07.08.2017

Heykəltaraşlıq

Təsviri sənətin növlərindən biridir. Heykəltəraşlıqda insan və ya hər hansı təsvir obyekt həcmli formada yaradılır. Heykəltəraşlıq əsasən 2 növə ayrılır:  həcmli və ya dairəvi  relyef (barelyef, qorelyef) Heykəlin daha yaxşı alınması üçün əsas plan, işıq müstəvisi, kütlə və həcm böyük rol oynayır. Heykəllərin hazırlanmasında müxtəlif materiallardan istifadə olunur: daş (mərmər, əhəngdaşı, qumdaşı, qranit və s.), taxta, sümük, metal (bürünc, dəmir, tunc və s.), gil, yanmış gil, keramika (terrakota, mayolika, saxsı, çini və s.) gips və digərləri. Ənənəvi materiallarla yanaşı, müasir heykəltəraşlıqda tamamilə fərqli materiallardan da istifadə olunur: şüşədən, buzdan, qardan, kağızdan da heykəl hazırlanır. Heykəltəraşlıq sənətinin ən qədim dövrlərdən bəri üç sahəsi məlumdur: monumental, dekorativ və dəzgah heykəltəraşlığı. Monumental heykəltəraşlıq əsərləri əksər hallarda açıq havada, böyük şəhərlərin meydanlarında, bağlarda və bəzən isə ictimai binaların daxilində qoyulur. İri şəhərlərin meydanlarında mühüm tarixi hadisələrin, siyasi xadimlərin, sərkərdələrin, mütəfəkkirlərin, yazıçıların, xalqın rəğbətini və hörmətini qazanmış şəxsiyyətlərin şərəfinə möhtəşəm heykəltəraşlıq abidələri yüksəlir. Sərgilərdə nümayiş etdirilən 3 ölçülü heykəllər dəzgah heykəltəraşlığı nümunələri sayılır. Heykəltəraşlığın ən ibtidai forması – daşdan hazırlanan fiqurlardır. Orta əsrlərə aid edilən, Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış daş insan fiqurları heykəltəraşlığımızın daha təkmilləşmiş nümunəsi hesab edilir. Bayıl qəsrindəki daş oyma nümunələri (XIII əsr), məzarlar üzərinə qoyulan at və qoç fiqurlarını (XV-XIX əsrlər) da bu qəbildən saymaq olar. Heykəltəraşlıq sənətinin ən məşhur nümunələri arasında XIII əsrdə Bakı limanında tikilmiş Şirvanşahlar sarayını, "Bayıl qəsri", yaxud "Səbayıl" adlanan memarlıq abidəsini göstərmək olar. Azərbaycanın professional heykəltəraşlığı XX əsrin əvvəlində formalaşaraq inkişaf etmişdir. Daha dəqiq, milli heykəltəraşlığımızın əsas inkişafı 1930-1940- cı illərə təsadüf edir. Cəlal Qaryağdı, Fuad Əbdürrəhmanov, Pyotr Sabsay, Mirəli Mirqasımov , Tokay Məmmədov, Ömər Eldarovun adı ilə bağlı olmuşdur. Fuad Əbdürrəhmanov hələ otuzuncu illərdə yaratdığı obrazlarda monumental formalara üstünlük verirdi. Firdovsinin Şahnamə poemasındakı surətlərdən biri “Ox atan gənc” fiquru buna gözəl nümunə ola bilər. Fuad Əbdürrəhmanovun “Nizami” abidəsi xüsusilə diqqət çəkəndir. Cəlal Qaryağdının yaradıcılığında “Xosrov və Şirin” poemasının motivləri əsasında “Fərhad dağı yarır” qorelyefini xüsusi qeyd etmək lazımdır. Azərbaycan monumental heykəltəraşlığının sonrakı inkişafı 1950-1960- cı illərə təsadüf edir. Bu dövr heykəltəraşlar arasında T.Məmmədov , Ö.Eldarov , M.Mirqasımovla yanaşı E.Hüseynova, E.Şamilov və başqalarının adını qeyd etmək olar. T.Məmmədovun Ö.Eldarovla birlikdə 1963-cü ildə işlədiyi Məhəmməd Füzulinin abidəsi Azərbaycan heykəltəraşlığının böyük nailiyyəti sayılır. Bu illərdə yaradılmış maraqlı monumental heykəltəraşlıq sənətinin nümunələri sırasına İ.Zeynalovun “Şah İsmayıl Xətai” , A.Əsgərovun “Akademik Y.Məmmədəliyev” abidələrini aid etmək olar. Azərbaycan heykəltəraşları monumental janrla yanaşı, portret janrı sahəsində də yüksək nailiyyətlər əldə etmişlər. Ö.Eldarovun , T.Məmmədovun , M.Mirqasımovun, F.Nəcəfovun, A.Əsgərovun bu sahədə adını qeyd etmək olar. Ö.Eldarovun ağacdan yonulmuş “Səttar Bəhlulzadə”,“Şairə Natəvan”, T.Məmmədovun “Nizami Gəncəvi” , “Səməd Vurğun” portretləri nümunə göstərmək olar . Azərbaycan heykəltəraşları 1970-1990- cı illərdə müxtəlif materiallardan düzəldilmiş kiçik plastika sahəsində xeyli nailiyyətlər əldə etmişlər. Bu janrda yaradılmış əsərlər üzərində A.Əsgərova , N.Əliyev , N.Dadaşov, X.Əhmədov çox fəal yaradıcılıq işləri aparmışlar. Müasir dövr Azərbaycan heykəltəraşlığı XX əsr heykəltəraşlıq ənənələrindən bəhrələnərək yeni formalar axtarışındadır.