04.08.2017

Maestro Niyazinin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir

2 avqust 2017-cı il tarixində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət Mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı, Maestro Niyazinin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova Maestro Niyazinin yaradıcılığı, Azərbaycan musiqi mədəniyyətində əvəzsiz xidmətlərindən danışmış, “Niyazi yaradıcılığında kino musiqisi” mövzusunda çıxış etmişdir. Tədbirdə Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın ifasında Niyazinin əsərlərindən ibarət musiqi proqramı təqdim edilmişdir. Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış, Niyazinin həyat və yaradıcılığını əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur. Sonda Azərbaycan Milli Kino Günü münasibətilə Niyazinin bəstəkarı olduğu “Fətəli xan” filmi nümayiş olunmuşdur.