17.08.2017

Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyi

N.Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyinin əsası 1924-cü ildə qoyulmuşdur. Bina iki mərtəbədən ibarətdir. Ümumilikdə 18 salonu və 3 köməkçi otağı var. İlk illər muzey 2 şöbədən ibarət olmuşdur:

– Diyarşünaslıq şöbəsi

– Kənd təsərrüfatı şöbəsi

Həmin dövrdə muzeyin 500-dən çox eksponatı vardı. 1927-ci ildə Xanlarda mənşəcə alman olan Yakob Hümmel arxeloji qazıntılar aparmışdır. O, tapılmış eksponatların bir hissəsini Xanlar diyarşünaslıq muzeyinə təhvil vermiş, digər bir hissəsini isə öz vətəninə göndərməyə nail olmuşdur. 1961-ci ildə Xanlar və Gəncə muzeyləri birləşdirilmişdir. 1954-cü ildə N.Gəncəvi adına Ölkəşünaslıq muzeyi Əzizbəyov 260 ünvanına köçürülmüşdür. Həmin vaxtlar muzey 7 böyük zaldan ibarət olmuş və 3 şöbəyə bölünmüşdü:

– Təbiətşünaslıq şöbəsi

– İnqilabaqədərki dövr şöbəsi

– Sovet dövrü şöbəsi

Gəncə Tarix-Diyarşünaslıq muzeyi 1972-ci ildə indi yerləşdiyi binaya köçürülmüşdür. Bu bina Cavad xanın nəticəsi İsmayıl xan və Adil xan Ziyadxanovların şəxsi mülkü olub. Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq muzeyi də xalqımızın zəngin tarixini, mədəniyyətini, incəsənətini özündə cəmləşdirən, onu gələcək nəsillər üçün qoruyub saxlayan, sərgiləyən ən etibarlı mənbələrdən biridir. Muzeydə şəhər sakinlərinin və qonaqların maarifləndirilməsi məqsədi ilə mütamadi olaraq əlamətdar günlərə həsr olunmuş tədbirlər, tematik ekskursiyalar və açıq qapı günləri keçirilir.