22.08.2017

“Çıraqqala” Tarix-Mədəniyyət Qoruğu

Şabran rayonu ərazisində yerləşən Çıraqqala (inv.N-si 4.7.) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüşdür. Çin səddindən sonra ikinci olan, Səsani hökmdarı II Yezdəgird tərəfindən qoyulmuş mərkəzi Çıraqqala olmaqla “Abzud-Kavad” (Uzun divarlar) adlanan ”Gilgilçay” müdafiə səddi nadir sənət incisidir. Dünya əhəmiyyətli memarlıq abidəsi olan “Çıraqqala” – Gilgilçay müdafiə divarının ən yüksək nöqtəsi olaraq IV-VI əsrlərdə Böyük İpək Yolunun qorunması məqsədilə tikilmişdir. Hündürlüyü təxminən 150 metr olan qala əsasən yerli daşlardan və bişmiş kərpicdən düzbucaqlı formasında tikilmişdir. “Çıraqqala” 17 bürcdən ibarətdir. Divarların hündürlüyü təxminən 8-10 metr, qalınlığı isə 3-4 metrdir. Qalanın özünəməxsus zindan həbsxanası və özündən 182-200 metr aralı ərzaq saxlamaq üçün buzxana anbarı qalmaqdadır. Əsasən yerli daşlardan və bişmiş kərpicdən tikilmişdir. Abidənin müəyyən hissəsinin baxımsızlıq nəticəsində dağıdılma təhlükəsi ilə üzləşməsinə görə Azərbaycan Respublikası Prezidenti ümummilli lider Heydər Əliyev 23 iyun 2003-cü il tarixli 1262 №-li Sərəncamı ilə “Çıraqqala” tarixi kompleksi tarixi qoruq elan etmişdir. 2006-cı ildə “Çıraqqala”da elmi-tədqiqat və bərpa-konservasiya işlərinin aparılması üçün «Azərbərpa» institutu tərəfindən layihə hazırlanıb. Hazırda abidənin vəziyyəti olduqca acınacaqlıdır. Qalanın konservasiya və qismən bərpası üzrə layihəsi 2007-ci ildə hazır olsa da ,inciyənədək bu işlər maliyyələşdirilməyib.