24.09.2017

Həmidə Ömərova

Ömərova Həmidə Məmməd qızı — Azərbaycan kino və teatr aktrisası, televiziya aparıcısı, Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006), dosent.

Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda müəllim ailəsində anadan olmuşdur. 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil almışdır. 1979-1993-ci illərdə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, 1992-1993-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışmışdır. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak etmiş, “Azərbaycan kinosunda feminizm”, “ABŞ kinosu: 1895-1945-ci illər”, “Amerika kino tarixi” kitablarını qələmə almışdır. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kinoşünaslıq” kafedrasına rəhbərlik edir. 1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında “Retro” kinozalının aparıcısı, 2002-ci ildən “Kinoştrix” verilişinin ssenari müəllifi olmuşdur.

Şəfiqə (“Qızıl uçurum”), Çinarə (“Anlamaq istəyirəm”), Zümrüd (“Yol əhvalatı”), gəlin (“Vah!”), Zeynəb (“Babamızın babasının babası”), Telli (“Qorxma, mən səninləyəm”), Məleykə (“Üzeyir ömrü”), Afaq (“Nizami”), Şəfiqə (“Musiqi müəllimi”), Tamara (“Burulğan”), Nazlı (“Şirbalanın məhəbbəti”), Nuriyə (“Divlər zindanı”, İran k/s), Nurzad (“Əzablı yollar”), Zivər (“Doğma sahillər”), xan qızı (“Dədə Qorqud oğuznamələri”), Elmira (“Dronqo”) və s. obrazlar yaratmışdır.