Teatrşünaslar

Abbaszadə Hüseyn

Nasir. Yazıçı. Ssenari və əsər müəllifi. Abbaszadə Hüseyn Abbas oğlu — nasir, 1948-ci ildən AYİ-nın üzvü, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1979), Azərbaycan Dövlət mükafatı laureatı (1984), SSRİ Yazıçılar İttifaqının və ÜİHİŞ-nın mükafatı laureatı (1988), Azərbaycanın Xalq yazıçısı (1991) – 1922-ci il noyabrın 22-də Bakı şəhərində anadan olmuşdur. M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda təhsil almışdır. «Ədəbiyyat və incəsənət» qəzeti redaksiyasında baş redaktor (1966-1971), Azərbaycan Yazıçılar İttifaqının katibi (1975-1991) vəzifələrində çalışmışdır. «Qırmızı ulduz», «Qırmızı Əmək Bayrağı», I dərəcəli «Böyük Vətən Müharibəsi», «Şöhrət» ordenləri, 10-dan çox medalla təltif edilmişdir. 2007-ci il dekabrın 12-də Bakı şəhərində vəfat etmişdir.

Ağayeva Nərminə

1957-ci ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” fakültəsinə daxil olub. 1981-ci ildə Universiteti “Teatrşünas” ixtisası üzrə bitirib. 1985-1987-ci illər arasında Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun əyani aspiranturasında təhsil almışdır. 1987-ci ildən Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsində kicik elmi işci, elmi işci, böyük elmi işci, 2005-ci ildən bu günə kimi isə aparıcı elmi işcidir. 1991-ci ildə “Zaqafqaziya teatr əlaqələri” adlı namizədlik dissertasiya müdafiə edərək sənətşünaslıq namizədi elmi dərəcəsi almışdır. Müdafiədən sonra “Azərbaycan teatr tənqidi və teatrşünaslığın inkişaf problemləri” mövzusu üzərində tədqiqat işi aparmış və bu iş 1993-cü ildə İnstitutun elmi şurasının qərarı ilə doktorluq dissertasiyası mövzusu kimi təsdiq edilmişdir. Elmi stajı – 23 ildir. İki kitabın, 30-dan artıq elmi məqalənin müəllifidir. Dörd kitabın elmi redaktoru olmuşdur. 1991-2008-ci illər arasında Mədəniyyət və İncəsənət Universiteti “Teatrşünaslıq” fakültəsində baş müəllim vəzifəsində calışıb. Monoqrafiyaları: “Azərbaycan teatr tənqidinin yaranması və təşəkkülü”; Bakı, Maarif, 1996; “Azərbaycan teatr tənqidi və teatrşünaslığın inkişaf problemləri” Bakı, Elm, 1997.

Allahverdiyev Mahmud

Allahverdiyev Mahmud Qara oğlu – teatr tənqidçisi, ədəbiyyatşünas, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, sənətşünaslıq doktoru(1991), professor(1985). 1931-ci il mayın 15- də Gürcüstanın Bolnisi rayonunun İmir- Həsən kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbi, qonşu Faxralı, Arixli kəndlərində orta məktəbi bitirmişdir.(1950-ci ildə). Bir müddət kolxozda işlədikdən sonra Bakı Dövlət Teatr İnstitutunda təhsil almışdır. (1952-1956). Bu dövrdə Nizami Gəncəvi təqaüdçüsü olmaqla yanaşı, fəal içtimayyətçi tələbə kimi tanınmış, institut həmkarlar təşkilatının katibi olmuşdur. M.Əzizbəyov adına Akademik Dövlət Dram Teatrında aktyor işləmişdir. (1955-1962). Eyni zamanda teatr institutunda teatr tarixindən mühazirə oxumuşdur. Ədəbi fəaliyyətə 1963-cü ildə “Azərbaycan kommunisti” jurnalında çap olunan nitq mədəniyyəti haqqında məqaləsi ilə başlamışdır. Dövri mətbuatda müasir milli teatr və dramaturgiya problemlərinə dair məqalələrlə vaxtaşırı çıxış etmişdir. “Müasir aktyor yaradıcılığı. Ələsgər Ələkbərov” mövzusunda namizədlik (1966), “Azərbaycan xalq teatrının kökləri, növləri və müasirlik” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.(1991). Moskvada “Nauka” nəşriyyatının buraxdığı “SSRİ folklor teatrı” (1985) kitabının müəlliflərindən biridir. Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutu tear və kino şöbəsinin aspirantı olmuşdur. (1962-1965). Sonra həmin şöbədə kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir. (1965-1972). M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr tarixi kafedrasında dosent (1972-1978), kafedra müdiri (1978-1993), həm də institutda tədris və elmi işlər üzrə prorektor olmuşdur.(1982-1993). Türkiyədə İstanbul şəhərindəki Memar Sinan Universitetinin teatr və musiqi bölümündə Azərbaycan və rus teatr tarixindən mühazirə oxumuşdur. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı (1959) və “Əməkdə fərqlənməyə görə” medalı (1981) ilə təltif edilmişdir. 1999-cu il dekabrın 2 –də vəfat etmişdir.

Babayev Adil

Adil Qafar oğlu Babayev 1925-ci il yanvarın 28-də Naxçıvan şəhərində anadan olmuşdur. 1931-1938-ci illərdə orada 1 nömrəli orta məktəbin yeddinci sinfini bitirmiş, Tbilisi şəhərində M.F.Axundov adına Azərbaycan orta məktəbində təhsilini davam etdirmişdir. “Şərq qapısı” qəzeti redaksiyasında əvvəl korrektor, sonra ədəbiyyat və incəsənət şöbəsinin müdiri olmuşdur. 1943-cü ildə Tbilisidə A.S.Puşkin adına İkiillik Müəllimlər İnstitutunun ədəbiyyat fakültəsinə daxil olmuş, eyni zamanda “Sovet Gürcüstanı” qəzeti redaksiyasında ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. Ədəbi yaradıcılığa 1939-cu ildən başlamışdır. İlk şeirləri Tbilisidə “Gənc nəsil” məcmuəsində və “Sovet Gürcüstanı” qəzetində çıxmışdır. 1941-ci ildə “Sevinc” əsərinə görə “Sovet Gürcüstanı” qəzeti redaksiyası müsabiqədə 2-ci mükafata layiq görülmüşdür. 1945-1947-ci illərdə “Kommunist” qəzetində ədəbi işçi, tərcüməçi, 1947-1949-cu illərdə “İnqilab və mədəniyyət” jurnalında poeziya şöbəsinin müdiri olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirmiş, sonra bir müddət Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru işləmişdir. 1956-1958-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İncəsənət və Layihə İnstitutunun aspiranturasında təhsil almışdır. 0, teatrşünas kimi teatr sənəti ilə sıx bağlı olmuş “M.Əzizbəyov adına teatr” (Moskva, 1959), “Şərəfli yol” (1974) monoqrafiyalarını və ədəbiyyatşünaslıq, dramaturgiya və kino sənəti problemlərinə dair çoxlu məqalələrini qələmə almaqla milli teatrın inkişafına kömək etmişdir. Eyni zamanda M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının ədəbi hissə müdiri olmuş (1956-1964), sonra “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, məsul katib və baş redaktorun müavini vəzifələrində işləmişdir. 1971-ci ilin avqust ayından ömrünün son gününədək Azərbaycan Yazıçılar İttifaqında bədii tərcümə üzrə məsləhətçi olmuşdur. Onun bədii yaradıcılığı çox əhatəlidir: “Dağlar qızı”, “Yarımçıq portret”, “Mənim məhəbbətim”, “Qız görüşə tələsir” pyesləri teatr səhnələrində tamaşaya qoyulmuş əsərləri xarici dillərə və SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. Onun yaradıcılığında tərcümə xüsusi yer tutur. Dünya və qardaş xalqlar ədəbiyyatından çoxlu tərcümələr etmişdir. Onun tərcümə etdiyi — V.Vinnikov və Y.Osnosun “Ağ şanaküllə” (1959), Sao-Yuyyanın “Tufan” (1959), Ş.Miloravanın “Tbilisi Haqqında mahnı” (1961), N. Dumbadzenin “Darıxma, ana” (1972), M. Petrieskunun “Ölümü görmüş insan” (1973) pyesləri tamaşaya qoyulmuşdur. 1941-1945-ci illərdə “Əmək igidliyinə görə” medalına layiq görülmüşdür.1977-ci il avqustun 19-da Bakıda vəfat etmişdir.

Babayev Etibar

Etibar Babayev —(1950-) alim, televiziya jurnalisti, pedaqoq, sənətşünaslıq namizədi, dosent, Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyəti nəzdində yaradılmış Teleradio Akademiyasının rektoru Etibar Babayev 1950-ci il dekabrın 15-də Bakıda anadan olub. 1968-ci ildə orta məktəbi, 1973-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Politoloq ixtisası ilə ikinci ali təhsilini Bakı Ali Partiya məktəbində alıb. Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Teleradio verilişləri Komitəsinin redaksiyaları ilə əməkdaşlıqla başlayıb. “Tələbə klubu”, “Yeddinci qitə”, “Sözlü-nəğməli İstanbul”, “Kanal-6 təqdim edir” kimi populyar verilişlərin müəllifi və aparıcısı olaraq tamaşaçıların rəğbətini qazanıb. Etibar Babayev Azərbaycan Komsomolu Mərkəzi Komitəsində təlimatçı, daha sonra təbliğat və mədəni kütləvi işlər şöbəsinin müdiri (1975-1979), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində mədəniyyət şöbəsində təlimatçı (1979-1981), 1981-1988-ci illərdə Bakı şəhər Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri (1981-1988) kimi məsul vəzifələrdə çalışıb. 1981-1989-cu illərdə dörd çağırış Bakı Şəhər Sovetinin deputatı seçilib. 1989-1992-ci illərdə “Azərbaycantelefilm”in direktoru, Azərbaycan Dövlət Teleradio şirkətinin sədr müavini vəzifəsində işləyib. 1993-2001-ci illərdə Bakı İcra Hakimiyyətində məsul vəzifələr daşıyıb. 2001-2006-cı illərdə “Space” müstəqil teleradio şirkətinin prezidenti olub. Sənətşünaslıq namizədi E.Babayev həm də elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin incəsənət və Mədəniyyət Universitetində, daha sonra Bakı Slavyan Universitetində dərs deyir. 2009-cu ildən dosent E.Babayev jurnalistika kafedrasının müdiridir. 2010-cü ilin iyul ayında Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətində yeni yaradılan Teleradio Akademiyasına rektor təyin edilib. Etibar Adil oğlu Babayev Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının, Teatr Xadimləri İttifaqı və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Azərbaycan Reklamçılar İttifaqının vitse-prezidentidir. Müxtəlif illərdə “Hacı Zeynalabdin Tağıyev” milli mükafata, Jurnalistlərin “Qızıl qələm” mükafatına, Yusif Məmmədəliyev medalına, müxtəlif Fəxri Fərmanlara və Diplomlara layiq görülüb. E.Babayev ABŞ, İngiltərə, Rusiya, Fransa, İspaniya, Belçika, Hollandiya, Almaniya, Macarıstan, Avstriya, Ruminiya, Polşa, Türkiyə, Seneqal, Misir, Vyetnam, Kuba, Çin Xalq Respublikası, İran, İsveç, İsveçrə və digər ölkələrə xidməti səfər edib, görkəmli ictimai-siyasi xadimlərlə, elm, sənət aləminin, iş dünyasının tanınmış simaları ilə görüşüb, onlardan eksklüziv müsahibələr alıb. Xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə, forumlarda rəsmi nümayəndə heyətləri tərkibində iştirak edib. Azərbaycanda və xarici ölkələrdə dərc olunan çoxsaylı publisistik yazıların, elmi məqalələrin, “Bu da bir imtahandır”, “Yalana heykəl”, “Düz söz əyri qulağa necə girər?” adlı kitabların, “Sağalmaz yara”, “Birincilər”, “Bir millət, iki dövlət”, “Zirvə”, “Çiçək yağışı” kimi televiziya ekranlarında dəfələrlə göstərilən sənədli filmlərin müəllifidir. Adil Babayevin oğludur.

Cəfərov Cəfər

Azərbaycan teatrşünaslıq elminin formalaşmasında müstəsna xidmətlər göstərən, bu elmin fundamental inkişaf proqramını müəyyənləşdirən alim-nəzəriyyəçi Cəfər Haşım oğlu Cəfərov olub. O, milli teatrşünaslığın konseptual inkişaf istiqamətlərinin əsl elmi məcraya düşməsində müstəsna işlər görüb. Cəfər Cəfərov Bakıda doğulub və ilk təhsilini də burada alıb. 1937-ci ildə Moskvada A.Bubnov adına Pedaqoji İnstitutu bitirib. Bakıya qayıdaraq Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri (1937-1938), Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin müdiri (1938 -1939), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1939), Mədəniyyət Nazirinin müavini işləyib. Hökumətdə müxtəlif məsul vəzifələr tutub. Cəfər Cəfərov 1959-cu ildən ömrünün sonunadək Azərbaycan MEA Memarlıq və İncəsənət İnstitutu teatr və kino şöbəsinin müdiri olub. Burada bir sıra teatrşünas alimlərin yetişdirilməsinə, kino və teatr sənətinə aid tədqiqatlar aparılmasına rəhbərlik edib. Teatrşünas, ədəbiyyatşünas və estetik Cəfər Cəfərov tənqidi fəaliyyətə 1930-cu ildən başlayıb. Milli səhnəmizin korifeyləri olmuş Hüseyn Ərəblinskinin, İsmayıl Hidayətzadənin, Həqiqət Rzayevanın, Mehdi Məmmədovun, Tofiq Kazımovun, Abbasmirzə Şərifzadənin, Rza Təhmasibin yaradıcılıqları barədə dəyərli elmi məqalələr və samballı monoqrafiyalar yazıb. Akademik Milli Dram Teatrının tarixini fundamental şəkildə araşdırıb və həmin mövzuda bir neçə kitab çap etdirib.. Azəbaycan və bir sıra rus teatrlarının ən maraqlı tamaşalarına samballı resenziyalar yazıb. Alimin “Rejissor sənəti”, iki cilddə Azərbaycan və iki cildə rus dillərində “Seçilmiş əsərləri”, “Azərbaycan Dram Teatrı” kitabları dəyərli tədqiqat nümunələridir. Onun “Cavid və teatr”, “Mirzə Fətəli Axundazdənin dramaturgiyası”, “Mirzə Fətəli Axundzadə və teatr”, “Vilyam Şekspirin dramaturgiyası” elmi əsərləri milli teatrşünaslıq elmimizin dəyərli yaradıcılıq örnəkləridir. Cəfər Cəfərov sənətşünaslıq doktoru (1961), Azərbaycan MEA-nın müxbir üzvü (1962) idi. Alim 1972-ci ildə Azərbaycan Respubliksının Əməkdar İncəsənət Xadimi fəxri adı ilə təltif olunub. Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

Cəfərzadə Əzizə

Cəfərzadə Əzizə Məmməd qızı (1921-2003) — yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, 1946-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olmuşdur. İbtidai təhsilini 25 saylı məktəbdə almiş, sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda oxumuş, 1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləmişdir. 1946-1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1944-1946-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947-1949-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950-1955-cı illərdə pedaqoji institutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka pedaqoji institutunda dosent, 1957-74-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-ci ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışmışdır. Ə.Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri” mövzusunda namizədlik , 1970-ci ildə “XIX əsr Azərbaycan poeziyasında xalq şeir üslubu” mövzusunda doktorluq dissertasiyaları mudafiə etmişdir. Ədəbi fəaliyyətə 16 yaşında başlamış və “Əzrayıl” adlı ilk hekayəsini 1937-ci ildə “Ədəbiyyat” qəzetində çap etdirmişdir. İlk kitabı 1948-ci ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılmişdir. Əzizə xanımın nəsr əsərləri əsasən tarixi roman janrında yazılmışdır. O, müasir Azərbaycan nəsr tarixində bu janrı yenidən həyata gətirmişdir. 1981-1989-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində çalışmışdır. Azərbaycan qadın və uşaqlarının hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərmiş, respublikanın ən ucqar rayon-kəndlərinə belə dəfələrlə getmiş və millətin tarixi, taleyi ilə bağlı problemlərlə tanış olmuş, bu problemlərin həll edilməsində yaxından iştirak etmişdir. O həyatı boyu xeyriyyəçiliklə məşğul olmuş, 1979-cu ildə indiki Hacıqabul rayonunun Tağılı kəndində öz vəsaiti hesabına orta məktəb və klub binası tikdirmişdir. Azərbaycanın müstəqilliyi uğrunda və erməni təcavüzünə qarşı hərəkatda daim öndə və fəal iştirak edən bir vətəndaş olmuşdur. Əzizə Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, dönə-dönə müxtəlif fəxri fərmanlar, “Xalqlar dostluğu” ordeni və müstəqil Azərbaycanın ali mükafatı – “Şöhrət” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.”Azərtelefilm” birliyi onun həyat və yaradıcılığı haqqinda 2 telefilm çəkmişdir. Əzizə xanımın ən böyük mükafatı isə xalqın ona qarşı olan böyük məhəbbəti idi. Bu sevginin məntiqi nəticəsi kimi, o 2001-ci ildə “Azərbaycan Anası” və “Xalq Yazıçısı” kimi yüksək adlara layiq görülmüşdür. Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra haqqın dərgahına qovuşmuşdu və vəsiyyətinə əsasən Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilmişdir.

Cəfərzadə Kəmalə

Azərbaycan Teatr Xadimləri İttifaqının Məsul katibi teatrşünas Kəmalə Məmməd qızı Cəfərzadə 5 avqust 1950-ci ildə Əli-Bayramlı rayonunda anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Teatrşünaslıq” fakültəsini bitirmişdir. Bir müddət Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun Teatr və Kino şöbəsində, 1977-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının Nəşriyyat şöbəsində baş redaktor, Yaradıcılıq şöbəsinin baş mütəxəssisi, rəisi, sədrin köməkcisi işləmişdir, 1998-ci ildən məsul katib vəzifəsində calışır. K.Çəfərzadə dövri mətbuatda teatr sənətinin müxtəlif sahələrindən bəhs edən məqalə, resenziya və portret yazıları ilə cıxış edir. Onun “Teatrda gənç aktyor problemi”, “Gülarə Rəsulova”, “Zülfidə Babayeva”, “Fırtınadan əvvəlki harmoniya” (M.Əlizadə ilə birlikdə), “Teatrşünas alimin son əsəri” (M.Əlizadə ilə birlikdə), “Bir aktrisa var Bakıda (Sofya Bəsirzadə)”, “Həm teatrda, həm kinoda… (Nəçibə Məlikova)”, “Hüseynağa Hacıbababəyov”, “Heykəltəraş Nəcəf Salamov”, “Fars teatr tamaşaları”, “Hind teatr tamaşaları”, “Balet barədə dialoq və dialoq iştirakcıları haqqında (Rəfiqə Axundova və Maqsud Məmmədov)”, “Teatrın baş rəssamı (Əyyub Fətəliyev)”, “Meyerxold və Azərbaycan teatrı”, “Səhnədə kecən illər (Ulduz Rəfili)”, “Respublikamızın yaşıdları – Raxil Ginzburq”, “Həsənağa Turabov ücün elegiya”, “Sevgi dolu ömür (Firəngiz Şərifova)” və sair yazılarını qeyd etmək olar. Kəmalə Cəfərzadə bir sıra kitabların, o cümlədən Ə.Nemətzadənin “İsmayıl Dağıstanlı”, Barat Şəkinskayanın “Xatirələrim”, İ.Rəhimlinin “Kəsişən paralellər”, “Bəşir Səfəroğlu”, “Aktyora oxşamayan adam”, Y.Əlioğlunun “Səhnə rampasının sehri”, “Sənət cevrəsinin sakinləri”, “Şuşa teatrı”, Ə.Cəfərzadənin “Biz Cəfərzadələr” və s. kitabların redaktoru olmuşdur. K.Cəfərzadə xarici ölkələrdə – Türkiyə, Rusiya və Qazaxıstanda kecirilən teatr festivallarında nümayəndə kimi iştirak etmişdir. K.Cəfərzadə Teatr Xadimləri İttifaqının kecirdiyi irimiqyaslı tədbirlərin: festivalların, yaradıçılıq tədbirlərinin, konfransların təşkilində fəal iştirak edir.

Əfəndiyev Məmmədsadıq

Məmmədsadıq Mirzəəhməd oğlu (5.6.1902, Aşqabad – may, 1942, Kerç)- Azərbaycan teatr tənqidçisi, pedaqoq 1920-25 illərdə Azərbaycan Fövqəladə Kommissiyasında işləmişdir. Bakı Türk İşçi Teatrının direktoru olmuşdur(1925-29). 30-cu illərdə Moskva Dövlət Konservatoriyasında, Dövlət Kinematoqrafiya İnstitutu və Kommunist Universitetində, eləcə də Bakı Teatr Texnikumu, APİ (indiki APU) və Azərbyacan Dövlət Konservatoriyasında (indiki BMA) teatr tarixindən və fəlsəfədən dərs demişdir. Əfəndiyev bir sıra pyesi Azərbaycan dilinə çevirmiş, Azərbaycan teatrına dair əsərlər yazmışdır. Mətbuatda “Nuri Nuriyev” imzası ilə çıxış etmişdir. 1941-45 illər müharibəsində həlak olmuşdur. Əsərləri: Proletar teatrosu uğrunda, B., 1931; Н.А. Добролюбов,Б. 1936,Что должен знать бакинский рабочий о своем тюркском театре, Б, 1931.

Əfəndiyev Timuçin

Əfəndiyev Timuçin İlyas oğlu- tənqidçi, ədəbiyyatşünas, 1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1999), professor(2002), Əməkdar incəsənət xadimi (2000). 1945-ci il iyulun 17-də Bakı şəhərində anadan olmuşdur. Burada 7 saylı şəhər məktəbində orta təhsil almışdır (1952-1963). Əmək fəaliyyətinə Azərbaycan EA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur (1969). Aspirantura müddəti başa çatdıqdan sonra institutda elmi əməkdaş işləmişdir (1972). “Hüseyn Cavidin dramaturgiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1973). Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi işləmiş (1977), M.A.Əliyev adına Dövlət İncəsənət Universitetinin teatr tarixi kafedrasının baş müəllimi, dosent, sonra teatr sənəti fakültəsinin dekanı olmuşdur (1977-1987). Timuçin Əfəndiyev 1998-ci ildə “Romantik dramaturgiyada tarixilik və bədiilik” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Timuçin Əfəndiyev rektor vəzifəsində çalışdığı dövrdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti simpoziumlarında məruzəçi kimi iştirak etmişdir. O, Azərbaycanda və xaricdə nəşr olunmuş bir çox kitabın, monoqrafiya və elmi məqalələrin müəllifidir. Timuçin Əfəndiyev 2005-ci ildə 60 illik yubuleyi ilə əlaqədar “Şöhrət ordeni” ilə təltif olunmuşdur. Ingiltərənin Kembric Universitetinin Beynəlxalq Biblioqrafik mərkəzi professor Timuçin Əfəndiyevi “2005-ci il dünyanın aparıcı pedaqoqu” nominasiyasına layiq görmüşdür. Akademik Yusif Məmmədəliyev adına mükafatın laureatıdır. 1998- ci ildə Rus teatrı (XVII – XVIII əsrlər xalq teatrı) kitabını nəşr etdirmişdir. 1999-cu ildə “Cəfər Cabbarlı və romantik dramları” adlı kitabı nəşr olunmuşdur. 1999-cu ildə “Romantik dramaturgiyada tarixilik və bədiilik” adlı elmi məruzəsi çap olundu.2001- ci ildə “Azərbaycan kino tarixi oçerkləri” kitabı ,2002-ci ildə “Azərbaycan dramaturgiyasında metodlar” kitabı,2002-ci ildə “Azərbaycan mədəniyyəti və incəsənəti” kitabları nəşr olunub.. Professor Timuçin Əfəndiyev haqqında, onun elmi, pedaqoji və təşkilati – idarəetmə fəaliyyəti haqqında çoxlu sayda müxtəlif yazılar, qəzet və jurnal məqalələri, oçerklər, xatirələr çap edilmişdir. Onların arasında professor T.Əfəndiyevin 60 illik yubileyi ərəfəsilə işıq üzü görmüş “Böyük nəslin davamçısı” kitabı xüsusilə seçilir. İlk ədəbi-tənqidi məqalələri 1973-cü ildə “Ulduz” jurnalı səhifərində çap olunmuşdur. Pedaqoji fəaliyyəti ilə yanaşı, ədəbi-elmi yaradıcılığını ardıcıl davam etdirir. Azərbaycan sovet ədəbiyyatının aktual nəzəri və ədəbi-tarixi problemləri ilə məşğul olur. “Tanıtım” jurnalı redaksiya heyətinin və Türkiyə “Vəqfi”nin üzvüdür (1991)

Əliyeva Ədilə

(08.03.1923-1984)

Tənqidçi, ədəbiyyatşünas, teatrşünas, Yazıçılar Birliyinin üzvü Ədilə Əliyeva Əlihüseyn qızı 1980-ci ildən Yazıçılar Birliyinin üzvü, sənətşünaslıq namizədi 1956-cı ildən Jurnalistlər birliyinin “Qızıl qələm” mükafatı laureatı 1923-cü il martın 8-də Bakıda doğulmuşdur. 132 nömrəli Bakı şəhər orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1940-1945). Azərbaycan KP/MK yanında Partiya Tarixi İnstitutunda elmi işçi kimi ədəbi fəaliyyətə başlamışdır (1944-1945). Onun “İgid qızlarımız” adlı ilk oçerki “Kommunist” qəzetində (7 mart 1945) dərc edildi. Moskvada Dövlət Teatr İnstitutunun aspiranturada təhsilini davam etdirmişdir, sonra Azərbaycan EA Ü.Hacıbəyov adına Azərbaycan İncəsənət İnstitutunda kiçik elmi işçi (1951-1955), sonra Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, teatr və kino şöbəsinin müdiri (1955-1984) olmuşdur. Balkan ölkələrinin birinci Beynəlxalq kinofestivalında (1967-ci il Sofiya), Beynəlxalq Kann kinofestivalında (1972, Fransa), Beynəlxalq Teatr İnstitutunun XIX konqresində (1981, İspaniya) və s. Sovet nümayəndə heyətinin üzvü kimi iştirak etmişdir. Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri fərmanı və iki medalla təltif olunmuşdur. 1984-cü ildə Bakıda vəfat etmişdir.

Məryəm Əlizadə

Əlizadə Məryəm Əli qızı – teatr tənqidçisi, teatrşünas, sənətşünaslıq doktoru (1998), professor (1999), 1986-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Məryəm Əlizadə 1950-ci il aprelin 14-də Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. Burada 31 saylı orta məktəbi bitirdikdən sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil almışdır (1967-1972). Əmək fəaliyyətinə Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun Teatr və Kino şöbəsində baş laborant kimi başlamışdır (1972-1975). Bakı Kitabxanaçılıq Texnikumunda müəllimlik etmiş (1976-1978). 1978-ci ildə müsabiqə yolu ilə ADİİ –nun «Teatr tarixi» kafedrasına müəllim qəbul edilmişdir. «Teatr tənqidi» ixtisas fənnini, «Azərbaycan teatrı» və «Xarici teatr» fənnlərini tədris edir. Gənc teatrşünasların, aktyor və rejissorların yüksək səviyyəli kadr kimi yetişdirilməsində yaxından iştirak edir. 1989-cu ildən sənətşünaslıq namizədi, dosentdir. 2005-ci ildən sənətşünaslıq doktoru, professordur. 2007-ci ildən «Əməkdar İnçəsənt Xadimi» fəxri adına layiq görülmüşdür. Azərbayçan Teatr Xadimləri İttifaqının «Qızıl Dərviş» mükafatı laureatıdır. (1998-ci il). Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdir. Azərbaycan Prezidenti yanında AAK- ın sənətşünaslıq üzrə ekspert komissiyasının üzvüdür. 200- dən artıq elmi məqalələrin, 3 elmi monoqrafiyanın müəllifidir. Xaricdə, yaxın xariçdə və ölkəmizdə kecirilən teatr sənətinə həsr edilmiş simpoziumların fəal iştirakçısıdır. Azərbaycan teatr fikrini dövri mətbuatda, radio və televiziyada fəal şəkildə təmsil edir. Ədəbi fəaliyyətə 1972-ci ildən “Qobustan” toplusunda teatr tənqidi barədə dərc olunan məqalələrlə başlamış, bundan sonra dövri mətbuatda teatr tənqidinə və teatrşünaslığa dair məqalələrlə müntəzəm çıxış etmişdir. “Əhməd Ağdamski” və “Həbibbəy Mahmudbəyov” elmi-ədəbi oçerkləri, “Unudulmaz səhnə ustaları” kitabında (1981, Yazıçı) dərc olunmuşdur. Azərbaycan Yazıçılar İttifaqı dramaturgiya şurasının sədri, M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram teatrında bədii şuranın üzvü (1987-ci ildən), Azərbaycan SSR Teatr Xadimləri İttifaqı idarə heyətinin üzvüdür (1988-ci ildən). “SSRİ və Yunan Teatr Əlaqələri. Ənənə və novatorluq” simpoziumunda (Afina – 1986, oktyabr) Sovet nümayəndə heyətinin tərkibində Yunanıstanda olmuşdur.

Hacıbabayev Atababa

Teatrşünas, yazıçı, publisist, yumorist. “Rza Əfqanlı”, “İki cəbhənin əsgərləri”, “Səhnə andı”, “Unudulmaz səhnə ustaları”, “Molla Qeybullanın sərgüzəştləri”, “İnkirlə Minkirin hüzurunda”, “Mizan-tərəzi” və s. kitabların müəllifi. Mətbuatda teatr və digər incəsənət sahələrinə dair 2000-dən cox məqaləsi dərc olunub. X cilidlik Azərbaycan Sovet Ensiklopediyasının müəlliflərindən biri, Mirzağa Əliyevin “Xatirələrim” kitabının tərtibçisi, Mişkinaz Cavidin “Xatirələrim”, Adilə İsmayılovanın “Məxluqə Sadıqova”, iki cildlik “Akademik Milli Dram Teatrının foto- salnaməsi” kitablarının ixtisas redaktoru, digər onlarla kitabın və bukletin redaktoru, 1966-cı ildən mətbuatda bədii əsərləri, resenziyaları, elmi araşdırmaları, məqalələri və digər yazıları ilə çıxış edir. Məqalələri və bədii yazıları xarici ölkələlərdə də nəşr olunub. Coxsaylı televiziya və radio verlişlərinin müəllifidir. Onun verilişləri radionun qızıl fondunda qorunub saxlanılır. 1947-ci ildə Bakının yaxınlığındakı Xırdalan kəndində anadan olub. Xırdalandakı 1 saylı orta məktəbin ilk məzunlarındandır. Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakultəsində – professor Mehdi Məmmədovun kursunda ali təhsil alıb. Azərbaycan Teatr Cəmiyyətində redaktor, böyük redaktor(eyni zamanda “Bakı teatrlarında” məcmüəsinin redaktoru) vəzifələrində çalışıb. (1971-1977-ci illər). 1971-ci ilin oktyabrından 1972-ci ilin sonuna kimi sovet ordusu sıralarında xıdmət edib. 1978/81-ci illərdə Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətində nəşriyyat şöbəsinin müdir müavini – 7 dildə nəşr olunan “Sövet Azərbaycanı bu gün” məcmuəsinin redaktoru işləyib. 1981/87- ci illərdə Teatr Xadimləri İttifaqının bədii rəhbəri olub. 1987-ci ilin yanvar ayından bu günə kimi “Ədəbiyyat qəzetində” (“Ədəbiyyat və incəsənət”) işləyir. Həmin qəzetin redaksiya heyətinin üzvü, məsul katibidir. 2009-cu ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrda ədəbi hissə müdiri vəzifəsində də çalışır. Bir sıra içtimai işləri yerinə yetirir. “Yeni nəşrlər” kataloq yurnalının redaksiya şurasının sədri, Cəlil Məmmədquluzadənin ev-muzeyinin elmi şurasının üzvüdür. 2010-cu ilə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetində pedoqoji fəaliyyət göstərib. Bir sıra tədris proqamlarının müəllifidir. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, SSRİ Mədəniyyət Nazirliyi və SSRİ Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının “Kəndə mədəni hamilik əlaçısı” fəxri adlarına və digər mükafalatlara layiq görülüb.

Hacinski Mehdi bəy

Hacınski Mehdi bəy Süleyman bəy oğlu (1879-1941), görkəmli maarif və mədəniyyət xadimi, publisist, naşir, Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü 1906-cı ildәn «Nicat» xeyriyyә cәmiyyәtinin teatr bölmәsinә rәhbәrlik etmiş, 1914-cü ildәn «Sәfa» cәmiyyәti teatr bölmәsinin sәdr müavini olmuşdur. Dövri mәtbuatda Azәrbaycan teatrına, aktyor sәnәtinә aid mәqalә, oçerk, hekayә vә felyetonlar dәrc etdirmiş, 1906-cı ildәn aktyor kimi dә fәaliyyәt göstәrmişdir. «Nicat» cәmiyyәti adından Ü. Hacıbәyova «Leyli vә Mәcnun» operasına görә mükafatı o tәqdim etmişdir. Ü. Hacıbәyovun yaradıcılığına daim diqqәtlә yanaşırdı. Mehdi bəy Hacınski 28 may 1918 – 17 iyun 1918-ci ilədək olan 1-ci kabinetdə xarici işlər naziri vəzifəsində çalışmışdır. 1919-cu ildə Azərbaycan Demokratik Respublikasının parlamentinin katibi olmuşdu.

Həsənov Orucəli

Orucəli Həsənov (1914-1991) — Azərbaycan jurnalisti, tənqidçi, ədəbiyyatşünas, filоlоgiya elmləri namizədi, Azərbaycan Yazıçılar İttifaqının (Birliyinin) üzvü. Bakıda fəhlə ailəsində dоğulmuş, оrta və ali təhsil almış, mətbuatda, əsasən, 1934-cü ildən fəaliyyət göstərmişdir. Həmin ildən “Ədəbiyyat qəzeti”, “Maarif işçisi”, «İnqilab və mədəniyyət”, “Vətən uğrunda” qəzet və jurnallarında, Azərbaycan Dövlət Nəşriyyatında, Respublika Nizami Gəncəvi muzeyində müxtəlif vəzifələrdə çalışmışdır. Ərəb, fars, оsmanlı türkcəsi, rus dilləri və ədəbiyyatlarını dərindən bilmişdir. Çоxlu sayda əsərlərin müəllifidir.

Hüseynov Rahib

Hüseynov Rahib Abuzər oğlu (09.04.1931. Bakı – 05.05. 1994. Bakı- Azərbaycan teatrşünası). Sənətşünaslıq doktoru (1973), professor (1973), Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi (1974). M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsini bitirmişdir. (1953). 1957-58-ci illərdə Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunda baş elmi işçi işləmiş, 1974-77-ci illərdə həmin İnstitutda şöbə müdiri olmuşdur. Tədqiqatları əsasən C.Cabbalı yaradıcılığına həsr olunmuş, bu mövzuya dair “C.Cabbarlının “Almaz” və “Yaşar” pyeslərinin ilk səhnə təcəssümü”, “C.Cabbarlının “Sevil” pyesinin ilk səhnə təcəssümü”, “C.Cabbarlı və səhnə həyatı”(hamısı, 1965), “C.Cabbarlının dramaturgiyasında istismar dünyasının ifşası”(1971) və b. əsərlər yazmışdır. Hüseynovun pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Teatr İnstitutu (sonralar Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti) ilə bağlı olmuş, 1953-77-ci illərdə burada teatr tarixindən dərs demişdir. 1958-60-cı illərdə İnstitutuun direktor müavini, 1962-77-ci illərdə Teatr tarixi kafedrasının müdiri işləmişdir. Hüseynov İnstitutun ixtisaslı professor və müəllim kadrları ilə komplektləşdirilməsi, respublikanın ən yaxşı mütəxəssislərinin bura cəlb edilməsi, İnstitutun tədris bazasının genişləndirilməsi, yeni fakültələr yaradılması sahələrində mühüm işlər görmüş, bu illərdə İnstitut kiçik tədris müəssisəsindən İttifaq əhəmiyyətli İnstituta çevrilmişdir.

Əsərləri: “C.Cabbarlı və teatrda müasirlik problemi”, B., 1968; “C.Cabbarlının tarixi dramlarının səhnə təcəssümü”. B., 1970.

İbrahimov İslam

İbrahimov İslam İsmayıl oğlu – tənqidçi, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 1922-ci il dekabrın 25-də Gürcüstanın Tiblisi şəhərində qulluqçu ailəsində doğulmuşdur. Kiçik yaşlarında valideynlərini itirdiyindən ata yurdunda – Azərbaycanın (DQMV-nin) Xocalı kəndində böyük qardaşının himayəsində yaşamışdır. Orada təhsilə başlasa da, orta məktəbi Bakıda bitirmişdir. ADU-nun filologiya fakültəsini vaxtından əvvəl bitirmişdir(1939-1944). “Kommunist” qəzeti redaksiyasında tərcüməçi, xarici xəbərlər şöbəsinin müdiri işləmişdir(1943-1945). SSRİ Nazirlər Soveti İşlər İdarəsi Katibliyində şöbə müdirinin köməkçisi-redaktor kimi çalışmışdır(19451950). A.V. Lunaçarski adına Dövlət Teatr İnstitutunun fəlsəfə tarixi kafedrasında aspirant olmuşdur(1950-1952). “M.F.Axundovun estetik baxışları” mövzusunda elmi tədqiqat işi üzərində işləmişdir. Sonra Bakıda C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor (1953-1957), Azərbaycan Yazışılar İttifaqında dramaturgiya üzrə məsləhətçi (1958-1959), “Azərbaycan” jurnalında tənqid və ədəniyyatşünaslıq şöbəsinin müdiri (1958-1965), C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenari readksiya heyətinin üzvü (1965-1966), M.A. Əliyev adına Dövlət İncəsənət İnstitutunda Sov. İKP tarixi kabinəsinin müdiri, eyni zamanda estetika fənni üzrə müəllim olmuşdur(1966-1968). Sonra ömrünün sonunədək institutun teatr tarixi kafedrasının baş müəllimi işləmişdir. İki medalla təltif olunmuşdur. 1985-ci il iyulun 29-da Bakıda vəfat etmişdir. Naxçıvan küçələrindən biri onun adına daşıyır.

İsrafilov İsrafil

İsrafil Ramazan oğlu İsrafilov 1949-cu ildə sentyabr ayının 10-da Bakı şəhərində anadan olub. 1956 – cı ildə Bakıdakı 31 saylı orta məktəbin 1-ci sinfinə daxil olub, 1966-cı ildə həmin məktəbi bitirib. 1967 – 1971 – ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universitetində) ali təhsil almış, 1973 – 1975 – ci illər Bakı şəhəri 1 May mədəniyyət sarayında bədii rəhbər, 1975-1978-ci illərdə də Akademik Milli Dram teatrında truppa müdiri vəzifəsində çalışmış, bu zaman rejissor fəaliyyəti ilə məşğul olmuş, görkəmli rejissor T. Kazımovla bir sıra tamaşaların hazırlanmasında, o cümlədən, V. Şekspirin “Fırtına”, M.S.Ordubadinin “Qılınc və Qələm”, Anarın “Şəhərin yay günləri”, M. F. Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah”, A.Safronovun “Daşqın” əsərlərinin səhnə təcəssümündə rejissor kimi işləyib. 1978 – 1985 – ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda Tədris teatrının direktoru olmuş, 1986 – 1989 – cu illərdə Azərbaycan KPMK – nın mədəniyyət şöbəsində təlimatçı, 1989 – 1991 – ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda elmi işlər üzrə prorektor, 1991 – ci ilin avqust ayından sentyabr ayınadək Azərbaycan Respublikası Prezidentinin Apparatında böyük məsləhətçi, 1991 – 1992 – ci illərdə Azərbaycan Respublikasının Abşeron rayonu İcra Hakimiyyətinin başçısı olub. 1993 – 2003 – ci illərdə Azərbaycan Respublikasının Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyinin, 2003 – cü ilin may ayından 2010 – cu ilin may ayınadək Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktor vəzifəsində çalışıb. Azərbaycan Ali Sovetinin XII çağırış seçkilərində Xalq Deputatı seçilmiş, 1991-1995 – ci illərdə fəaliyyət göstərib. Qeyd edilən illərdə elmi – yaradıcılıq işlərini davam etdirərkən ölkə və xarici mətbuatda dərc olunan, mədəniyyətin müxtəlif problemlərini işıqlandıran 200 – ə yaxın məqalələr yazmış, Rusiya, İraq, Türkiyə, Gürcüstan, Səudiyyə Ərəbistanı, İran, Rumıniya, Küveyt, Avstriya kimi ölkələrdə keçirilən beynəlxalq simpozium və konfranslarda respublikamızın elmi ictimaiyyətini təmsil edib. Səhnə sənətimizin ədəbi materialı olan dramaturgiya araşdırmalarına görə filologiya sahəsində fəlsəfə doktoru alimlik dərəcəsi almış, daha sonralar rejissor sənəti sahəsində tədqiqatları mənə sənətşünaslıq doktoru ( 2004 ) alimlik dərəcəsi qazandırmışdır. Teatr sənətinin elmi – nəzəri məsələləri, milli və dünya teatr prosesinə həsr edilən çoxsaylı tədqiqatların bəhrəsi kitablarında öz əksini tapmışdır. Xalq yazıçısı İmran Qasımovun yaradıcılığına həsr edilmiş ” Sən nə üçün yaşayırsan? ” ( rus dilində ), dramaturgiya və teatr məsələlərini əks etdirən “Həyatın səhnəsi, səhnənin həyatı”, “Düşündüklərim”, görkəmli rejissorlardan Tofiq Kazımovun yaradıcılığını araşdıran ” Zaman. Rejissor. Poetika “, Ədil İsgəndərova həsr edilən, “Ədil İsgəndərovun teatrı”, həmçinin Mehdi Məmmədovun yaradıcılığının təhlilini əhatə edən “Mehdi Məmmədovun rejissor sənəti” monoqrafiyaları da bu qəbildəndir. “Azərbaycan milli rejissor sənətinin poetikası” kitabı mütəxəssislər tərəfindən teatr nəzəriyyəsi sahəsində sanballı elmi tədqiqat əsəri kimi qəbul edilmişdir. Ayrı – ayrı illərdə ” Qızıl qələm “, ” Qızıl dərviş “, ” Humay ” mükafatlarına, beynəlxalq diplomlara layiq görülüb. Elmi – tədqiqat işləri ilə yanaşı uzun illərdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də, Dövlət Milli Konservatoriyasında pedoqoji fəaliyyət göstərir, bu sahədə müvafiq proqramlar, metodik vəsaitlər və dərsliklər yazıb. Hazırda ” Xarici teatr ” ( antik dövrdən XXI əsrə qədər ), ” Azərbaycan teatr rəssamları ” adlı kitablar üzərində işləyir. Teatr Xadimləri İttifaqının idarə heyətinin, Azərbaycan Yazıçılar birliyinin, eləcə də AMEA – nın Memarlıq və İncəsənət İnstitutunun nəzdindəki dissertasiya müdafiəsi Şurasının, Qafqaz müsəlmanları idarəsinin elmi – dini şurasının üzvüdür. 2010 – cu ilin may ayında Azərbaycan Dövlət Akademik Milli Dram teatrına direktor vəzifəsinə təyin edilib və hazırda həmin vəzifədə çalışır.

Kərimov İnqilab

Azərbaycanın peşəkar teatrşünas nəslinə mənsub olan İnqilab Saleh oğlu Kərimov 1931-ci il aprelin 4-də Göyçay rayonunda doğulub. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsil alıb (1948 – 1953). İnqilab Kərimov 1957-ci il noyabrın 25-dən taleyini Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu ilə bağlayıb. Gələcəyin alimi burada kiçik elmi işçi, baş elmi işçi (1966-1985) olub. Hazırda həmin institutda teatr, kino və televiziya şöbəsinin müdiri vəzifəsində işləyir. Alim-tədqiqatçı İnqilab Kərimov 1968-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr tarixi, teatr tənqidi və dram nəzəriyyəsi fənlərini tədris edir. Həmin universitetin professorudur. “Sovet Azərbaycanının gənclər teatrı” adlı namizədlik dissertasiyasını 1963-cü ildə müdafiə edib. “Azərbaycan teatrının yaranması, təşəkkülü və inkişafı problemləri (XIX əsrin sonu, XX əsrin əvvəlləri)” adlı doktorluq dissertasiyasını 1988-ci ildə Moskvada müdafiə edərək sənətşünaslıq doktoru alimlik dərəcəsi alıb. İnqilab Kərimov 120-yə yaxın elmi əsərin müəllifidir. Onlardan 20-si monoqrafiya və kitab şəklindədir. Elmi əsərlərindən bir neçəsi rus dilində çap olunub. “Abdulla Şaiq və teatr”, “Ağadadaş Qurbanov”, “Azərbaycan və gürcü səhnə ustalarının dostluğu”, “Xalq istedadları”, “Sovet Azərbaycanının gənclər teatrı”, “Azərbaycan Dövlət Dram Teatrı”, “Əbdürrəhim bəy Haqverdiyev və teatr”, “Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı”, “Gənclik və gözəllik teatrı”, “Sənət yolu, dostluq yolu”, “Nəriman Nərimanov və teatr”, “Azərbaycan teatrının təşəkkülü və inkişafı”, “Türkiyə və Azərbaycan teatr əlaqələri”, “Şuşa Ağdam teatrı”, “Azərbaycan teatrı 125” kitabları var. Görkəmli alim, yorulmaz tədqiqatçı, sənətşünaslıq doktoru, professor İnqilab Kərimov Azərbaycan teatrının tarixinə və tənqidinə həsr olunmuş, eyni zamanda teatrın nəzəri məsələləri ilə bağlı çoxlu elmi əsərlərin müəllifidir. Alim mətbuatda “İnqilab” imzası ilə çıxış edir. İnqilab Kərimov 2001-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü seçilib. Respublikamızda nəşr olunan “Azərbaycan”, “Qobustan”, “Mədəni maarif”, “Dirçəliş – XXI əsr” jurnallarında və qəzetlərdə 250 -dən artıq məqalə çap etdirmişdir.. 2000-ci ildə Başqırdıstanın paytaxtı Ufa şəhərində keçirilən Türkdilli xalqların teatr festivalında iştirak edib və festival çərçivəsində “Azərbaycan teatrı:dünən, bu gün və sabah” mövzusunda mühazirə oxuyub. 2002-ci ildə Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən Türkdilli xalqların teatr festivalında iştirak edib və festival çərçivəsində Azərbaycan teatrı barədə məruzə edib. Göstərilən illər ərzində AzTv, Space, ANS və ATV televiziya kanalları ilə Azərbaycan teatrının görkəmli aktyorları, rejissorları, eləcə də dramaturqları barədə, həm də Türk dramaturqu Namiq Kamal barədə çıxışlar edib.

Mehdi Hüseyn

Hüseynov Mehdi Əli oğlu (1909-1965) – yazıçı, dramaturq, tənqidçi, ictimai xadim, Azərbaycan Xalq Yazıçısı (1964), SSRİ Dövlət mükafatı laureatı (1950) – 1909-cu il mart ayının 22-də Qazax rayonunun Şıxlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin pedaqoji fakütləsinin tarix şöbəsini (1929) və Moskvada Dövlət Kinomatoqrafiya İnstitututu yanında Akademiya tipli kinossenaristlər kursunu (1938) bitirmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930-1934), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958-1965) olmuşdur. Yaradıcılığa müxbir yazıları ilə başlamışdır. İlk tənqidi məqaləsi (“Bizdə futurizm cərəyanı”) 1926-cı ildə, ilk hekayəsi (“Qoyun qırxımı”) isə 1927-ci ildə dərc edilmişdir. “Bahar suları” (1930), “Xavər” (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapmışdır. “Tunel” (1927), “Qan intiqamı” (1928), “Kin” (1935), “Daşqın” (1933-1936) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən surətlər yaratmışdır. Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan “Komissar”da (1942-1949) pəşəkar inqilabçı Məşədi Əzizbəyovun surəti ön plana çəkilmişdir. Ən mühüm tarixi əsəri olan “Səhər” (1953), “Tərlan” (1940), “Vətən çiçəkləri” (1942), “Moskva” (1942), “Ürək” (1945), “Fəryad” (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən “Abşeron” (1949), müəyyən mənada onun davamı olan “Qara daşlar” (1957-1959) və “Yeraltı çaylar dənizə axır” (1965) romanları ictimai, mənəvi-əxlaqi problemləri cəsarətli müdaxilə baxımından diqqətəlayiqdir. Mehdi Hüseyn dramaturq kimi də tanınmışdır. Dram yaradıcılığına “Şöhrət” (1939) pyesi ilə başlamışdır. “Nizami” (1942) və “Cavanşir” (1957) tarixi dramlarında Azərbaycan xalqının vətənpərvəliyi, qəhrəmanlıq ənənələri əks olunmuşdur. “Alov” (1961), “İntizar” (1944, İlyas Əfəndiyevlə birgə), “Şamil” (1940-1941) və “Qardaşlar” (1948) pyesləri, habelə xatirələri, yol qeydləri (“Bir ay və bir gün”, 1963), gündəlikləri var. Mehdi Hüseyn tənqid və publisistika sahələrində də fəaliyyət göstərmişdir. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. 1965-ci il martın 10-da Bakıda vəfat etmişdir.

Məmməd Arif

Dadaşzadə Məmməd Arif Məhərrəm oğlu – (1904-1975) tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, nasir, 1936-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1955), professor (1955), Azərbaycan SSR EA həqiqi üzvü (1958), Azərbaycanın Əməkdar elm xadimi (1960), Azərbaycan Dövlət mükafatı laureatı (1974). Məmməd Arif 1904-cü il iyunun 10-da Bakı şəhərində fəhlə ailəsində doğulmuşdur. Burada rus-tatar məktəbini bitirdikdən sonra bir müddət müəllimlik etmiş, Bakı Xalq Maarifı İnstitutunda təhsilini davam etdirmişdir (1920-1925). ADU-nun şərq fakültəsini bitirmiş, Moskvada Sovet Şərqi Xalqları Elmi-Tədqiqat-İnstitutunun aspiranturasına daxil olmuşdur (1925-1931). Azərbaycan Maarif Komissarının müavini, eyni zamanda APİ-nin rus ədəbiyyatı kafedrasının baş müəllimi, dosent işləmiş, ADU-nun rus ədəbiyyatı kafedrasının müdiri təyin edilmişdir (1932-38). Keçmiş SSRİ EA Azərbaycan filialının Ədəbiyyatı və Dil İnstitutunda baş elmi işçi (1938-1939), direktoru (1939-1950; 1957-1959), “Vətən uğrunda” jurnalının redaktoru (1941-1945), Azərbaycan EA Rəyasət Heyəti nəzdində olan Terminologiya Komitəsinin sədri (1957) kimi çalışmışdır. “Cəfər Cabbarlının yaradıcılıq yolu” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1954). O, Azərbaycan EA müxbir üzvü (1955), üç il sonra həqiqi üzvü seçilmişdir. Azərbaycan EA-nın ictimai elmlər bölməsi-akademik-katibi (1959), sonra vitse-prezident (1960) olmuş, ömrünün sonunadək bu vəzifədə işləmişdir. Ədəbi fəaliyyətə 1923-cü ildə “Molla Nəsrəddin” məcmuəsi səhifələrində çıxan “Bədgümanam”, “Belə getsə düzələr”, “Elan”, “Mərsiyə xəbərləri” felyetonlar ilə başlamışdır. 20-30-cu illərdə dövri mətbuatda şeir və hekayələrlə vaxtaşırı çıxış etmişdir. O dövrdən başlayaraq sovet ədəbiyyatşünaslığı və tənqidinin yaranması, təşəkkülü və inkişafında çalışmışdır. Azərbaycan, rus və dünya xalqları klassik ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, müasir proses, ədəbi-mədəni əlaqələr onun əsas tədqiqat obyekti olmuşdur. O, Azərbaycan ədəbiyyatı tarixinin yaradıcılarından biridir. İkicildlik “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” (1943-1944), üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi” (1967), “Azərbaycan sovet ədəbiyyatı tarixi oçerki”nin (M.,1963) müəlliflərindən biridir. “Azərbaycan xalqının ədəbiyyatı” kitabı rus, erməni, ingilis və fars dillərində çapdan çıxmışdır. “Azərbaycan ədəbiyyatı tarixi (qısa oçerk)”, (B., 1971), “Azərbaycan ədəbiyyatı” (M.,1979), “Azərbaycan ədəbiyyatı tarixi” (B., 1987) kitabları rus dilində buraxılmışdır. 1932-ci ildən başlayaraq onun təkcə və H.Araslı, F.Qasımzadə, Ə.Sultanlı, M.Rəfili, C.Xəndan ilə şərikli orta məktəb şagirdləri üçün yaratdığı ədəbiyyat dərslikləri 50 ildən artıqdır ki, dönə-dönə çap olunub məktəblərdə tədris olunur. O, həm də “Qədim rus ədəbiyyatı (XI-XVII əsrlər)”, “Rus ədəbiyyatı (XVIII əsr)” ali məktəb dərsliklərinin redaktoru və müəlliflərindən biri idi. Nikolay Qoqol, Lev Tolstoy, Anton Çexov, M.Qorki, Nikolay Ostrovski, Evripid, Servantes, İ.Bexer, E.Remark və başqalarının əsərlərindən bədii tərcümələr etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və xarici dillərə çevrilmişdir. EA-nın “Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları” problemi üzrə elmi şurasının, Moskvada çıxan “Qısa ədəbiyyat ensiklopediyası”nın (1962-1978) redaksiya heyətinin, 6 cildlik “Çoxmillətli sovet ədəbiyyatı tarixi”nin (M., 1970-1974) baş redaksiya heyətinin üzvü idi. İran yazıçılarının I konqresində (1946), şərqşünasların XXV Beynəlxalq konqresində (M., 1960) iştirak etmişdir. Azərbaycan KP XXVI-XXVU qurultaylarında Azərbaycan KP MK üzvlüyünə namizəd seçilmişdir. Azərbaycan Ali Sovetinin (6-cı çağırış) deputatı və sədri olmuşdur. Lenin ordeni (1971), iki dəfə “Qırmızı Əmək bayrağı” ordeni (1939, 1964), “Qabaqcıl maarif xadimi” nişanı (1964), SSRİ medalları ilə təltif edilmişdir. 1975-ci il dekabrın 27-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur. Bakıda küçələrdən biri və Yazıçılar Birliyinin kitabxanası onun adını daşıyır.

Məmmədli Qulam

Məmmədli Qulam Məmməd oğlu – publisist, teatrşünas, salnaməçi, 1950-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi (1977), Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl qələm” mükafatı laureatı (1972), əmək veteranı (1976), Azərbaycanın Əmakdar jurnalisti (1984), İttifaq əhəmiyyətli təqaüdçü (1987), M.F.Axundov adına ədəbi mükafat laureatı (1989). Qulam Məmmədli 1897-ci il martın 25-də Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. Sonra Bakı teatr texnikumunda oxumuşdur (1924-1926). Əmək fəaliyyətinə Aşğabadda kustar emalatxanada dəmirçi kimi başlamışdır (1910-1914). Orada Nobel zavodunda fəhlə, İ.İ.Aleksandrov mətbəəsində mürəttib işləmişdir (1913-1919). Türküstan cəbhəsi Birinci Ordunun siyasi şöbəsi nəzdində olan mətbəədə mürəttib, müsəlman teatr truppasında aktyor (1920-1921), Dövlət mətbəəsində mürəttib (1921-1923) olmuşdur. 1923-cü ilin iyun ayında Bakıya köçüb “III İnternasional” mətbəəsində mürəttib, “Kommunist” qəzeti redaksiyasında şöbə müdiri, “Kəndli qəzeti”ndə redaktor müavini, “Azərbaycan kolxozçusu” qəzetinin redaktoru, Azərbaycan KP MK yanında “Kommunist” nəşriyyatının direktoru, “Yeni yol” qəzetinin redaktoru, “III İnternasional” mətbəəsinin sex müdiri, “Kommunist” qəzeti redaksiyasında kütləvi şöbə müdiri, respublika radio komitəsinin uşaq verilişləri redaksiyasında baş redaktor olmuşdur (1929-1941). İkinci Dünya müharibəsi dövründə səfərbərliyə alınmışdır: Tbilisidə Qafqaz cəbhəsi siyasi şöbəsində ədəbi işçi, Təbrizdə azərbaycan dilində buraxılan “Vətən yolunda” qəzeti redaksiyasında ədəbi işçi, Bakıda Azərbaycan SSR Radio Komitəsində xarici verilişlərin baş redaktoru, yenidən Təbrizdə çıxan “Vətən yolunda” qəzeti redaksiyasında müdir (1941-1946) vəzifələrində işləmişdir. Bakıya qayıdıb Birləşmiş Nəşriyyat İdarəsində redaktor, Azərbaycan kinostudiyasında ssenari şöbəsinin rəisi, “Kommunist” qəzeti redaksiyasında şöbə müdiri, “Kirpi” satirik jurnalı redaksiyasında məsul katib, sonra baş redaktor vəzifələrində çalışmışdır. 1959-cu ildə fərdi təqaüdə çıxmış, ikiillik fasilədən sonra Azərbaycan EA Tarix İnstitutunda kiçik elmi işçi (1961-1969), Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivində elmi məsələlər üzrə direktor müavini olmuşdur (1969-1975). Ədəbi fəaliyyətə toplayıcı və tərtibçi kimi başlamışdır. Heyran xanımın, Mirzə Əli Möcüz Şəbüstərinin toplayıb tərtib etdiyi seçilmiş əsərlərini, “Bəxtiyarnamə”ni ilk dəfə 1945-ci ildə Təbrizdə çap etdirmişdir. “İran Azərbaycanının müasir şairləri” (1946), “Səttarxan” şeirlər toplusu (1948), “Mirzə Əli Möcüz” (1948), “Xiyabani” (1949), “Cənubi Azərbaycan şairləri” antologiyası (1950), “Heyran xanım” (1951), “Atmacalar” (1958-1961), “Əliağa Vahid. Seçilmiş əsərləri” (1975) və s. kitablar onun əməyinin bəhrəsidir. O, bunları toplayıb, tərtib edib nəşrə vermişdir. Hələ 1934-cü ildə Maksim Qorki onun xalq sərvətinə qayğıkeş münasibətini bəyənmişdi. Ömrü boyu yanar ürəkli ictimaiyyətçi olmuşdur: “Bilik” cəmiyyətində ateizm elmi-metodik sovetinin sədri (1952-1981), Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında mətbuat məsələləri heyətinin üzvü (1952-1983), Bakının Oktyabr rayonu xalq deputatları Sovetinin deputatı seçilmişdir (1935-1937). Azərbaycan KP MK nəzarət komissiyası rəyasət heyətinin üzvü (1928-1934), Azərbaycan KP MK plenumu üzvlüyünə namizəd olmuşdur (1934-1937). Ümumittifaq səviyyəli ədəbiyyat və teatr tədbirlərində iştirak etmişdir. Ona “50 il” partiya veteranı nişanı verilmişdir. Ədəbi və ictimai fəaliyyətinə görə dörd dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı, “Əmək veteranı” (1976) medalı və digər on medal ilə təltif olunmuşdur. 1994-cü il noyabrın 18-də Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.

Mehdi Məmmədov

(28.5.19182- 8.1.1985)

Milli rejissuramızda xüsusi yeri olan Mehdi Məmmədovun quruluş verdiyi tamaşalarda idrakin gücü zərifliyə və emosiyaya, psixoloji çalarlardan zəmin tapan lirizmə qovuşaraq tamaşaçını düşüncələr aləminə aparırdı. Onun quruluşlarının ritmindəki karvan ləngəri, ahəngin ağırlığı sənətkar təfsirinin fəlsəfi dərinliyindən, rejissor yozumundakı qanadlı fikirlərdən, epizodlardakı mizan düzümündən, obrazların xarakterini açan ifadə vasitələrindəki rəngarənglik­dən irəli gəlirdi. Mehdi Məmmədov 1918-ci il may ayının 22-də Şuşada doğulsa da, məktəb təhsilini Bakıda alıb. Yeddinci sinifdən Bakı Türk Işçi Teatrının tamaşalarında kütləvi səhnələrə çıxan Mehdi Məmmədov Bakı Teatr Məktəbini bitirib (1935). Həmin il Moskvada ali rejissor təhsili almağa gedib. 1940-ci ildə Gəncə Dövlət Dram Teatrında Məmmədhüseyn Təhmasibin “Bahar” dramını diplom işi kimi tamaşaya hazırlayıb. Təyinatla Gəncəyə göndərilən gənc rejissor 1945-ci ilin yay mövsümünün sonunadək burada işləyərək sentyabrda Bakıya gəlib. Burada müxtəlif sənət ocaqlarında, əsasən, monumental səpkili tamaşalar hazırlayıb. Ayrı-ayrı illərdə Gəncə Dövlət Dram Teatrında (1942-1945), Milli Dram Teatrında (1960- 1963), Opera və Balet Teatrında (1956-1960), Azərbaycan Dövlət Rus Dram Teatrında (1978-1982) baş rejissor kürsüsünü tutub. Sıravi quruluşçu rejissor kimi ən çox Milli Dram Teatrında quruluşlar verib. 1945-cı ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib, kafedra müdiri olub. 1968-ci ildə “Azəri dramaturgiyasının estetik problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1960-cı ildən professor vəzifəsini tutan, sənətşünaslıq doktoru Mehdi Məmmədov “Azəri dramaturgiyasının estetik problemləri”, “Teatr düşüncələri”, “Teatrlar. Aktyorlar. Tamaşalar”, “Hüseyn Ərəblinski”. “Onun sənət ulduzu”, “Moskva Akademik Bədaye Teatrı”, “Aleksandr Tuqanov” (rus dilində), “Rejissor sənəti”, “Sabit Rəhman” və digər kitabların müəllifidir. Sənətdə qazandığı uğurlara görə Mehdi Məmmədov Respublikanın Əməkdar İncəsənət Xadimi (21 iyul 1949), Xalq Artisti (26 aprel 1958) və SSRİ Xalq Artisti (7 avqust 1974) fəxri adlarına layiq görülüb. Akademik teatrda hazırladığı Hüseyn Cavidin “İblis” faciəsinə görə 1984-cü ildə Azərbaycan Dövlət mükafatı ilə təltif olunub. Mehdi Əsədulla oğlu Məmmədov 1985-ci il yanvar ayının 28-də qəflətən vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.

Qafarov Vidadi

Vidadi Ramiz oğlu Qafarov 1961-ci il dekabrın 29-da Lənkəran şəhərində anadan olub. 1989-cu ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Teatrşünaslıq» fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1990-1994-cü illər ərzində N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində çalışıb, 1994-1997-ci illərdə AMEA Memarlıq və İncəsənət İnstitutunun əyani aspiranturasında təhsil alıb. 1997-ci ildən həmin İnstitutun «Teatr, kino və televiziya» şöbəsində kiçik elmi işçi, elmi işçi vəzifəsində çalışıb.Hazırda İnstitutun böyük elmi işçisi, eyni zamanda Respublika Memarlıq və İncəsənət üzrə Problem Şurasının elmi katibidir. 1999-cu ildə «Azərbaycan sənətşünaslığının 2001-2005-ci illər üçün inkişaf konsepsiyası»nı, 2008-ci ildə «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli strategiyanın və həmin strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqrammı»nın İnstitut üzrə layihəsini hazırlayan işçi qrupunun üzvü olub,. 2009-cu ildə Fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün «Azərbaycan teatrının janr xüsusiyyətləri: təşəkkül dövrü» mövzusunda dissertasiyasını müdafiə edib, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Müxtəlif beynəlxalq və respublika elmi konfranslarının məruzəçisi olub. 1985-ci ildən dövri mətbuatda çap olunur. 1995-2008-ci illər arasında “Press Fakt”, “Şəkərvillası”, “Planet”, “Gün səhər” qəzetlərində məsul katib, redaktor vəzifələrində işləyib. Teatrın, mədəniyyət və incəsənətin müxtəlif problemlərinə dair, yerli və xarici mətbuatda dərc edilmiş 100-dən artıq resenziya, portret, publisistik, 20-dən çox elmi məqalənin müəllifidir. 10-a yaxın kitabın tərcüməçisi və redaktorudur. Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Təşkilatın müxtəlif tədbirlərində, elmi-praktiki konfranslarında iştirak və məruzələr edib, festivallarda münsiflər heyətinin üzvü olub, qurumun fəxri fərmanına layiq görülüb.

Qarayev Yaşar

Qarayev Yaşar Vahid oğlu — tənqidçi, ədəbiyyatşünas, 1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1980), professor (1985), Azərbaycan Dövlət mükafatı laureatı (1980), Azərbaycanın Əməkdar elm xadimi (1982), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının həqiqi üzvü (1990), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2002). Yaşar Qarayev 1936-cı il martın 5-də Şəki şəhərində xırda sənətkar ailəsində anadan olmuşdur. 1946-cı ildə ailəliklə Bakıya köçmüşlər. Burada 31 saylı şəhər orta məktəbini bitirmişdir. ADU-nun filologiya fakültəsində təhsil almışdır (1954-1958). Sonra Azərbaycan EA Nizami Gəncəvi adına Dil və Ədəbiyyat İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi işçi, nəzəriyyə və ədəbi proses şöbəsinin müdiri, institutda direktorun elmi işlər üzrə müavini işləmiş, həmin şöbəyə başçılıq etməklə yanaşı, institutun direktoru vəzifəsində çalışmışdır (1987). Ədəbi fəaliyyətə 1955-ci ildə “Lenin tərbiyəsi uğrunda” və “Azərbaycan gəncləri” qəzetlərində çıxan ilk ədəbi qeydləri ilə başlamışdır. Bundan sonra müasir ədəbi prosesə, teatr tənqidinə, bədii ədəbiyyatın digər problemlərinə dair elmi-nəzəri məqalələri ilə dövri mətuatda müntəzəm çıxış etmişdir. Məqalə və kitabları “Yaşar”, “Q.Yaşar”, “Y.Qarayev” imzaları ilə dərc olunmuşdur. Azərbaycan Yazıçılar İttifaqının tənqid və ədəbiyyatşünaslıq şurasının rəhbəri olmuşdur (1976-1991). Azərbaycan Yazıçılar Birliyinin katibi işləmişdir (tənqid və ədəbiyyatşünaslıq üzrə) (1991-?). Ali Attestasiya Komissiyasının, Azərbaycan Milli Yaradıcılıq Akademiyası rəyasət heyətinin üzvü və humanitar bölməsinin həmsədri (1990-?) seçilmişdir. Həmçinin Azərbaycanda daimi fəaliyyətdə olan Şəhriyar konqresi komitəsinin sədri (1993-?), “Ədəbi proses” adlı illik elmi-tənqidi məcmuənin təşəbbüsçüsü, müəlliflərindən biri və məsul redaktoru olmuşdur. M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun hazırladığı doqquz cildlik dünya ədəbiyyatı tarixi, “Çoxmillətli Sovet ədəbiyyatı tarixi (inqilaba qədərki dövr)” və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun hazırladığı yeddicildlik “Azərbaycan ədəbiyyatı tarixi” monumental əsərlərin müəlliflərindən biri idi. Respublikanın elmi və ədəbi-mədəni inkişafında fəal çalışmış, dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları problemi üzrə əlaqələndirmə şurasının sədri, ədəbiyyat institutu elmi şurasının sədri, Memarlıq və İncəsənət İnstitutunun, Türkmənistan EA Dil və Ədəbiyyat İnstitutu elmi şurasının, Azərbaycan Dövlət nəşrkomu yanında redaksiya heyətinin, Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin, Mədəniyyət Nazirliyi bədii şurasının, “Yazıçı” nəşriyyatının bədii şurasının, “Azərbaycan” və “Ulduz” jurnalı redaksiya heyətinin, “Bilik” Cəmiyyəti rəyasət heyətinin, ensiklopediya elmi redaksiya heyətinin üzvü olmuşdur. Eyni zamanda SSRİ Yazıçılar İttifaqı rəyasət heyəti yanında tənqid və ədəbiyyatşünaslıq şurasının, Azərbaycan Yazıçılar İttifaqı , M.F.Axundov adına mükafat komissiyasının üzvü idi. “Füzuli Vəqfı” fondunun rəyasət heyətinin üzvü kimi fəaliyyət göstərmişdir (1994-?). 2002-ci il avqustun 25-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Qubadova Məsməxanım

1974- cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni- Maarif fakültəsinə daxil olub, 1979-cu ildə həmin şöbənin “Yüksək ixtisaslı mədəni- maarif işçisi” ixtisası üzrə tam kursunu bitirib diplom almışam. Həmin ildən institutun işçisi olaraq Mədəni – maarif fakültəsinin dekanlığında, “Teatr və kino aktyorluğu” və “Öz fəaliyyət teatr rejissorluğu” kafedralarında baş laborant vəzifələrində çalışmışam. İxtisasımın elmi- nəzəri mahiyyətinə olan marağımla bağlı olaraq daima öz üzərimdə çalışmış, müxtəlif metodiki vəsaitlər və elmi məqalələr çap etdirmişəm. 1997- ci ildə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya şöbəsi”nin dissertantı olaraq “Azərbaycan teatrında romantizm”, (Əli bəy Hüseynzadənin “Siyasəti Fürusət” traktatının C.Cabbarlı və H.Cavid yaradıcılığına təsiri) mövzusunda dissertasiya işi təsdiq etdirib 2002- ci ildə bu işi uğurla müdafiə edib, 2003-cü ildə alimlik dərəcəsi almışam. Mövzumla bağlı “Azərbaycan teatrında romantizm” mövzusunda monoqrafiya , “H.Cavid dramaturgiyasının səhnə təcəssümü”, “Dünya mədəniyyətinin inkişafında Şərqin rolu”, “Əli bəy Hüseynzadənin Azərbaycan mədəniyyətinin inkişafında rolu”, “Azərbaycan teatrının tarixinə dair metodiki göstəriş”, “Azərbaycanda maarifçiliyin inkişaf mərhələləri” mövzularında metodiki vəsaitlər, “Əli bəy Hüseynzadə və teatr” , “Ə.Hüseynzadənin milli- mənəvi fikir tariximizdə rolu “, “H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq”, “C.Cabbarlı dramaturgiyasına yeni bir nəzər”, “Söz səsin sehrinə düşəndə” və s. elmi – publisistik məqalələrimi çap etdirmişəm. Məsməxanım Qubadova 2008-ci il dekabr 3 –də Teatrşünaslıq kafedrasına müəllim vəzifəsinə təyin edilmişdir. 2008-ci ildə “Əli bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri” adlı məqalə “Mədəniyyət” qəzetində, 2008-ci il “Hüseyn Cavid yaradıcılığında Əli bəy Hüseynzadə ideyalarına bağlılıq”adlı məqalı “Kredo” qəzetində, 2008- ci il “Cəfər Cabbarlı yaradıcılığına yeni bir nəzər” “Mədəniyyət” qəzeti, 2008-ci il “Söz səsin sehrinə düşəndə” “Mədəniyyət qəzetində məqalələri dərc edilmişdir.

Quliyev Mustafa

Mustafa Quluyev(1893-1938)— tənqidçi, ədəbiyyatşünas, publisist, 1934-cü ildən AYB-nın üzvü.Mustafa Zəkəriyyə oğlu 1893-cü il mayın 24-də Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. Tiflisdə gimnaziyanı bitirmişdir (193). Kiyev universitetinin fizika-riyaziyyat fakültəsində təhsil almışdır. Lənkəran qəza inqilab komitəsinin sədri (1920), AK(b)P Qaraşəhər rayon Komitəsinin katibi (1921-1922), Azərbaycan SSR Xalq maarifi komissarı (1922-1928), “Maarif və mədəniyyət”, “İnqilab və mədəniyyət” jurnallarının (1923-1926; 1929-1932) məsul redaktoru vəzifəsində işləmişdir. 1938-ci ildə cəza tədbirləri dövründə həbs edilib ölümə məhkum olunmuşdur. “Azərbaycanda Oktyabr düşmənləri” (1927), “Mədəni inqilab və islam” (1928), “Türk qadınının yolu” (1930), “Oktyabr və türk ədəbiyyatı” (1930) “Cinayət nədir və hardan baş verir” (1935) kitablarının müəllifidir.

Rəfili Mikayıl

Rəfili Mikayıl Həsən oğlu – şair, ədəbiyyatşünas, tənqidçi, 1935-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Filologiya elmləri doktoru (1944), professor (1945) Doğum tarixi 25 aprel 1905, Ölüm tarixi 25 aprel 1958 Mikayıl Rəfili 1905-ci il aprelin 25-də Qasım İsmayılov rayonunun (indiki Goranboy) Borsunlu kəndində varlı kəndli ailəsində doğulmuşdur. Yelizavetpol klassik gimnaziyasında təhsil almışdır. Bu dövrdə bədii yaradıcılığa başlamışdır. Onun “Mikayıl Rəfizadə” imzası ilə ilk qələm təcrübələri “Mücadileyi-həyat” hekayəsi, “Elmə doğru” şeiri və “Qərb mədəniyyəti” məqaləsi “Əfkari-mütəəllimin” jurnalında (1919, 2,3 nömrələrində) dərc olunmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Borsunlu kəndində müəllim və məktəb müdiri olmuş, kəndin mədəni həyatında fəal çalışmış, komsomol sıralarına qəbul olunmuşdur. 1921-ci ildə orta təhsil almaq məqsədilə Gəncəyə gəlmiş, eyni zamanda ictimai işlərdə fəallıq göstərmiş, III Azərbaycan qurultayına nümayəndə seçilmişdir. “Rosta” qəzetində iştirak etmişdir. Bakıda Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, həm də Azərbaycan Dövlət Universitetinin Şərq dilləri fakültəsində məşğələlərin dinləyicisi, 1924-cü ildə müdavim olur. “Maarif və mədəniyyət” jurnalı redaksiyasında işləyir. 1926-1927-ci illərdə bütün qüvvəsini ədəbi fəaliyyətə həsr edir. 1927-ci ildə Moskva Dövlət Universitetində təhsil alır. Bu dövrdə Kremldə qanunların Azərbaycan mətnlərinin redaktoru işləyir. Bakıda Azərbaycan Dövlət Nəşriyyatında bədii şöbənin müdiri işlədiyi zaman Azərbaycan proletar yazıçıları birliyində fəal çalışır. 1929-cu ildə Moskvaya I Ümumittifaq proletar yazıçılarının qurultayına nümayəndə seçilir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda rus ədəbiyyatı kafedrasında müəllim, sonra dosent (1930-1935) işləmiş, eyni zamanda “Bakinski raboçi” qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdir müavini olmuşdur. Bu dövrdə SSRİ yazıçılarının təşkilat komitəsinin üzvü seçilmişdir. Həm də “Hücum” və “Qabaqcıl” (“Udarnik”) jurnalları redaksiya heyətinin üzvü olmuşdur. Qorki, Mayakovski, Serafimoviç haqqında monoqrafiya, “Sevastopol” və “Leninqrad” poemalarını qələmə almışdır. SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında elmi işçi işləmişdir (1934-1935). Sovet yazıçılarının I Ümumittifaq qurultayına nümayəndə seçilmişdir. 1935-1936-cı illərdə SSRİ EA-nın (Leninqrad) aspiranturasında təhsil almış, orada “Azərbaycan ədəbiyyatının rus mədəniyyəti ilə əlaqələri haqqında” mövzusunda dissertasiya müdafiə etmişdir. Sonra “A.S.Puşkinin həyat və yaradıcılığı”, “A.S.Puşkin və Azərbaycan”, “M.F.Axundov” əsərlərini yazmışdır (1935-1937). Nizami Gəncəvi yubiley komitəsi tərkibində məsul katib olmuşdur. 1938-ci ildən Azərbaycan Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Universitetində professor olmuş, Azərbaycan ədəbiyyatı tarixi kursunu aparmışdır. İkinci Dünya müharibəsi illərində radioda, Qızıl Ordu hissələrində, hərbi xəstəxanalarda çıxışlar etmiş, “Səbuhi” ssenarisini, “Şirvanşah İbrahim” pyesini yazmışdır. SSRİ Yazıçıları idarəsinin üzvü olmuşdur. 1944-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Xidmətlərinə görə “Şərəf nişanı” ordeni və medallarla təltif olunmuşdur. 1958-ci il aprelin 25-də vəfat etmişdir.

Rəhimli İlham

Rəhimli İlham Əziz oğlu – teatrşünas, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru. İlham Rəhimli 1949-cu il sentyabrın 8-də Yevlax rayonunun Malbinəsi kəndində doğulub. Yevlaxdakı 1 saylı orta məktəbin on birinci sinifini 1966-cı ildə bitirib. Bir il Yevlaxdakı 4 saylı avtobazada çilingər işləyib. 1967-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olub. Bu ali məktəbi fərqlənmə diplomu ilə bitirib (1972). Hələ institutun son kursunda oxuyanda “Kommunist” (indiki “Xalq qəzeti”) qəzeti redaksiyasına təcrübə keçməyə göndərilib. Təcrübə zamanı bir neçə məqaləsi çap olunub. Redaksiyanın yazılı məktub-tələbnaməsinə əsasən təyinatla “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetinə işə göndərilib. Hərbi xidmətdən sonra (may 1973 – may 1974) yenə redaksiyaya qayıdıb. Müxtəlif illərdə ədəbi işçi, baş müxbir, felyeton və publisistika, mədəniyyət şöbələrinin müdiri işləyib. “Azərbaycan” qəzetinin baş redaktoru, prezident aparatının humanitar siyasət şöbəsinin məsul işçisi işləyib (1991 – 1993). Həmçinin 1993-cü ildən 2003-cü ilə kimi Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri olub. Teatra aid ilk yazısı dövri mətbuatda 1969-cu ildə “Azərbaycan gəncləri” qəzetində çap olunan İlham Rəhimli səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalənin müəllifidir. İlham Rəhimli 1975-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr tarixi kafedrasında dərs deyir. 2007-ci ilin aprel ayından Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin “Maarifçilik” redaksiyasında baş redaktor vəzifəsində çalışır. Azərbaycan Televiziyasında “Ekran. Kino. Yeniliklər”, “Teatr”, “Yeni tamaşalar”, “Aktyorlar və rollar”, “Sərbəst söhbət” verilişlərinin müəllif-aparıcısıdır. Azərbaycan Jurnalistlər İttifaqının, Rəssamlarr İttifaqının, Azərbaycan Teatr Xadimləri İttifaqının, Yazıçılar Birliylnin üzvüdür. Nəzəriyyəçi alim, milli teatrımızın tədqiqatçısı kimi Dehli, Praqa, Moskva, Tehran, Dəməşq, Kiyev, İstanbul, Berlin, Brüssel, Paris, Roma… şəhərlərində Beynəlxalq teatr simpoziumlarında elmi məruzələrlə çıxışlar edib. Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” (5 may, 1977), Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” (10 mart 1992), “Humay” mükafatlarıı laureatıdır. 1989-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adı ilə təltif edilib. Sənətşünaslıq doktoru və professorudur.

Səfərov Cabir

(1924-1990)

Tənqidçi, teatrşünas. Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsini bitirmişdir. “Ədəniyyat və İncəsənət” qəzeti readksiyasında şöbə müdiri, Azərbaycan Dövlət Teatr İnstitutunda mədəni-maarif kafedrasının müdiri, Azərbaycan Teatr Cəmiyyətinin rəyasət heyəti sədrinin birinci müavini, “Dostluq” teatrının direktoru, incəsənət institutunda baş müəllim işləmişdir. “Azərbaycan Dram teatrı” (A. Babayevlə birlikdə), “Hacıağa Abbasov”, “Ağdam xalq teatrı”, “Şərəfli yol”(A.Babayevlə birlikdə), “Teatr və dramaturgiya”, “İbrahim İsfahanlı” kitablarının müəllifidir. Cabir Səfərov Mahmud oğlu 1948-ci ildə Azərbaycan Dövlət Teatr institutunun teatrşünaslıq fakültəsinə daxil olub 1953-cü ildə oranı əla qiymətlərlə başa vurmuşdu. İş burasında idi ki, C.Səfərov instituta, onunla bir kursda oxuyan tələbələr kimi orta məktəbi bitirən kimi gəlməmişdi. O, Böyük Vətən müharibəsində döyüşmüş, sonra teatrın ən yaxşı tamaşalarında kütləvi səhnələrdə çıxış etmiş, hətta sonralar özünün yarı ciddi, yarı zarafatla dediyi kimi, “nizə tutan rolunu” da oynamışdı. Dövrün ən görkəmli aktyorları ilə, o cümlədən Sidqi Ruhulla, Mirzəağa Əliyev, Ağasadıq Gəraybəyli, Mərziyə Davudova, Fatma Qədri, İsmayıl Osmanlı və bir çox başqaları ilə çiyin-çiyinə işləmiş, bu böyük sənətkarların sənətindən mənfəətlənmiş, həm də teatrın tarixi, nəzəriyyəsi və tənqidi ilə maraqlanmışdı. İnstitutu bitirdikdən sonra “Ədəbiyyat və İncəsənət” qəzetində çalışmış, Azərbaycan Teatr Cəmiyyətinin sədr müavini kimi fəaliyyət göstərən Cabir Səfərov yalnız respublikamızın teatr həyatı ilə deyil, Orta Asiyada, Gürcüstanda və digər respublikalarda fəaliyyət göstərən Azərbaycan teatrlarının işi ilə yaxından maraqlanmış, böyük fədakarlıqla teatr əlaqələrinin inkişafına səy göstərmişdir.

Şərif Əziz

Şərifzadə Əziz Qurbanəli oğlu –(1895-1989) tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1936-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1958), professor (1962), Azərbaycanın Əməkdar elm xadimi (1963). Əziz Şərif 1895-ci il martın 28-də Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. 1915-ci ildə orta təhsilini Tiflisdə almış, sonra işləmişdir. «Molla Nəsrəddin» jurnalı redaksiyasında işlədiyi ilk gənclik illəri Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid və Əliqulu Qəmküsarla yaxın dostluq əlaqələri onu ömürlük ədəbi fəaliyyətə bağlamışdır. Moskva Kommersiya İnstitutunda təhsilini davam etdirdiyi dövrdə (1915-1917) rus ədəbi mühiti ilə tanış olmuşdur. Tiflisdə mətbuat və nəşriyyat sahəsində çalışmışdır (1920-1930). Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində məsləhətçi olmuşdur (1925-1935). Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun tənqid bölməsini bitirmişdir (1943). Sonra SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi olmuşdur (1950-1961). M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində SSRİ xalqları ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1961-1988). Ədəbi fəaliyyətə 1906-cı ildən «Molla Nəsrəddin» jurnalında dərc olunan «Naxçıvandan məktublar»ı ilə başlamışdır. Bundan sonra tənqid və ədəbiyyatşünaslıq və bədii tərcümə sahəsində səmərəli fəaliyyət göstərmiş, Maksim Qorkinin «Ana», «Düşmənlər», Aleksandr Fadeyevin «Tarmar» əsərini rus dilindən, E.Ninoşvili və N.Mijsişvilinin əsərlərini gürcü dilindən çevirmiş və çap etdirmişdir. Azərbaycan bədii ədəbiyyatından ruscaya çoxlu tərcümələr etmiş, onlara ön söz, müqəddimə, şərhlər yazmışdır. İki medalla təltif olunmuşdur. Əziz Şərif 1989-ci il iyunun 1-də Moskvada 94 yaşında vəfat etmiş, Naxçıvan şəhərində dəfn olunmuşdur.

Şərifov Ağakərim

Ağakərim Şərifov-(1899-1942),aktyor, pedaqoq, teatr muzeyinin yaradıcısı Hacıbaba Şərifov (?–1920) – Azərbaycan teatrı ilə sıx bağlı bir nəslin nümayəndəsi, görkəmli aktyor olmuşdur. Dörd qardaş – Ağasəlim, Hacıbaba, Niyaz və Ağakərim Şərifovların həyatı teatrla bağlı olmuşdur. Ağasəlim və Abğakərim Şərifovlar həvəskar kimi uşaq rollarını oynayırdılar. O zamanın teatr afişa və proqramlarında onların adlarına da rast gəlinir. Hacıbaba Şərifovun o biri qardaşı görkəmli rejissor Niyaz Şərifov bir çox musiqili komediyaların quruluşçusu olmuşdur. Digər bir qardaş – Abakərim Şərifov görkəmli teatr tarixçisi, tədqiqatçı, Azərbaycan Teatr Muzeyinin direktoru olmuşdur. Hacıbaba Şərifov ilk milli operalarda həm aktyor, həm rejissor kimi çıxış edirdi. O, Ü.Hacıbəyovun «Şeyx Sənan» operasının rejissoru olmuş, M.Maqomayevin «Şah Ismayıl» operasının premyerasında Aslan şah partiyasını ifa etmişdir. C.Cabbarlı onun sənətinə, fəaliyyətinə yüksək qiymət verərək yazırdı: «Bu adam özündə çırpınan həvəs və şövq nəticəsində ta cocuqluqdan bütün varlığını səhnəyə, daha doğrusu, sənayei-nəfisəyə vəqf etmiş, Azərbaycan səhnəsinin fəlakətlərinə ağlamış, müvəffəqiyyətlərilə sevinmiş və bir vaxt səhnəmizdə çalışmaq üçün ağır şəraitə və sıxıntılara baxmayaraq, bir addım geri aparmamış və öz göz yaşlarına bulanmış bir parça çörəyə qənaətlə daima irəli, irəli getdikcə sıxlaşan əzab və məşəqqətlər içərisinə doğru irəliləmişdir» (17). C.Cabbarlı və A.Rzayev H.Şərifovun ölümü münasibətilə yazdıqları nekroloqlarda onu akkord və rejissor, eləcə də, opera əsərlərinin müəllifi kimi qiymətləndirirlər. C.Cabbarlı onun ölümünü Hacı Hacınski, Vəli (Ə.Əliyev) və Hüseyn Ərəblinskidən sonra Azərbaycan səhnəsinə dəyən ən müdhiş zərbə hesab edirdi. H.Şərifov Azərbaycan teatrında həm aktyor, həm rejissor köməkçisi kimi çalışırdı. O, mahir aktyorluq istedadına, gözəl səsə malik idi. 6 opera librettosunun müəllifi olmuşdur: 1920-ci ilədək Hacıbaba Şərifovun rus musiqiçisi və dirijoru D.Slavinski ilə yazdığı 3 operası – «Əsli və Kərəm», «Mehr və Mah», «Tahir və Zöhrə» tamaşaya qoyulmuşdur. Hacıbaba Şərifov öz operalarında aktyor kimi də çıxış edirdi: «Mehr və Mah»da o, Kürdoğlunun «Tahir və Zöhrə» operasında Çingizin partiyalırını ifa etmişdir. H.Şərifovun «Mehr və Mah» operası Nicat cəmiyyəti tərəfindən alınmışdır. Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 1934-cü ildə yaradılıb. Onun yaradıcısı və ilk direktoru teatr xadimi Ağakərim Şərifov olub. Ağakərim Şərifov 1923-cü ildən Teatr Texnikumunda dərs deyirdi. 1926-cı ildə o, Texnikumun ilk məzunlarının köməyi ilə birinci sərgini açır. Sərgi Tağıyev teatrının foyesində açılır və sərginin materialları kimi Sidqi Ruhullanın arxivindən istifadə olunur. Sərgidə Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Əziz Şərif iştirak edir. 1927-ci ildə Dövlət Muzeyində Teatr şöbəsi açılır. 1934-cü ildə isə dövlət teatr muzeyi müstəqil fəaliyyət göstərməyə başlayır.1935-ci ildə muzeyə Cəfər Cabbarlının adı verilir. İlk illərdə muzeyin ekspozisiya zalı fəaliyyət göstərirdi. Ağakərim Şərifov 1942-ci ilədək muzeyə rəhbərlik etdi.

Seyid Hüseyn Sadiq

Seyid Hüseyn Sadiq (Hüseyn Mir Kazım oğlu Sadıqzadә; 1887—1938) — yazıçı, tәnqidçi, pedaqoq Hüseyn Mir Kazım oğlu «Tazә һәyat» vә «Kaspi» qәzetlәrinin mәtbәәlәrindә mürәttib olmuş, şәrikli «Bәһlul», «Kәlniyәt» vә «Qurtuluş» jurnallarını nәşr etdirmişdir. 1913—1914 illәrdә «İqbal»ın baş redaktoru idi. Bәdii yaradıcılığa 1907-ci ildә başlamışdır. Hekayә vә publisistik mәqalәlәrindә mürtәce ziyalıların әleyһinә çıxmış Azәrbaycan dilinin saflığı uğrunda mübarizә aparmışdır. Azәrbaycan ədәbiyyatı vә әdәbiyyat xadimlәri һaqda mәqalәlәr, müasir һәyatdan bәһs edәn һekayәlәr yazmışdır. Seyid Hüseyn ictimai һadisәlәrә münasibәtdә Hüseyn ilә daim һәmfikir olmuşdur. Onların arasında qarşılıqlı sәmimi münasibәt var idi. Hüseynin redaktorluq etdiyi «Yeni iqbal» vә «Azәrbaycan» qәzetlәrindә Seyid Hüseyn mәqalәlәrlә çıxış edirdi. «Qurtuluş» jurnalının nәşrә başlanılmasını Hüseyn böyük sevinclә qarşılamışdı. Repressiyanın qurbanlarından olan Seyid Hüseyn 1937-ci ildә hәbs edilmiş, 1938-ci ilin yanvarında güllәlәnmişdir.

Sultanov Eynəli bəy

Sultanov Eynəli bəy Çölü bəy (1866-1935)- yazıçı, şair, dramaturq, publisist, tərcüməçi, pedaqoq, teatr xadimi, teatr tənqidçisi, ictimai xadim. Naxçıvan ziyalıları içərisində öz biliyinə, bacarığına və təşkilatçılığına görə Eynəli bəy Sultanov fərqlənirdi. Eynəli bəy Sultanov hələ 1882-ci ildə öz evində “Ziyalılar cəmiyyəti” təşkil edir, qabaqcıl adamlarla, savadlı gənclərlə, məsləkdaşlarla əlaqə saxlayırdı. Şəhərin bütün tərəqqipərvər, açıq fikirli adamlarından Paşa ağa Sultanov (1849-1902), Mirzə Cəlil Mirzəyev (Şürbi) (1874-1915), Mirzə Ələkbər Xəlilov (1862-1896), Əsəd ağa Kəngərli, Qurbanəli Şərifov (1854-1917), Baxşəli ağa Şahtaxtlı, Nəsrulla Şeyxov (1863-1921) və başqalarını həmin cəmiyyətə cəlb edir. Eynəli bəy Sultanovun təşkilatçılığı və rəhbərliyi altında “Ziyalılar cəmiyyəti”ndə dövrün ictimai-siyasi, qadın azadlığı məsələləri müzakirə edilir, yeni məktəblər, kitabxanalar açmaq qərara alınır, elmi-ədəbi mübahisələr keçirilirdi. Burada Aleksandr Puşkin, Lev Tolstoy, Belinski, Dobrolyubov kimi görkəmli rus yazıçı və şairlərinin də əsərləri oxunur, tərcümə edilir və fikirləri üzərində elmi mübahisələr aparılır, xalqı qəflət yuxusundan oyatmaq üçün hər cür səy göstərilirdi. Dövrün tərəqqipərvər, açıq fikirli ziyalılarından Məhəmməd ağa Şahtaxtlı (1846-1931), Qurbanəli Şərifov (1854-1917), Məhəmməd Tağı Sidqi (1854-1903), Cəlil Məmmədquluzadə (1869-1932), Eynəli bəy Sultanov (1866-1935), Mirzə Əlməmməd Xəlilov (1862-1896), Mirzə Ələkbər Bəyalı oğlu Süleymanov (1862-1921), Mirzə Məmməd Zamanbəyov və başqalarının təşəbbüsü və səyi nəticəsində 1883-cü ildə Naxçıvanda ilk dəfə olaraq “Müsəlman incəsənəti və dram cəmiyyəti” adlı bir ədəbi cəmiyyət yaradılır. Şəhərin tərəqqipərvər, yeni fikirli adamları cəmiyyətin fəaliyyətinə kömək etsələr də, o dövrdə ruhanilər, hökumət məmurları onlara yaxşı münasibət bəsləmirdilər. Eynəli bəy Sultanovun fəaliyyəti Azərbaycan teatr tarixində ən gözəl səhifələrdən birini təşkil edir. Onun qaynar, çoxcəhətli fəaliyyəti və fədakarlıqla dolu həyatı Naxçıvan teatrının yaranma və təşəkkülündə çox əhəmiyyətli olmuşdur. Eynəli bəy Sultanov həmməsləklərini öz ətrafında toplamağı, gənclərin qəlbində incəsənətə sönməz məhəbbət alovu yandırmağı, xalqına vətənpərvərlik hissləri aşılamağı bacarırdı. 1883-cü ildə Cəlil Məmmədquluzadə və onun naxçıvanlı həmyaşıdları Qori seminariyasında tələbə ikən, Eynəli bəy Sultanov təhsilini başa vurub doğma şəhərinə qayıdır, lakin burada əvvəlki həyat tərzinin hökm sürdüyünü, ətalət və xurafatın həmyerlilərini əsrlərin mürgüsündə saxladığını görür və böyük həvəslə huşyar dostlarından Paşa ağa Sultanov, Mirzə Ələkbər Süleymanov, Qurbanəli Şərifov, Nəsrulla və Fərəculla Şeyxov qardaşları (Nəsrulla və Fərəculla Şeyxovlar şair Əliqulu Qəmküsar Nəcəfovun dayılarıdır ? ) ilə birlikdə ilk mədəni tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayır. Eynəli bəy Sultanov və dostlarının bu təşəbbüsü, fəaliyyəti Cəlil Məmmədquluzadəni də ruhlandırır. Böyük demokrat yay tətilində Naxçıvana gələrkən görür ki, onun gənc ziyalı dostları artıq yenilik toxumunu səpmişlər. Buna görə də o, dostlarının səy və təşəbbüslərini alqışlayır. Cəlil Məmmədquluzadə təhsilini başa vurub Naxçıvana qayıtdıqda Eynəli bəy Sultanovla görüşür, onun dərin biliyi, yüksək mədəniyyəti Mirzə Cəlili valeh edir. O, Eynəli bəy Sultanovu köhnəliyə qarşı mübarizədə özünün ən yaxın silahdaşı hesab edir və onunla birlikdə fəaliyyətə başlayır. Bu münasibətlə böyük demokrat yazır: “Mən darülmüəllimini qurtaran zaman Naxçıvanda özümdən artıq huşyar dostlarıma rast gəldim. Mənim səsimə səs verən sindaşlarımdan qabaqca əzizim Eynəli Sultan oldu”. E.Sultanov və C.Məmmədquluzadə Naxçıvan teatrının yaradılmasında əsas rol oynayırdılar. Faktlardan aydın görünür ki, Naxçıvanda teatrın əsasının 1883-cü ildə qoyulması ilk peşəkar dünyəvi Azərbaycan teatrının yaradılmasının 10 illiyinə təsadüf edir. Bu tarixi sübut edən bir sıra mənbələrə nəzər salmaq məqsədəuyğundur. Belə ki, o dövrdə Naxçıvanda fəaliyyət göstərən “Naxçıvan müsəlman incəsənəti və dram cəmiyyəti”nin nümayəndələri M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərini tamaşaya hazırlamış və İrəvana, xalq məktəbləri inspektoru Tselovalnikova aşağıdakı məzmunda teleqram göndərirlər: “Naxçıvandan İrəvana teleqraf 1883-cü ilin 11 aprelində qəbul edildi. Xalq məktəblər inspektoru Tselovalnikova. Naxçıvan müsəlman (şiə) dram sənəti həvəskarları tərəfindən may ayında acların xeyrinə, 1848-ci ildə nəşr edilmiş “Çadust” kitabından teatr tamaşası göstərməyə icazə vermək haqqında səadətli qubernator yanında vəsatət etməniz rica olunur.” Teleqrama razılıq alındıqdan sonra tamaşa 1883-cü ilin may ayında Hacı Nəcəf Zeynalovun evində göstərilir.

Aydın Talıbzadə

Talıbzadə Aydın Ağa Yunus oğlu – teatrşünas, tənqidçi, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, sənətşünaslıq elmləri namizədi (1989), “Aydın Məmmədov” adına mükafatın laureatı (2001). Aydın Talıbzadə 1958-ci il oktyabrın 5-də Bakı şəhərində anadan olmuşdur. Burada 190 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Radio və Televiziya Şirkətində quruluşçu dekorator işləmişdir (1975-1976). M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq şöbəsində təhsil almışdır (1976-1981). Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1981-1983). R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət müzeyində kiçik elmi işçi olmuşdur (1983). Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq kafedrasının dosentidir (1983-cü ildən). Moskvada “Orta əsrlər Yaxın Şərq teatrının poetikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1989). Ədəbi fəaliyyətə XX əsrin 70-ci illərindən başlamışdır. Dövri mətbuatda məqalə, əsər və rəylərlə çıxış edir. 250-dən çox əsəri ölkəmizdə və xaricdə çap olunmuşdur. Orta əsrlər Yaxın və Orta Şərq teatrının poetikası istiqamətində elmi tədqiqatla məşğuldur. “Faciə: janrın təyininə dair” (1990), “Ustad və Ayna”(2004), “İslam dünyasında teatr və teatrallıq” (2006, rusca), “Şərq teatr tarixi” (2008), “Mehdi müəmması və ya sənətdə konseptual hamletizm” (2009) kimi kitabların müəllifidir. 2006-cı ildə Y.E.Qolosovkerin “Mif məntiqi” əsərini dilimizə çevirmişdir. Müxtəlif telekanallarda tez-tez çıxışlar edir.

Təhməzov Novruz

Teatrşünas, tənqidçi, jurnalist, tədqiqatçı (1947-1991) Novruz Nuh bəy oğlu Təhməzov 3 may 1947- ci ildə Şamaxı rayonu, Udulu Sovetliyinin Paşalı kəndində anadan olmuşdur. Şorbaçı kənd 8 illik məktəbini bitirdikdən sonra orta təhsilini Əli Bayramlı şəhər 2 saylı məktəbində başa vurmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirən N.Təhməzov M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. İnstitutu müvəffəqiyyətlə bitirdikdən sonra “Ədəbiyyat və İncəsənət” qəzetində çalışan Novruz Təhməzov mütəmadi olaraq elmlə də məşğul olmuşdur. Azərbaycan teatr sənətinin tarixinə dair yazdığı dissertasiyanı 1985-ci ildə Özbəkistanın paytaxtı Daşkənd şəhərində uğurla müdafiə edib, “Sənətşünaslıq namizədi” alimlik dərəcəsi almışdır. N.Təhməzov 1972-ci ildən AzZDİİ-nin “Teatr tarixi” kafedrasında müəllim, baş müəllim və müdir vəzifələrində çalışmışdır.Bir çox tərcümələr etmiş. 1972- ci ildən “Ədəbiyyat və İncəsənət”qəzetində, “Qobustan” toplusunda, “Bakı” qəzetində respublikanın muasir teatr həyatından bəhs edən resenziya ,məqalələr cap edib. 1986-çı ildə “Xalq tamaşalarında rejissorluğun metodikası” adlı metodik göstərici çap olunub. 1989-cu ildə Moskvada keçirilən “K.S Stanislavski dəyişən dünyada” adlı beynəlxalq simpoziumunun nümayəndəsi olub. “Rejissorluq-bu sənətdir” adlı elmi nəzəri monografiya hazırlamışdı. Bundan başqa “Rus sovet dram teatrı tarixi” (M.1984) dərsliyini tərcümə edib.

Turan Hüseyn qızı Cavid

(1923-2004)

Mədəniyyət xadimi, Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi (1982), Hüseyn Cavid mükafatı laureatı (1997), Prezident təqaüdçüsü (2002), Dövlət Əfv Komissyasının üzvü (2000-2004), H.Cavidin qızıdır. Turan Cavid Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsini bitirmiş (1950), həmin institutda müəllim saxlanılmış, Azərbaycan teatr tarixindən mühazirələr oxumuşdur (1950-1983-cü illər). C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində arxiv memuar fondunda elmi işçi (1953-1968) və direktor vəzifələrində (1968-1991) çalışmışdır. Teatrşünas Turan Cavid Hüseyn Cavidlə əlaqədar film ssenarisinin də müəllifidir: “Cavidanə Cavid”. Teatrşünas Turan Cavidin “Azərbyacan teatr tarixindən səhifələr” televiziya verişləri üçün hazırladığı mətnlər, yeni tamaşalar: C.Cabbarlı adına ADT muzeyi, ADT-nın 100 illiyi qarşısında (1973), Abbas Mirzə Şərifzadə haqqında(1973), teatr haqqında (1974). Turan Cavidin C.Cabbarlı adına ADT muzeyi haqqında televiziya verilişləri üçün mətnləri: I veriliş 1970-ci il; II veriliş /Eskiz-maket fondu haqqında; III veriliş Teatr muzeyinin fondlarında Hüseyn Ərəblinski yaradıcılığını əks etdirən eksponatlar haqqında (1971); IV veriliş- C.Cabbarlı – 75 (1974); V veriliş Ə.Əzimzadənin C.Cabbarlı adına ADT muzeyində saxlanılan eskizləri haqqında qısa məlumat (1980). T. Cavid teatrşünaslıqla əlaqədar bir çox məqalələrin müəllifidir: “Teatr muzeyinin eksponatları danışır…”(1974). “C.Cabbarlı adına ADTM-yi H.Cavidin 100 illik yubileyi qarşısında”. (1981). “Azərbaycan Dram Teatrının inkişaf yolları” (1974). 1974-cü il mayın 14-də Azərbaycan Dram Teatrının 100 illiyinə həsr olunmuş elmi sessiya keçirilmişdir. Sessiyanın giriş sözü T.Cavidə aid idi: Azərbaycan dram teatrının inkişaf yolları haqqında. “100 illik yubileyə hədiyyəmiz”(1974); “Teatr tarixindən səhifələr” yeganə əlyazmasıdır. (1982); “Qiymətli əlyazmaları” (1985); С.Məmmədquluzadə adına Naxçıvan Ədəbiyyat muzeyi haqıında T.Cavidin rəyi; “Kazım Ziya haqqnda xatirələrim”(1981); “Bir aktyorun rol dəftərçəsi”(1984). 1991-2004-cü illərdə AMEA H.Cavidin Bakıdakı ev muzeyinin direktoru vəzifəsində çalışmışdır. Respublikanın mədəni həyatında fəal iştirak etmiş, mətnşünaslıq sahəsində də əvəzsiz xidmətləri olmuşdur. H.Cavidin 1958-2004-cü illərdə nəşr olunmuş bütün kitablarının tərtibçisidir.

Vəliyev Ədalət

Vəliyev Ədalət Məqsəd oğlu 1959-cu ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1980-cı ildən başlayaraq respublikanın aparıcı teatrlarında müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Dövlət Akademik Milli Dram və Azərbaycan Dövlət Rus Dram teatrlarına rəhbərlik edib. 1993-cü ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirinin, 2006-cı ildən isə Mədəniyyət və Turizm Nazirinin müavinidir. Azərbaycan Yazıçılar Birliyinin, Respublika Teatr Xadimləri İttifaqı İdarə Heyətinin, Azərbaycan Rəssamlar İttifaqının, Respublika Mədəniyyət İşçiləri Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin, Mədəniyyət Fondunun, İlyas Əfəndiyev Fondunun, «Mədəniyyət» və «Yaddaş» qəzetlərinin, «Mədəni-maarif» və «İncəsənət» jurnallarının redaksiya heyətinin üzvüdür. «Cağdaş Azərbaycan teatrının təşkilatlanma problemləri» mövzusunda dissertasiya müdafiə edib. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. «Odlar Yurdu» Universitetinin fəxri professorudur. 2003-cü ildə «Elm» nəşriyyatında «Azərbaycan milli teatr prosesinin çağdaş təşkilatlanma problemləri» adlı monoqrafiyası nəşr olunub. 2005-ci ildə «Elm» nəşriyyatında «Teatr sənətimiz: dünən, bu gün, sabah…», 2007-ci ildə isə «Yeni təməl» adlı kitabları nəşr olunub. Müxtəlif mətbuat orqanlarında çap olunmuş onlarla məqalə və publisistik yazıların müəllifidir. 2005-ci ildə Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərinə görə «Qızıl dərviş» və «Humay» mükafatlarına layiq görülmüşdür.

Zeynallı Hənəfi

Hənəfi Zeynallı 1895-ci ildə Bakıda dəmirçi ailəsində anadan olmuşdur. 1916-cı ildə Bakıdakı Orta Politexnik məktəbini bitirmiş və elə həmin il müsabiqə imtahanını müvəfəqiyyətlə verərək İmperator Texniki Peşə məktəbinə daxil olmuşdur. 1917-ci ildə fevral inqilabından sonra təhsilini yarımçıq qoymuşdur. H.Zeynallı 1922-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, oranı 1927-ci ildə bitirmiş və təyinatını Şərq fakültəsinin Azərbaycan türk ədəbiyyatı tarixi kafedrasına, sonra isə Azərbaycan Pedoqoji İnstituna almışdır. 1930-cu ildə dosent olmuşdur. 1923-cü ildən Azərbaycan Dövlət Nəşriyyatının əsas yaradıcılarından biri kimi fəaliyyət göstərmiş və oranın baş redaktoru vəzifəsində çalişmışdır. 1923-1931-ci illərdə Azərnəşrdə işləyərkən o, “Kommunist”, “Maarif və Mədəniyyət”, “İnqilab və Mədəniyyət”, “Maarif işçisi” jurnallarında əməkdaşlıq etmiş, geniş ədəbi publisistik yazılarla çıxış etmişdir. H.Zeynallı 1926-cı ildə yazdığı “Azərbaycan atalar sözləri və məsəllər” (burada 4 minədək atalar sözü və məsəllər toplanmışdır), 1928-ci ildə yazdığı “Türk ədəbiyyatı üzrə iş kitabı” əsərlərində folklor, terminologiya və s. ilə bağlı məsələlərə toxunur. 1937-ci il yanvarın 28-də H.Zeynallı Ruhulla Axundovun əksinqilabi qrupunun üzvü kimi həbs olunub və Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələri üzrə məsuliyyətə cəlb edilib. H.Zeynallının güllələnməsi haqqında hökm 1937-ci il oktyabrın 13-də Bakıda icra olunub. 1957-ci il martın 30-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarına görə 1937-ci il sentyabrın 12-də SSRİ Ali Hərbi Kollegiyasının Hənəfi Baba oğlu Zeynallının istintaq işi üzrə çıxartdığı hökm dəyişdirildi və cinayət tərkibi olmadığı üçün iş xətm edildi.