17.09.2017

İsa Hüseynov

İsa Mustafa oğlu Hüseynov (Muğanna) (12 iyun 1928, Muğanlı, Ağstafa rayonu, Azərbaycan SSR – 1 aprel 2014, Bakı, Azərbaycan) — Azərbaycanın görkəmli yazıçısı, ssenarist və kinoredaktor, “Nəsimi” mükafatının ilk laureatı (2012).

Həyatı

İsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), “Literaturnıy Azerbaydjan” qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında[3] baş redaktor (1964-1968)[4], redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.

Yaradıcılığı

1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın “Anadil oxuyan yerdə” yazısı ilk dəfə 1949-cu ildə “İnqilab və Mədəniyyət” qəzetində çap edilib[5]. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında (“26 Bakı Komissarı”, “Nəsimi”, “Ulduzlar sönmür” və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. “26 Bakı Komissarı” filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır.