y. Səmədoğlu, R. Fətəliyev, rej.-lar A. Babayev, E. Quliyev, O. Mirqasımov, Y. Əfəndiyev, T. İsmayılov, G. Əzimzadə, X. Muradov, Y. Qusman, oper.-lar Z.Məhərrəmov, R. İsmayılov, K.Məmmədov, R. Qəmbərov, V. Kərimov, rəs.-lar F. Bağırov, R. İsmayılov, M. Ağabəyov, F. Əhədov, aktyorlar H. Turabov, Ş. Məmmədova, H. Məmmədov, Ş. Ələkbərov, R. Balayev və b. var idi. Məhz həmin dövürdə Azərb. kinosunun yeni mərhələsi başlandı və bu yeniləşməyə nisbətən orta və yaşlı nəslin 6 nümayəndələri də qoşuldular. Bu dövrdə milli kinonun professional səviyyəsinin yüksəlməsi, təsvir vasitələrinin genişlənməsi, ideoloji stereotiplərin müəyyən dərəcədə yumşalması, sosial və əxlaq problemlərinin daha kəskin həlli gözə çarpırdı. Gənclərin orta və yaşlı nəsldən olan kino xadimləri ilə əməkdaşlığı milli kinomuzun peşəkar səviyyəsinin yüksəlməsinə , milli özünəməxsusluq, ideya dərinliyi ilə fərqlənən filmlərin meydana gəlməsinə səbəb oldu. «Bir cənub şəhərində» (1969; ssen. R. İbrahimbəyov, rej. E. Quliyev) filminin ətrafında gedən mübahisələr yeni ideyalar və yeni baxışların gerçəkləşməsi ilə bağlı idi. Filmin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi , insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur. Ümumiyyətlə, o dövrdə çəkilmiş filmlərdə tarixi və müasir həyata müxtəlif baxişlar, insan amili, xarakterlərin təhlili, gənclərin formalaşması, mənəvi-əxlaqi problemlərin qaldırılması və s. məsələlər əsas yer tutur. «Bizim Cəbiş müəllim» (1969, rej. H. Seyidbəyli), «Şərikli çörək» (1969, rej. Ş. Mahmudbəyov), “Dəli Kür” (1969, rej. H.Seyidzadə), «Yeddi oğul istərəm» (1970, rej. T. Tağızadə), «Axırıncı aşırım» (1971, rej. K. Rüstəmbəyov), «Gün keçdi» (1971, rej. A. Babayev), «Var olun, qızlar» (1972, rej. E. Quliyev), «Nəsimi» (1973, rej. H.Seyidbəyli), «Dədə Qorqud» (1975, rej. T. Tağızadə), «Xoşbəxtlik qayğıları» (1976, rej. H. Seyidbəyli), “Ad günü» (1977, rej. R.Ocaqov) «Bir ailəlik bağ evi» (1978, rej. Y. Qusman) və «İstintaq» (1979, rej. R.Ocaqov), «Babək» (1979, rej. E. Quliyev) və s. o dövrün maraqlı ekran əsərlərindəndir. Bu filmlərin əksəriyyəti Azərb. kinosunda əsl hadisəyə çevrildi. “Bir cənub şəhərində” (1969) və “İstintaq” (1979) b/f ittifaq miqyasında hay-küyə səbəb oldu. Onların qadağan olunması ideyası ortaya çıxdı. Ümumilli lider H.Əliyevin qətiyyəti sayəsində “Bir cənub şəhərində” və “İstintaq” filmləri Ümumittifaq ekranlarına buraxıldı. Lakin SSRİ Kino Komitəsinin tələbi ilə “Dəli Kür” (1969) və “Axırıncı aşırım” (1971) filmlərindən sovet ideologiyası ilə uyuşmayan müəyyən epizodlar qayçılanıb atıldı. 70-ci illərin sonu və 80-ci illərdən başlayaraq, Azərb. kinosunda tənqidi pafos artır, ictimai müdaxilə güclənir. Sovet miflərinin məhvinin, illüziyaların tədricən dağılmasının şahidi oluruq. Bu əsasən dramaturq R.İbrahimbəyov və rej. R.Ocaqovun birgə fəaliyyətlərinin məhsulları olan “İstintaq” (1979; XIII ÜKF-nin Baş mükafatı, Düşənbə, 1980; SSRİ Dövlət mükafatı, 1981), “Bağlı qapı” (1981), “Özgə ömür” (1987), “Ölsəm, bağışla…” (1988) və digər filmlərində öz parlaq əksini tapmışdır. Mənəvi-əxlaqi problemllərə müraciət, mürəkkəb psixoloji vəziyyətlər, xudbinlik və mərhəmətsizliyə qarşı etiraz “İşgüzar səfər” (1982, rej. R.İsmayılov), «Gümüşgöl əfsanəsi» (1984, rej. E. Quliyev), «Göz qabağında şeytan» (1987, rej. O. Mirqasımov), «Yaramaz» (1988, rej. V. Mustafayev), «Təxribat» (1989, rej. E. Quliyev), «Sahilsiz gecə» (1989, rej. Ş. Ələkbərov), «Lətifə» (1989, rej. N. Musayev, Y. Abramov), «Pəncərə» (1991, Ə. və H. Əbluc) filmlərində görmək olar. «Göz qabağında şeytan» filmi XXI YKF-nin mükafatına layiq görülmüşdür (1988). «Yaramaz» tragikomediyadır (1988). Dövrün bəlalarını bütün çılpaqlığı ilə üzə çıxaran, müasir bədii ifadə vasitələri ilə insan şəxsiyyətinin deformasiyasını, mənəvi düşgünlüyünün səbəblərini satirik boyalarla təsvir edən «Yaramaz»a istər ölkəmizdə , istərsə də xaricdə maraq böyük olmuş və o bir sıra BKF- nin mükafatlarını almışdır. Mənəvi–əxlaqi problemlərə və günün aktual mövzularına yeni cəhətlərdən yanaşmanı 70-80-ci illərin digər filmlərində də görmək olar. Məsələn, «De ki, məni sevirsən» (1977, rej. M.İbrahimbəyov), «Bizi bağışlayın» (1979, A.Babayev), «Anlamaq 7 istəyirəm» (1980, rej. O.Mirqasımov), «İşgüzar səfər» (1982, rej. R.İsmayılov), «Bağ mövsümü» (1985, rej. T. Tağızadə), «Bircəciyim» (1986, rej. Ə.Əbluç), «Burulğan» (1986, rej. E.Quliyev), “Cansıxıcı əhvalat” (1988, rej. C.Quliyev), «Sahilsiz gecə» (1989, rej. Ş.Ələkbərov) və s. 70-80-ci illərdə tarixi və tarixi-inqilabi janrlarda da bir sıra diqqəti cəlb edən filmlər yaradılmışdır, «Nəsiimi» tarixi-bioqrafik filmi (1973, rej. H.Seyidbəyli) feodal dünyasının haqsızlıqlarına qarşı çıxan, hürufi təriqətinin nəğməkarı, insan zəkasının tərənnümçüsü, şair İmadəddin Nəsiminin həyatına, o dövrün sosial və əxlaqi məsələlərinə həsr olunmuşdur. Film 1974-cü ildə Bakıda VII ÜKF-də mükafat almışdır. Poetikliyi ilə diqqəti cəlb edən «Dədə Qorqud» (1975, rej. T.Tağızadə) film-dastanı vətənə məhəbbət, dostluq, qardaşlıq və sədaqət kimi yüksək hisslər tərənnüm edir. «Babək» tarixi dramı (1979, rej. E.Quliyev) IX əsrdə Azərb. xalqının qəhrəman oğlu, görkəmli sərkərdə və siyasi xadim Babəkin başçılığı ilə Xilafətə qarşı xalqın azadlıq uğrunda mübarizəsindən danışır. «Nizami» tarixi-bioqrafik kinoromanı (1982, rej. E.Quliyev) isə dahi Azərb. şairi Nizami Gəncəviyə həsr olunmuşdur (XVI ÜKF-nin prizi, Leninqrad, 1983; BKF-nin diplomu, Daşkənd, 1984). Azərb. XKS-nin sədri, müəllim, həkim,yazıçı N.Nərimanovun həyat və fəaliyyətindən bəhs edən «Ulduzlar sönmür» (1971, rej. Ə.İbrahimov), 20-ci əsrin komsomolçularından danışan «Yeddi oğul istərəm» (1970, rej. T.Tağızadə) , Azərb.-da sovet hakimiyyəti qurulduğu ilk illərdən bəhs edən «Axırıncı aşırım» (1971, rej. K. Rüstəmbəyov), ilk dəfə xarici ölkə ilə (Çex.) müştərək çəkilmiş «Səmt küləyi» (1973, rej. E.Quliyev), «Sevinc buxtası» (1977, rej. E.Quliyev; Azərb.Dövlət mükafatı,1978), «Birisigün, gecəyarısı» (1981, rej. A.Babayev; Azərb.Dövlət Mükafatı,1986), «Atları yəhərləyin» (1985, rej. Ə.Mahmudov, H.Turabov; Azərb.Dövlət mükafatı, 1986) və s. tarixi-bioqrafik, tarixi-inqilabi, tarixi-macəra filmləri maraqlı ekran əsərləridir. İlk dəfə 1960-cı ildə çəkilmiş «Aygün» bədii telev. filmindən (rej. K.Rüstəmbəyov) sonra «Azərbaycanfilm” k/st.-da da bir sıra dəyərli bədii telev. filmləri yaradılmışdır; «Oxuyur Müslüm Maqomayev» (1971, rej. T.İsmayılov), «Ad günü»(1977, rej.R.Ocaqov, VIII ÜTF-nin münsiflər heyətinin prizi, Bakı, 1979; Azərb. Dövlət mükafatı, 1980), «Dantenin yubileyi» (1978, rej. G.Əzimzadə, Anar), «Anlamaq istəyirəm» (1980, rej. O.Mirqasımov), «Təkcə adanı özünlə apara bilməzsən» (1980, rej. G.Əzimzadə, ÜTF- də Baş mükafat, İrəvan, 1981), «Qorxma, mən səninləyəm» (1981, rej. Y.Qusman), «Üzeyir ömrü»(1981, rej. Anar), «Ötən ilin son gecəsi» (1983, rej .G.Əzimzadə), «Bircəciyim» (1986, rej. Ə.Əbluç) və s. Bir sıra filmlərdə 1941-1945-ci illər mövzusu öz bədii həllini tapmışdır. «Mən ki,gözəl deyildim» (1968, rej. T.Tağızadə, A.Quliyev, R.Əsgərov), «Bizim Cəbiş müəllim»(1969, rej. H.Seyidbəyli), «Şərikli çörək» (1969, rej. Ş.Mahmudbəyov), «Tütək səsi»(1976, rej. R.Ocaqov), «Səni dünyalar qədər sevirdim» (1985, rej. R.İsmayılov) və s.filmlər öz yaradıcılıq manerasına görə bir-birindən fərqlənir. Lakin hansı üslubda çəkilməsindən, bədii səviyyəsindən asılı olmayaraq bu filmlərdə xalqın vətənpərvərliyi, müharibənin törətdiyi dəhşətlər, xalqımızın müharibədə göstərdiyi hünər ön plana çıxarılmışdır. Bu filmlər maraqlı obrazları, nikbinliyi ilə diqqəti cəlb edir. Azərbaycan kinosu yaranandan bir qədər sonra digər janr və növlər kimi, uşaq kinosu da kino işçilərinin diqqət mərkəzində oldu. Müxtəlif illərdə «Dostlar» (1934, rej. A.Quliyev), «Rəqs edən bağalar», «Dəcəl dəstə» (1935, 1937, rej. A.Popov, Q.Salamzadə), «Şərikli çörək» (1969, rej. Ş.Mahmudbəyov), «Mən nəğmə qoşuram» 8 (1979, rej. Tofiq İsmayılov), «Təkcə adanı özünlə apara bilməzsən» (1980, rej. G.Əzimzadə), «Gəmi saatının sirri» (1983, rej. R.Şabanov), «Asif, Vasif, Aqasif» (1983, rej. R.İsmayılov), «Qaladan tapılan mücrü» (1983, rej. G.Əzimzadə), «Pəncərə» (1991, rej. H.və Ə.Əbluç), «Ağ atlı oğlan»,(1995, rej. Ə.Əbluç), “Buta” (2011, İlqar Nəcəf), “Dərs” 2015, rej. R.Əliyev, C.Təvəkkül və s.uşaq filmləri çəkilmişdir. Kinematoqrafçılarımızın yaratdıqları «Bir qalanın sirri», «Sehirli xalat», «Qərib cinlər diyarında» (1959, 1964, 1977, rej. Ə.Atakişiyev), «Şir evdən getdi»(1977, rej. R.İsmayılov), «Əzablı yollar»(1982, rej. T.İsmayılov) film-nağılları bu gün də uşaqların sevə-sevə baxdıqları kino əsərləridir. 1970-1980- ci illərdə k/st-da ildə 6-8 bədii film, 25-ə qədər sənədli və e-k film istehsal olunmuşdur. VII və XXI Ümumittifaq kinofestivalları (1974,1988), kino həvəskarlarının 40-cı beynəlxalq festivalı (UNİKA-78) Bakıda keçirilmişdir. 1991-ci ildə Azərbaycan müstəqillik əldə edəndən sonra kinematoqrafçılar üçün yeni imkanlar açıldı. Hərçənd, 1990-cı ildən sonra Azərbaycanda istehsal olunmuş filmlərin sayı azalmışdı. Buna baxmayaraq real həyatı əks etdirən, müasir estetik tələblərə cavab verən əhəmiyyətli b/f yaradılmışdır: «Qətl günü» (1990, rej.G.Əzimzadə), «Qəzəlxan»(1991, rej. Ş.Ələkbərov), «Nakəs» (1991, rej. V.Mustafayev), «Fəryad» (1993, C.Mirzəyev), «Təhminə» (1993), «Yarasa»(1995, rej .A.Salayev), «Özgə vaxt» (1996, rej. H. Mehdiyev), «Hər şey yaxşılığa doğru» (1997, V.Mustafayev), «Sarı gəlin» (1998, rej. Y.Rzayev), «Ovsunçu» (2002, rej. O.Mir Qasım) və b. Müstəqillik əldə edəndən sonra bazar iqtisadiyyatı şəraitində yaşayan Azərbaycanda onlarla müstəqil kinoşirkəti, o cümlədən, «Universalbank», «Qara Qayafilm», «AMAfilm», “Günay”, “Borçalı”, “Sinema Lümyer”, “İnterdet”, “Qalafilm”, “TMT”, “Aşkarfilm”, “Yeni Film”, “Ocaq”, «Vahid», «Step LTD», “Dərviş”, “Yeni dalğa”, «İnterturan», «Bəri bax», “Bizim kino”, «Butafilm», “Nərimanfilm”, “Ritm prodakşn”, “Exa prodakşn”, “Sinema alyans”, “Ultra prodakşn”, “Sine-Z” və s. fəaliyyət göstərmişdir. Həmin müstəqil şirkətlərdə müxtəlif növdə olan yüzlərlə film yaradılmışdır. Adları çəkilən şirkətlərin bəzisi sonradan müxtəlif səbəblər üzündən öz fəaliyyətini dayandırmalı oldu. 1988-ci ildə «Azərbaycanfilm»in nəzdində xronikal-sənədli filmlər birliyinin bazasında üç studiya – «Salnamə», «Yaddaş» və «Rakurs» təşkil olundu. 1993-cü ildən bunlardan yalnız ikisi – «Salnamə» və «Yaddaş» dövlət sənədli filmlər studiyası statusu ilə fəaliyyətlərini davam etdirir. «Mozalan» yumoristk kinojurnalı 1970-ci ildən fəaliyyət göstərir. Bu günə kimi onun 200-ə yaxın nömrəsi ekran üzü görmüşdür. Jutnal cəmiyyətdə rast gəlinən çatışmamazlıqları, gündəlik həyatımızda qarşıya çıxan nöqsanları yumoristik şəkildə tənqid edir. 1987-ci ildə təşkil olunmuş «Debüt» eksperimental-gənclik yaradıcılıq studiyasında bu gün də qısametrajlı bədii və sənədli filmlər çəkilir. 1990-cı ildə yaradılmış «Azanfilm» studiyasında animasiya filmləri istehsal olunur. Son illərdə “Dublyaj” studiyası fəaliyyətə başlamışdır. 1994-cü ildən Azərbaycan Dövlət Film Fondu fəaliyyət göstərir. Fond 1999-cu ildən Beynəlxalq Kino Arxivləri Federasiyasının (FİAF) üzvüdür. DFF-də 64.372 saxlanma vahidi həcmində film materialları, 20 minə yaxın müxtəlif fotosənədlər, 14 minə yaxın orijinal sənəd, ekspo¬nat və materiallar (filmlərin ədəbi və rejiss ssenariləri, 9 montaj vərəqələri, diplom və prizlər və s.) qorunub saxlanılır. Burada kino maarifçiliyi sahəsində böyük iş aparılır. Ümummilli lider Heydər Əliyev 1998-cı il iyulun 3-də «Kinematoqrafiya haqqında» Azərbaycan Respublikasının Qanununu təsdiq edən sərəncam imzalamışdır. Bu qanun incəsənətin mühüm növü olan kinematoqrafiyanın qorunması və inkişı sahəsində dövlət siyasətinin həyata keçirilməsinə hüquqi təminat verir,kino fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini və kinematoqrafiyaya dövlət himayəsinin formalarını müəyyənləşdirir. Azərbaycan Republikasının Prezidenti İlham Əliyevin 2007-ci il fevralın 23-də «Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında» və 2008-ci il avqustun 4-də «Azərbaycan kinosunun 2008-2018- ci illər üzrə inkişafına dair Dövlət Proqramı» ilə əlaqədar imzaladığı sərəncamlarda milli kinematoqrafiyanın hərtərəfli və kompleks şəkildə inkişafında mühüm rol oynayacaq bir sıra vacib tədbirlərin həyata keçirilməsi, o cümlədən Azərbaycan Dövlət Film Fondunun yeni binasının inşası, Nizami Kino Mərkəzinin yenidən qurulması nəzərdə tutulmuş və bir çoxu artıq reallaşmışdır. Son illər Azərbaycanın tanıdılmasına xidmət edən, tariximizi, adət-ənənələrimizi əks etdirən müxtəlif filmlər yaradılmışıdr. Bu dövr həm filmlərin kəmiyyət, həm də keyfiyyət baxımından diqqəti cəlb edir. Sözügedən filmlərin arasında “Hökmdarın taleyi” (2008, rej. R.Fətəliyev), “Qırxıncı qapı” (2009, rej. Elçin Musaoğlu), “Buta” (2011, rej. İ.Nəcəf), “Çölçü” (2012, rej. Ş.Əliyev), “Nabat” (2014, rej. Elçin Musaoğlu), “Axınla aşağı” (2015, rej. A.Rüstəmov) filmlərini qeyd etmək olar. Yüzlərlə sənədli, bir çox cizgi filmi çəkilmişdir. Həmin filmlər beynəlxalq kinofestivalların bir çox mükafatına layiq görülmüşdür.