24.09.2017

Leyla Şıxlinskaya

Leyla Fərrux qızı Şıxlinskaya — Azərbaycan kino aktrisası, baletmeysteri, xoreoqrafı və pedaqoqu, Azərbaycanın xalq artisti, sənətşünaslıq elmləri doktoru, SSRİ Kinematoqrafçılar İttifaqının üzvü, 1990—1992-ci illərdə “Dyagilev-balet” truppasının baletmeysteri, “biznes-woman”. 12 iyun 1947-ci ildə Moskvada anadan olmuşdur. Leyla Şıxlinskaya balet məktəbini, daha sonra GİTİS-in teatrşünaslıq fakültəsini bitirmişdir. “Arşın mal alan” filmində (1965) Gülçöhrənin yadda qalan obrazını yaratmışdır. Pedaqoq və xoreoqraf kimi SSRİ-nin gimnastika üzrə olimpiya yığmaları ilə işləyib. Uzun illər Moskvada Böyük Teatrın xoreoqrafiya məktəbində müəllimlik edib. Leyla Şıxlinskaya həm də Azərbaycanın xoreoqrafiyası və balet sənətinin tarixi və inkişafı mövzusunda 100-dən çox elmi məqalənin müəllifidir. 1992-ci ildən Moskvada özünün təşkil etdiyi “Şeyla” eksperimental balet yaradıcılıq mərkəzinin bədii rəhbəridir. Leyla Şıxlinskayanın həyatı incəsənətlə bağlı olsa da, ailəsində həkimlər çoxluq təşkil edib. Bu əhatədə keçən uşaqlıq illəri 1999-cu ildə onu Leyla Şıxlinskayanın Klinikasını yaratmağa məcbur etmişdir və bu tibb ocağı Azərbaycanda ilk şəxsi klinikalardan biri olmuşdur. 1987-ci ildə sənətşünaslıq elmləri namizədi, daha sonra isə sənətşünaslıq elmləri doktoru elmi dərəcələrinə layiq görülmüşdür. 1993-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına, daha sonra isə xalq artisti fəxri adına layiq görülmüşdür.