21.08.2017

Nizami Gəncəvinin Məqbərə Kompleksi

Dünya ədəbiyyatı korifeyi, Azərbaycanın, eləcə də Yaxın və Orta Şərqin ədəbi-bədii təfəkkürünün inkişafında misilsiz rol oynamış İlyas Yusif oğlu Nizami Gəncəvi 1141-ci ildə Gəncədə anadan olmuş, özünün məşhur «Xəmsə» -ni burada yaratmış, 1209-cu ildə  Gəncədə vəfat etmişdir. О, azadlıq, sərbəstlik, müstəqillik və demokratiya idealarının yaradıcısı və carçısı kimi məşhurlaşmışdır. Vəfatından sonra N.Gəncəvi ata-baba yurdunda dəfn edilmiş və məzarı üzərində türbə tikilmişdir.İlk türbənin tikintisi  ХIII-ХIV əsrlərə aid edilir. 1947-ci ildə Vakutinin layihəsi əsasında şairin qəbri üzərində yeni məqbərə ucaldılmışdır. 1990-91- ci illərdə Ümummilli lider Heydər Əliyevin müvafiq qərarı ilə məqbərə Nizami Gəncəvinin 850 illik yubileyi ərəfəsində yenidən qurulmuşdur. Azərbaycanın əməkdar memarı F.İmamverdiyevin layihəsi əsasında ucaldılmış məqbərə Azərbaycan XII əsr memarlıq üslubunda tikilmiş monumental bir əsərdir. 1995-ci ildə Nizami Gəncəvi Məqbərəsi Kompleksinin təşkil olunması haqqında Gəncə Şəhər İcra Hakimiyyətinin müvafiq Sərəncamı imzalanmışdır. Məqbərə kompleksinə türbə, şairin «Xəmsə»-nə daxil olan əsərlərdən bəhs edən heykəltəraşlıq kompozisiyası, süni göl, beş buta, beş çarhovuzdan ibarətdir. Azərbaycan Prezidenti Heydər Əliyev dəfələrlə məqbərəni ziyarət etmişdir. O, 24 may 2000-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin Məqbərəsini ziyarət edərək “Nizaminin məqbərəsini qorumaq bizim müqəddəs vəzifəmizdir.Onun yazdığı əsərlər bütün dünyada məşhurdur. Təsəvvür edin, 850 il bundan öncə bu qədər böyük əsərlər yaratmaq!.. Bu əsərlər təkcə şeirdən ibarət deyildir, onların hər birində böyük elm var, böyük fəlsəfə, dahi fikirlər var. Buna görə onun əsərləri də yaşayır, özü də yaşayır,”- söyləmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu öndərin siyasətini davam etdirərək Nizami Gəncəvinin 870 illik yubileyi ərəfəsində Məqbərə Kompleksində genişmiqyaslı təmir, bərpa və abadlıq işlərinin aparılması haqqında sərəncam imzalamışdır.