Sənədli Film

Milli kinomuzun tarixi sənədli filmlərdən başlamışdır. Sonrakı illərdə, xüsusilə kinoya səsin gəlməsi ilə sənədli və elmi-kütləvi kinonun da yaradıcı imkanları genişləndi. Səs kinoya yeni bədii-estetik keyfiyyət gətirdi, müəllif fikrinin daha dolğun canlandırılmasına şərait yaratdı. «Raport veririk», Xalq komissarı Qəzənfər Musabəyovun nitqi» və «Neft simfoniyası» sənədli filmlərində səsdən istifadə olunmuşdur.1936-cı ildən kinojurnallar da ekrana səsli buraxılırdı. «I türkoloji qurultay», «Həyat uğrunda mübarizə», «Şərqə doğru», «Lökbatan», «Sovet Azərbaycanının incəsənəti», «Şöhrətli Azərbaycan» (Azərbaycan sənədli kinosunda ilk dəfə olaraq, bu filmdə diktordan istifadə edilmişdir), «Ordenli Azərbaycan», «İyirminci bahar» sənədli filmləri müharibədən əvvəl çəkilmiş diqqətəlayiq sənət əsərləridir. 1941-1945- ci müharibə illərində bir qrup kino işçisi (rej. Ə.Həsənov, oper. C.Məmmədov, X.Babayev, M.Mustafayev, K.Həsənov, C.İsmixanov, L.Koretski. V.Yeremeyev) əllərində kinokamera ön cəbhələrdə əsgərlərin qəhrəmanlığını lentə alır, digər qrup (rej. T.Tağızadə, Ş.Mahmudbəyov, Ə.İbrahimov, A.Popov, Ə.Musayev, rəs. M.Rəfiyev, oper. Ə.Ələkbərov, V.Konyagin, Ə.Hüseynov, S.Bədəlov, mex. Y.Muradov və b.) əllərində silah düşmənlərə qarşı vuruşur, başqa bir qrup (rej. N.Bədəlov, A.Quliyev, M.Mikayılov, İ.Əfəndiyev, Q.Salamzadə, rej.- oper. M.Dadaşov və b. arxa cəbhədə çəkilişlər aparır, ölkənin kinosalnaməsini yaradırdı. Həmin materiallar əsasında xüsusi kinojurnallar, kinooçerklər hazırlanıb həm ön, həm də arxa cəbhədə əsgər və tamaşaçılara göstərilirdi: «Biz Bakını müdafiə edirik» (1942, rej. Q.Braginski, N.Bədəlov), «Almanların Şimali Qafqazda vəhşilikləri» (1943, rej.-oper. M.Dadaşov), «Qayğı» (1943, rej. A.Quliyev), «Şəfa nəğməsi» (1944, rej. Q.Salamzadə), «Qardaşlıq köməyi» (1944, rej. A.Dadaşov), «Qəzvinə kömək», «İran Azərbaycanının paytaxtında» (1944, 1945, rej. Ə.Həsənov), «Zəfər bayramı» (1945, rej. M.Mikayılov) və s. Müharibədən sonra kinematoqrafçılarımız Cənubi Azərb.-da yaşayan xalqımızın 1945- 1946-cı illərdə öz azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizədən, ölkədə gedən demokratik hərəkatdan bəhs edən «Arazın o tayında» (1947. rej. E.Şub), respublikamızda sovet hakimiyyəti qurulmasının 30 illiyinə həsr olunmuş «Sovet Azərbaycanı» (1950, rej. M.Dadaşov, F.Kiselyov, IV BKF-də münsiflər heyətinin xüsusi mükafatı, Kann, 1951) kimi dəyərli sənədli filmlər yaratmışlar. Sonrakı dövrlərdə həyatımızın müxtəlif sahələrini əhatə edən, sosial-iqtisadi, mədəni- iqtisadi, xalqımızın milli adət-ənənələri, məişəti, insanların əmək nailiyyətləri, ölkəmizin təbiəti və s. müasir və tarixi mövzular sənədli kino ustalarının yaradıcılığında əsas yer tutur: «S.M. Kirov adına körfəzdə» (1954, rej. C.Məmmədov, Venesiya BKF-nın diplomu, 1955), «Səadət yolu ilə» (1956, rej. M.Dadaşov, ÜKTS-in Qızıl medalı, Moskva, 1956), «Bakı və bakılılar» (1958, rej. L.Səfərov, Sovet Filmlərinin Ümumittifaq festivalının diplomu, Moskva, 1958), «Məhəmməd Füzuli» (1958, rej. N.Bədəlov) və s. Bakı k/st.-da lentə alınmış «Xəzər neftçiləri haqqında dastan» (1953) və «Dənizi fəth edənlər» (1959) t/m sənədli filmləri nəinki Azərb., eləcə də sovet kinosunun böyük nailiyyəti idi. 1960-1970- ci illər sənədli kinosuna M.Bağırov, Y.Əfəndiyev, Z.Məhərrəmov, O.Mirqasımov, R.Şahmalıyev, C.Zeynallı. N. və T.Bəkirzadə, R.Nağıyev, X.Muradov, C.Fərəcov kimi gənclərin gəlişi bu sahədə canlanmaya səbəb oldu. Məsələn, rej. O. Mirqasımovun «Dəniz» (1965), «Qobustan» (1966), «Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev» (1967) sənədli filmlərində o dövr sənədli kinosundakı üslubun müəyyən qədər dəyişməsini görürük (diktor mətninin olmaması, dəqiq montaj və s.) . Rej. Y.Əfəndiyevin «Nə yaxşı ki, dünyada Səməd Vurğun var» (1967), C.Zeynallının «Solmaz bir bahar kimi» (1979) t/m filmləri Azərb. Komsomolu mükafatına layiq görülmüşdür. «Azıx mağaraları», «Bülbül» (1968. rej. M.Bağırov), «Azərbaycan, Azərbaycan» (1970, rej. Y.Əfəndiyev), «Çörək» (1970, rej. Z.Məhərrəmov), «Nəsimi», «Aşıq Ələskər» (1971, 1972, rej. X.Muradov), «Ömrün səhifələri», «Maestro Niyazi» (1972, 1975, rej. R.Nağıyev), «Beləliklə, biz başlayırıq» (1976, rej. G.Əzimzadə), «Dissonans» (1978, rej. T.Bəkirzadə; VII Ümumittifaq idman filmləri festivalında Qızıl medal, Leninqrad, 1979) həmin illərin ən yaxşı filmləridir. 70-80- cı illər Azərbaycan kinosunun intibah dövrü kimi yadda qalmışdır. Poetik formada qədim Azərbaycan milli sənət yadigarlarından bəhs edən «Naxışların yaddaşı» (1973, rej. Y.Əfəndiyev, VII YKF-nin mükafatı, Bakı, 1974), vərəm xəstəliyi və onunla mübarizə üsulları haqqında olan «Peşimançılıq» (1974, rej. M.Bağırov), Azərbaycan xalq təsviri sənətinə həsr olunmuş «Daş saat» (1975, rej. N.Bəkirzadə), Qazaxdan Neftçala bölgəsinədək geniş ərazidə Tuğay meşələrinin məhv olması problemini qaldıran «Bu gözəl Tuğay» (1983, rej. V.Mixaylov), Azərbaycanda herpentoloqların mürəkkəb işlərindən danışan «Gürzə ilə əlbəyaxa» (1984, rej. T.Bəkirzadə) elmi-kütləvi filmləri həm mövzu, həm də sənət baxımından kino tariximizdə layiqli yer tutur. Sənədli kinoda dövrlə səsləşən aktual mövzuların ekrana gətirilməsi, çəkiliş üsulunda, səsləndirmədə, montajda yeniliyin tətbiqinə səy göstərilməsi rej. C. Zeynallının «Son söz»(1981), «Fikrət Əmirov» (1985), «Səfillər» (1985), «İntizar» (1986), «Əsrin kontraktı» (1996, «Hümay mükafatı, 1997), Z.Məhərrəmovun «Baharla birgə» (1978), «Köç» (1983), «Bakı eyvanları» (1986), «Sübh adasında qürub» (1987), X.Muradovun «Əks-səda» və «Balaban» (1987), «9 dəqiqə» (2000), A.Salayevin “Ata” (1988), R.Nağıyevin “Ölü zona” (1988), Y. Rzayevin “Axırıncı addım” (1989), “Fövqəldünya” (1992), “Gözümün işığı” (2012), L.Səfərovanın “Naməlum torpaq” (1992), C.Quliyevin “Kinorejissor Arif Babayev” (2000), Ş.Nəcəfzadənin “Ağ-qara dünya” (1990), “Səma şairi” (2003), “Üfüqü ötənlər” (2011), “Dadsonrası dad” (2014), N.Abbasın “Narahat adam” (2005), “Dua” (2008, rej.Z.Şıxlinski), “Azərbaycan xalçası” (2008, rej. Ş.Əliyev), “Çovqan” (2010, rej. R.Quliyev), “Əriyən ada” (2012, rej. F. Əhmədov), “Lağıc” (2014, rej. T.Şahverdiyev), “Azərbaycan Milli Qəhrəmanları” silsiləsi və s. filmlərdə aydın nəzərə çarpır.