28.07.2017

Bəstəkarlar

Müəllif, musiqi əsərinin yaradıcısı. Xalq yaradıcılığında adətən bəstəkar və ifaçı bir simada birləşir. Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Bu musiqi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələrdən, Qobustan (e.ə. XVIII-III minilliklər) və Gəmiqaya (e.ə. III-I minilliklər) qaya rəsmlərindən alınmışdır. “Kitabi – Dədə Qorqud”da (VII yüzil), Nizaminin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, musiqi janrları, musiqi alətləri barədə zəngin məlumat verilmişdir. Azərbaycanın Səfiəddin Urməvi (XIII əsr), Əbdülqadir Marağai (XIV əsr), Mirzəbəy (XVII əsr), Mir Möhsün Nəvvab (XIX əsr) kimi məşhur alimlərinin risalələrində orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi açıqlanmış, Azərbaycan musiqisinin nəzəri problemləri işlənilmişdir. İlk yazılı ədəbi abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanında musiqi ilə bağlı bir sıra parçaların mövcudluğu, dastan boyunca müxtəlif musiqi alətlərinin adlarının çəkilməsi müsiqimizin qədimliyinə əyani sübutdur.

 

 

Abbasov Əşrəf Cəlal oğlu. 1920 – 1992

Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq. Azərbaycan SSR Əməkdar İncəsənət xadimi (1963), Azərbaycanın SSR Xalq Artisti, professor (1968), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1953–1957). Əşrəf Cəlal oğlu 1920-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi Şuşada bitirmişdir. 1948-ci ildə Azərbaycan Konservatoriyasını, 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmişdir.1953–1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdur. Əşrəf Abbasov 1965-ci ildə ilk Azərbaycan uşaq baleti “Qaraca qız”ı yazmışdır. O, fortepiano və orkestr üçün konsertin (1946), simfonik orkestr üçün “Konsertino”nun (1948), “Şuşa” (1945), “Gələcək gün” (1952), “Dramatik” (1953) simfonik poemalarının, “Səndən mənə yar olmaz” (1963), “Dağlar qoynunda” (1970) operettalarının, bir çox instrumental əsərin, xor, mahnı, romansın, həmçinin “Ü. Hacıbəyov və onun “Koroğlu” operası” (1956) və bir sıra başqa nəzəri əsərlərin və məqalələrin müəllifidir. Əşrəf Abbasov 1992-ci ildə Bakıda vəfat etmişdir.

Adıgözәlov Vasif Zülfüqar oğlu (1935- 2006)

Bəstəkar 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini Konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb.1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bəstəkarlıq üzrə Qara Qarayevin , fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirir. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirir. Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlamışdır. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M. Maqomayev adına Dövlət Filarmoniyasının baş musiqi redaktoru, A. Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışmışdır. 1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edirdi. 1990-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilmişdir. 1973-cü ildə “Əməkdar incəsənət xadimi”, 1988-ci ildə Respublikanın Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. 1989-cu ildən Professor, 1990-cı ildə Dövlət Mükafatı laureatı adlarını almışdır, 1995-ci ildə “Şöhrət ordeni” ilə təltif olunmuşdur. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “xor dirijorluğu” kafedrasına rəhbərlik etmişdir. Vasif Adıgözəlov “Ölülər”, “Natəvan” operalarının, “Hacı Qara” (həmmüəllifi R.Mustafayev), “Nənəmin şahlıq quşu”, “Boşanaq – evlənərik”, “Lənət şeytana” musiqili komediyalarının, “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, Çanaqqala – 1915″, “Qəm karvanı” oratoriyalarının, “Novruzum”, “Təntənəli” kantatalarının, 4 simfoniya, 6 instrumental konsertin, kamera-instrumental musiqinin, kino-teatr musiqisinin, romans və mahnıların müəllifidir.

Adil Gәray (Adil Gәray Heybәtqulu oğlu Mәmmәdbәyli; 1919 —1973) 

Azərbaycan tarzәni, pedaqoq, dirijor, bəstəkar, Azәrbaycan SSR Əmәkdar Artisti (1959). Adil Gəray Heybətqulu oğlu Məmmədbəyli 13 may 1919- cu ildə Bakı şəhərində anadan olmuşdur. Azәrbaycan Dövlәt Musiqi Texnikumunu bitirmiş (1940), Azərbaycan Dövlət Konservatoriyasının Azәrbayсan xalq musiqisi şöbәsindә (Ü. Hacıbəyovun sinfindә) təhsil almışdır (1940—1948 fasilәlәrlә). Muğam dərslərini Əhməd Bakıxanovdan almışdır. 1938-ci ildәn Üzeyir Hacıbəyovun tәşkil etdiyi Azәrbaycan Xalq Çalğı Alәtlәri Orkestrindә konsertmeyster işlәmişdir. O tar ilә fortepiano üçün “Bağçakürd” (1957) pyesini Ü.Hacıbəyova itһaf etmişdir. 1937-ci ildən Hüseynqulu Sarabskinin sinfində müşayiətçi, 1938-ci ildən Azteleradio orkestrində konsertmeyster kimi çalışmışdır. 1940-cı ildən, eyni zamanda, Azərbaycan Dövlət Musiqi Məktəbində tar ixtisası üzrə müəllim kimi fəaliyyət göstərmişdir. O, bir çox məşhur tarzənlərin müəllimi olmuşdur. Tar üçün bir sıra əsərlərin, o cümlədən, “Tar üçün etüdlər”in, “Bağçakürd”, “Qaytağı”, “Cəngi”, “Səfi-kürd”, “Şahnazsayağı”, “Gülüstan” pyeslərinin, mahnıların, “İbtidai məktəblər üçün nəğmələr məcmuəsi”nin və s. əsərlərin müəllifidir. Onun əsərləri bir çox konsert və tədris repertuarında layiqli yer tutur. “Tar üçün etüdlər” məcmuəsində yeddi muğam – “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Mahur-Hindi”, “Şüştər” muğamları əsasında etüdlər bəstələmişdir.


Axundova Şəfiqə Qulam qızı (21.01.1924 – 26.07.2013) 

Bəstəkar, əməkdar incəsənət xadimi (1973), xalq artisti (1998). Şərqdə ilk opera yazan bəstəkar qadın. Azərbaycanın xalq artisti (1998). Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə “Şöhrət” ordeni ilə təltif edilib. O, 1972-ci ildə “Gəlin qayası” operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olmuşdur. Şəfiqə xanım həm də bir sıra gözəl mahnaların (“Leyla”, “Bəxtiyar ellər” və s.), “Ev bizim, sirr bizim” operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün “Aydın”, “Əlvida Hindistan!”, “Nə üçün yaşayırsan?” və s. tamaşaların, “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Onun Azərbaycan şairlərinin şerlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur. 26 iyul 2013-cü ildə vəfat etmişdir.

Babayev Mobil (23.12.1945)

Bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Mobil Rəşid oğlu Babayev XX əsrin 70-ci illərində yaradıcılığa başlayan bəstəkarlar nəslinin istedadlı və ən layiqli nümayəndələrindən biridir. Azərbaycanın simfonist bəstəkarı Cövdət Hacıyev məktəbinin yetişdirməsi olan Mobil Babayev, müxtəlif janrlarda yazılmış çoxsaylı orijinal əsərlərin müəllifidir. Belə ki, bəstəkarın yaradıcılıq irsinə simfonik, kamera-instrumental və vokal əsərlər, o cümlədən 5 simfoniya, viola və orkestr üçün 2 konsert, 2 oratoriya, 2 kantata, 50-dən artıq filmə, o cümlədən bədii, sənədli, elmi-kütləvi və cizgi filmlərinə yazılmış musiqi, caz orkestri və estrada simfonik orkesri üçün çoxsaylı kompozisiyalar, müxtəlif mövzularda yazılmış 150-yə yaxın mahnı və s. aiddir. Azərbaycan bəstəkarları arasında M.Babayev iki yeni musiqi janrının yaradıcısı hesab olunur ki, bunlar da alt və orkestr (kamera, simfonik) üçün konsert və estrada simfonik orkestri üçün konsert janrlarıdır.

Babayev Rafiq Fərzi oğlu (31.03.1937 – 19.03.1994)

Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Xalq Artisti (1993). Rafiq Babayev 1937-ci il martın 31-də Bakı şəhərində Fərzi Babayevin ailəsində anadan olmuşdur. 1937-ci ildə XDİK (Xalq Daxili İşlər Komissarlığı) həbsxanasına salınmış Fərzi Babayev güllələnmə cəzasına məhkum edilmişdir (1956-cı ildə o, bəraət qazanaraq azadlığa buraxılır). Rafiqin anası Şahbəyim xanım 6 övladını – Mərziyə, Vəsilə, Emilya, Oqtay, Rafiq, Armanusa-nı hədsiz çətin şəraitdə tərbiyə etməyə məcbur olur. Sonradan bu uşaqların hamısı peşəkar musiqiçi kimi tanınmışdır. 1943-cü ildə 160 nömrəli musiqi məktəbinə daxil olan Rafiq ilk caz kvartetini də məhz bu məktəbdə yaradır. 1950-ci ildə həmin məktəbi bitirərək, A.Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olur, R.S.Levinanın sinfində təhsil alır. Bu məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyir. O, caz musiqisi ilə də maraqlanır və improvizasiya ustalığını təkmilləşdirirdi. 1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda Rafiq Babayev bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edilir. R.Babayev və R.Behbudov teatrlaşdırılmış böyük konsert proqramı hazırlamağa başlayırlar. Rafiq bu tamaşanın səhnəyə qoyulması üçün çox böyük işlər görmüşdür. Bütün bu illər ərzində Rafiq caz musiqisi sahəsində yaradıcı işini də davam etdirir, bu işlə fasiləsiz məşğul olur, caz festivallarında iştirak edir. 1967-ci ildə Tallin şəhərində keçirilən Beynəlxalq Caz Festivalında Rafiq Babayevin ansamblı laureat olur. Onun “Bayatı-kürd” ladında ifa edilmiş kompozisiyası xüsusi qeyd edilir. Müxtəlif illərdə bu kollektivin heyətində Gennadi Stepanişşev (fleyta, saksofon), Rauf Sultanov (bas-gitara), Ələsgər Abbasov (gitara), Səyavuş Kərimi (ud, klavişli alətlər), Cəmil Əmirov (klavişli alətlər), Tofiq Cabbarov (zərb alətləri), Firuz İsmayılov (sintezator), Ramin Sultanov (zərb alətləri), Emil Həsənov (bas-gitara), Vaqif Əliyev (zərb alətləri), Emil K.Həsənov (bas-gitara) və başqa peşəkar musiqiçilər fəaliyyət göstərirdilər. 1991-ci ildə Rafiq Babayev “Cəngi” folklor-caz kollektivini təşkil edir və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən Səsyazma Studiyası yaradır. O, folklor çalğı alətlərindən istifadə etməklə, onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, dünyanın ilk baxışda bir-birinə zidd cəhətlərinə – Qərbə və Şərqə xas olan musiqini melodik tərzdə birləşdirərək gözəl kompozisiyalar yaradırdı. 1993-cü ildə Rafiq Babayevə Azərbaycanın Xalq Artisti adı verilmişdir. 1994-cü il martın 19-da onlarca sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar erməni ekstremistlərinin təşkil etdiyi qanlı terrorun qurbanı oldu. Belələrindən biri də Rafiq Babayev idi. Metro stansiyasında baş vermiş partlayış nəticəsində Rafiq Babayev həyatla vidalaşdı.

Tofiq Əhmədağa oğlu Bakıxanov (08.12.1930) Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (1991), professor (1983) 1930-cu ildə Bakı şəhərində anadan olub. 1953-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını skripka üzrə professor A.Amitonun, 1957-ci ildə isə bəstəkarlıq üzrə professor Qara Qarayevin sinfini bitirib. 1973-cü ildə Respublikanın Əməkdar İncəsənət xadimi fəxri adına layıq görülmüşdür. 1983-cü ildə professor adı almışdır. 1991-ci ildə ona Azərbaycan Respublikasının xalq artisti adı verilib. 1996-cı ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının İncəsənət Doktoru seçilmişdir. 1994-2000-ci illərdə Abbasqulu ağa Bakıxanov adına mükafatın laureatıdır. Eləcə də 2000-ci ildə “Şöhrət ordeni” ilə təltif olunmuşdur. 1969-cu ildə Parisdə keçirilən VII beynalxalq rəqs festivalının, 1998, 2000, 2001-ci illərdə Quzey Kıbrıs Türk Cumhuriyyətində II, IV, V beynəlxalq «Bellapais» musiqi festivallarında , Moskvada, Tbilisidə, son illərdə İstanbul, İzmir, Tehran, Bolqarıstanda müəllif konsertləri ilə çıxış etmişdir.

Bağırov Zakir Cavad oğlu. (16.03.1916 — 1996)

Azərbaycan bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi (1961). Zakir Bağırov 16 mart 1916-cı ildə Şuşada anadan olmuşdur. 1949-cu ildə Moskva Dövlət Konservatoriyasını bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında müəllim, 1970-ci ildən isə musiqi nəzəriyyəsi kafedrasının müdiri işləmişdir. Bir çox teatr tamaşasına və kinofilmə musiqi yazmışdır. “Şərəf Nişanı” ordeni ilə təltif edilmişdir. Bəstəkar “Aygün”(1972), “Qoca Xattabıç” operalarının, “Kəndimizin mahnısı” (1958), “Qaynana” (1974) operettalarının, xalq çalğı alərləti orkestri üçün süitaların, fortepiano və orkestr üçün Konsertin, orqan üçün improvizasiya və fuqanın, “Çahargah” muğamı əsasında arfada solo üçün əsərin, kamera-instrumental əsərlərin. mahnı və romnsların müəllifidir. Zakir Bağırov 1996-cı ildə vəfat etmişdir.

Bәdәlbәyli Әfrasiyab Bәdәl bәy oğlu. 1907—1976

Bәstәkar. dirijor, musiqişünas, librettoçu. Azәrbaycanın xalq artisti (1960). B. Bәdәlbәyovun oğlu, Hacıbəylinin xalanәvәsidir. İlk Azәrbaycan baletinin (“Qız qalası”, 1940) müәllifidir. 1930-cu ildәn ömrünün sonunadәk AOBT-nın dirijoru olmuşdur. Repertuarında Avropa, rus, elәcә dә Azәrbaycan bәstәkarlarının әsәrlәri, o cümlәdәn Hacıbəylinin “Leyli vә Mәcnun” operası müһüm yer tutmuşdur. Hacıbəyli ilə sıx yaradıcılıq vә şәxsi dostluq әlaqәlәri saxlamışdır.

Caһangirov Caһangir Şirgәşt oğlu. 1921—1992 Bәstәkar.

Azәrbaycan xalq artisti (1963), әmәkdar incəsənət xadimi (1959). Stalin mükafatı laureatı (1950). Cahangirovun yaradıcılıq taleyindә Hacıbəylinin müһüm rolu olmuşdur. 1937-ci ildә teatr texnikumunda oxuyarkәn Hacıbəyli onu Azәrbaycan Dövlәt Filarmoniyasında yaratdığı xor kapellasına dәvәt etmişdi. Cahangirovun musiqi bәstәlәmәsindәn xәbәr tutan Hacıbəyli onun әsәrlәrini dinlәdikdәn sonra Cahangirova musiqi tәһsilini artırmağı mәslәһәt görmüşdür. Cahangirov bundan һәvәslәnәrәk A.Zeynallı ad. Musiqi Mәktәbinin bәstәkarlıq şöbәsinә daxil olmuşdur. Cahangirovun yaradıcılığı ilә daim maraqlanan Hacıbəyli onu ADK-nın һazırlıq kursuna dәvәt etmişdir. Burada o, Hacıbəylidən Azәrbaycan xalq musiqisinin әsaslarını öyrәnmiş vә 1940 ildә ADK-nın bәstәkarlıq sinfinә daxil olmuşdur (müһaribә illәrindә tәһsilini yarımçıq qoymalı olan C. konservatoriyanı 1951 ildә bitirmişdir). Cahangirov skripka vә simfonik orkestri üçün konsert janrına müraciәt etmiş ilk Azәrbaycan bәstәkarıdır. O, “Azad” (1957), “Xanәndәnin taleyi” (1979) operalarının, “Tәzә gәlin” operettasının (1976), “Arazın o tayında” vokal-simf. poemasının (1949), “Füzuli” (1959) vә “Nәsimi” (1973) kantatalarının, bir çox maһnıların, teatr tamaşalarına vә kinofilmlәrә musiqinin vә s. müәllifidir.

Dadaşov Dadaş Hacibala Oğlu ( 30.08.1935 ) Bəstəkar

1935-ci il avqustun 30-da anadan olub. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1966), Dosent (1994), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2005), Azərbaycan Respublikasının Xalq artisti (2008), Professor (2008). Əsərləri: “İthaf” qanun və piano üçün Poema (2002), “Röya” səs və piano üçün romans (söz. – L.Akan. 2002), Violin və piano üçün “Elegiya və Skerso” (2003), “Mevlana” vokal-instrumental kompozisiyası (söz. – Y.Solmaz. C.Rumiyə həsr olunub. 2005), Azərbaycan xalq çalğı alətləri orkestri üçün “Qobustan lövhələri” (2006), Simli orkestr üçün 2 saylı Simfoniya (2007), Azərbaycan xalq çalğı alətləri orkestri üçün Konsert marşı (2007) , Qanun və simfonik orkestri üçün Konsert (2009), Kamança və piano üçün “Kapriççio” (2012), Azərbaycan xalq çalğı alətləri orkestri üçün Rəqs süitası (2012), Kamera simfoniyası (2012), Azərbaycan və Türkiyə xalq musiqisinin xor və orkestr üçün aranjimanı (2002-2005).

Dadaşov Azər İsmayıl oğlu 01.12.1946 Azərbaycan bəstəkarı.

1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsini professor Q.Qarayevin sinfi üzrə bitirmişdir. Əsərləri: Solo fleyta üçün sonata (1990); Xor və simfonik orkestr üçün 9 saylı Simfoniya (1990); Kamera orkestri üçün 2 saylı Konsertino (1991); Nəfəsli orkestr üçün “Azərbaycan marşı” (1991); Zərb alətləri üçün miniatürlər (1991); Hoboy və piano üçün 3 Romans (1991); “İçəri şəhər” – nəfəsli Kvintet (1991); Piano üçün 3 saylı Sonatina (1991); D.Mustafayevin söz. xor və simfonik orkestr üçün “Sülh nəğməsi” Kantatası (1992); Simfonik orkestr üçün 8 saylı Simfoniya /2-ci red./ (1992); Kamera orkestri üçün “Tutti” Süitası (1992); “Balaca Muqun sərgüzəştləri” uşaq operası /V.Qaufun əsəri üzrə/ (1993); a’capella xoru üçün “Şəhriyar” Odası (1993); Piano üçün 4 saylı Sonatina (1993); R.Rövşənin söz. xor və simfonik orkestri üçün “Səhərə inan” lirik poeması (1993); “Ave, Maria” – solist, xor və kamera orkestri üçün Ariya (1994); “Dostumun xatirəsinə” Requiem-poema /L.Vaynşteynə həsr edilib/ (1994); Füzulinin söz. “Aruzilər məzhəri” vokal silsiləsi (1996); Füzulinin söz. “Könül həmdəmi” Qəsidəsi (1996); Skripkaçılar ansamblı, violonçel və piano üçün Kiçik konsert (1996); Nəfəsli orkestr üçün “Mərdlik marşı” (1996); Füzulinin söz. solist və a capella xoru üçün “Heyrət” Kantata-plakatı /M.Füzulinin 500 illiyinə həsr olunub/ (1996);10 simfoniya – (“Katarsis” – simfonik orkestr və səs üçün 10 saylı Simfoniya – 1996, Simfonik orkestr üçün 11 saylı simfoniya /Şuşaya həsr olunub/ 1997); R.Bağırın söz. “Təbiəti qoruyaq!” Ekoloji himni (1998); Nəfəsli orkestr üçün “Zəfər marşı” (1998); Z.Xınalının söz. “Heydər atamız” Təntənəli mahnı (1998); Solo hoboy üçün Capriccio (1998); F.Sadığın söz. “Ana Yurd” – Kantata-apofeoz (1998); Simfonik orkestr üçün “Qələbə sevinci” Təntənəli marşı (1998); Simfonik orkestr üçün Divertisment (1998); Əjdər Olun söz. qiraətçi, xor və simfonik orkestr üçün “Bu Vətən ölə bilməz” – Kantata-and (1999); Piano üçün “Üç badam, bir qoz” Süitası (1999); Azərbaycan və Türk şairlərinin söz. “Ey haqq, yaşa!” – Kantata-epitafiya (2000); Nəfəsli orkestr üçün təntənəli musiqi – “Salam!” (2000), B.Vahabzadənin söz. solist, xor və simfonik orkestr üçün “Ulu Qorqud” Odası (2000); İki soprano və simfonik orkestr üçün “Bahar duası” Ariyası (2000); “Lətifələr” – xalq çalgı alətləri orkestri üçün 3 saylı Süita (2001); “Atmacalar” – piano üçün 6 konsert-pyes (2001); M.Cavidlinin söz. uşaq xoru üçün “Yeni Azərbaycan” Marşı (2001); B.Vahabzadə və T.Fikrətin söz. uşaq xoru üçün “Birlik andı” (2001). Azərbaycanın əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, “Humay” milli mükafatı laureatı, bir çox respublika və ümumittifaq müşabiqələr qalibidir. Roma Papası II İoann Pavelin xüsusi medalı ilə təltif edilmişdir.

Dadaşova Elnarə Rəhimağa Qizi ( 25.06.1952 ) Bəstəkar

1952-ci il iyunun 25-də anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bəstəkar kimi 1975-ci ildə (professor Q.Qarayevin sinfi) bitirmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1977), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2007), Dosent (2008), Sənətşünaslıq üzrə fəlsəfə doktoru (2010), Professor (2011). Əsərləri: Fleyta və piano üçün “Muğamsayağı” (2002), “Ata” soprano və piano üçün Romans (söz. – R.Rza. 2003), Simli orkestr üçün “Xoral” (2004), Orqan üçün “Segah üstündə fantaziya” (2006), “Deyingən bədqılıq”, “Ağlağan”, “Zarafatçı” fortepiano üzrə tədrisin III sinif şagirdləri üçün 3 pyes (2008), Piano üçün 15 fuqa (2010), Azərbaycan Dövlət Pedaqoji İuniversitetinin Himni ikisəsli xor və Azərbaycan xalq çalğı alətləri ansamblı üçün (söz.- R.Rza. 2011), Milli nəfəsli alətlər və piano üçün Kvintet (2011), Piano üçün 4 fuqa (2011), Səs, 2 piano və zərb alətləri üçün Ariya (2012), “Sayalı” baleti (2012), S.Tağıyevanın, M.Babayevanın sözlərinə mahnılar (2003-2005). Azərbaycanın əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorudur.

Ələsgərov Süleyman Əyyub oğlu (1924 – 2000)

Bəstəkar, dirijor, pedaqoq, ictimai xadim, xalq artisti (1974), professor (1976). 1948-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsini professor B.Zeydmanın sinfi üzrə bitirmişdir. Ü.Hacıbəyov adına respublika mükafatı laureatı (1967). ADK-nı bitirmişdir (1948). Müxtəlif illərdə ADMM-nin direktoru, AzTR X.Ç.A. orkestrinin dirijoru, Musiqili Komediya Teatrının direktoru və baş dirijoru olmuşdur. 1956 ildən ADK-da çalışmış, xalq çalğı alətləri orkestri üzrə dirijor kadrlar yetişdirmişdir. 11 operettanın (“Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, Hımişəxanım”, “Hərənin öz ulduzu” və s.), opera (“Bahardır və Sona”, “Solğun çiçəklər”) , kantata, simfoniyalar, simfonik poemaların, o, cümlədən, “Bayatı-Şiraz” simfonik muğamının (1950) müəllifidir. Azərbaycan xalq çalğı alətləri orkestr üçün əsərlər – “Cəngi”, “Lirik pyeslər”, “Sözsüz mahnı”lar, “Vətənimdir”, “Yada düşdü”, “Sərvi-xuramanım mənim” romanslar, tar və orkestri üçün konsert bəstələmişdir. Musiqili Komediya Teatrının direktoru və baş dirijoru, Bakı Musiqi Akademiyasında “Xalq çalğı alətləri” kafedrasının müdiri və professoru olmuşdur. Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Prezident təqaüdçüsüdür.

Әliverdibәyov Nazim Ağalar oğlu (1926—1985) Bəstəkar.

Hacıbəylinin dayısı oğludur. 1952-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsini (professor Cəcıyevin sinfi) bitirmişdir. Hacıbəylinin “Әsli vә Kәrәm” vә “Leyli vә Mәcnun” operalarını yenidәn orkestrlәşdirmişdir. Hacıbəylinin nәşr edilmiş “Leyli vә Mәcnun” (1983) vә “Koroğlu” (1985) operalarının partituralarının redaktoru olmuşdur.Əsərləri: uşaqlar üçün “Cırtdan” hağıl-operası, “Nazxanım naz edir” musiqili komediyası, “Muğam” xoreoqrafik lövhələri, 2 balet süitası, “Mingəçevir” simfonik poeması, xalq çalğı alətləri orkestri üçün “İçəro şəhər” musiqi lövhələri, silsilə romanslar, kamera-instrumental və xor əsərləri, “Bayatı-Şiraz” muğamının a capella xoru üçün işləməsi, teatr tamaşalarına və kinofilmlərə yazılmış musiqi. 1951—85-ci illәrdә Bulbul adına orta ixtisas musiqi mәktәbindә (1964—85-ci illәrdә direktor) vә Azərbaycan Dövlət Konservatoriyasında dәrs demişdir.

Əliyeva Gülarə Əziz qızı (1933 – 1991)

Bəstəkar Əliyeva Gülarə Əziz qızı 17 noyabr 1933-cü ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində, eləcə də Ə.Dadaşov adına xalq çalğı alətləri ansamblında çalışmışdır. 1966-cı ildən özünün təşkil etdiyi “Dan ulduzu” instrumental ansamblının rəhbəri idi. Eyni adlı muğamlar əsasında “Şüştər” rapsodiyası, “Humayun” süitası, “Bayatı-kürd”, “Şur” fantaziyalarının müəllifidir; ansambl üçün bir sıra xalq mahnısını aranjiman etmişdir. Ansambl ilə Əlcəzair, Suriya, Livan, Anqola,İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindistan, Finlandiya və s. xarici ölkələrdə çıxış etmişdir. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmiş, 1966-1988 illərdə musiqi nəzəriyyəsi kafedrasının müdiri olmuşdur. “Dan ulduzu” ansamblına onun adı verilmişdir. 1991-ci ildə həyat yoldaşı, kulturoloq Adil Adilovu, Moskva klinikasına müalicəyə yola salarkən kiçik qızı Nuridə və “Dan ulduzu” ansamblının istedadlı violonçelisti Minirə ilə birgə balkona çıxır və köhnə balkon uçması nəticəsində həlak olur.

Əlizadə Firəngiz Əliağa qızı ( 28.05.1947 )

Bəstəkar, musiqişünas və pianoçu 1947-ci il mayın 28-də anadan olub. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını iki ixtisas – 1970-ci ildə piano (professor U. Xəlilovun) və 1972-ci ildə bəstəkarlıq üzrə (professor Q.Qarayevin sinfi) bitirib. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1974), Azərbaycan Lenin komsomolu mükafatı laureatı (1980), “Arnold Schoenberq” Cəmiyyətinin üzvü (ABŞ, Los-Anceles. 1989), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1990), Sənətşünaslıq namizədi (1994), Professor (1998), Azərbaycan Respublikasının Xalq artisti (2000), “Şöhrət” ordeni (2007), UNESCO-nun “Dünya Artisti” (2007), “Uğur” mükafatı (2009), “Zirvə” mükafatı (2011). Əsərləri: “Mərsiyə” violonçel və simfonik orkestr üçün Konsert (2002), “Nağıllar” böyük simfonik orkestr üçün (2002), “Metamorphoses” 12 violonçel üçün (2002), “İthaf” böyük simfonik orkestr üçün (2003), “Sabah” violin, violonçel, bifa (çin aləti) və hazırlanmış royal üçün (2003), “Yanar Dağ” violin və bayan üçün (2003), “Zikr” – “Atlas” orkestri üçün (İ.Nəsiminin sözlərinə. 2004), “İmpromptus” triosu (violin, violonçel, fortepiano, 2004), “İn Search of…” – “Axtarışda” simli kvartet üçün (2005), “Vorgefühl” – “Öncə sezmə” nəfəsli alətlər kvinteti və solo violonçel üçün (2005), “Dəyişmə” kontrabas, tabla və simli kamera orkestri üçün (2005), “İmpromptu-Crossings” hazırlanmış fortepiano (solo), 5 Azərbaycan xalq çalğı alətləri və kamera orkestri üçün (2005), “Oyan!” solo violonçel üçün (2005), “Xəzər” kvintet üçün (simli kvartet və piano. 2006), “Atəş” fleyta, klarnet, violin, violonçel və zərb alətləri üçün (2006), “First words” – “İlk sözlər” soprano, klarnet, fortepiano və maqnit lent yazısı üçün (2006), “Optical İdentity” balet (2007), “Al Kamandjaty” Misteriya (2007), “İntizar” 2 pərdəli opera (2007), “Dastan” solo violin üçün (2007), “Dəniz” hazırlanmış fortepiano, violonçel və kamera orkestri üçün (2008), “Mugflagamenco” xanəndə, flamenko ifaçısı və ansambl üçün (2011), “İmpulse” violin və fortepiano üçün (2012), “Landscape” – “Mənzərə” fortepiano üçün (2012).

Әmirov Fikrәt Mәşәdi Cәmil oğlu (1922—1984) Bәstәkar.

Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini (professor B.Zeydmanın sinfi) bitirmişdir. Azәrbaycan xalq artisti (1958), SSRİ xalq artisti (1965). Azәrbaycan EA m. üzvü (1980). SSRİ (1949, 1980) vә Azәrbaycan (1974) Dövlәt mükafatları laureatı. M. C. Әmirovun oğludur. ADK bitirmişdir (1948). Hacıbəylinin bilavasitә yetirmәsi, xәlәfi vә әnәnәlәrinin davamçısı olan Əmirov Azәrbaycan musiqisini xeyli zәnginlәşdirmiş, onun dünya şöһrәti qazanmasında müһüm rol oynamışdır. “Sevil” operasının (1953), “Ürәkçalanlar” (1944), “Gözün aydın” (1946) musiqili komediyalarının, “Nәsimi dastanı” (1973), “Min bir gecә” (1979), “Nizami” (1984) baletlәrinin müәllifidir. Bu illәrdә Әmirov skripka, fortepiano vә simfonik orkestr üçün ikiqat konsert (1946), fortepiano ilә xalq çalğı alәtlәri orkestri üçün konsert (1947, A. Babayevlә) yazaraq Azәrbaycan musiqisindә simfonik musiqinin әsasını qoyanlardan biri olmuşdur. O, Hacıbəylinin xalq çalğı alәtlәri orkestri üçün fantaziyalarında aşkar etdiyi Qәrb vә milli tembrlәrin qarşılıqlı әlaqә imkanlarını inkişaf etdirmiş, әrәb mövzuları әsasında fortepiano ilә orkestri üçün konsertdә (1956, E. Nәzirova ilә) şәrq musiqi mövzularının simf. musiqidә tәtbiqinin mümkünlüyünü sübuta yetirmişdir. Əmirovun “Nizami” simfoniyası, “Şur”, “Kürd-ovşarı”, “Gülüstan—Bayatı-Şiraz” simfonik muğamları onun yaradıcılığında müһüm mәrһәlә tәşkil edir. O, “Azәrbaycan” süitası, “Simfonik rәqslәr”, “Azәrbaycan qravürlәri”, fp. üçün “12 miniatür”, uşaq pyeslәri, skripka ilә fortepiano üçün sonata, romans, maһnı vә s. әsәrlәr bәstәlәmişdir.

Əzizli Əziz Əkbər oğlu (1933 – 2005)

Bəstəkar Əziz Əzizli 1933-cü il sentyabrın 30-da anadan olub. 1957-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakultəsini (tromba – E.Əfəndiyevin sinfi), 1966-cı ildə isə bəstəkarlıq kafedrasını (professor Q.Qarayevin sinfi) bitirmişdir. Uzun illər A.Zeynallı adına Bakı musiqi texnikumunda çalışmış, Azərbaycan Televiiziyasının estrada-simfonik orkestrinin bədii rəhbəri olmuşdur. Əsərləri: A capella xoru üçün 12 pyes (1991), 4 saylı simli Kvartet (1992), “Nəbi” operası (libretto – S.Rüstəm, F.Mehdiyev, 1993). B.Vahabzadə, N.Xəzri, F.Qoca, Y.Həsənbəy, R.Zəka, H.Ziya, C.Novruz və b. şairlərin sözlərinə yazılmış mahnıların müəllifidir(1990-2001).