24.09.2017

İzzət Oruczadə

İzzət Mirzəağa qızı Oruczadə (Orucova) (16 sentyabr, 1909, Bakı — 22 aprel, 1983, Bakı) — Azərbaycanlı kimyaçı alim, Azərbaycanın ilk milli kinoaktrisası, Azərbaycan Milli Elmlər Akademiyasının Akademiki (1972), texnika elmləri doktoru (1962), Azərbaycan Əməkdar Elm və Texnika Xadimi (1964). İzzət Oruczadə V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda işləmiş (1932-1959), həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunun laboratoriya müdiri (1959-1967), Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1967-1971), Aşqarlar Kimyası İnstitutunda motor yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri (1971-1983) olmuşdur. Əsas tədqiqatları sürtkü yağlarının istehsalının artırılmasına və keyfiyyətinin yüksəldilməsinə aiddir. Orucova neft yağlarının yeni çeşidlərinin alınma texnologiyasının işlənib hazırlanmasında, selektiv təmizləmə və parafinsizləşdirmə proseslərinin təkmilləşdirilməsində, alkil-fenol və sulfonat tipli yeni aşqar növlərinin istehsalında, AzNİİ-5, AzNİİ-7, AzNİİ-8u, SB-3, SK-3, BFK və s. markalı aşqarların hazırlanması və sənayedə tətbiqində yaxından iştirak etmişdir. Yüksək ixtisaslı kadrlar hazırlanmasında xidməti vardır. Orucova həmçinin ilk Azərbaycan kino aktrisalarındandır. O, “Sevil” və “Almaz” filmlərində baş rollarda çəkilmiş, azadlığa çıxan Azərbaycan qadınının lirik, canlı obrazını yaratmağa müvəffəq olmuşdur. Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, «Şərəf nişanı» ordenləri və bir sıra medallarla təltif edilmişdir. İzzət Orucova “Sevil” filminin çəkilişlərində Cəfər Cabbarlının rejissorluq fəaliyyətini xatirələrində belə təsvir edir: “Cəfər çox tələbkar idi. Bəyənmədiyi kadrların dəfələrlə yenidən çəkilməsini israr edərdi. Məsələn, Sevilin çarşabını başından atması epizodu bir neçə dəfə təkrarən çəkildi, amma bu səhnə yenə də Cəfərin xoşuna gəlmədi. O, hər dəfə əllərini bir-birinə vurub deyərdi: – Yox, İzzət, olmadı. Çarşabı başından atmağın çox süni çıxır. Əsərin kuliminasiya nöqtəsi də elə buradır. Sən çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət və qəzəb oyatsın. Nəhayət, “Sevil” filminin çəkilişi tamamlandı. Film ekranlara buraxıldı. Həmin gün anamı da kinoya baxmağa aparmışdım. Qohumlarımın çoxu da tamaşaya gəlmişdilər. Hamının biletini C.Cabbarlı özü almışdı. Həmin gün çoxlu azərbaycanlı qadın öz çarşabını həmişəlik olaraq tulladı. O gün çarşabını atanlardan biri də mənim anam idi”. Bundan sonra Cəfər eyni adlı əsəri əsasında “Almaz” filminin ssenarisini yazır. O, əvvəlki filmlərdə rejissorluq sahəsində lazımi təcrübə topladığı üçün böyük həvəs və ruh yüksəkliyi ilə “Almaz”a quruluş verməyi öz öhdəsinə götürür, rejissor ssenarisini yazır. O, yaradıcı qrupu özü komplektləşdirir. Aktyorlar arasında rolları bölüşdürür. Almaz roluna bundan əvvəl “Sevil” filmində çəkilmiş İzzət Orucovanı təsdiq edir.

İzzət Oruczadə 1935-ci ildə qonşuluğunda yaşayan Mövsüm İsmayılzadə ilə ailə həyatı qurmuşdu. Lakin 1937-ci ildə Mövsüm İsmayılzadəni “xalq düşməni” damğası altında həbs edirlər. Əvvəldən həbs olunacağını hiss edən ər dərhal İzzət xanımdan ayrılır. Bununla da İzzət Oruczadə və onların körpə oğlu Yılmaz sürgün təhlükəsindən xilas olur.