18.08.2017

Quba rayon Tarix-diyarşünaslıq muzeyi

XX əsrin I yarısında Azərbaycanda təşkil olunan muzeylərdən biri də Quba tarix muzeyidir. İlk muzey 1924-cü ildə “Cami” məscidinin mədrəsəsində Quba ziyalılarının təşəbbüsü ilə yaradılmışdır. Xalq Maarif Komissarlığının 14 may 1935-ci il əmri ilə Çələbizadə Əhməd Əbdürrəhman oğlu Quba tarix muzeyinə müdir təyin olunur. 1937-ci ildə Əhməd Əfəndi repressiya qurbanı olur, muzey bağlanır. 1943-cü ildə Quba ictimaiyyəti tarix muzeyinin açılması ilə bağlı Mərkəzi Komitəyə məktubla müraciət edir. Azərbaycan SSRİ Xalq Komissarları Sovetinin 04.21.1943-cü il tarixli əmri ilə Qubada muzeyin yaranması haqqında qərar qəbul edilir. Muzey 1944-cü ilin avqust ayında görkəmli alim və mütəfəkkir, şair A.A.Bakıxanovun yaşadığı indiki Ərdəbil küçəsi 93 saylı binada fəaliyyətə başlayır. XIX əsrin əvvəllərində tikilən bu bina Azərbaycan SSRİ Nazirlər Sovetinin 14 may 1981-ci il nömrə 225 saylı qərarı ilə tarixi abidə kimi qeydə alınmışdır. 1943-1958- ci illər Azərbaycan Elmlər Akademiyasının baza muzeyi kimi, 1958-1965- ci illər ictimai əsaslarla, 1965-ci ildən Azərbaycan Mədəniyyət Nazirliyinin tabeçiliyində fəaliyyət göstərir. Muzeyin əsas və köməkçi fondunda on mindən (10 000) çox eksponat qorunub saxlanılır. Uzun illər istifadə olunan muzeyin son 4 zalı qəzalı vəziyyətdə olduğu üçün 05.05.2010-cu il tarixdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzey ekspozisiyası tamaşaçılar üçün bağlanmışdır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2012-ci ildə Quba şəhərində “Nizami” adına parkın ərazisində yeni, müasir standartlara uyğun muzey binasının tikintisinə başlandı. 2014-cü ildə binanın inşası tam başa çatdırılmış, ekspozisiyalarda tərtibat işləri aparılmışdır. Binanın ümumi sahəsi 1620 kv.m. 1 zirzəmi 3 mərtəbədən ibarətdir.

Zirzəmi: – 3 fond otağı, 1 yeməkxana, 1 təsərrüfat otağı, 1 təsərrüfat anbarı, 1 nasosxana

I mərtəbə: – Mühafizə otağı, asılqan, kütləvi-maarif şöbəsi, 3 xidməti otaq, 1 fond otağı, 1 tədris otağı.

II mərtəbə: – Direktor otağı, qəbul otağı, istirahət otağı, 5 ekspozisiya zalı

III mərtəbə: – 1 konfrans zalı, 1 xidməti otaq, 4 ekspozisiya zalı

II mərtəbənin ekspozisiya zallarındakı məlumatlar: – 1-ci zal: Qubanın təbiəti, muzey haqqında informasiya, Quba haqqında informasiya, müxtəlif ov səhnələri, ibtidai insanların məişətini əks etdirən əşyalar – 2-ci zal: Qədim Qubanın təsviri, Musa peyğəmbər və Həzrət baba rəvayətinin təsviri, Ağbil türbəsinin maketi – 3-cü zal: Arxeoloji qazıntılar zamanı tapılan saxsı əşyalar, qədim silah növləri – 4-cü zal: Xan divanın təsviri, Fətəli xanın portreti, qədim silah növləri, orta əsrlərə aid döyüşçü geyimi – 5-ci zal: Etnoqrafiya bölməsi – XVIII-XIX əsrlərdə yaşayış tərzi, XIX əsr qadın geyimi, Quba xalq sənətkarlığı nümünələri (duluzçuluq, misgərlik, xalçaçılıq) III mərtəbənin ekspozisiya zallarındakı məlumatlar: – 1-ci zal: 1937-ci il represiya qurbanları (Quba), ilk muzey direktoru haqqında, Qubalı ziyalılar bölməsi, müharibə veteranları bölməsi, ilk qubalı ziyalı qadınlar haqqında – 2-ci zal: A.A.Bakıxanov haqqında guşə, incəsənət bölməsi – 3-cü zal: Gildən, misdən hazırlanmış məişət əşyalarının nümayişi, planetin 100 il əmək fəaliyyəti olan xalçaçı Zibeydə Şeydayeva haqqında məlumat və s. – 4-cü zal: Quba xalçalarının nümayişi, qadın geyimi XIX əsr, nümizmatika, gümüşdən hazırlanmış bəzək əşyaları Muzeyin nəzdində iki filial muzey fəaliyyət göstərir:

– Amsar kəndində yerləşən A.A.Bakıxanovun memorial-ev muzeyi

– Quba şəhərində yerləşən “Şəhidlər” muzeyi