07.08.2017

Rəngkarlıq

Təsviri sənətin sahələrindən biri olan rəngkarlıq sənəti yağlı boya texnikası ilə inkişaf etmişdir. Yağlı boya texnikası hələ qədim zamanlardan taxta heykəltəraşlığının boyalama prosesi ilə bağlıdır. Müasir dövrdə də bu texnikanın çiçəklənməsi və inkişafı ümumi incəsənətə böyük təsir göstərmişdir. Rəngkarlıq sənətini 4 növə ayırmaq olar :
1 monumental rəngkarlıq
2 dekorativ rəngkarlıq
3 dəzgah rəngkarlığı
4 teatr-dekor rəngkarlığı.
Azərbaycan təsviri sənətində rəngkarlıq müxtəlif dövrləri əhatə edən inkişaf yolu keçmişdir. Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən bu günümüzə çatan Qobustan qaya təsvirləri, Gəmiqaya təsvirləri mühüm əhəmiyyətə malikdir. XVI-XVII əsrlərdə təsvir sənətin ən geniş yayılmış , yüksək inkişaf etmiş növünü kitab miniatürü təşkili edirdi. Əgər XIV əsrdə miniatür sənəti bədii üslub xüsusiyyətlərinə görə monumental divar boyakarlığının təsiri altında inkişaf edirdi (Demot Şahnaməsi), indi isə əksinə, kitab miniatürü təsviri və dekorativ sənətlərin bütün növlərinə təsir göstərir, incəsənətdə vahid bədii üslubun, ifadə vasitələrinin yaranması və inkişafında rol oynayırdı. XVI əsrdə Təbriz miniatür məktəbinin keçdiyi inkişaf, bədii üslubun formalaşması ilk növbədə həmin dövrün görkəmli rəssamları Sultan Məhəmmədin və Mir Müsəvvir , Mir Seyid Əli , Müzəffər Əli kimi sənətkarların yaradıcılığı ilə bağlı olmuşdur. Sultan Məhəmmədin əsərləri “Şahnamə”də , Hafizin divanı və Şah Təhmasib üçün hazırlanmış Nizami Gəncəvinin “Xəmsə”sinin məşhur əlyazma nüsxəsində toplanmışdır. XIX əsr Azərbaycanın təsviri sənətində realist meyillərin inkişafı M.Q.İrəvani, M.M.Nəvvab, X.Natəvan kimi rəssamların yaradıcılığında əksini tapmışdır. Bu dövrün realist rəssamlarının yaradıcılığının əsas xüsusiyyətlərini müşahidəçilik, ifadəlilik, konkretlik təşkil edirdi. Həmin rəssamlar yaradıcılıqlarında təbiəti, insanı, real əşyaları təsvir edirdilər. Mirzə Qədim İrəvani öz dövrünün məşhur rəssamı, naqqaşı, bəzək ustası kimi 100-dən artıq əsər yaratmışdır. Mir Möhsün Nəvvab Qarabağlının sulu boya ilə çəkdiyi “Teymurləngin portreti”, “Çiçəklər”, “Quşlar” kimi rəsm əsərləri onu realist rəssam kimi tanıtmışdır. Xurşudbanu Natəvanın bizə gəlib çatmış albomunda əl ilə çəkilmiş rəsmlər real həyata həsr olunmuşdur. Bu seriyada “Dağlara yol” , “Məscidli qala” , “Dəniz kənarı” əsərləri olduqca maraqlıdır. Azərbaycan çağdaş rəngkarlığının ilk addımları 20-ci illərin ortalarına təsadüf edir. Salam Salamzadə, Qəzənfər Xalıqov, Ələkbər Rzaquluyev öz tabloları ilə milli özünəməxsusluğu ilə seçilən sənət yaratmışlar . Tarixi və portret janrları Tağı Tağıyevin, Sadıq Şərifzadənin, Həsən Haqverdiyevin “Ə.Əzimzadə” nin portret əsərləri arasında xüsusi yer tutur. İkinci dünya müharibəsi dövründə Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə , Sadiq Şərifzadə , Səttar Bəhlulzadə , Salam Salamzadə , Oqtay Sadıqzadə, Baba Əliyev , Kamil Xanlarov kimi rəssamlar öz tablo və portretlərində Cavanşirin, Babəkin , Koroğlunun surətlərini canlandırır. Müharibədən sonrakı dövrdə Azərbaycan rəngkarlığının fərqləndirici xüsusiyyəti müasirliyə nüfuz edilməsindən, hərtərəfli inkişafından ibarətdir. Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Səttar Bəhlulzadə, Rasim Babayev , Asəf Cəfərov , Nadir Əbdürrəhmanov, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Tahir Salahov, Qəyyur Yunus, Fərman Qulamov, Xalidə Səfərova, Əşrəf Muradov, Vəcihə Səmədova, Cavad Mircavadov, Elibəy Rzaquluyev və.s kimi rəssamların adını çəkmək olar.