22.08.2017

«Pir Hüseyn Xanəgahı» Tarix-Memarlıq Qoruğu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 22 yanvar 2004-cü il tarixli 19 №-li əmri ilə yaradılmışdır. «Pir-Hüseyn Xanəgahı» – Azərbaycan xalqının memarlıq incilərindən biridir. Azərbaycan Respublikasının ölkə əhəmiyyətli abidəsi olan Pir-Hüseyn Xanəgahı qədim Bakı-Salyan ticarət karvan yolu üzərində tikilmişdir. Xanəgah ХI əsrin məşhur Böyük Şirvan Şeyxi Pir Hüseyn Rəvananın (Şirvani) adı ilə bağlıdır. Pir Hüseyn Yaxın Şərqdə Baba Kuhi adı ilə tanınan böyük sufi şairi və filosofu Məhəmməd Bakuvinin kiçik qardaşı olmuşdur. Şeyx Pir Hüseyn adıyla şöhrət tapmış Əl-Hüseyn ibn Əli xanəgah kitabələrində əzəmətli,görkəmli pir,sufilikdə üçüncü dərəcəyə çatmış,müqəddəslərin görkəmlisi,ruhani işləri ilə məşğul olan, imam kimi ləqəb və sifət dərəcələri ilə qeyd edilmişdir ki,bu da onun əsrinin ən nüfuzlu şəxsiyyəti olduğunu göstərir. Pir-Hüseyn görkəmli alim,filosof kimi Azərbaycanda elmi-fəlsəfi fikir tarixində,islam-fəlsəfi dünyagörüşünün formalaşdırılmasında mühüm rol oynamışdır. Şirvanşahlar I Fəribürz , onun atası Sallar və babası Yəzid ibn Əhmədin hakimiyyəti zamanında yaşamış və 467-ci hicri Pir-Hüseyn Şirvani (1074/1075) ildə öz böyük qardaşı Məhəmməd Bakuvidən 25 il sonra,  tam qocalıq dövründə vəfat etmişdir.Hündür bürclü divarlarla əhatə edilmiş xanəgah kompleksinin memarlıq abidələri orta əsr əzəmətini bu günə kimi saxlamışdır.Abidələrin üzərindəki ХIII-ХV əsrlərə aid Daş kitabələr indiyə qədər qalmaqdadır.Xanəgah kompleksinə orta əsr Şirvan-Abşeron memarlığının ən nadir əsərlərindən sayılan türbə,məscid,karvansara və yardımçı tikililər daxildir.Xanəgah abidələri kompleksi Pir-Hüseynin məzarı ətrafında yerləşirdi.Xanəgahın ləyaqətli qiyməti şərqşünas-alim, professor V.A.Kraçkovskaya tərəfindən verilmişdir: «Dünyada Pir-Hüseyn türbəsinin kaşı bəzəkləri ilə ancaq Məşhəddəki İmam Rza məqbərəsi rəqabət edə bilər». 2007-ci ildə «Pir-Hüseyn Xanəgahı» da aparılan geniş təmir-bərpa işləri aparılmışdır.