22.08.2017

Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğu

Lahıc – özündə 1500 illik tarixini bu günə kimi qoruyub saxlamış Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Lahıc Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında, dəniz səviyyəsindən 1505 m hündürlükdə qərar tutmuş özünəməxsus tarixi şəhərsalma mədəniyyəti, əhalinin sənətkarlığı və adət-ənənələri ilə məşhur olan orta əsr Şirvan qəsəbəsidir. XVIII-XIX əsrlərdə Lahıc Qafqazın ən iri sənətkarlıq mərkəzlərindən biri olub. Burada 40-dan çox sənət növü: misgərlik, dulusçuluq, dabbağlıq, dəmirçilik, zərgərlik, xalçaçılıq, silah istehsalı kimi sənət növləri xüsusi inkişaf etmişdir. Lahıc – Azərbaycan tarixində mühüm rol oynayan tarixi hadisələrin mərkəzidir. Azərbaycan tarixində Lahıc qəsəbəsinin xüsusi yer tutduğunu dəfələrlə vurğulayan ümummilli lider Heydər Əliyev XIX əsrin 80-ci illərində Gürdiman çayı üzərində körpü tikdirmiş və qəsəbənin abidələrinin qorunmasının təmin edilməsi ilə bağlı tapşırıqlar vermişdir. 1981-ci ildə qəsəbəsinin tarixən formalaşmış hissəsi qoruq elan edilmişdir. Qoruğun ərazisində 100-dək XVIII-XIX əsrlərə aid məscidlər, hamamlar, yaşayış evləri, körpülər, sənətkarlıq emalatxanaları, digər tikililər, 40 qədər yazılı daş kitabələr və baş daşları mövcuddur. Qəsəbə xüsusi memarlıq quruluşu ilə də diqqəti cəlb edir. Yaşayış evləri eyni üslubdadır. Kənd evləri dağ kəndləri üçün səciyyəvi olan çay daşından və çiy kərpicdən tikilir.