22.08.2017

“Qəbələ” Dövlət Tarix Bədii Qoruğu

Qafqaz Albaniyası – e.ə. IV əsrdən eramızın II-III əsrlərinədək mövcud olmuş Şimali Azərbaycanda yerləşən qədim dövlətlərindən biridir. Antik dövrdə Albaniya Şərqin qüdrətli dövlətlərindən olub, öz inkişafının ən yüksək mərhələsinə qalxa bilmişdir. Onun 26 iri şəhəri, çoxlu şəhər və kənd tipli yaşayış məntəqələri, xalqın özünə məxsus sənət sahələri, geniş təsərrüfat həyatı və zəngin çoxsahəli məişət mədəniyyəti olmuşdur.

Qafqaz Albaniyasının paytaxtı Qədim Qəbələ şəhərinin xarabalığı Qəbələ rayonu Çuxur Qəbələ kəndindən şərqdə, Qaraçay (Qəbələ çayı) ilə Govurlu çayı arasındakı yüksəklikdə və qonşu ərazilərdə yerləşir. Şəhər ölkənin siyasi, iqtisadi, dini və mədəni mərkəzinə çevrilmişdir. Ərazinin şimal hissəsini Səlbir, cənub tərəfi isə Qala adlandırırlar. Möhtəşəm qala divarları ilə əhatə olunmuş, Səlbir və Qala sahələri Qəbələ şəhərinin iç qalasını təşkil etmişdir.  Digər sahələr isə şəhərin qala divarlarının bayır tərəfində yerləşən hissələrindən ibarətdir. 1959-cu ildə Qəbələ şəhəri xarabalığından 3-4 km cənub- şərqdə, yerli əhali tərəfindən  Çaqqallı talası adlanan ərazidə qədim Qəbələnin üçüncü hissəsi, daha sonralar Kamaltəpə və Bayır şəhər hissələri, sənətkarlar məhəlləsi aşkar edilmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq qədim Qəbələ şəhəri ərazisində geniş miqyaslı elmi-tədqiqat və arxeoloji qazıntı işlərinə başlanılmışdır. Qədim Qəbələ şəhəri haqqında  əldə olunmuş bütün qiymətli məlumatlar da məhz həmin vaxta təsadüf edir. Qədim Qəbələ şəhərinin qalıqlarının yerləşdiyi ərazi 1976-cı ildə Heydər Əliyevin rəhbərliyi dövründə dövlət qoruğu elan edilmişdir.