Elektron, audio kitablar və elektron kitabxanalar

Elektron kitab (eləcə də rəqəmsal kitab)-rəqəmli formada nəşr edilmiş mətndən və vizual təsvirlərdən ibarət olan, kompüter və digər elektron qurğular vasitəsi ilə istifadə olunan kitabdır. Müasir elektron kitabxanalarda oxucunun informasıyanı qəbul etməsi üçün müxtəlif sənəd növlərindən istifadə edilir ki, onların ən geniş yayılmış formalarından biri elektron kitablardır. Bəzən elektron kitab adi kitabın elektron ekvivalenti başa düşülür. Müasir Oksford lüğətində elektron kitab adi kitabın elektron versiyası kimi xarakterizə edilir. Lakin bu elektron kitabın təkamülünün ilk dövrünə aid hal hesab edilə bilər. İndi elektron kitab daha çox elektron variantda (kağız ekvivalenti olmadan) yaradılır. Hazırda bu tip kitabları kommunikator və smartfon tipli mobil rabitə cihazlarında da oxumaq mümükündür. Son zamanlar elektron kitabları oxumaq üçün ixtisaslaşmış xüsusi portativ elektron cihazlar (e- reader, azərbaycanca e-oxuyucu) yaradılmışdır. Bəzən səhv olaraq bu cihazlara da “elektron kitab” deyirlər. EK-nin meydana çıxmasının ilk illərindən başlayaraq, kitabxanalar kitablarla yanaşı, bu sənəd növünə də xüsusi diqqət yetirməyə başladılar. Audiokitab-oxucunu dinləyiciyə çevirən hazır ədəbiyyat məhsuludur. Bədii əsəri növündən asılı olmayaraq, onu monoton, yorucu olmayan səslə dinləyiciyə (oxucuya) çatdırmaqdır. Burada səs vacib rola malik olduğu kimi səsi müşayiət edən musiqi və digər səs effektləri də az rol oynamır. Dinləyici eşidəcəyi ədəbiyyat nümunəsini qulağı ilə oxumaq imkanını əldə etməlidir. Audiokitabda istifadə edilən musiqilər məhz həmin əsər üçün yazılmalıdır.