Ədəbiyyat

Azərbaycan xalqı qədim və zəngin ədəbiyyata malikdir. Xalqımızın şifahi xalq ədəbiyyatı mövzusu, janrları, süjeti, qəhrəmanları və ideyasına görə orijinal olub, Azərbaycan ölkəsinin çoxəsrlik tarixi inkişaf yolunu, milli-mənəvi varlığını ifadə edir. “Kitabi-Dədə Qorqud” dastanları azərbaycanlıların qədim əcdadları olan oğuz türklərinin həyat tərzini, dünyagörüşünü və taleyini əks etdirən möhtəşəm ədəbi abidədir. «Dədə Qorqud» dünya dastanları sırasında xüsusi əhəmiyyətə malik olan qiymətli şifahi xalq ədəbiyyatı xəzinəsidir. «Koroğlu» dastanında Azərbaycan xalqının tarixi-qəhrəmanlıq ruhu əks olunmuşdur. Məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun «Koroğlu» operası keçmiş SSRİ-də yüksək Dövlət mükafatına layiq görülmüşdür. İlk dəfə 77 il bundan əvvəl səhnəyə çıxarılmış «Koroğlu» operası indi də Azəbaycan Opera və Balet Teatrının repertuarında özünəməxsus mühüm yer tutur. Azərbaycan nağılları xalq mənəviyyatının zəngin sehirli və möcüzəli aləmini dünyaya bəyan edir. XII əsrdə yaşayıb-yaratmış böyük Azərbaycan şairi Nizami Gəncəvinin (1141- 1209) əsərləri Şərq – müsəlman intibahının zirvəsində dayanır. Böyük sənətkarın «Xəmsə» adlandırılan beş poeması Azərbaycan ədəbiyyatının nadir əsərləri olmaqla bərabər, Şərq intibah mədəniyyətini də zənginləşdirən və irəli aparan ədəbiyyat hadisəsidir. İntibah dövrü Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Əfzələddin Xaqaninin «Mədain xərabələri» epik dastanında Şərq dünyasının böyük hadisələri məharətlə canlandırılmışdır. XII əsrdə yaşayıb-yaratmış qadın şairəsi Məhsəti Gəncəvinin məşhur rübailəri fəlsəfi düşüncələrlə, hikmətamiz müdrik fikirlərlə zəngindir. Əcəmi Naxçıvaninin yaratdığı «Atabəylər məqbərəsi», «Yusif Küseyir oğlunun türbəsi» kimi nadir memarlıq əsərləri ilə türk-müsəlman dünyasında memarlıq məktəbinin əsası qoyulmuşdur. İstedadlı musiqişünas və mahir xəttat kimi ad qazanmış Səfiəddin Urməvinin (1216-1294) musiqi nəzəriyyəsinə dair əsərləri Şərq müsəlman intibah mədəniyyətinin qiymətli nümunələridir. Qüdrətli ədəbi simalarından biri olan İmadəddin Nəsimi Azərbaycanda və Şərq ölkələrində hürufizm cərəyanının əsas yaradıcılarından biri kimi qəbul olunur. İmadəddin Nəsimi orta əsrlərdə nəinki Azərbaycanda, bütövlükdə Şərq aləmində böyük insanpərvər sənətkar kimi tanınmışdır. Məhəmməd Füzuli orta əsrlər Azərbaycan ədəbiyyatının möhtəşəm klassik şairidir. Məhəmməd Füzulinin türkcə divanı Azərbaycan şeir mədəniyyətinin nadir və zəngin poetik xəzinəsidir. Qüdrətli lirika ustadının məşhur «Leyli və Məcnun» poeması Şərqin böyük eşq dastanına çevrilmişdir. Şah İsmayıl Xətai Azərbaycan tarixinə Səfəvilər İmperiyasının qüdrətli yaradıcısı kimi daxil olmuşdur. Şah İsmayıl Xətainin «Dəhnamə» poemasında klassik əruz şeiri ilə heca vəznli şeirin sintezi əsasında canlı poetik lövhələr yaradılmış və insanın romantik dünyası poeziyada özünün mükəmməl bədii əksini tapmışdır. Orta əsrlər Azərbaycan ədəbiyyatının İzzəddin Həsənoğlu, Həbibi, Kişvəri, Saib Təbrizi və başqaları kimi tanınmış yaradıcılarının əsərləri klassik lirikanın bütün cazibədarlığını özündə əks etdirir. Azərbaycan dilində ədəbiyyatın ilk görkəmli yaradıcılarından olan İzzəddin Həsənoğlu azsaylı qəzəlləri ilə ana dilinin poetik gözəlliyini və zənginliyini şeirə gətirmişdir. Qazi Bürhanəddinin Azərbaycan dilində tuyuq janrında yazılmış şeirləri ədəbiyyatda ictimai məzmunun qüvvətlənməsinə, bədii fikrin daha dərin müdriklik keyfiyyəti qazanmasına imkan yaratmışdır. Kişvərinin Azərbaycan dilində yazılmış şeirlərindən təşkil olunmuş «Divan»ı klassik Azərbaycan lirikasının ən mükəmməl nümunələrini özündə cəmləşdirir. XVII-XVIII əsrlərdən etibarən Azərbaycan ədəbiyyatında həyata və insana doğru yeni bir dönüş baş vermişdir. Məhəmməd Əmani, Kövsəri Həmədani, Ağa Məsih 2 Şirvaninin yaradıcılığında klassik lirika ənənələrindən yeni didaktikaya keçidin yaşantıları, böyük əlamətləri müşahidə olunur. Molla Pənah Vaqifin (1717-1797) lirikasındakı həyatilik, gerçəkliyə doğru inkişaf edən meyillər, xüsusən Azərbaycan məişətinin poetik səviyyədə bədii təqdimi XVIII əsrdə Azərbaycan ədəbiyyatının fərqli bir mərhələyə çatdığını göstərir. Bütövlükdə XIX əsr Azərbaycan ədəbiyyatı maarifçilik üstündə köklənmişdir. Abbasqulu ağa Bakıxanov (1794-1847), Mirzə Şəfi Vazeh (1792-1952), İsmayıl bəy Qutqaşınlı (1806-1861), Mirzə Əbdürrəhim Talıbov, Həsənbəy Zərdabi (1842-1907), Məhəmməd Tağı Sidqi (1854-1903), Nəcəf bəy Vəzirov (1854-1926) və başqaları yeni dövr Azərbaycan maarifçi realist ədəbiyyatının qiymətli nümunələrini yaratmışlar. Mirzə Fətəli Axundzadənin çoxcəhətli fəaliyyəti, yeni tipli şeir yaradıcılığı, dramaturgiyanın əsaslarını yaratması, ilk dəfə olaraq realist nəsri «dünyaya gətirməsi» nəinki əsrin ədəbi mənzərəsini dəyişmiş, bütövlükdə ədəbi-ictimai fikrin inkişafında ciddi və əsaslı dönüş yaratmışdır. Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə və onun başçılıq etdiyi «Molla Nəsrəddin» ədəbi məktəbi cəmiyyətdə milli maraqların dərinləşdirilməsi və demokratik ideyaların genişləndirilməsi işini ədəbiyyatın və mətbuatın əsas problemi səviyyəsinə qaldırmışdır. Mirzə Ələkbər Sabir (1862-1911) Azərbaycanda satirik şeir məktəbini formalaşdırmış, milli istiqlala xidmət edən ciddi ictimai satiranı əsrin sözü səviyyəsində səsləndirmişdir. Mollanəsrəddinçi satirik şair Əli Nəzmi (1878-1946), Əliqulu Qəmküsar (1880-1919), Məmməd Səid Ordubadi (1872-1950), Mirzə Möcüz Şəbüstəri (1873-1934), Bayraməli Abbaszadə (1959- 1926) və başqalarının yaradıcılığı ilə ədəbiyyatda öz mövqelərini daha da möhkəmləndirmişdir. Cəlil Məmmədquluzadə (1869-1932), Əbdürrəhimbəy Haqverdiyev (1870-1933) Azərbaycan tənqidi realist nəsrinin kamil nümunələrini yaratmışlar. Eyni zamanda, Əbdürrəhimbəy Haqverdiyevin «Şeyx Şəban», «Mirzə Səfər», «Bomba» və sair hekayələri də cəmiyyətin irəliyə doğru inkişafının çətinliklərinə və dərinliklərinə işıq salmışdır. Maarifçilik hərəkatının yeni dövrünün ədəbiyyatının əsas yaradıcıları olan Rəşid bəy Əfəndiyev (1863-1942), Süleyman Sani Axundov (1875-1939), Sultanməcid Qənizadə (1866-1937), İbrahimbəy Musabəyovun (1880-1942) və başqalarının əsərləri tənqidi realizm ədəbiyyatı ilə romantizm ədəbi cərəyanı arasındakı boşluğu doldurmuş, maarifçi qəhrəman obrazları ədəbiyyatımızda milli ziyalılığın nümunəsi kimi canlandırılmışdır. XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının yaranması milli ədəbi-ictimai fikrin inkişafında mühüm hadisədir. Azərbaycan romantizminin görkəmli yaradıcılarının: Hüseyn Cavid (1882-1941), Məhəmməd Hadi (1879-1920), Əlibəy Hüseynzadə (1864-1940), Abbas Səhhət (1874-1918), Abdulla Şaiq (1881-1959) və başqalarının əsərlərindəki romantik qəhrəman daxili mənəvi zənginliyi, xəyalları və ümidləri ilə fərqlənmiş, öz idealını formalaşdırmışdır. 1920-1960- cı illərin ədəbiyyatında sovet gerçəkliklərinin və ya sosializm ideologiyasının ədəbiyyata güclü təsiri olmuşdur. Buna baxmayaraq Səməd Vurğunun (1906-1956), Mikayıl Müşfiqin (1908-1938), Rəsul Rzanın (1910-1981), Süleyman Rüstəmin (1906-1989), Bəxtiyar Vahabzadənin (1925-2009), Məmməd Arazın (1933- 2004), Əli Kərimin (1931-1969) və başqalarının vətənpərvərlik ruhunda yazılmış şeirlərində azərbaycançılıq motivi inkişaf etdirilmişdir. Səməd Vurğunun 1935-ci ildə yazılmış məşhur “Azərbaycan” şeiri bütövlükdə son yüzillikdə həmin mövzuda meydana çıxan ən populyar poetik nümunədir. Çoxəsrlik Azərbaycan ədəbiyyatının tarixində Cəfər Cabbarlı dramaturgiya məktəbi, Səməd Vurğun heca vəznli şeir məktəbi, Rəsul Rza sərbəst şeir məktəbi kimi böyük ədəbi məktəblər XX əsrin hadisəsi kimi meydana çıxmışdır. Nəsr və dramaturgiya sahəsində də sovet dövrü Azərbaycan ədəbiyyatında xalqın tarixini əks etdirən və milli maraqlara xidmət edən əsərlər yazılıb nəşr edilmiş, tamaşaya qoyulmuşdur. Məmməd Səid Ordubadinin (1872-1950) “Dumanlı Təbriz”, 3 “Qılınc və qələm” tarixi romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman məktəbi yaranmışdır. Xalq yazıçısı Mirzə İbrahimovun (1911-1993) “Gələcək gün” romanı sovet dövrü Azərbaycan ədəbiyyatının ən böyük nəsr hadisəsidir. Mir Cəlalın (1908-1978) nəsr əsərlərində Azərbaycan həqiqətləri böyük məharətlə canlandırılmışdır. Haqlı olaraq xalq yazıçısı Süleyman Rəhimovun (1900-1983) nəsri Azərbaycan ədəbiyyatının ağır artilleriyası kimi qiymətləndirilmişdir. İlyas Əfəndiyevin (1914-1996), Ənvər Məmmədxanlının (1913-1990) hekayələrində və romanlarında həyatın nəfəsi canlandırılmışdır. İlyas Əfəndiyevin dramaturgiyası milli dramaturgiyanın tarixində xüsusi mərhələ təşkil edir. Cəfər Cabbarlı, Hüseyn Cavid və Səməd Vurğundan sonrakı dövrdə İlyas Əfəndiyev özünün teatr epoxasını yaratmışdır. İlyas Əfəndiyev teatrı – böyük səhnədə həyat həqiqətləri və insan mənəviyyatı haqqında tamaşlar silsiləsi deməkdir. Azərbaycan ədəbiyyatının altmışıncı illər nəsli sovet dövründən əvvəlki ədəbiyyat ənənələrini nəinki bərpa etmiş və hətta yeni dövrün həyati mətləbləri ilə üzvi əlaqədə daha da inkişaf etdirmişdir. Bu dövrdən etibarən ədəbiyyatda sosializm idealları yox, azərbaycançılıq məfkurəsi, gerçəklik və xəlqilik qüvvətlənmişdir. Xalq yazıçısı Anarın (1938) “Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Yaxşı padşahın nağılı” və sair kimi əsərləri yazıldığı dövrün çətin həyat ritmlərini və insan mənəviyyatını əks etdirir. Xalq yazıçısı Elçinin (1943) “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” romanlarında, “Baladadaşın ilk məhəbbəti” seriyasından olan hekayələrində, “Dolça” povestində Azərbaycan cəmiyyətinin tarixi dərki və müasir təqdimatı özünün real bədii əksini tapmışdır. Bəxtiyar Vahabzadənin milli məzmunlu və ictimai-fəlsəfi mahiyyət daşıyan poeziyası ədəbiyyatda böyük azərbaycançılıq hadisəsi kimi qəbul olunmuşdur. İsa Hüseynov (1928-2014) Azərbaycan ədəbiyyatına sadə insanların talelərini gətirməklə Çingiz Aytmatov işini həyata keçirmişdir. Xalq yazıçısı İsmayıl Şıxlı (1919-1995) “Dəli Kür” romanı ilə milli ədəbiyyatın roman nümunəsini meydana qoymuşdur. Məmməd Arazın Azərbaycan uğrunda notlar üstündə köklənmiş poeziyası bir qədər lirik ovqat əsasında yaransa da milli ideyaların inkişafına böyük təsir göstərmişdir. Xəlil Rza Ulutürk (1932-1994) Azərbaycanın milli istiqlal şairi kimi böyük şöhrət qazanmışdır. Sabir Rüstəmxanlının (1946) məşhur “Ömür kitabı” əsəri ən yeni dövrün böyük ədəbiyyatının manifesti səviyyəsində səslənmişdir. Yusif Səmədoğlunun (1935-1998) “Qətl günü” romanı Azərbaycan ədəbiyyatının yeni tarixi epoxasının böyük sənət hadisəsi kimi qarşılanmışdır. Sabir Əhmədov (1930-2011), Fikrət Qoca (1935), Vaqif Səmədoğlu (1939-2014), Fikrət Sadıq (1930), Hidayət (1944), Nüsrət Kəsəmənli (1946-2003), Zəlimxan Yaqub (1950), Çingiz Əlioğlu (1944) və başqaları artıq Azərbaycançılıq ideyasını müstəqil dövlətçilik idealı səviyyəsinə qaldırmışdır. Kamal Abdulla Azərbaycan postmodern romanını yaratmış və dünyaya çıxarmışdır. Çingiz Abdullayevin detektiv romanları cəmiyyətdə gedən gölgəli proseslərə işıq salmış, beləliklə, vətəndaş mövqeyinin qüvvətlənməsinə böyük təsir göstərmişdir. Bütövlükdə ədəbiyyatda Azərbaycan dili uğrunda aparılan mübarizə geniş mənada azərbaycançılıq mücadiləsini həyata keçirməyə xidmət etmişdir. İtirilmiş torpaqların qaytarılması, ölkənin əlindən alınmış sərvətlərin bərpası kimi məsələlər siyasətdən çox ədəbiyyatda səslənən mövzulara çevrilmişlər. Böyük ədəbiyyat açıq şəkildə ölkənin dövlət müstəqilliyi yollarında çalışmış, milli azadlıq və istiqlal tələbini cəmiyyət həyatının ən zəruri problemi səviyyəsinə qaldırmışdır. Bundan başqa, XX əsrin səksəninci illərinin axırlarından etibarən Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizədə yazıçı və şairlər yaxından iştirak etmişlər. Bütövlükdə Azərbaycan ədəbiyyatının ümummilli ideyaları və vətəndaşlıq mövqeyi ölkənin dövlət müstəqilliyi qazanmasında böyük rol oynamışdır.