23.08.2017

Rəssamlar

Rəssamlar – rənglərdən istifadə etsə də, lakin öz hissləri ilə əsərlər yaradan insanlardır.

Abbas Kazımov 

Kazımov Abbas Ələsgər oğlu 1 yanvar 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1978-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsini, 1984-cü ildə Lenin adına Azərbaycan Pedaqoji İnstitunun bədii qrafika fakültəsini bitirmişdir. Abbas Kazımov 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 2011-ci ildən Rusiya Rəssamlıq Akademiyasının, YUNESKO nəzdində Beynəlxalq rəssamlar federasiyasının üzvüdür. Abbas Kazımov rəngkarlıqda “xalça üslubu”-nun yaradıcısı hesab olunur. Bu üslub özündə şərq və klassik incəsənət və mədəniyyət məktəbinin xüsusiyyətlərini birləşdirir. Onun “Pirosmaniyə həsr edilir” silsilə qrafik əsərlər, “Qırmızı və Qara”, “Nağıl”, “Qarabağ atları” silsilə rəngkarlıq əsərlərini qeyd etmək olar. Yaltada Yumoristlər xiyabanında Arkadi Аrкаnоvun jileti və Mixail Jvanetskinin portfelinə abidələr Abbas Kazımovun eskizləri üzrə yaradılmışdır. Rəssam respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Onun fərdi sərgiləri Moskva, Vaşinqton və Kannda təşkil olunmuşdur.

 

 

Abdulla Ələkbərov

Ələkbərov Abdulla Abasqulu oğlu 2 iyun 1936-cı ildə Bakıda anadan olmuşdur. O, 1959-cu ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini,1967-cı ildə Lvov Poliqrafiya İnstitutunu bitirmişdir. Abdulla Ələkbərov 1972-cı ildən Azərbaycan Rəssamlar İttifaqının, 1981-ci ildən Jurnalistlər Birliyinin üzvüdür. O, 1964-cü ildən “Maarif” Nəşriyyatında baş rəssam kimi fəaliyyət göstərmişdi. Abdulla Ələkbərov Heydər Əliyev və İlham Əliyevə həsr olunmuş bir çox kitaba bədii tərtibat vermişdir. Bunlardan “Heydər Əliyev dünyanın gözü ilə”, “Böyük ömrün anları”, “Heydər Əliyev və Azərbaycan dili”, “Vədinə sadiq prezident”, “Böyük yolun davamçısı”, “Sülh və sabitlik prezidenti” və s. kitabları qeyd etmək olar. O, dərslik və kitab nəşrinə görə 1987-ci ildə XTNS-nın bürünc medalı, “Nailiyyət” Jurnalist mükafatı, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza albom-kitablarına verdiyi bədii tərtibata görə “Səməd Vurğun-90” fəxri diplomuna (1996), 1998-ci ildə “Qızıl qələm-kamil sənətkar” mükafatı laureatı, Azərbaycan Respublikası Sərhəd Qoşunları 85-illik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev sərhəd xidmətinin yaradıcısıdır” diplom və mükafatlara layiq görülmüşdür. Rəssam 2005-ci ildə Moskvada keçirilmiş MDB ölkələri “Kitab sənəti” II Beynəlxalq müsabiqəsində qalib gəlmiş “Qarabağ” kitabının da bədii tərtibatçı-rəssamı olmuşdur. Abdulla Ələkbərov 1969-cu ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Rəssamın əsərləri, Moskva, Gürcüstan, Çində, Türkiyə, Özbəkistan və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Abdulla Əmiraslanov

Əmiraslanov Abdulla İslam oğlu 13 avqust 1950-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1971-ci ildə Əzim Əzimzadə adına Bakı Dövlət rəssamlıq Məktəbini, 1981-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirmişdir. Abdulla Əmiraslanov 1986-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun 1993-cü ildə Bakıda fərdi yaradıcılıq sərgisi açılmışdır. Rəssam 1971-ci ildən bu günə kimi beynəlxalq və respublika sərgilərində iştirak edib və diplomlara layiq görülmüşdür. Abdulla Əmiraslanov 1973-cü ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.Rəssam beynəlxalq qrup sərgilərin fəal iştirakçısıdır. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Abdulla Məmmədov

Məmmədov Abdulla Əliheydər oğlu 26 oktyabr 1963-cü ildə Lerik rayonunda anadan olmuşdur. O, 1965-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra, 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Abdulla Məmmədov 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın əsərləri, Rusiyada,İranda,Türkiyədə nümayiş edilmiş, Xalçaları bir çox muzeylərdə saxlanılır. Dekorativ Tətbiqi sənət sahəsi üzrə fəaliyyət göstərən rəssam respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Adil Həsənov

Həsənov Adil Şamil oğlu 8 noyabr 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1986-1990- ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində,1992- 1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dekorativ-Tətbiqi Sənət fakültəsində təhsil almışdır. Rəssam təsviri sənətin rəngkarlıq sahəsində natürmort və mənzərə janrlarında əsərlər yaratmışdır. Adil Həsənov 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, Beynəlxalq qrup sərgilərində, “28 may”, “20 yanvar”, “Novruz” adlı sərgilərdə iştirak etmişdir. Əsərləri ölkəmizlə yanaşı Moskva, Gürcüstan, Almaniya və Türkiyədə nümayiş etdirilir.

 

 

Adil Quliyev

Adil Quliyev 1935-ci ildə anadan olmuşdur. O, M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu təhsil almışdır. Adil Quliyev karikatura, kitab illüstrasiyası və teatr rəssamlığı sahəsində çalışmışdır. Rəssam 1952-1990- cı illərə qədər “Kirpi” jurnalı ilə əməkdaşlıq etmiş, 1980-ci ildən jurnalın bədii redaktoru vəzifəsində fəaliyyət göstərmişdi. Eyni zamanda satirik plakat sahəsində işləmişdir. Adil Quliyev respublikada və xaricdə keçirilən sərgilərin iştirakçısı və mükafatçısıdır. Öz mövzu seçiminin orijinallığı ilə son dərəcə peşəkar ifadəsi ilə seçilən karikaturaçı rəssamdır. Karikaturaçı rəssam 2001-cı ildə “Şeytan” satira və yumor jurnalını təsis etmişdir.

 

 

Adil Şıxəliyev

Şıxəliyev Adil Həmdulla oğlu 12 aprel 1946-ci ildə Quba şəhərində anadan olmuşdur. O, 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. Adil Şıxəliyev 1981-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, beynəlxalq dekorativ tətbiqi sənət simpoziumların, beynəlxalq qrup sərgilərin iştirakçısıdır. Rəssam “Fəryad”, “Odlar yurdu”, “Səhər nəğməsi” qobelenlərin müəllifidir. Adil Şıxəliyevin əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya,Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. O, respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Adil Yusifov

Yusifov Adil Dursun oğlu 24 yanvar 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1992-ci ildə Respublika İncəsənət Gimnaziyasını, 1996-cı ildə Əzim Əzimzadə adına rəssamlıq Kolecini, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəngkarlıq fakültəsində təhsilini bitirmişdi. Adil Yusifov 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam 1996-cı ildən bu günə kimi bir çox beynəlxalq, qrup sərgilərin, simpoziumların iştirakçısıdır.

 

 

Afaq Hüseynova

Hüseynova Afaq Böyük-Ağa qızı 1955-ci ildə Bakıda anadan olmuşdur. O, 1973-ci ildə Azərbaycan Dövlət Xoreoqrafiya məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət Universtetini dekorativ-təbiqi sənət fakültəsini bitirmişdir. Afaq Hüseynova 1980-1985- ci illərdə Azərbaycan Bədii Fondunun rəssamı, 1985-1991- ci illər Azkonsertin solisti kimi fəaliyyət göstərmişdir. O, 1991-2003- ci illərdə Azərbaycan muzey sərvətlərinin və əşyalarının bərpası mərkəzinin elmi işçisi olmuşdur. Rəssam 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun elmi işçisidir. Rəssam 1999-cu ildən “Yaradıcı Qadınlar Assosiasiyası”nın prezidentidir. Keramika rəssamı 1976-cı ildən – Azərbaycan və beynəlxalq sərgilərdə iştirak etmiş və əsərləri Almaniya, Portuqaliya, Monqoliya, Amerika, Türkiyə, Fransa, Danimarkada nümayiş etdirilib. O, 1998-1999- cu illər – Sabirabad rayonu çadır şəhərciyində qaçqın uşaqların folklor seksiyasının bədii rəhbəri olmuşdur (Norvergin Refuqee Council). Afaq Hüseynova 1988-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. Afaq Hüseynova 1976-2000- ci illərdə respublika və Ümümdünya sərgilərdə fəal iştirak etmişdi. (Almaniya, Portuqaliya, Türkiyə və.s). Onun əl işləri xarici ölkələrin şəxsi kolleksiya və Dövlət muzeylərində saxlanır.

 

 

Ağa Dadaş Qasımov

Qasımov Ağa Dadaş Cabbar oğlu 19 iyun 1962-ci ildə Bakıda anadan olmuşdur. O,1980-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq fakultəsini, 1986-ci ildə Tiflis Dövlət Rəssamlıq Akademiyasının qrafika fakültəsinin plakat ixtisasını bitirmişdir. Ağa Dadaş Qasımov qrafika rəssamı kimi fəaliyyət göstərmişdir.Yaradıcılıq fəaliyyətinə əsasən 1988-ci ildən başlamış, mütəmadi olaraq Respublika və xarici ölkələrdə keçirilən sərgilərin fəal iştirakçısı olan A. Qasımov, dəfələrlə diplom və mükafatlara layiq görülmüşdür. O, 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1988-ci ildən Respublika və Beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Rəssamın əsərləri, ABŞ, Fransa , Almaniya, Avstriya , Türkiyə , Litva , İran və Azərbaycanda nümayiş edilib. Ağa Dadaş Qasımov 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim işləyir.

 

 

Ağa Mehdiyev

Ağa Cəfər oğlu Mehdiyev 1920-ci ildə İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur.1938-ci ildə Azərbaycan Rəssamlıq Texnikumunu bitirmişdir. Təhsilini bitirdikdən sonra bir çox respublika və ümumittifaq sərgilərində müntəzəm şəkildə iştirak etmişdir. Ağa Mehdiyev dəzgah rəssamlığının bütün janrlarında səmərəli işlər yerinə yetirmişdir. Rəssamın “Savadlılar ailəsi”, “Köhnə neft mədənlərində”, “Qudok” qəzeti redaksiyasında”, “Qatır Məmmədin dəstəsi”, “Balaca çoban” kimi əsərlərində həyatı, xalqın yaşam tərzi ustalıqla təsvir olunmuşdur. Öz dəst-xətti və yaradıcılıq üslubuna malik rəssam kompozisiya quruluşunda əlavə detallardan imtina edir, əksər hallarda qəhrəmanlarını, əşyaları açıq təbiət fonunda təsvir edirdi. Ağa Mehdiyev, kolorit həllində daha çox parlaq rənglərə üstünlük vermişdir. Onun bilərəkdən perspektiv və kolorit həllindən imtinası və eləcə də əyri, dalğalı xətlərlə işləmə xüsusiyyətləri qədim miniatür sənətindən qaynaqlanır. Rəssamın süjetli tabloları yüksək bədii və estetik gücə malikdir. Süjetli tablolarindan “İntizar”(1975), “Xalq bayramı”(1976), “Günəşli gün” (1976), “Eyvanda”(1977), “Yaylaqda”(1977), “Laçın qadınları”(1979), “Qaçaq Nəbi və Həcər”(1988), “Ailə”(1989) və başqalarını qeyd etmək olar. A.Mehdiyev eyni zamanda bir çox portret janrında da, əsərlər yaratmışdır. “Laçın qız”(1980), “Qız surəti”(1980), “Çobanın portreti”(1982), “İki ay”(1984), “Kamança çalan”(1984), “Qoca qadın”(1984), “Dağlı qadın”(1985) və.s portret əsərləri buna əyani misldır. Rəssamın mənzərə janrlı əsərləri lirik, emosional ovqatlı, konkret və lakonik həlli ilə diqqəti özünə cəlb edir. Mənzərələrin əsasını bir qayda olaraq real müşahidələr təşkil edir. Onun mənzərə əsərlərindən “Qayıqlar” (1966), “Bürkü” (1977), “Qızmar gün” (1977), “Keçid” (1978), “Abşeron” (1979), “Dağlarda” (1980), “Günorta. Lahıc” (1982), “Yağışdan sonra” (1985), “Payız” (1989) və s. qeyd etmək olar. “Qəhvədanla natürmort” (1984), “Natürmort palitra ilə” (1984), “Natürmort” (1985) əsərləri isə maraqlı natürmort nümunələridir. Ağa Mehdiyev Türkiyəyə səfərində “İstanbul duman içində” (1960), “Boston yağışdan sonra” (1960), “Axşama doğru. İstanbul” (1961) və başqa əsərlər yaratmışdır. Bu səfərin parlaq təəssüratı onun “Türkiyə səfəri” (1962) adlı fərdi sərgisində, eləcə də “Xarici ölkələr Azərbaycan rəssamlarının gözü ilə” (1964) adlı sərgidə nümayiş etdirilmişdir. Ağa Mehdiyevin əsərləri Almaniya, Macarıstan, Rumıniya, Bolqarıstan, İtaliya, İsveç, Avstriya, Kanada, Fransa, Yaponiya, Polşa, İspaniya, Türkiyə, Rusiya, ABŞ, Misir, İraq və digər ölkələrdə tamaşaçılara təqdim olunmuşdur. 1944-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilmişdir.1988-ci ildə Azərbaycan SSRİ “Əməkdar rəssamı” fəxri adına, 2002-ci ildə Azərbaycan “Xalq rəssamı” adına layiq görülmüşdür. Ağa Cəfər oğlu Mehdiyev 15 may 2003-cü ildə vəfat etmişdir.

 

 

Ağa Saleh Nuriyev

Nuriyev Ağa Saleh Məmmədhüseyn oğlu 28 mart 1940-cı ildə Bakıda anadan olmuşdur. O, 1957-1962- ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, 1964-1973- cü illərdə Kiyev Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır. Ağa Saleh Nuriyev 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun əsərləri Gürcüstan, Moskva, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. Rəssam 1977-ci ildən respublika və beynəlxalq sərgilərin iştirakçısıdır. Ağa Saleh Nuriyev 2006-cı ildə Azərbaycan Əməkdar rəssamı adına layiq görülmüşdür.

 

 

Ağaəli İbrahimov

İbrahimov Ağaəli Müsəllim oğlu 1946-cı il Bakıda anadan olmuşdur. O, 1960- 1966-cı illər Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində,1969-1974- cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda rəssamlıq fakültəsində rəssam konstruktor ixtisasında təhsil almışdır. Ağaəli İbrahimov 1975-1981- ci illər ərzində Azərbaycan Bədii Fondunun İstehsalat Yaradıcılıq Kombinatında rəssam vəzifəsində işləmişdir. O, 1981- 1984-cü illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunda Rəssamlıq fakültəsində pedaqoji fəaliyyət göstərmişdir. Rəssam 1973-cü ildən ümumi respublika və beynəlxalq sərgilərdə iştirak etmiş, əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya və digər ölkələrdə nümayiş etdirilir. Ağaəli İbrahimov “Sona bülbüllər”, ”Novruz”, “Toy”, “Nar dənələri”, “Yaşıl ağac” , “Mənim məbədim” kimi əsərlərinin müəllifidir. Ağaəli İbrahimov 1976-ci ildən Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvüdür və katib vəzifəsində çalışır . Ağaəli İbrahimov 2002-ci ildə Əməkdar İncəsənət xadimi, 2006-cı ildə Xalq rəssamı adına layiq görülmüşdür. Rəssamın 2011-ci ildə fərdi sərgisi təşkil olunmuşdur. Ağaəli İbrahimov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin”Rəssamlıq” fakültəsinin “Təsviri sənət” kafedrasının professorudur.

 

 

Ağalar Abdullayev

Ağalar Bəhmən oğlu Abdullayev 23 mart 1923-ci ildə Bakı şəhərində anadan olmuşdur. Rəssamlıq təhsilini Bakı Rəssamlıq Məktəbində (1947) və V.İ.Surikov Moskva Dövlət Rəssamlıq İnstitutunda (1953) almışdır. Bədii yaradıcılıq fəaliyyətinə 1945-ci ildə keçirilmiş Respublika sərgisində nümayiş olunan “Qəhrəmanın həyatı” adlı əsəri ilə başlamışdır. Onun əsərlərindən “Oğul ilə görüş” (1952), “İstirahətin ilk səhəri” (1954), “Görüş” (1955) və s. qeyd etmək olar. 1953-cü ildə yaratdığı “İstirahət” əsəri mövzu və süjet xətinə görə tamaşaçı diqqətini özünə cəlb etmişdir. 1955-ci ildə yaratdığı “İzahat” əsərini rəssam kənd gənclərinin həyatına həsr etmişdir. 1957-ci ildə Bakıda və Moskvada keçirilən oktyabr inqilabının 40 illiyinə həsr olunmuş sərgilərdə A.Abdullayevin “Çobanın ailəsi” və “Dağ kolxozunda” əsərləri nümayiş olunmuşdur. 1958-ci ildə rəssam gənc fəhlələrin həyatından bəhs edən əsərlərin yaratmağa başlamışdır. Bu dövrdə yaratdığı əsərlər Moskvada keçirilən Azərbaycan incəsənəti və ədəbiyyatının ongünlüyündə nümayiş etdirilmişdir. Rəssamın “Abşeron. Axşam”, “Buzovna”, “Çayçılar”, “Darvaza”, “Eyvanda”, “Sübh çağı”, “Üzümçülər” adlı əsərləri sadə insanların məişətini, əməyini və həyatını əks etdirir, lirik və romantik əhval-ruhiyyəsi ilə seçilir. Bundan əlavə “Kapitan Hacımuradın portreti”, “Kənd müəllimi X.Axundovanın portreti”, “Lənkəranlı qadın”, “Sağıcı M.Nəbiyevanın portreti” kimi portret əsərləri rəssamın bu janrda yaratdığı əsərlərindəndir. Rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, şəxsi koleksiyalarda qorunub saxlanılır. Ağalar Abdullayev 19 yanvar 2000-ci ildə vəfat etmişdir.

 

 

Akif Kazımov

Kazımov Akif Davud oğlu 6 mart 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1981-ci ildə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun bitirmişdir. Akif Kazımov 1982-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam 1991-ci ildən N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunda rəngkarlıq kafedrasında baş müəllim işləmişdir. O, 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq kafedrasının dosentidir. Rəssamın 1991 və 1998-ci illərdə iki fərdi yaradıcılıq sərgisi keçirilmişdir. O, Beynəlxalq Byennal, simpoziumlarda, beynəlxalq qrup sərgilərinin iştirakçısıdır. Akif Kazımov əsərləri, Moskva, Gürcüstan, Almaniya, Bolqarıstanda, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Altay Hacıyev

Hacıyev Altay Əmir oğlu 1931-ci ildə Bakıda anadan olmuşdur. O, 1951-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə, daha sonra Kiyev Rəsssamlıq İnstitutunun qrafika fakültəsinə qəbul olmuş və 1959-cu ildə təhsilini başa çatdırmışdır. Rəssamın diplom işinin mövzusu Azərbaycan inqilabi hərəkat tarixindən götürülmüş linoqravuralar seriyasından ibarətdir. Altay Hacıyevin 1961-ci ildə Ümumittifaq sərgisində “Bakı” seriyasından olan rəngli linoqravurlər silsiləsinə aid olan “V.İ.Lenin adına meydanda”, “Vertolyot stansiyasında”, “Bürkülü Gündə” əsərləri nümayiş etdirilmişdir. Rəssamın 1963- cü ildə digər linoqravurlər seriyasından olan “Xəzər” silsləsi “Müasirlərimiz” adlı sərgidə nümayiş olunmuşdur. Dörd qravürdən ibarət olan bu seriyada rəssam dəniz neftçilərinin qəhrəmanlığını tərənnüm etmişdir. Rəssamın “Küləyə qarşı”, “Sahildən uzaqlarda”, “Dənizin vüqarı” kimi qravürləri dəfələrlə xarici sərgilərdə nümayiş etdirilmişdir. O, “Xəzər” seriyasından sonra çoxrəngli linoqravürə müraciət etmiş və beş tablodan ibarət “Səma sakitdir” silsiləsini yaratmışdır. Bu silsilə Bakıda açılan Respublika sərgisində, sonra isə Moskvada Ümumittifaq sərgisində nümayiş etdirilmişdir. Altay Hacıyevin “Doğma təranələr” seriyasına “Bahar”, “Payız”, “Ceyranlar”, “Mahnı” və s. qravürlər daxil olmuşdur. Onun digər əsərləri sırasına “Bakı neft mədənlərində nümayiş”, “Gəncədə kəndli üsyanı” və s. daxildir. Altay Hacıyevin dəzgah qrafikası əsərləri sırasına bahar bayramı münasibəti ilə kütləvi tirajla miniatürlərini də qeyd etməliyik. Azərbaycan, eləcə də qardaş respublikaların yazıçı və şairlərinin son illərdə nəşr edilmiş bir sıra kitablarının tərtibatı Altay Hacıyevindir. O, E.Mejelaytisin “İnsan”, N.Xəzrinin “Sumqayıt Səhifələri”, Q.Mehdiyevin “Maraqlı əhvalatlar” və s. kitablarına illüstrasiyalar çəkmişdir. Rəssamın “Koroğlu” dastanına işlədiyi illüstrasiyaları rəngli linoqravürlərdən ibarətdir. Altay Hacıyevin R.Məmmədovla birlikdə yaratdığı “Azərbaycan” adlı mozaik panno (1967-ci il) monumental əsərlərdəndir. Rəssamın A.Ağamalarovla birlikdə hazırladığı, üzərində müxtəlif təsvirlər olan mərmər lövhələr metropolitenin “İçəri Şəhər” (“Bakı Soveti”) stansiyasının yeraltı vestibülünü bəzəmişdir. Rəssamın əsərləri sırasına “Sara xatun”, “Uzun Həsən” “Eldəniz Atabəy”, “Möminə xatun”, “Fətali xan Qubalı”, “Natəvan”, “Quşlarla söhbət” kimi tablolar daxildir. Altay Hacıyevin qrafika əsərləri Kanada, Norveç, Hindistan, İran, Suriya, Macarıstan, Çexiya kimi bir sıra xarici ölkələrdə sərgilənmişdir. Altay Haciyevin iştirak etdiyi sərgilərə nümunə kimi 4 qrafik rəssamının birgə sərgisi (Moskva.1978), “Natəvan- Şuşa” sərgisi (Bakı.1991), “Füzuli Dünyası – 500” sərgisi (Bakı.1995), “Azərbaycan ulduzları” sərgisi (Bakı. 2001), Yubiley sərgisi (Bakı. 2006), “Şərqdən – Şərqə” bədii sərgisini (Bakı. 2008) qeyd etmək olar. Rəssam 1959-cü ildə Kiyev Dövlət Rəssamlıq İttifaqının üzvü, 1967-ci ildə Azərbaycan Dövlət Mətbuat Komitəsinin baş rəssamı olmuşdur. Altay Hacıyev 1968-ci ildə Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, 1995- ci ildə isə “Füzuli Dünyası – 500” “Humay” mükafatı ilə təltif olunmuşdur. Altay Hacıyev 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar Rəssamı fəxri adına, 2002-ci ildə isə Xalq rəssamı fəxri adına layiq görülmüşdür.

 

 

Altay Sadıqzadə

Sadıqzadə Altay Oqtay oğlu 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. Rəssam 1970-ci ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbində, 1977-ci ildə isə İ.Surikov adına Rəssamlıq İnstitutunda təhsil almışdır. Rəssamın ilk fərdi sərgisi 1988-ci ildə Bakıda, 1993-cü ildə Fransanın Avinyon şəhərində “Palas de Pap” mehmanxanasında ikinci fərdi sərgisi təşkil olunmuşdur. Onun, 1994-cü ildə Fransada, Nitsa şəhərinin “De Oranj” qalereyasında rəssamın əsərləri nümayiş etdirilmişdir. Elə həmin il rəssamın Bakıda, ardınca yenidən Avinyonda fərdi sərgiləri təşkil olunmuşdur. İki ildən sonra isə ABŞ-a dəvət alan A.Sadıqzadənin Florida ştatının “Van Droff” qalereyasında, eləcə də bu ştatın digər şəhərlərində əsərləri nümayiş olunur. Rəssamın əsərləri müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanılır. Altay Sadıqzadənin rəsmləri sırasına “Bakı”, “Gəzinti”, “Axşam portreti”, “Məkanda düşüncə” əsərləri aiddir. Altay Sadıqzadə Bakıda Müasir İncəsənət Muzeyinin memarlıq konsepsiyasının tərtibatının müəllifidir. Altay Sadıqzadənin əsərləri Fransa, Rusiya, İspaniya, İran, Türkiyə, ABŞ, İsrail, Almaniya və Polşada da nümayiş olunmuşdur.

 

 

Arif Qazıyev

Qazıyev Arif Şamil oğlu 2 yanvar 1937-ci ildə İrəvan şəhərində anadan olmuşdur. O, 1965-ci ildə V.İ.Surikov adına Moskva Dövlət rəssamlıq İnstitutunu bitirmişdir. Rəssamın diplom işi 1958-ci ildə işlədiyi “İstirahət” adlı əsəridir. Arif Qazıyev “Babək”, “Atrapat”, “Atatürkün” , “Tarla gözəli” , “XX əsr”, “Haçan qaldıracağam”, “Dəhşət”, “Oyanış”, “Bumeranq”, “Gülüstan” (1980) adlı əsərlərin müəllifidir. Heykəltəraş Azərbaycanın tarixi şəxsiyyətlərinin “Heydər Əliyev”, “Zivərbəy Əhmədbəyovun”, “Məlik Məhərrəmovun”, “Bakı Ceyhan neft kəmərini” portret heykəllərini yaratmışdır. 1965-ci ildən Respublika və beynəlxalq qrup sərgilərin fəal iştirakçısıdır. Arif Qazıyev 1967-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Heykəltəraş 1981-2000- ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetində baş müəllim, 2002-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dosent, 2015-ci ildən professor kimi fəaliyyət göstərir. Arif Qazıyev 2002-ci ildə Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.Rəssamın əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş etdirilib.

 

 

Arif Əbdürəhmanov

Əbdürəhmanov Arif Nadir oğlu 5 aprel 1950-cı ildə Bakıda anadan olmuşdur. O, 1974- cü ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının Teatr-Dekor ixtisası üzrə bitirmişdir. Arif Əbdürəhmanov “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Musiqili Komediya, Gənc tamaşaçılar və Opera və Balet teatrlarında qoyulan tamaşaların quruluşçu rəssamı kimi fəaliyyət göstərmişdir. Arif Əbdürəhmanov İstanbul şəhərindəki Camal Rəşit Bey konsert zalında qoyulan “Arşın mal alan” musiqili komediyasının quruluşçu rəssamı olmuşdur. Rəssam eləcədə V.A. Motsartın “Sehrli fleyta” operasının dekorasiyalarının , M.Zadornovun “Özümə ər almaq istəyirəm” tamaşasına, M.Maqomayevin “Şah İsmayıl” operasının , E.Aslanovun “Mənim dayım” tamaşasının eskizlərinin müəllifidir .Rəssamın əsərləri Türkiyədə, Rusiyada, İranda, Polşada nümayiş olunmuşdur. O, 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Arif Abdürəhmanov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Akademik rəngkarlıq” kafedrasının dosentidir. Arif Abdürəhmanov 2006-cı ildə Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.

 

 

Arif Ağamalov

Ağamalov Arif Məlikağa oğlu 30 may 1928-ci ildə anadan olmuşdur. O, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəsamlıq məktəbini və Moskva tətbiqi və dekorativ instutunu bitirmişdir. Arif Ağamalov 1960-1990- ci illərdə çoxsaylı monumental əsərlər yaratmışdır. Rəssamın əsərindən “Nefçilər” stansiyasında yerləşən mozaik pannolar və “Abşeron” mehmanxanasında olan qızılı-göy mozayik frizlərini qeyd etmək olar. Ağamalov eləcədə mehmanxananın interyerinin, kafenin tərtibatını və jazz mövzununda şamotdan heykəl qabartmalar yaratmışdı. Rəssamın əsasən smaltadan istifadə etməyi sevirdi. İkinci sevimli materiyalı mis olmuşdur. Opera studiyasının (indiki jazz center) fasadındaki relyef kompozisiyasın işləyərkən mis materiyalından geniş istifadə etmişdir. Arif Ağamalov “Aynur” məişət evinin tertibadçısı olmuşdur. Eləcədə Uşaq teatrını bəzəyən monumental əsərlərin (sqrafito üslubunda) müəllifidir. Rəssam (O.Şıxəliyevlə birlikdə) Kirovobad məktəbinin və “Azərbaycan” mexmanxanasının interyer tərtibatında iştrak etmişdir. “Sirk”, “Dastan”, “Rəqs”, “Maska”, “Abşeron bayramı” triptixi rəssamın əsərlərindəndir Arif Ağamalov on ilə yaxın Azərbaycan Rəsm fonduna rəhbərlik etmiş, eləcə də fondun və Bakı şəhərin baş rəssamı olmuşdur. 2007-ci ildə Bakıda “Yeni Gallery”da Arif Ağamalovun xatirəsinə həsr olunmuş sərgi keçirilmişdir. Arif Ağamalov 2006-ci ildə vəfat etmişdir.

 

 

Arif Ələsgərov

Arif Ələsgərov 1930-cu ildə anadan olmuşdur. O, Tbilisi Rəssamlıq məktəbində təhsil almışdır. Arif Ələsgərov 1955-ci ildən dövri mətbuatda öz karikaturaları ilə çıxış etmişdir. Arif Ələsgərovun beynəlxalq aləmdə baş verən hadisələri əks etdirən siyasi karikaturaları “Kommunist”, “Bakı”, “Bakinski raboçi” qəzetlərinin səhifələrində dərc olunmuşdur. Rəssamın “Kirpi” jurnalı ilə əməkdaşlığı onun yaradıcılığında xüsusi yer tutur.

 

 

Arif Əziz

Arif Əzizov Möhübəli oğlu 3 yanvar 1943-cü ildə Bakıda anadan olmuşdur. 1960- 1965-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almış, 1971-ci ildə Moskva Qraf Stroqanov adına İnstitutunun qrafik dizayn fakültəsini bitirmişdir. 1971-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetində pedaqoji fəaliyyətə başlamışdır. Arif Əziz 1973-1975- ci illərdə M.Abdullayevin və Kibrikin emalatxanasında yaradıcılığla məşğul olmuşdur. Yaradıcılığın əvvələrində o, plakatlar, ekslibrislər, loqolar, dizayn eskizləri, uşaq kitabları üçün illüstrasiyalar çəkmişdir. Rəssamın qrafika sahəsindəki əsərlərindən “Bakının əmək qəhramanları” adlanan, 40 ədəd ağ-qara üslubda işləmiş portretlərdən ibarət albomu qeyd etmək olar. Arif Əziz mədəniyyət xadimlərindən Q.Qarayev, F.Əmirov, S.Rüstəm, maestro Niyazi və s. ofort texnikasında portretlər silsiləsini yaratmışdır. Arif Əzizin yaradıcılığının erkən dövrü eləcədə teatr-dekor sənəti ilə bağlıdır. 1974-1975- ci illərdə Moskvada, Andrey Qonçarovun quruluşunda Nikolay Erdmanın “İntiharçı” adlı tragikomediyasına bədii tərtibatını vermişdir. Rəssamın yaradıcılığında önəmli yeri dəzgah rəngkarlığında yerinə yetirdiyi Anşeron mövzusu geniş yer tutur. Arif Əzizin sənətində dekorativizm güclüdür. “Pir”, “Qala kəndı”, “Qobustan”, “İçəri şəhər” tablolarda, bir çox natürmort, mənzərə və tematik əsərlərdə milli ruhda zəngin kolorit ilə seçilir. Arif Əziz iki dəfə 1983 və 1987-ci illərdə Seneqalda olmuş və onun “Seneqal maskaları”, “Oyanma”, “Dakarda məscid”, “Rəqs” və “Seneqal mənzərələri” adlı əsərləri vardır. Arif Əziz yaradıcılığının seçilən əsərlərindən “Həyat Rəmzi”, “Abşeron naxışları”, “Yuxu”, “Göy cisimləri”, “Karvan”, “Qələ”, “Mulen Ruj”(silsilə) adlarını qeyd etmək olar. Arif Əzizin əsərləri Moskva, Bakı, Şri lanka, Hindistan, Seneqal, Almaniya, İran, Finlandiya, Fransa, Türkiyə və bir çox ölkələrdə sərgilənmişdir. Rəssam ekslibris sərgisi “Beinale” (1982. Pribaltika), “Beinale” (1985. Gürcüstan), “İnsan və şəhər” (2006 İstanbulda) müsabiqələrində uğurla iştrak etmişdir. Arif Əziz Azərbaycanda Türkiyə mədəniyyət günləri (2008), “Central House of Artists” (2011. Moskva), Bakı Müasir İncəsənət Muzeyində “Yeni era” (2014) qrup sərgilərində iştirak etmişdir. Rəssamın RTR qalereyasında (2013. Paris), “Danamik und Symbolik” (2015. Almaniya), “Ruhun rəqsi” (2015), “Spirituelle Komposition” (2015) fərdi sərgiləri keçirilmişdir. Arif Əziz İstanbulda Beykent Universitetində (2004-2008) professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetində (2008-2011) kafedra müdüri işləmişdir. 2003-cü ildə Arif Əzizin 60 illiyi münasibəti ilə onun həyat və yaradıcılıq fəaliyyətini əks etdirən “Şəxsiyyətın və sənətin nuru” kitabı çap olunmuşdur. O, 2010-ci ildə Yuneskonun dünya rəssamlar akademiyasının akademiki olmuşdur.

 

 

Arif Hüseynov

Hüseynov Arif Şahbaz oğlu 1943-cü ildə Bakının Qala kəndində anadan olmuşdur. 1960-62- ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində orta ixtisas, 1965-72- ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil almışdır. Uzun illər dəzgah və kitab qrafikası ilə məşğul olmuşdur. Rəssamın illüstrasiyalarında xalqımızın uzaq-yaxın tarixini, memarlıq abidələrini, adət- ənənələri əks olunur. Arif Hüseynov gənc yaşlarından başlayaraq miniatür üslubunda rəsmlər çəkməklə zəngin yaradıcılıq yolu keçmişdir. “Ağ atlı oğlan”, “Aşıq”, “Nərd oyunu”, “Ayda səyahət”, “Azərbaycan muğamı”, “Xalçaçı”, “Su satan”, “Novruz bayramı” silsiləsindən “Kəndirbazlar”, “Od çərşənbəsi”, “Yumurta döyüşü”, “Azərbaycan nağılları” silsiləsindən “Nar qız”, “Tapdığın nağılı”, “Azərbaycan xalçası” kimi əsərləri canlı koloriti, özünməxsus üslub və milliliyi ilə seçilir. Azərbaycan xalq folklorunu və milli irsini tərənnüm edən bu əsərlər olduqca maraqlı və diqqət çəkəndir. Arif Hüseynov Azərbaycan ədəbiyyatı klassiklərindən Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir, Hüseyn Cavidin obrazlarına müraciyyət edərək dəzgah qrafikasında gözəl portret nümunələri yaratmışdır. 1984-cü ildən başlayaraq Bakıda və ölkədən xaricdə bir çox fərdi sərgisi olmuşdur. Buna misal olaraq “100 illüstrasiya”, “Azərbaycan Nağılı”, M.Ə.Sabirin “Hophopnamə”sini göstərmək olar. 1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı, 2006-cı ildə Azərbaycanın xalq rəssamı adına layiq görülmüşdür. 2013-cü ildə 70 illik yubileyi ilə əlaqədar qrafika əsrələrindən ibarət “Azərbaycan nağılı” adlı fərdi sərgisi təşkil olunmuşdur.

 

 

Arif Mərdanov

Mərdanov Arif Həsən oğlu 22 oktyabr 1944-cü ildə Bakıda anadan olmuşdur. O, 1967-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini, 1973-cü ildə M.A Əliyev adına İncəsənət İnsitutunun rəsamlıq fakültəsini bitirmişdir. Arif Mərdanov 1981-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın “Miniatur mərkəzində” (2000) fərdi yaradıcılıq sərgisi keçirilmişdir. O, beynəlxalq simpoziumlarda, beynəlxalq qrup sərgilərin iştirakçısıdır. Arif Mərdanovun əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslovakiya, Türkiyə, İran, Avstriya və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Arzu İbrahimova

İbrahimova Arzu Torqud qızı 27 may 1967-ci ildə Bakıda anadan olmuşdur. O, 1982-1986- cı illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, 1986-1991- ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Rəssamın əsərlərindən “Dörd fəsil” qobelen, “Tənha ev” mini qobelen, “Bayram əhval ruhiyyəsi” batikasını qeyd etmək olar. Arzu İbrahimova 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, beynəlxalq qrup sərgilərində yaratdığı bədii batik, qobelen, xalça əsərləri ilə iştirak edir. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Asəf Cəfərov

Asəf Əli İskəndər oğlu Cəfərov 1927-ci ildə Bakıda, İçərişəhərdə anadan olmuşdur. 1945-1950- ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində ilk rəssamlıq təhsilini almış, 1951-1957- ci illərdə B.İ Surikov adına Rəssamlıq İnstitutunda ali təhsilini davam etdirmişdir. 1957-ci ildə İnstitut tərəfindən Hindistan va Pakistana yaradıcılıq ezamiyyətinə göndərilmişdir. “Bilərzik seçimi”(1957) həmin dövrün seçilən işilərindəndir. A.Cəfərov tematik tablo, portret, mənzərə və natürmort janrlarında özünə məxsuz kompozisiya, kolorit və işlənilmə üslubu ilə fərqlənən əsərlər qalereyası yaratmışdır. Rəssamın yaradcılığında milli çalarlar, folklora müraciət və ənənəvi məzmunlu mövzular üstünlük təşkil edir. Rəssam bədii estetik təsir yükünə malik süjetli əsərlər yaratmışdır. Buna misal olaraq “Tarlada”, “Dəniz kənarında”, “Görüş”, “Mənim Azərbaycanım”, “Musiqiçilər” və başqalarını qeyd etmək olar. Asəf Cəfərov həm də bir çox portretlərin muəllifidir. Buna misal olaraq onun “Ə.Vahid”, “V.Mustafazadə”, “S.Bəhlulzadə”, “Arif Məlikov”, “Cəfər Cabbarlı”, “Vəcihə Səmədova”, “Rəşid Behbudov” və s. portretlərini göstərmək olar. Rəssam bölgələrə yaradıcılıq ezamiyyətlərindən sonra maraqlı əsərlər yaradıb.”Bakıda qar”, ”Qaş-Qaş”, ”Xəzər dənizi” adlı mənzərələri fırça ustasının belə əsərlərindəndi. O, həmçinin Abşeron mənzərələri silsiləsi üzərində işləmişdir: “Abşeron”, “Daş hasarlar”, “Maştağa kəndi”, “Abşeronun qızıl qumları”, “Bakıda qış”, “İsti gün”, “Qış”, “Əncir kolu”, “Bahar”, “ Axşam motivi” və s. A.Cəfərov tarixi janra da müraciət etmişdir. Bu sıradan “Nəsimi azad düşüncəlilərin məclisində”, “Oyanış” əsərlərinin adını qeyd edə bilərik. Asəf Cəfərov yaradıcılıq ezamiyyətlərində olduğu xarici ölkələrdə (İtaliya, Avstriya, Almaniyavə s) yeni ruhlu tablolar yaradıb. Rəssam bir çox beynəlxalq sərgilərin iştrakçısı olmuşdur, Avstriyada “Dünya Təsviri Sənət Sərgisi”-də (1980) “Qran Pri” mükafatını qazanmışdır. Rəssam Asəf Cəfərov 2000-ci ildə vəfat etmişdir.

 

 

 

Asim Quliyev

Asim Quliyev Rzaqulu oğlu 9 yanvar 1936-cı ildə Bakıda anadan olmuşdur. O, 1957-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1964-cü ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsini bitirmişdir. 1969-1970- cı illərdə SSRİ Rəssamlıq Akademiyasının yaradıcılıq emalatxanalarında təhsilini davam etdirmişdir. Asim Quliyev 1967-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. Heykəltəraş Beynəlxalq Byennal, Simpoziumlarda qrup sərgilərin iştirakçısıdır. Asim Quliyev (Vaqif Nəzirov birlikdə) 1970-ci ildə “Sülh göyərçini” (Sumqayıt) monumental abidəsini işləmişdi. Həmin əsər Moskvada nümayiş edilmiş və medala layiq görülmüşdür. “İmadəddin Nəsiminin” (Sumqayıt, Nəsimi adına parkda), Vaqif Mustafazadənin və qızı Əzizənin Asim Quliyevin heykəltəraşlıq portretlərindəndir. Asim Quliyevin əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş olunmuşdur. Asim Quliyevin 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adına layiq görülmuşdür

 

 

Aslan Rüstəmov

Rüstəmov Aslan Mahmud oğlu 23 sentyabr 1932-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, Stroqonov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. Aslan Rüstəmov 1962-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Heykəltaraşın iki fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Aslan Rüstəmov Azərbaycanda medal incəsənətinin banilərindən biridir. O, 1979-cu ildə Macarıstanda medal simpoziumunun iştirakçısıdır. Aslan Rüstəmov 1958-ci ildən etibarən Albert Mustafayev və Qorxmaz Sücəddinovla birlikdə “Əjdahanı öldürən Bəhram Gur” fəvvarəsinin layihəsini hazırlamışdır. Heykəltəraş Şamaxıda Seyid Əzim Şirvaninin qranit monumenti, Ulyanovsk və Almaniyada Nəriman Nərimanovun abidəsinin (1977) Bakıda Ukrayna dairəsində yerləşən Heydər Əliyevin abidəsi, Xocalı qurbanlarına ucaldılmış monument, bəstəkar Vasif Adıgözəlovun abidəsinin müəllifidir. Aslan Rüstəmov 1963-cü ildən Beynəlxalq Byennal, simpoziumların, beynəlxalq qrup sərgilərin iştirakçısıdır. Onun əsərləri, Moskva, Gürcüstan, Almaniya, İtaliya, Çexoslavakiya,Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Aydın Rzaquliyev

Rzaquliyev Aydın Ələkbər oğlu 7 iyun 1953-cü ildə Rusiyanın Krasnoyarsk vilayətində anadan olmuşdur. O, 1973-cü ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini,1983-cü ildə M.A.Əliyev adına Dövlət İncəsənət İnstitutunda şüşə və keramika fakültəsini bitirmişdir. Dekorativ tətbiqi sənət rəssamı Aydın Rzaquliyev 1985-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam 1983-cü ildən mütəmadi olaraq sərgilərdə iştirak edir. Aydın Rzaquliyev “İki nəfər”, “Daşda həkk olunmuş Ay” və Azərbaycan nağıllarının qəhrəmanlarına həsr etdiyi keramik fiqurlar müəllifidir. O, Respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Aydın Tağıyev

Tağıyev Aydın Abbasəli oğlu 14 yanvar 1949-cu ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1972-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1981-ci ildə Muxina adına Leninqrad Ali Rəssamlıq məktəbinin monumental rəngkarlıq fakültəsini bitirmişdir. Aydın Tağıyev 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Monumental rəngkarlıq ilə məşğul olan Aydın Tağıyev əsərləri ilə Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda çıxış etmişdir. O, respublika və beynəlxalq qrup sərgilərin fəal iştirakçısıdır.

 

 

Aytən Rzaquliyeva

Rzaquliyeva Aytən Elbəy qızı 26 noyabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1986-cı ildə Əzim Əzimzadə adına Bakı Dövlət Rəssamlıq məktəbini, 1992-ci il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini, 1995-ci ildə Yəhudi Mədəniyyət Mərkəzinin təşkil etdiyi incəsənət üzrə xüsusi kursları bitirmişdir. Aytən Rzaquliyeva 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, hal-hazırda isə “Rəsm və Rəngkarlıq” kafedrasının müdiri vəzifəsində işləyir. Aytən Rzaquliyeva 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1988-cı ildən bu günə kimi Rusiyada, Almaniyada, Gürcüstanda, Türkiyədə, Finlandiyada, Fransada keçirilən Beynəlxalq Byennal, simpoziumlarda beynəlxalq qrup sərgilərin iştirakçısıdır.

 

 

Azad Əliyev

Azad Mikayıl oğlu Əliyev 1956-cı ildə Bakıda anadan olmuşdur.1976-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin heykəltəraşlıq fakültəsini bitirmişdir. 1977-1982- ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dekorativ-tətbiqi sənət” fakültəsinin şüşə və keramika şöbəsində oxumuşdur. 1983-cü ildən görkəmli heykəltəraş, Xalq Rəssamı Ömər Eldarovun rəhbərliyi ilə elmi yaradıcılığa başlamışdır. 1984-cü ildə Azərbaycan Rəssamlar İttifaqına üzv seçilmişdir. Azad Əliyev 650-ə yaxın dəzgah, memorial, portret və monumental heykəltaraşlıq əsərinin, onlarla kiçik həcmli heykəllərin və barelyeflərin müəllifidir. Bu əsərlər Rusiya Polşa, Almaniya, İtaliya, Fransa, Belçika, Avstriya, Hollandiya, İran, Türkiyə və s. ölkələrin muzey və parklarını bəzəyir. 1991-ci ildə Dərbənd şəhərində Azad Əliyevin yaratdığı Nizami Gəncəvinin heykəlinin açılışı olub. Kompozisiya etibarilə orijinal abidədə Nizami obrazı “Xəmsə”sinin surətləri fonunda təsvir olunub. 1995-ci ildə Hollandiyada yaratdığı alman bəstəkarı Lüdviq Van Bethovenin tuncdan olan büstü Almaniya höküməti tərəfindən alınaraq San-Salvador şəhərində ucaldılmışdır. Rəssamın Almaniyada 80-ə yaxın əsəri nümayiş olunub. Dövlət xadimlərinin portretləri silsiləsindən Heydər Əliyev, Azərbaycan prezidenti İlham Əliyev, Nəriman Nərimanov, Fətəli xan Xoyski, Mirzə Fətəli Axundov, Aşıq Ələskər (Tifilis), Haşimi Rəfsəncani (İran), xatirə-memorial abidələrdən Şəmkir rayonundakı “20 yanvar” abidə kompleksi, Aşıq Şəmkir, Əliağa Şıxlinski, Əhməd Cavad, Türkiyə Silahlı Qüvvələrinin zabiti General Zəki Durlank, Xəlil Rza Ulutürkün və digər tanınmış şəxsiyyətlərin qəbrüstü abidələrinin, Xəlil Rza Ulutürkün, Azərbaycan Milli Qəhrəmanı Təbriz Xəlilbəyinin xatirə lövhələrinin, Almaniyanın Motabaur Bələdiyyəsinin sifarişi ilə alman bəstəkarı Feliks Mendelsonun barelyefini yaratmışdır. Bakıdakı Beynəlxalq Muğam Mərkəzində qoyulmuş Xan Şuşinski, Seyid Şuşinski və başqa sənətkarların büstləri də Azad Əliyevin əsərlərindəndir. Heykəltəraş Azad Əliyev həmçinin onlarla barelyefin, qorelyefin, relyefin, plakatın, medalın müəllifidir. Bu əsərlər hazırda həm Azərbaycanda, həm də ölkəmizdən kənarda, muzeylərdə, şəxsi kolleksiyalarda qorunub saxlanılır. Müəllifin hazırda üzərində işlədiyi tamamlanmamış iş şahmatçı, Vüqar Haşımovun obrazıdır. Monumental abidə gənc şahmatçının məzarı üzərində ucalacaqdır. 1993-cü ildə İran Mədəniyyət Mərkəzinin Fərmanı, 2002-ci ildə Qarabağ sement şirkətinin xüsusi mükafatı, 2003-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin “İdman və Olimpizm 2004” müsabiqəsinin milli mərhələsində “Lider” heykəltaraşlıq əsərinə görə həvəsləndirici mükafata layiq görülmüşdü. 2004-cü ildə Azərbaycan Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı və s. mükafatlara layiq görülmüş, yerli və beynəlxalq sərgilərdə iştirak etmişdir.

 

 

Azad Zeynalov

Azad Zeynalov 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1976-1980 ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbinin “Heykəltəraşlıq” fakültəsində təhsil almışdır. O, 1983-1989- cu illərdə M.A.Əliyev adına İncəsənət İnstitutunun “Heykəltəraşlıq” fəkültəsində təhsilini davam etdirmişdir. Azad Zeynalovun diplom işi “Vaqif Mustafazadə” (1989) heykəlidir. Heykəltəraş Azad Zeynalovun yaradıcılığını əsasən monumental və dəzgah heykəltəraşlığı, memorial – xatirə abidələri təşkil edir. O, müxtəlif dövrlərdə General Akim Abbasovun xatirə lövhəsinin, akademik Yusif Məmmədəliyevin yubiley medalının, Ağdaş və Xızı rayonlarındakı ümummilli lider Heydər Əliyevin abidələrinin, Rəsul Rzanın (2007), Xəyyam Mirzəzadənin portreti və digər çoxsaylı əsərlərin müəllifidir. Əsərləri Türkiyə, Rusiya və Almaniya muzey və şəxsi kolleksiyalarında saxlanılır. Azad Zeynalovun yaradıcılığında müstəqillik illərində ərsəyə gətirdiyi “Bəstəkar Xəyyam Mirzəzadə” (2006), “Sevinc” (2010), “Tənha qadın” (2011) və s. əsərlərin müəllifidir. Memorial xatirə sahəsində heykəltəraş Xalq artisti Firəngiz Əhmədovanın və Xalq rəssamı Yusif Hüseynovun qəbirüstü abidəsini düzəltmişdir. Heykəltəraş Azad Zeynalov “Caspian Energy” beynəlxalq mükafatın müəllifidir. Bununla yanaşı, mədəniyyət və incəsənət sahəsində gördüyü işlərə görə “Caspian Energy” beynəlxalq mükafatı heykəltəraşın özünə də təqdim edilmişdir. Heykəltəraş Azad Zeynalov 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzv olmuşdur. O, Rəsul Rza mükafatı laureatıdır. O, 1989-2000- ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. Heykəltəraş 2000-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Heykəltəraşlıq kafedrasında müəllim, sonra isə kafedra müdiri işləmişdir. Hal-hazırda həmin kafedranın professoru və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tədris işləri üzrə prorektor vəzifəsində çalışır.

 

 

Azan Babayev

Azan Babayev Hüseyn oğlu 16 may 1942-cı ildə Bakıda anadan olmuşdur. O, 1962-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsini, 1968-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dekorativ Tətbiqi sənət fakültəsini bitirmişdir. Rəssam yaradıcılıq fəaliyyətini rəngkarlıq, dekorativ tətbiqi sənət, qobelen sahəsində inkişaf etdirmişdir. Azan Babayev 1967-cı ildən yaradıcılıq fəaliyyətinə başlamış və beynəlxalq sərgilərin fəal iştirakçısı olmuşdur. O, 1975-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam SSRİ-nin yaranmasının 50 illiyinə həsr olunmuş Ümumittifaq sərgisinin, respublikamızda, xarici ölkələrdə keçirilən sərgilərin iştirakçısıdır. Azan Babayevin əsərləri Almaniya, Avstriya, Türkiyə və Azərbaycanda nümayiş etdirilmişdir.

 

 

Fuad Bakıxanov

Bakıxanov Fuad Huseyn oğlu 15 sentyabr 1938-ci ildə anadan olmuşdur. 1960 –cı illərdə V.İ Surikov adina Rəssamliq İnstitutunda təhsil almışdır. Fuad Bakıxanovun adı Azərbaycan milli plastika məktəbinin qurulması ilə bağlıdır. Heykəltaraşın yaradıcılığı, qədim şərqin heykəl sənətin mənbələri ilə sıx əlaqədardır. “Sattar Bəhlulzadə” (1972), “Oturan qadın” (1969) kimi əsərlərdə heykəltəraş Azərbaycanın qədim və orta əsr heykəllərinin, daş salnamələrin ruhunu hiss etdirir. Bu əsərlərdə sanki, vaxt dayanıb, gözə görünməyən günəş onları içdən işıqlandırır. Portret heykəllər ustası kimi tanınan Fuad Bakıxanov İ.Nasimi, N.Narimanov, M.Şafi, R.Babayev, T.Narimanbəyovun (1973) obrazlarını yaratmışdır. Gözlənilməz kompozisiya, həcmli formalar obrazların psixoloji problemlərini özündə əks etdirir. Bu qəbildən olan ”Avtoportretlər”i antik ənənələrdə işləmişdir. Fuad Bakıxanovun yaradıcılığında park-landşaft heykəltaraşlığı da önəmli yer tutur. “Qızı Aytəkin haqqında nağıl” (1976), “Qoca və quzu”, “Bağban” (1972) kimi heykəlləri qeyd etmək olar. Heykəltaraş yaradıcılığında əsasən insan və onun mənəvi dünyasını vəsf etmişdir. Fuad Bakıxanov heykəllərini Abşeron qum daşından yaratmağı sevirdi. Onun “Müasir qadın” (1966), “Sülh göyərçini” (1966), ”Qoca-Abşeronlu”, “Çoban” (1968), kompozisiyalardan “Analıq” (1969), “Ailə” (1982) əsərləri respublika və bir çox xarici ölkələrdə sərgilənmişdir. Fuad Bakixanov Rəssamlar İttifaqının üzvü, Azərbaycan SSRİ-in Lenin mükafatı laureatı olub. 6 oktyabr 1987-ci ildə Bakı şəhərində vəfat edib.

 

 

Bayram Qasımxanlı

Qasımxanlı Bayram Əlibəşir oğlu 29 avqust 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1971-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1977-cı ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasının qrafika fakültəsini bitirmişdir. Bayram Qasımxanlı 1973-cü ildən Respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Rəssam 1982-1992- cı ilə kimi M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda pedogoji fəaliyyət göstərmişdir. Bayram Qasımxanlı 1996-cı ildən Azərbaycan Dövlət Memarlıq və İnşaat Universtetinin “Təsviri incəsənət” kafedrasının baş müəllimidir. O, Beynəlxalq Byennal, Simpoziumlarda beynəlxalq qrup sərgilərin iştirakçısıdır. Bayram Qasımxanlı əsərlərindən “Dahi Məhəmmədlər” qrafik silsiləsindən olan Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Füzuli, Məhəmməd Xiyabani, Məhəmməd Hadi, Məhəmmədhüseyn Şəhriyar, Soltan Məhəmməd portretlərini qeyd etmək olar. Onun əsərləri Gürcüstan, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş olunmuşdur. Bayram Qasımxanlı 1980-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun”Azərbaycan eksilibrisi” adlı kitabı 1989-cu ildə dərc olunmuşdur. Türkiyədə, İranda, Polşada, Belqradda keçirilən sərgilərdə uğurla çıxış etmişdir. Bayram Qasımxanlı 2006-cı ildən Azərbaycan “Karikaturaçı Rəssamlar Birliyi”nin və FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.

 

 

Bayram Hacızadə

Hacızadə Bayram Kamal oğlu 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1987-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetinin “Qrafika” şöbəsini bitirmişdir. Bayram Hacızadə 1985-ci ildən dövri mətbuatda karikaturaçı rəssam kimi fəaliyyət göstərir. Rəssam 1986-cı ildən “Kirpi” jurnalı ilə yaxından əməkdaşlıq edir. O, 1999-cu ildən Jurnalistlər Birliyinin üzvüdür. Bu birlik tərəfindən mətbuatda səmərəli fəaliyyətinə görə “Zərdabi” diplomuna layiq görülmüşdür. Bayram Hacızadə 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. “Azərbaycan Karikaturası” Cəmiyyətinin Vitse-prezdenti, 2006-cı ildən Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasında (FECO) Azərbaycan qrupunun prezidentidir. O, “Vətən” media mükafatı laureatıdır. Rəssam karikatura sahəsində 6 kitabın, 50-yə yaxın elmi və publisistik məqalənin müəllifidir. Bayram Hacızadə 2007-ci ildə Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi adına layiq görülmüşdür. O, 2008-ci ildə «Azərbaycanda karikaturanın inkişafı» mövzusunda müdafiə etmiş, sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Rəssam 2008-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Sənətşünaslıq» kafedrasında «Karikatura tarixi» fənnini tədris edir. Bayram Hacızadə Azərbaycanda keçirilən «Molla Nəsrəddin» Beynəlxalq Karikatura Müsabiqəsinin təşkilatçısıdır. O, 2008-ci ildə ABŞ «Cartoonion» Beynəlxalq Karikaturaçılar Klubuna fəxri üzv seçilmişdir.

 

 

Bədurə Əfqanlı

Bədurə Məlik qızı Əfqanlı 25 oktyabr 1912-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1925-1929- cu illərdə Bakı Pedaqoji Texnikumunda oxumuşdur. O, Azərbaycanlı ilk qadın teatr rəssamı kimi çalışmışdır. Diplom işinin mövzu V.Şekspirin “Otello” faciəsindən götürülmüşdür. 1934-cu ildə “Natsmen” teatrında quruluşçu rəssam kimi işləməyə başlamış və bəzi tamaşaların bədii tərtibatını vermişdir. Bunlara misal olaraq H.Cavidin “Şeyx Sənan” faciəsini, Z.Hacıbəyovun “Aşıq Qərib” operasını, C.Cabbarlının “1905-ci ildə”, “Sevil” pyeslərini və s. göstərmək olar. Bədurə Əfqanlı 1935-ci ildə İncəsənət İşləri Komitəsində tərtibaçı rəssam kimi işləmiş və mədəniyyət sarayları və klublar üçün teatr eskizləri çəkmişdir. Eskizlərini verdiyi komediyalar içərisində Ü.Hacıbəyovun “Arşın mal alan ” komediyası xüsusi yer tutur. O, 1938-1939- cu illərdə Azərbaycan Dövlət Dram teatrında çalışmışdır. Bədurə Əfqanlı Onore de Balzakın “Ögey ana” və C.Cabbarlının “Sevil” əsərlərinin tamaşasında fəaliyyət göstərən ressamlardan biri olmuşdur. Burada Cəfər Cabbarlının “Aydın”, Məmmədhüseyn Təhmasibin “Bahar” (1940), “Aslan yatağı”, Mirzə Ibrahimovun “Məhəbbət” (1942), Zeynal Xəlilin “Qatır Məmməd”, Səməd Vurğunun “İnsan” (1945), Leonid Malyuginin “Köhnə dostlar”, İlyas Əfəndiyevin “Işıqlı yollar” (1947), “Bahar suları” (1948), Cəfər Cabbarlının “Solğun çiçəklər”, Tur qardaşlarının “Bir evin sirri”, Lope de Veqanın “Rəqs müəllimi” (1949), Aleksandr Şirvanzadənin “Namus” (1952) tamaşalarına geyim eskizlərini çəkmişdir. Müharibə illərində Bədurə Əfqanlı teatr-dekorasiyasında O.Sarıvəllinin “Babək”, Z.Xəlilin “Qatır Məmməd ”, C.Cabbarlının “1905-ci ildə”, M.H Təhmasibin “Aslan yataqı” pyesləri uzərində işləmişdir. Rəssamın müharibə dövründə axırıncı işi M.Hüseyn və İ.Əfəndiyevin “İntizar” pyesidir. Rəssamın bir çox əsəri Azərbaycan Dövlət Teatr Muzeyi və A.A.Baxruşin adına Rusiya Mərkəzi Teatr Muzeyində (Moskva) saxlanılır. Bədurə Əfqanlı Əməkdar incəsənət xadimi (1949), Xalq rəssamı (1974) fəxri adına layiq görülmüşdür. Bədurə Əfqanlı 7 may 2002-ci ildə Bakı şəhərində vəfat etmişdir.

 

 

Bəhruz Kəngərli

Bəhruz Kəngərli Şirəlibəy oğlu 22 yanvar 1892-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan təsviri sənətində realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının formalaşması Kəngərlinin adı ilə bağlıdır. Rəssamın Molla Nəsrəddin jurnalında dərc olunan felyetonlarla, karikaturalar ilə tanışlığı yaradıcılığına böyük təsir etmişdir. Bəhruz Kəngərli 1910-cu ildə Tiflis Rəssamlıq məktəbinə daxil olmuş, 5 il ərzində orada təhsil aldıqdan sonra 1915-ci ildə Naxçıvana qayıtmışdır. O, realist ifadəliliyi, yüksək bədii-estetik dəyəri ilə diqqəti cəlb edən çoxlu portret, mənzərə, natürmort janrında əsərlər çəkmişdir.“Yaşlı kişi”,“Gürcü” adlı tabloları dövrünün qabaqcıl ziyalı və sadə adamlarına həsr olunmuş portretlərdir. Rəssamın yaradıcılığında mənzərə janrı mühüm yer tutur. Bəhruz Kəngərli yurdumuzun gözəl mənzərsini əsk etdirən “Şəlalə”, “Dağlıq mənzərə”, “İlanlı dağ ay işığında”, “Günəş batarkən”, “Ağrı dağı”, “Köhnə qala”, “Əliabad kəndində darvaza”, “Yamxana kəndinə gedən yol”, ilin fəsilləri silsiləsindən “Payız”, “Bahar” və s. adlı əsərlərin müəllifidir. Yaradıcılığınada qədim mədəniyyət abidələr nümunələrini- “Möminə xatun türbəsi”, “Əshabi – kəhf dağı”, “Nuhun qəbri” xüsusi yer tutur. Bəhruz Kəngərli 1918–1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, azərbaycanlı qaçqınların portretlərindən ibarət əsərlər yaratmışdır. “Qaçqınlar” silsiləsinə daxil olan portretlər canlılığı, reallığı və psixoloji ifadəliliyi ilə fərqlənir. Bu sıradan olan “Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın oğlan”, “Qaçqın qadın”, “Yurdsuz ailə”, “Qaçqın Gümşün”, “Ayaqyalın qaçqın oğlan” və s. onlarla qaçqın portretləri təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir. O, portret ustası kimi yaratdığı personajların daxili – psixoloji aləmini açıb göstərə bilmişdir. 1922 ildə fevralın 7- də Naxçıvan şəhərində vəfat etmişdir. Naxçıvan MR Ali Məclisi sədrinin “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” sərəncamına (2001, 22 may) əsasən, Naxçıvan şəhərində muzeyi yaradılmış, qəbirüstü abidəsi ucaldılmışdır.

 

 

Böyükağa Mirzəzadə

Mirzəzadə Böyükağa Məşədi oğlu 1921-ci il fevralın 21-də Bakıda anadan olmuşdur. O, böyük Azərbaycan rəssamı Əzim Əzimzadənin rəhbərliyi ilə boyakarlıq sənətinin əsaslarını mənimsəmiş, 1939-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirmişdir. 1940-cı ildə Moskva Rəssamlıq İnstitutuna daxil olan, lakin 1941-1945- ci illər müharibəsinin başlanması səbəbindən təhsilini davam etdirə bilməyən Böyükağa Mirzəzadə sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Böyükağa Mirzəzadə çoxsaylı dəzgah rəngkarlığı və qrafika, səhnəqrafiya əsərlərinin müəllifidir. Onun yaradıcılığına müxtəlif dövrlərin avropa rəngkarlığı, rus realist məktəbi və Azərbaycan milli sənətinin ənənələri təsir göstərmişdir. 1950-60- cı illəri Böyükağa Mirzəzadə yaradıcılığında təşəkkül dövrü kimi qiymətləndirmək olar. Mirzəzadə müxtəlif janrlarda, portret, lirik mənzərələr, natürmort, məişət əsərləri yaratmışdır. Böyükağa Mirzəzadənin fəhlə və kolxozçuların həyatına həsr olunmuş tematik rəsmləri həyat reallığını əks etdirir. Həmin əsərlərdən “Qızıl əsgərlər kolxoçuların qonağıdır”, “Pambıq sahəsində”, “Pambıqçı S.Kərimovanın portreti”, “Pambıq yığımı” qeyd etmək olar. 1950-ci illərdə Mirzəzadə neft mövzusuna müraciət edərək, industrial mənzərəni yaradır. Bunlara misal olaraq “Estakada”, “Yeddi gəmi adası”, “Neft avadanlığının daşınması” , “Göy dəniz” rəsmlərini göstərmək olar. Rəssam yaradıcılığında portret janrına da müraciət etmişdir . Mirzəzadə “Maestro Niyazi”, “Rəqqasə Roza Cəlilova” nın portretlərində obrazların individual xüsusiyyət, xarekterlərin ifadəsini göstərmişdir. Böyükağa Mirzəzadə teatr sənətində də uğurlu fəaliyyət göstərmişdir. Rəssam on beşdən çox tamaşaya quruluş vermişdir. 1960-cı ildə Şıxəli Qurbanovun eyniadlı pyesi əsasında qoyulmuş “Milyonçunun dilənçi oğlu” tamaşası ilə debüt edən rəssam bu quruluşa görə Ü.Hacıbəyov adına Azərbaycan SSRİ Dövlət Mükafatına layiq görülmüşdür. O, bir çox orden və medalla təltif edilmişdir. Rəssamın müstəqil respublikamızın ali mükafatına – “Şöhrət” ordeninə layiq görülməsi onun sənət və şəxsiyyətinə verilən qiymətdir. Böyükağa Mirzəzadə 3 noyabr 2007- ci ildə Bakıda vəfat etmişdir.

 

 

Böyükxanım Dadaşova

Dadaşova Böyükxanım Zenaləbdül qızı 9 noyabr 1948-ci ildə Bakıda anadan olmuşdur.O, 1964-1968- ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində “tərtibatçı rəssam” fakültəsində, 1969-1974- ci illərdə C.İldırım adına Azərbaycan Dövlət Politexnik İnstitutunda memarlıq fakültəsində təhsil almışdır. Dadaşova Böyükxanım əsas natürmort və portret janrlarında işləyir. O, 1997-ci ildən 100-dən artıq Türk Hərbi Generallarının portretlərini yaratmışdır. Böyükxanım Dadaşova 1968-ci ildən Azərbaycan Dövlət qoruq tarixi memarlıq muzeyində Şirvan-Şahlar Sarayının tərtibatçı rəssam kimi fəaliyyət göstərir. O, 1997-ci ildən Rəssamlar İttifaqının üzvüdür. Rəssamın əsərləri ABŞ, Türkiyə, Fransa, Almaniya və Azərbaycanda nümayiş edilib.

 

 

Bulud Qasımov

Bulud Qasımov 1947-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. O, 1968-ci ildə Texniki Rəssamlıq məktəbini, 1970-ci ildə Azərbyacan Jurnalist Sənətkarlığı İnsitutunu bitirmişdir. Rəssam 1978-ci ildən “Sovet kəndi”qəzetində çalışmağa başlamışdır. Rəssam 1980-cı ildən karikaturaları ilə respublika mətbuatında fəal çıxış etmişdir. O, 1981-ci ildən “Kirpi” satirik jurnalı ilə əməkdaşlıq etmişdir. Bulud Qasımov 1987- 2012-ci illərdə Bakı şəhəri Zakir Yusifov adına 194 saylı tam orta məktəbində təsviri-incəsənət müəllimi, 2005-ci ildən “Mozalan”satirik jurnalının bədii redaktoru və baş rəssamı kimi işləmişdir. Bulud Qasımov Azərbaycan dövrü mətbuatında o cümlədən “Sovet kəndi”, “Kommunist”, “Ədəbəyyat və incəsənət’, “Mədəniyyət”, “Dan ulduzu’, “Bütöv Azərbaycan”, “Kaspi”, “Kredo”, “Savalan”, “Güzgü” qəzetlərində “Kirpi”, “Mozalan”, “Günəş”, “Bahar”, “Molla Nəsrəddin  XXI əsrdə” jurnallarında çalışmışdır. Rəssam 2006-cı ildən Azərbaycan “Karikaturaçı Rəssamlar Birliyi”nin üzvüdür. Həmçinin FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. Bulud Qasımov Türkiyədə keçirilən “Aydın Doğan Uluslararası Karikatür Yarışması”da hər il iştirak edir və əsərləri orada sərgilənir.

 

 

Cabbar Dadaşov

Dadaşov Cabbar Şaban oğlu 4 noyabr 1949-cu ildə Oğuz rayonunun Bucağ kəndində anadan olmuşdur. O, 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitunun bədii qrafika fakültəsini bitirmişdir. Cabbar Dadaşov 1998-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, Azərbaycan Resublikası Təhsil Nazirliyinin Estetik-tərbiyə Mərkəzində metodist kimi fəaliyyət göstərir. Rəssam respublika və xarici ölkələrdə keçirilən sərgilərin fəal iştrakçısı olmuş və dəfələrlə diplom və mükafatlara layiq görülmüşdür. Onun əsərləri Fransa, Almaniya, Avstriya, Türkiyə, Litva, İran və Azərbaycanda nümayiş edilmişdir. Qrafika rəssamı 1988-ci ildən respublika və beynəlxalq sərgilərin iştrakçısıdır.

 

 

Cabbar Həsənov

Həsənov Cabbar Manaf oğlu 18 mart 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1973-cü ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbini, 1984-cü ildə isə Tiflis Dövlət Rəssamlıq Akademiyasının Qrafika fakültəsini bitirmişdir. Qrafika rəssamı 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Cabbar Həsənov 1984-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsində dərs demişdir. O, hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında baş müəllim işləyir. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilib. O, respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Cahangir Rüstəmov

Rüstəmov Cahangir Mahmud oğlu 5 mart 1926-ci ildə Şəki şəhərində anadan olmuşdur. O, 1939-ci ildə 7 illik məktəbi bitirmişdir. 1939-1944- cü illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır. Cahangir Rüstəmov Rəssamlıq məktəbini başa vurduqdan sonra, Surikov adına Moskva Dövlət Rəssamlıq İnistituna daxil olmuş, lakin ailəsinin çətin durumu səbəbindən təhsilini yarımçıq qoyub Bakıya qaytmışdır. Rəssamın yaradıcılığı rəngkarlığın bir çox janrını əhatə edərək, milli ruhu və poetikliyi ilə fərqlənir. C.Rüstəmovun yaratdığı tarixi mövzuda çoxfiqurlu lövhələr, həm bayram, zəhmət və istirahət mövzusunda kompozisiyalar, həm də məişət tabloları, epik mənzərələr, portretlər və ifadəli natürmortlar buna nümunədir. Milli koloriti, emosionallığı ilə seçilən “Üzümlük”, “Çay becərənlər”, “Tarla zəhmətkeşləri”, “Kolxozçular”, “Balaca köməkçi qız”, “Dağlarda”, “Şahdağ” və digər tabloları ona şöhrət gətirmişdir. Cahangir Rüstəmov 1945-ci ildə respublika rəssamlıq sərgisində “Axırıncı düşmən əsgəri” adlı əsəri ilə iştirak etmişdir. O, 1955-ci ildə SSRİ Rəssamlar İttifaqı üzvülüyünə qəbul olunmuşdur. Rəssamın 1953-cü ildə Bakıda hesabat sərgisi açılmışdı. Cahangir Rüstəmov 1955-ci ildə “Ən yaxşı uşaq mövzusuna görə” ÜİLKGİ-nin diplom və xüsusi nişanına layiq görülmüşdür. Rəssamın 1962-ci ildə Bakıda “Paris-Tunis”, 1973-cü ildə isə Astara rayonundakı Nizami kolxozunda hesabat sərgisi açılmışdır. Onun əsərləri, 1979-cu ildə Azərbaycan rəssamlarının xarici ölkələrdə açılmış sərgilərində iştirak etmişdir. Təsviri sənətimizin inkişafındakı xidmətlərinə görə Cahangir Rüstəmov 1982-ci ildə Əməkdar rəssam, 2004-cü ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. Rəssamın 2002-ci ildə Bakıda V.Səmədova adına sərgi salonunda fərdi sərgisi açılmışdır. O, 2005-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdçüsü olmuşdur. Cahangir Rüstəmov 2007- ci ildə vəfat etmişdir.

 

 

Camal Vəlibəyov

Vəlibəyov Camal Darvinoviç 3 yanvar 1979-cı ildə Bakıda anadan olmuşdur.O, 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetinin Dekorativ-Tətbiqi sənət fakültəsini, 2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Maqistraturasını bitirmişdir. Rəssam 1994-cü ildən Respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Camal Vəlibəyov 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın əsərləri Gürcüstan, Finlandiya, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş etdirilib. O,1999-cu ildən keçirilən qrup sərgilərin iştirakçısı və mükafatçısıdır. Camal Vəlibəyovun Azərbaycan Rəssamlar İttifaqının (1994), Azərbaycan Memarlıq və İnşaat Universitetinin (2006) sərgi salonlarında fərdi sərgiləri keçirilmişdir.

 

 

Cavad Mircavadov

Cavad Mircavadov 1923-cü il yanvarın 19-da Bakıda anadan olmuşdur. 1949 – 1954-cü illərdə Leninqradda yaşayıb yaratmışdır. Rəssamın 1989-cu ildə Moskvada Şərq Xalqları Muzeyində təşkil olunmuş fərdi sərgisinin annotasiyasında Cavad Mircavadov müasir Azərbaycan rəngkarlığının banisi adlandırılıb. Azərbaycanın “yetmişinci” illərdə yaşamış əksər rəssamları “Cavad təsiri” altında formalaşmışdır. Bakının, Moskvanın, bir sıra Avropa paytaxtlarının, həmçinin Yaponiya şəhərlərində onun sərgiləri təşkil olunmuşdur. Cavad Mircavadovun ən erkən rəngkarlıq əsərləri 1967-ci il tarixinə aid edilir. Rəssamın yaratdığı div obrazı insanda ola biləcək alçaq və rəzil cəhətləri özündə birləşdirir. “Divin hiylələri” (1980), “Arena” (1981), “Ehtiras” (1983) kimi əsərlərini qeyd etmək olar. C.Mircavadov “Toy” (1973), “Naxır bulağına” (1982), “Şaman-qadın” (1983), “Sakitlikdə və sərinlikdə” (1984), “Çılpaq qadın” (1984), “Süsən ilə qız” (1986), “Uzanan qadın” (1987) əsərlərin müəllifidir. Cavad Mircavadovun elə əsərləri var ki, rəssam bunların üzərində bir neçə il işləmişdir. “Müxtəlifliyin vahidlik panoramı” (1985-87) adlı əsərində rəssam şərti olaraq, müxtəlif xalq və tayfalara məxsus olan simaların nümunəsində bəşəriyyətin ümumi problem və qüsurlarla yükləndiyini nümayiş etdirməyə çalışmışdır. “Əsrin himni” və “Şərq miniatürü mövzusunda improvizasiya” bu qəbildən olan əsərlər silsiləsinə daxildir. “Şərq miniatürü mövzusunda improvizasiya” silsiləsindən olan – “Atlılar” (1984), “Lüt-üryan” (1984), “Günəşli atlı” (1984), “Sarayda” (1985), həmçinin “Gəzinti” (1981), “Uşaq arabası” (1985) əsərləri də bu üslubda yaradılmışdır. Rəssamın yaradıcılığında iki əsər xüsusi yer tutur. Bunlar “Məxfi gecə” (1982) və “Ümid işığı” (1982) tablolarıdır. Rəssamın əsərlərində bir çox təkrarlanan kompozisiyalara rast gəlmək olur. “Şubanıda” (1984), “Naxır” (1986), “Dəvə belində” əsərlərinin bir neçə kompozisiyası bu qəbildəndir. “Yırtıcılar”, “Buxov”, “Qurbanlıq” şəkillərindəki bəzədilmiş qoyun motivi də həmin əsərlərlə səsləşir. “Təmas” (1984) və “Humay” – sülh quşu” (1986) əsərlərindəki kompozisiya da eyni əsaslıdır. Cavad Mircavadov 1992-ci ildə vəfat etmişdir.

 

 

Cavid Arpadarai

Arpadarai Cavid Süleyman oğlu 6 fevral 1955-cı ildə Zaqatalada anadan olmuşdur. O, 1978-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsinin sənaye-qrafikası ixtisası üzrə təhsilini bitirmişdir. Cavid Arpadarai 1991-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1981-cı ildə Azərbaycan Dövlət Ə.Əzimzadə adına Rəssamlıq məktəbində müəllim, 1992-2001- cı illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbinin müdüri kimi fəaliyyət göstərmişdir. Cavid Arpadarai 1992-cı ildən Respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır Onun əsərləri, Moskva, Gürcüstan, Almaniya,Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Cəlal Qaryağdı

Qaryağdı Cəlal Məhərrəm oğlu 1915-ci ildə, Şuşa şəhərində anadan olmuşdu. Azərbaycan Rəssamlıq məktəbində (1928-1932) və Tbilisi Rəssamlıq Akademiyasında (1932-1935) oxumuşdur. Böyük Vətən müharibəsi illərində cəbhə qəzetlərində siyasi karikaturalarını çəkmişdir. Müharibədən sonra insanların bədii obrazları üzərində işləmişdir. Monumental-dekorativ heykəltəraşlıq onun yaradıcılığında əsas yer tutur. Müxtəlif janrlarda olan əsərləri üçün obrazların yığcamlığı və milli koloriti səciyyəvidir. Heykəltəraş Cəlal Qaryağdı özünəməxsus dəsti-xəttə, üsluba malik olan, romantik ruhlu, ehtiraslı və cəsarətli plastik formalara meyil göstərən sənətkar olmuşdur. 1937-ci ildə Cəlal Qaryağdı Bakıya qayıtmış, elə bu ildən də müstəqil olaraq yaradıcılıq fəaliyyətinə başlamışdır. Heykəltaraşın bu illərdə yaratdığı M.Əzizbəyovun, İ.Fioletovun, A.Caparidzenin portretlərinə xarakterin sənədli təcəssümünü, quruluğunu, xarici oxşarlığını vermişdir. Bu dövrdə C.Qaryağdı barelyef sahəsində (A.S.Puşkinin, Şota Rustavelinin barelyef portretləri) və fiqurlu plastika üzərində xeyli iş aparmışdır. Müharibə illərində çox tirajlı qəzetdə hərbi rəssam işləyərkən etdiyi cəbhə qeydlərindən müharibədən sonrakı illərdə portret janrı sahəsində işlərkən istifadə etmişdir. Həmin dövrlərdəki işlərində heykəltəraş barelyefə böyük diqqət yetirmişdir. O, Sovet İttifaqı Qəhrəmanı “İsrafil Məmmədova” həsr olunmuş ölçüsünə görə böyük olmayan monumental “Bizim dövrün Koroğlusu” barelyefini yaratmışdır. Moskvada Ümumittifaq kənd təsərrüfatı sərgisinin Azərbaycan pavilyonu üçün kənd təsərrüfatı mövzusunda yaratdığı barelyefləri işləmişdir. Heykəltəraşın digər əsərlədindən Samur – Dəvəçi kanalının kənarında qoyulmuş “Kolxozçu” (1939) fiquru,Bakıda Nizami muzeyinin qərb fasadının lojasında M.P. Vaqifin (1939- 1940) heykələrini qeyd etmək olar. Sovet İttifaqı Qəhrəmanları A. Quliyevin Büsütun (1945) və İ.Məmmədovun(1944), Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının motivləri əsasında “Fərhad Bisütun dağını yayarkən” barelyefi (1947), Sovet İttifaqı Qəhrəmanı H.Aslanov (1948-1949, ikinci variantı 1961), Xurşudbanu Natəvanın(1949) M. Ə. Sabirin (1962),Q. Qarayevin (1963), Fikrət Əmirovun (1964), Niyazinin büst portretilərini düzəltmişdir. Bakıda N. Nərimanovun (1966-1968, 1972-ci ildə açlışı olmuşdur), M. Ə. Sabirin (1958), S. Vurğun (1966, Qazax) heykəllərinin müəlifidir. Digər heykəltaraşlıq nümunələrindən S. Vurğunun qəbrüstü abidəsi(1966), Akademik Y.H. Məmmədəliyevin portretini (1977, Ordubad), şəhid əsgərlərin xatirə abidəsini (Bərdə,1979), “Tarzən”, “Kamançaçı”, “Xanəndə” (1967) əsərlərini düzəltmişdir. Cəlal Qarayağdı 1954 – cü ildə Azərbaycan SSRİ Əməkdar İncəsənət xadimi, 1960-cı ildə Xalq rəssamı adına layiq görülmüşdür. 2001-cu ildə Bakıda vəfat etmişdir. Fəxri xiyabanda dəfn olunmuşdur.

 

 

Cəmaləddin Eyyubov

Eyyubov Cəmaləddin Bilal oğlu 2 may 1943-cü ildə Şəki şəhərində anadan olmuşdur. O, 1964-1967- ci illərdə Sovet ordusunda hərbi xidmətini başa vurduqdan sonra Bakı Zərgərlik fabrikində zərgər kimi fəaliyyət göstərmişdir. Rəssam 1970-ci ildə Azərbaycan Bədii fondunu Bədii Yaradıcılıq Kombinatının Dekorativ-tətbiqi sənət sexində çalışmışdır. Cəmaləddin Eyyubovun ilk müəllif işləri 1973-cü ildə Yaponiyada nümayiş edilmişdir. Zərgər rəssam Misir-Qahirə (1974), Latviya “Palaqa-75” (1975), Moskva (1976), Macarıstan (1978), “Çexoslavakiya (1979), keçirilən sərgilərdə iştirak etmişdir. Cəmaləddin Eyyubov “Bakı gözəli” müsabiqəsinə (1996) 3 ədəd tac, “Azəbaycan gözəli” müsabiqəsi üçün 2 ədəd tac işləmişdir. 2002-ci ildə Azərbaycan Dövlət “tele-film” şirkəti tərəfindən yaradıcılığına həsr edilmiş sənədli film çəkilmişdir. O, 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dekorativ-tətbiqi sənət” kafedrasının “Bədii metal” fakültəsinin tədris ustası vəzifəsinə təyin olunmuşdur. Cəmaləddin Eyyubov 1980-ci ildə SSRİ Rəssamar İttifaqının üzv seçilmişdir. Rəssam 1980-ci ildə SSRİ Bədii fondunun “fəxri fərmanı” ilə, 1982-ci ildə SSRi rəssamlar İttifaqının “fəxri diplom”u ilə təltif olunmuşdur.

 

 

Cəmil Müfidzadə

Cəmil Müfidzadə Miryusif oğlu 1934-cü ildə fevral ayında Naxçıvanın Ordubad şəhərində anadan olmuşdur. O, 1948-1955- ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır. Rəssamın diplom işi “Ümumittifaq sərgisinə eksponatların yola salınması” adlı rəngkarlıq əsəri olmuşdur. Daha sonra Ukraynada Kiyev orta rəssamlıq məktəbini (1955-1956), Xarkov Dövlət Rəssamlıq İnistitutunun qrafika fakültəsinin tələbəsi (1959-1962) olmuşdur. Cəmil Müfidzadənin növbəti diplom işi “Neft daşları” mövzusunda çəkdiyi rəngli ofortlar silsiləsidir. Rəssamın tələbəlik illərində həm Azərbaycan, həm də Ukraynada təşkil olunmuş müxtəlif sərgilərdə iştirak etmişdir. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü çərçivəsində təşkil olunmuş təsviri sənət sərgisində onun işlədiyi “Doğma düzənlər” ofort silsiləsi nümayiş olunmuşdur. O, 1961-ci ildə III Ümumittifaq sərgisində (Moskva) “Qaldırıcı kranlar təmirdə” adlı ofort ilə iştirak etmişdir. Cəmil Mufidzadə qrafika sənətinin fərqli texnikalarından yaradıcılığında istifadə etmişdir. Ksiloqrafiya texnikasında işlədiyi “Bakı albomu” (1962-1966) adlı silsiləsində o, həyat gerçəkliklərinin daha ümumiləşdirilmiş, rəmzləşdirilmiş məzmunda təqdim etmişdir. Bu texnikada işlədiyi digər əsərlərindən, “Neft daşları” (1965), “Qala divarları”(1966), “Parkda” (1966), “Qız qalası” (1966), “Xəzər üzərində axşam” (1966), “Romantiklər” (1966), “Damda” (1966) adlarını qeyd etmək olar. “İçərişəhər” (1965-2000) silsiləsi rəssamın yaradıcılığında xüsusi yer tutur. “Əcdadlarımızın yaşayış yerləri” (1968), “Göy pənərəli evlər” (1968), “Babaların yurdu” (1968), “Köhnə Bakı” (1970), “Azərbaycan qadının keçmişdə” (1971), “Şirvanşahlar sarayı” (1971), “Xan saryı” (1977,1992), “Köhnə evlər” (1977), “Qədim Bakı” (1977), “Yeni Məscid” (1977), “Türbə” (1984), “Dəvələr” (1985), “Qız qalası” (1985), “İçərişəhər” (1991), “Təndir” (1992), “Suçular” (1993), “Şirvan qapıları” (1993), “Namaz” (1993), “Tut ağacı”, “Karvansaray” (2003) və digər əsərlər İçərişəhərə həsr edilmiş lövhələrindədir. Rəssamın qarışıq texnikada işlədiyi ilk dörd əsər 1967-ci ildə Bakıda təşkil olunan respublika sərgisində “Azərbaycanın qədim memarlıq abidələri” adı ilə nümaiş olunmuşdur. Cəmil Müfidzadənin qarışıq texnikada çəkdiyi “Abşeron nefti” silsiləsi 1967- 1975-ci illəri əhatə edir. Bu silsiləyə rəssamın ofort və qarşıq texnikada işlədiyi əsərlər daxildir. Ofort texnikasında çəkilmiş “Bakı-neft paytaxtıdır”, “Abşeron nefti”, “Çənlər parkı”, qarışıq texnikada isə “Neft ehramı”, “Neft saxlancı”, “Neft mədənlərində” əsərlərinin adlarını qeyd etmək olar. Rəssam, 1960-1970- ci illər yaradıcılığıda yer alan “Buhenvald” (1965-1967), “Sülhün keşiyində” (1970-1972), “Bakı-neft paytaxtıdır” (1967-1970), eləcə də səksəninci illərin əvvəllərində Yaponiyaya səfərindən sonra işlədiyi “Bu bir daha təkrar olmamalıdır” (1982-1983) silsilələrində dövrünün qarşılaşdığı təzadlı hadisələrə yaradıcı mövqeyini bildirmişdir. Cəmil Müfidzadə Azərbaycanın unikal yaşayış məkanlarından Xınalığa həsr etdiyi (1980-1990) silsiləsi yaradıcılığında mühüm yer tutur. Rəssam “Monqolustan torpağında” (1982-1986) silsiləsində Qobi səhrasının dəvəli mənərələri geniş yer almışdır. Topluya “Axırıncı tikan”, “Qurumuş çeşmə başında”, “Əsrlərin görüşü” və “Naməlum səs” əsələri daxildir. Cəmil Müfidzadənin digər qrafik silsiləsindən “Şimal”a (1976-1979) “Bəyaz gecələr”, “Şaxta 45 dərəcədədir”, “Şimalın adi günləri”, “Balıqçı adası” lövhələrinin adlarını qeyd etmək olar. Onun “Misir təəssüratları” (2004-2006) silsiləsinə “Tənha yolçu”, “Misir tarixi”, “İki dost”, “Daimi dostlar” tabloları daxildir. Rəssamın Polşa (1972), Azərbaycan (1977, 1985, 1986, 1994, 2006, 2009), Rusiya (1977), İran (1992, 2003), Fransa (1991) və Türkiyyədə (1998) fərdi sərgiləri təşkil olunmuşdur. Cəmil Müfidzadənın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qaleriyasında, Şərq xalqları Dövlət İncəsənət Muzeyində (Moskva), Maksim Qorkinin mənzil-muzeyində (Moskva), P. Lüdviqin muzeyində (Almaniya), Ulan-Bator İncəsənət Muzeyində (Monqolustan), Fransa və digər ölkələrin şəxsi kolleksiyalarında qorunub saxlanılır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Qrafika”kafedrasına rəhbərlik edən Cəmil Müfidzadə “Ofort” adlı dərsliyin müəllifidir. Cəmil Müfidzadəyə Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətinə görə 1982-ci ildə Əməkdar rəssamı, 2002-ci ildə isə Xalq rəssamı fəxri adları verilmişdir.

 

 

Cəmil Quliyev

Quliyev Cəmil Qul Əli oğlu 23 aprel 1930-cu ildə Ağdam şəhərində anadan olmuşdur. O, 1959-cu ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsini, 1967-ci ildə isə Daşkənt Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq fakültəsini bitirmişdir. Rəssam 1970-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1965-ci ildən Beynəlxalq Byennal, simpoziumların, beynəlxalq qrup sərgilərin iştirakçısıdır. Cəmil Quliyev “Neft Daşları” (1965. Moskva), Azərbaycanın 50-illiyi “Xalq sənətkarları” (1970. Bakı), “Nar şirəsi”, “Natürmort”, “Piala ilə natürmort”, “Natürmort portağal ilə” (Moskva.1972), “Bizim nənəmiz”, “Nar şirəsi”, “Şərq natürmortu” (1975. Moskva), “Şərq natürmortu” (1976. Bolqarıstan) əsərlərin müəllifidir. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Bolqarıstanda, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Cümşüd İbrahimov

İbrahimov Cümşüd Rəşid oğlu 28 may 1941-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olmuşdur. O,1962-ci ildə Gəncə İnşaat Texnikumunu, 1973-cü ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsini, 1978-ci ildə AMEA-nın Memarlıq və İncəsənət institutunun aspiranturasını bitirmişdir Heykəltaraş 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Cümşüd İbrahimovun yaradıcılıq fəaliyyəti əsasən 1980-ci ildən başlamışdır. Niyazinin heykəli (1970) onun adı ilə bağlıdır. Rəssam 1979-ci ildən respublika və xarici ölkələrdə keçirilən sərgilərin fəal iştirakçısı olmuş, dəfələrlə diplom və mükafatlara layiq görülmüşdür. Onun əsərləri, Türkiyə, Litva, İran və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Daşdəmir İsgəndərov

İsgəndərov Daşdəmir Cəlil oğlu 13 mart 1951-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O,1972-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbini,1978- ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini bitirmişdir. Daşdəmir İsgəndərov 1986-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam Gəncə Humanitar Kolecində pedagoji fəaliyyət gostərir. O, respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Davud Kazımov

Kazımov Davud Mehdi oğlu 1926-cı ilin noyabr ayının 6-da Bakıda, İçərişəhərdə dünyaya gəlmişdir. Rəssam ilk təhsilini Pionerlər evindəki rəsm dərnəyindən başlamışdır. 1941-1945- ci illərdə Əzim Əzimzadə Rəssamlıq Texnikumunda təhsilini davam etdirmişdir. 1946-ci ildə Rəssamlar İttifaqına üzv qəbul olunmuşdur. Davud Kazımov 1973-1979- cü illərdə Teatrşünas ixtisası üzrə Azərbaycan İncəsənət İnstitutunu bitirmişdir O, yaradıcılığa mənzərə janrında əsərlər çəkməyə başlamışdır. Davud Kazımov quruculuqla məşğul olan zəhmətkeşləri, məişətdə əks etdirən süjetli tablolar işləyib. “Neftçinin portreti” (1948), “Gənc neftçilər” (1949), “Pambıq Tarlasında” (1951), “Tapmaca konserti” (1953), “Xəzərin yeraltı sərvətləri” (1957), “Kolxozçu qadınlar” (1960) və s. tabloları bu qəbildəndir. Davud Kazımovun yaradıcılığında müharibə qəhrəmanlarının bədii obrazlarının əsas yer tutur. Onun əsərlərində səmimiyyət, uşaq məsumluğu, onları əhatə edən qayğıkeşlik bacarıqla əks olunub. Davud Kazımov Respublikanın müxtəlif rayonlarında yaradıcılıq ezamiyyətlərində olmuşdur. Orada zəngin təsvir materialı ilə qayıtmışdır. Rəssamın “Rəfiqələr” (“Sağıcılar”1960), “Mahnı” kimi tabloları həm formatına, həm də bədii-estetik dəyəri ilə fərqlənir. Davud Kazımov zəngin portret qalereyası vardır. Onun “M.F.Axundov” (1982), “Bəhmənyarın Əbu İbn Sina ilə görüşü” (1957), “Molla Pənah Vaqif və Molla Vəli Vidadi Kür sahilində”, “Gülbala Əliyevin porterti” zəngin rəng qamması ilə yaradıcılığıda əsas yer tutur. Rəssamın yaradıcılığında əmək mövzusu aktualdır. “Qabaqcıl çayçı Gülnaz Əzimova” (1965), “Tarlanın sahibi. Çayçı qadın” (1970) , “Düşüncə” (1960) kimi əsərləri buna nümünədir. Rəssamın natürmort janrında “Milli əşyalarla natürmort” (1947), “Emalatxanada” (1950), “Qəhvədan ilə natürmort” (1993), “Nərgiz gülü” (1994), “Payız gülü” (1997), “Portağallar” (1996), “Qərənfilər” (1990) əsərləri işləmişdir. Davud Kazımov mənzərə tablolarına “Çimərliyə gedən yol” (1954), “Dəniz qırağında” (1960), “Qış” (1970), “Meşə” (1970), “Payız motivi” (1960), “Qızılgül plantasıyası” (1980), “Qayalar” (1970), “İlandağ” (1982) nümunə göstərə bilərik. Davud Kazımov Bakıda fəaliyyət göstərən müxtəlif nəşriyyatların sifarişinə əsasən Azərbaycan klassiklərindən M.Möcüzün, Nizami Gəncəvinin, İ.Qutqaşınlının, C.Məmmədquluzadənin, Nəriman Nərimanovun əsərlərinə illüstrasıyalar və kitablarına bədii tərtibat vermişdir. 1960-ci illər yaradıcılığı Azərbaycan bir çox şair və yazıcılarından Y.V.Çəmənzəminli (“Cənnətin qəbzi” 1962), Nizami Gəncəvi (“Yaralı oğlan” 1964), Abdulla Şaiq (“Bənövşə” 1963; “Yaxşı arxa” 1966), Cəlil Məmmədquluzadə (“Buz” 1965), X.Əlibəyli (“Sənubərin gözləri” 1964), M.İbrahimov (“Murovdağın ətəyində”, 1964), M.Cəlil (“Söyüd kölgəsində” 1965) kitablarına illüstrasiyalar işləmişdir. Davud Kazimovun bir sıra əsərləri Azərbaycanın müxtəlif muzeylərində saxlanılır. Firdovsinin “Şahnamə”sinə çəkilmiş illüstrasiyaları R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Digər kitabları Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyində qorunur. 1980-ci il də İspaniya səfərdə olan rəssam vətənə döndükdən sonra rəngkarlıq və qrafika işlərindən ibarət yeganə sərgisi olmuşdur. Davud Kazımov 1977-ci ildə Əməkdar rəssam, 1992-ci il də Xalq rəssamı, 1996-ci ildə professor elmi adına layiq görülmüşdür. Əsərləri Azərbaycanın müxtəlif muzeylərində saxlanılır. Davud Kazımov 2015-ci ildə Bakıda vəfat etmişdir.

 

 

Dilarə Atakişiyeva

Atakişiyeva Dilarə Murad qızı 5 sentyabr 1953-cü ildə Bakıda anadan olmuşdur. O, 1972-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini, 1977-ci ildə M.Ə Əliyev adına İncəsənət İnstitutunun “Sənayə qrafikası, reklam” fakültəsini bitirmişdir. Rəssam Payız sərgisində “Plakatlar silsiləsi” (1978), “60 qəhraman il” sərgisində “Sənə doğma ordu” əsəri (1978), “8 mart” sərgisində “Qızıl payız” (1978), Moskva olimpyadasında “Plakatlar silsiləsi: İdman-sən dünyasan” (1980), Yaz sərgisində “Qrafik vərəqlər” (1988), Qadın sərgisində “Portret silsiləsi” (2003) əsərləri ilə çıxış etmişdir. Dilarə Atakişiyeva 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun əsərləri Gürcüstan, Moskva, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Eduard Abdullayev

Abdullayev Eduard 1928-ci ildə anadan olmuşdur. O, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır. Eduard Abdullayev 1953-cü ildən “ Kirpi “ jurnalı ilə əməkdaşlıq etməyə başlamışdır. Qrafika, karikatura və kino rəssamı olan Eduard Abdullayev əsərlərində əsasən məişət və gündəlik həyatımızda baş verən hadisələrə münasibət bildirir. Öz dəsti-xətti ilə və professional ifa tərzi ilə seçilən son illərə qədər “Kirpi” jurnalında rəngarəng əsərləri ilə oxucularımızı sevindirib.

 

 

Elbəy Rzaquliyev

Rzaquliyev Elbəy Həsən oğlu 17 iyun 1926-cı ildə Bakıda anadan olmuşdur. O, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1946-cı ildə Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitunun daxil olmuşdur. Elbəy Rzaquliyev həmin İnstitutu film üzrə bədii quruluşçu rəssam kimi bitirən ilk azərbaycanlıdır. Elbəy Rzaquliyev Moskvadan qayıdıqdan sonra (1953-cü ildən) “Azərbaycan film” kinostudiyasında işləməyə başlamışdır. Onun yaradıcılığı əsasən iki əsas istiqamətdə inkişaf etmişdir: dəzgah rəngkarlığı və kino rəssamlığı. Rəssam kimi xarici səfərlərindən bəhrələnmişdir. “Meksikada”, “Ərəb ölkələrində”, “Hindistan abidələri”, “Yaponiya”, “Nepal”, “İtaliya”, “ABŞ” kimi yaradıcı silsilə əsərləri vardır. Elibəy Rzaquluyevin yaradıcılığında önəmli yeri qumsalları, yastı damlı evləri ilə Abşeron, köhnə hamamları tutur. Yaratdığı əsərlər “Nefitçinin portreti”, “Təmirçilər”, “İnsanların torpağı”, “Çiçəklər arasında”, “Qırmızı və ağ qızıl güllər”, “Xəncər və məişət əşyalarından ibarət natürmort”, “Tac-Mahal”, “Yaponiya silsiləsi”, “Meksika qızları”, “İki Ərəb”, “Əmək adamları”, “Ana”, “Montajçılar”, “Bakı inqilabı dövründə”silsiləsi, “Mirzə Ələkbər Sabir”, “ Üzeyir Hacıbəyovun dünyası”, “Kənddə” və digərləri böyük maraqla qarşılanmışdır. “Sevil”, “Arşın mal alan”, “Görüş”, “Ögey ana”, “Onun böyük ürəyi”, “Bir məhəlləli iki oğlan”, “Telefonçu qız”, “Uşaqlığın son gecəsi” və s. kinofilmlərin qurluşçu rəssamı olmuşdur. 1960-cı ildə Bakıda, 1960-1967-ci illərdə isə Moskvada və Kaunasda fərdi sərgiləri keçirilmişdir. 1977-ci ildə Azərbaycanın “Xalq rəssamı” fəxri adına, 1986-cı ildə SSRİ Dövlət mükafatına, 1998-ci ildə “Şöhrət” ordeninə layiq görülmüşdür. Azərbaycan Rəssamlar İttifaqının katibi olmuşdur. Elbəy Rzaquliyev 2007-ci il 15 sentyabrda vəfat etmişdir.

 

 

Elçin Aslanov

Aslanov Elçin Muxtar oğlu 1934-cü ildə Bakıda anadan olmuşdur. O,1960-cı ildə Leninqrad Rəssamlıq Akademiyasını bitirmişdir. O,1962-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olunmuşdur. Elçin Aslanov 1964- cü ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bir çox tamaşaların quruluşçu rəssamı, 1968-1969- cu illərdə ”Azərbaycanfilm” Kinostudiyasında “Cırtdan” cizgi filminin və 1973-cü ildə isə “Nəsimi” bədii filminin geyimlər üzrə quruluşçu rəssam kimi çalışmışdır. Elçin Aslanov təsviri sənətin kitab qrafikası, səhnə tərtibatı, rəngkarlıq və miniatür rəssamlığı sahələrində çalışmışdır. O, həm də uşaqlar üçün nəşr olunmuş 60- dan çox kitabın tərtibatının və illüstrasiyalarının müəllifidir. Rəssam 1965-ci ildən başlayaraq rəssamlıq sənəti ilə yanaşı, xalqımızın milli mədəniyyətinin tarixinə maraq göstərmişdir. O, mətbuat səhifələrində bu mövzular ilə bağlı 168 yazının və 21 kitabın müəllifidir. E.Aslanov 1982-1987- ci illərdə Azərbaycan Rəssamlar İttifaqının miniatür və kitab qrafikası bölməsinə rəhbərlik etmişdir. Uzun müddət miniatür sənətinin təbliği ilə məşğul olmuşdur. Elçin Aslanov 2002-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülmüşdür. Hazırda kompyuter qrafikası sahəsində çalışır.

 

 

Eldar Babazadə

Babazadə Eldar Marif oğlu 3 yanvar 1962-ci ildə Bakıda anadan olmuşdur. O,1981-ci ildə 84 saylı rəssamlıq məktəbini, 1989-cu ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin bədii qrafika fakültəsini bitirmişdir. Eldar Babazadə 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, Beynəlxalq qrup sərgilərdə yaratdığı qrafika, dizayn əsərləri ilə iştirak edir. Rəssamın “Yay motivi” (2006), “Dəvə üstündə qız” (2007), “Qız və bulud” (2007), “Qız və balıq” (2007), “Seigəh” (2007), “Mavi muncuqlar” (2008), “Düşüncə” (2005) adlı əsərlərini qeyd etmək olar .Eldar Babazadənin əsərləri, Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya, Türkiyə, Litva və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Eldar Hüseynov

Hüseynov Eldar Şirin oğlu 10 yanvar 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmiş, 1986-1991- ci illərdə Kyubuşov adına Mühəndis tikinti institutunda təhsil almışdır. Rəssam 1982-1990- cı illərdə əl işi xalçalarının istehsalı üzrə “Azərxalça” Elmi-Yaradıcılıq İstehsalat Birliyinin baş rəssamı vəzifəsində çalışmışdır. Eldar Hüseynov 1992-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam Fikrət Əmirova, Qara Qarayev, Niyaziyə və xalçaçı alimi Lətif Kərimova həsr olunmuş bir sıra portret və süjetli xalçalar hazırlanmışdır. Onun eskizləri əsasında Heydər Əliyev, İlham Əliyev, V.Putin və M.Lujkov kimi dövlət xadimlərinin portretlərini yaradılmışdır. Eldar Hüseynovun ornamental xalçaları dünyanın müxtəlif müzeylərində, eləcədə Moskva şəhərinin müzeylərində, Lətif Kərimov adına xalça müzeyində, Bül-Bülün ev-muzeyində nümayiş olunur və şəxsi kolleksiyalarda saxlanılır. Eldar Hüseynov Əzim Əzimzadə adına Azərbaycan Dövlət Kollecində tətbiqi incəsənət üzrə müəllim vəzifəsində çalışır. O, 2007-ci ildə Lətif Kərimov adına Xalçaçılıq inkişaf fondunun prezidenti olmuşdur.

 

 

Eldar Mütəllimov

Mütəllimov Eldar Mütəlim oğlu 15 noyabr 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur.O, 1971-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1981-ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunu bitirmişdir. Eldar Mütəllimov 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, Beynəlxalq dekorativ tətbiqi sənət simpoziumların, beynəlxalq qrup sərgilərin iştirakçısıdır.

 

 

Eldar Xalıqov

Xalıqov Eldar Xalıq oğlu 12 mart 1950-ci ildə Bakıda anadan olmuşdur. O, 1969-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbini,1975-ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunu bitirmişdir. Eldar Xalıqov 1979-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam Beynəlxalq Byennal, beynəlxalq qrup sərgilərin fəal iştirakçısıdır. Onun əsərləri, Moskva, Gürcüstan, Almaniya, İngiltərə, Türkiyə, və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Eldar Ağamalov

Eldar Ağamalov 1954-cu ildə anadan olmuşdur. O, 1971-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmiş, daha sonra 1974-1980- ci illərdə V.İ.Surikov adına Dövlət İncəsənət Universitetində “Monumental rəngkarlıq” ixtisası üzrə təhsil almışdır. Eldar Ağamalovun əsərləri 1978-ci ildən etibarən Bakı, Moskva, London və Paris kimi şəhərlərdə sərgilənmişdir. Rəssam Bakı İncəsənət Mərkəzinin vitse-prezidenti və “Yeni Gallery” sərgi salonun rəhbərlik edir. Eldar Ağamalov 1981-ci ildən Azərbaycan Rəssamlar İttifaqının və 2005-ci ildən Qazaxıstan Jurnalistlər İttifaqının üzvüdür.

 

 

Eldar Məmmədov

Məmmədov Eldar Mürsəl oğlu 20 mart 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1978-ci ildə V.İ.Muxina adına Leninqrad Ali Bədii – Sənaye məktəbini bitirmişdir. Eldar Məmmədov 1979-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, Beynəlxalq Byennal, beynəlxalq qrup sərgilərin fəal iştirakçısıdır. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, İngiltərə, Türkiyə, və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Eldar Qurbanov

Eldar Qurbanov Hacıbala oğlu 20 yanvar 1948-ci il Bakıda anadan olmuşdur. O, 1965-1969- cu ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq, 1981- 1986-ci ildə Azərbaycan Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirmişdir. 1973-cü ildə o, ilk dəfə olaraq “Xəzər dənizində bayram ” əsəri ilə rəsm sərgisində iştirak etmişdir. Eldar Qurbanov müxtəlif janrlarda, primitivizm və abstrakt üslublarında əsərlər yaratmışdır. Onun “Akvarium” (2009), “Qış mənzərəsi. Şəki”, “Qırmızı ağaclarla mənzərə”, “Park” silsiləsindən “Yay günü”, “Muğam oxuyan qadın”, “Mənzərə”, “Trafik”, “Darıxdırıcı gün”, “Dekolte” əsərləri vardır. O, 1979-cu ildən SSRİ rəssamlar ittifaqının üzvü olmuşdur. Rəssam 1989-cu ildə Xəzəryanı respublikaların Biennalesində “Şair və Muza” əsərinə görə birinci dərəcəli diplom və qızıl medala layiq görülmüşdür. 1994-cü ildə Azərbaycan Rəssamlar İttifaqının Sultan Məhəmmədin xatirəsinə həsr olunmuş müsabiqəsinin laureatı olur. Hazırda Musiqili Komediya Teatrında teatr rəssamı kimi fəaliyyət göstərir. Gənc Tamaşaçılar Teatrında “Dədə Qorqud” tamaşasına tərtibat verib. Elçin Məmmədovla birlikdə Naxçıvan teatrında “Elektra” üzərində işləmişdir. Eldar Qurbanov “Azərbaycanın bütün nəğmələri”(1988, Rusiya), Beynəlxalq rəssamlıq simpoziumu (ABŞ) və digər sərgilərin iştirakçısıdır. Onun əsərləri Azərbaycan Rəssamlar İttifaqında, Rusiya Rəssamlar İttifaqında, Tretyakov qalereyasında, Hyustonda “Ramko” İncəsənət mərkəzində, İstanbulda, o cümlədən Azərbaycanda və xaricdə şəxsi kolleksiyalarda saxlanılır. Rəssamın ilk böyük fərdi sərgisi 1995-ci ildə Səttar Bəhlulzadə adına sərgi salonunda təşkil olunmuşdu. 2008-ci il, fevralın 29-da isə Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində rəssamın 60 illik yubileyi münasibətilə fərdi sərgisi açılmışdır. Eləcə də Bakı incəsənət mərkəzi (1987, 1996), Bəstəkarlar evi (Moskva, 1992), “Raap`s Art Gallery” (1997. Berlin), “Renaissance” (1997. İstanbul), Baki miniatür mərkəzi (1998), “Humay” Azərbaycan incəsənət mərkəzi (2001. London), “March” galereya (2009. Sankt Peterburq) fərdi sərgiləri keçirilmişdir.

 

 

Elman Həşimov

Həşimov Elman Qulam oğlu 23 sentyabr 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1962-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1971-ci ildə isə Moskva Poliqrafiya İnstitutunu bitirmişdir. Qrafik rəssam 1988-ci ildən Azərbyacan Rəssamlar İttifaqının üzvüdür. Elman Həşimov 1971-2002- ci ildə Mətbuat Komitəsində və “İşıq” nəşriyyatında baş rəssam vəzifəsində işləmişdir. Beynəlxalq, qrup kitab, plakat sərgilərinin fəal iştirakçısıdır. Rəssam 1965-ci ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Elman Həşimov “İlham və qardaşlıq bayramı” (Azərbayacan mətbuat və xəbərlər agentliyi.1974), “Azərbaycan heykəltaraşlığı” (C.Novruzova.1973), “Azərbaycanın daş plastikası” (R.Əfəndiyev.1987), “Bakı” (E.Ağayev.1986) albomun rəssamı, “İçəri şəhər” (Anar.1978), “Min ikinci gecə” (Rafael Hüseynov) kitabın rəssamı olmuşdur. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Elman Mirzəyev

Mirzəyev Elman İsmixan oğlu 28 oktyabr 1959-cu ildə Bakıda anadan olmuşdur. O, 1980-cı ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. Rəssam 1982-ci ildən “Kirpi” jurnalı və başqa mətbuat orqanları ilə əməkdaşlıq edir. O, respublikada və xaricdə keçirilən sərgilərin iştirakçısıdır. Elman Mirzəyev 1982-ci ildən Kinostudiyada cizgi-filmləri rəssamı kimi çalışmışdır. 1985-ci ildən «Marianet kuklalar» teatrının aparıcı rəssamıdır. O, 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun 1999-2003- cü illərdə Bakıda fərdi sərgiləri keçirilmişdir.. Elman Mirzəyev Azərbaycanda və xaricdə keçirilən beynəlxalq karikatura müsabiqələrinin iştirakçısı və mükafatçısıdır. O, YUNESCO-nun xüsusi mükafatına layiq görülmüşdür. Elman Mirzəyev 2006-cı ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin İdarə Heyətinin üzvü, FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun vitse-prezidentidir.

 

 

Elmira Hüseynova

Elmira Hüseynova 12 fevral 1933-cü ildə Bakı şəhərində anadan olmuşdu. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini (1954) və İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu (1960) bitirmişdir. Elmira Hüseynovanın yaradıcılığında ailə, sevgi, səadət mövzuları xüsusi yer tutur. Heykəltəraşın müraciət etdiyi mövzulardan biri də ana mövzusudur. Müxtəlif materiallarda işlədiyi “Ailə”, “Analıq”, “Mənim ailəm”, “Xoşbəxtlik” əsərlərinin adlarını qeyd etmək olar. Elmira Hüseynovanın ilk uğurlu əsəri ağacdan yonulmuş “Kolxozçu qadın” (1957) surətidir. Heykəltəraş kompozisyada tarlalarda çalışan qadınlarımızın fəaliyyətini göstərmişdir. Rəssamın “Kolxozçu qadın”, “Fəhlə”, “Ailə”, “C.Cabbarlı”, “Ana”, “Rəsul Rza” və s. kimi əsərləri plastik formalarının yığcamlığı və kompozisiyaların orijinallığı ilə fərqlənir. Elmira Hüseynova monumental heykəllərindən “C.Cabbarlı” (Sumqayıt,1966), “H.Zərdabi” (Bakı,1983) əsərlərini adlarını çəkmək olar. Elmira Hüseynova “Toğrul Nərmənbəyovun”, “Tələbənin”, “Rəsul Rzanın” portretləri ağacdan məharətlə yonulmuşdur. Azərbaycan heykəltəraşlığında ilk dəfə olaraq Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın (1970) və pambıq ustası, Sosialist Əməyi Qəhrəmanı Qüdrət Səmədovun (1972) portretlər kompozisiyalarına bu obrazları zənginləşdirən, onların daxili aləmini aşkarlayan məntiqi atributlar daxil etmişdir. 1965-ci ildə “Səttar Bəhlulzadənin” portretini yaradır. E.Hüseynova S.Bəhlulzadənin varlığına xas olan bütövlüyü, qətiyyəti və şərtiliyi ön plana çəkmişdir. Elmira Hüseynovanın daha çox diqqəti özünə cəlb edən əsərlərindən biri “Həsənbəy Zərdabinin” abidəsi olmuşdur. Bu əsər sənətkarın son işlərindən sayılır.Tunc abidə memar Z.Quliyevanın layihəsi əsasında İçəri Şəhərdə qoyulmuşdur. Elmira Hüseynovaya 1967-ildə Azərbaycanın Əməkdar Rəssamı adı verilmişdir. Elmira Hüseynovaya 23 yanvar 1995-ci ildə Bakı şəhərində vəfat etmişdir.

 

 

Elmira Şahtaxtinskaya

Şahtaxtinskaya Elmira Həbibulla qızı 25 oktyabr 1930-cu ildə Bakıda anadan olmuşdur. O, Ə.Əzimzadə adına Bakı Rəssamlıq məktəbinin təsviri incəsənət fakültəsini bitirmiş, 1950-ci ildə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunun qrafika fakültəsinə qəbul olunmuşdur. 1956-cı ildə Moskvada təhsilini başa vuran rəssam fəal yaradıcılığa başlamışdır. Onun diplom işi xalça toxuyan qadınlara həsr etmişdir və bu əsər ən yaxşı plakatlardan biri kimi Ümumittifaq sərgisində nümayiş olunmuşdur. Elmira Şahtaxtinskaya yaradıcılığında 100-dən artıq plakat yaratmışdır. Əməyə, sülhə, müharibəyə, idmana və digər mövzulara həsr olunmuş əsərlər arasında “Bizə sülh lazımdır”, “Yeni rekordlara doğru”, “Təcavüzə son qoymaq- mədəniyyəti müdafiə etmək” və digərlərinin adlarını çəkmək olar. O, ekologiya mövzusunda silsilə plakatlar yaratmışdır. Bunlara misal olaraq “İnsan”, “Yer üzündə həyatı qoru”, “Bakı ən yaşıl, ən gözəl olacaq” əsərlərini göstərmək olar. Rəssam 1970–ci illərdə “Azərbaycan qədim mədəniyyət diyarıdır” plakatlar silsiləsində Azərbaycanın orta əsrlərdə yaşamış elm və mədəniyyət xadimlərinin (Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi, Nəsirəddin Tusi, Əcəmi Naxçıvani, Sultan Məhəmməd və başqaları), 1970–1980–ci illərdə isə müasir sənətkarların (Hüseyn Cavid, Səməd Vurğun, Üzeyir Hacıbəyli, Səttar Bəhlulzadə, Qara Qarayev, Fikrət Əmirov və başqaları) portretlərini yaratmışdır. Elmira Şahtaxtinskaya SSRİ və Azərbaycan Rəssamlar İtifaqının İdarə Heyətinin üzvü, “Azərnəşr”in bədii redaktoru, Nəşriyyat və Poliqrafiya üzrə Dövlət Komitəsinin baş rəssamı, SSRİ-nin Mədəniyyət Nazirliyinin Bədii Şurasının üzvü, eləcə də “Plakat” nəşriyyatının Zaqafqaziya üzrə komissiyasının üzvü olmuşdur. E.Şahtaxtinskaya “Şərəf ordeni” ilə təltif edilmiş, 1963–cü ildə əməkdar incəsənət xadimi, 1977–ci ildə isə Azərbaycanın xalq rəssamı adına layiq görülmüşdür. Elmira Şahtaxtinskaya 13 oktyabr 1996-cı ildə Moskvada vəfat etmişdir.

 

 

Elnaza Mustafazadə

Mustafazadə Elnaza Elmas qızı 12 avqust 1967-ci ildə Bakıda anadan olmuşdur. O, 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət Universtetinin rəssam qrafik fakültəsini bitirmişdir. Elnaza Mustafazadə 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın əsərləri Türkiyə, Gürcüstan, Azərbaycanda nümayiş edilmişdir. O,1998-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecində pedagoji fəaliyyət göstərir. Rəssamın “Azərbaycan nağılları aləmində”, “Güllər”, “Xocalı”, “Meyvələr” adlı əsərləri vardır. Rəssam respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Elturan Avalov

Avalov Elturan Vəli oğlu 20 avqust 1940-cı il Bakı şəhərində anadan olmuşdur. O, 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakultəsini bitirmişdir. Elturan Avalov 1991-ci ildə Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi adına layiq görülmüşdür. Onun Bakıda (1985, 1994, 2005), Moskvada (1986), Türkiyədə (1999) fərdi sərgiləri keçirilmişdir. Elturan Avalov “Şuşanın memarlığı” (1977), “Elturan” (1986), “Memarın gözü ilə” adlı kitabların müəllifidir. Memar-qrafika rəssamı Elturan Avalova 2003-cü ildə professor adı verilmişdir. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Təsviri sənət” kafedrasının müdiridir. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 2006-cı ildən Azərbaycan “Karikaturaçı Rəssamlar Birliyi”nin və FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun, Azərbaycan Memarlar İttifaqının üzvüdür. Rəssam respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Elturan Avalovun yeddi fərdi sərgisi keçirilmişdir. Əsərləri, Rusiya, İranda, Türkiyədə, Norveçdə, İsraildə, İngiltərədə nümayiş edilmişdir.

 

 

Elxan Tahirov

Tahirov Elxan Ənvər oğlu 17 iyul 1944-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1966-cı ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq məktəbini, 1972-ci ildə Daşkənd Teatr-Rəssamlıq İnstitutunun monumental rəngkarlıq fakültəsini bitirmişdir. Elxan Tahirov 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1981-1986- cı illərdə muzeylərin Bədii tərtibatı təşkilatında rəngkar kimi fəaliyyət göstərmişdir. Elxan Tahirov 2000-2003- cü illərdə İnşaat və Memarlıq İnstitutunda, 2003-2007- ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, hazırda Milli Konservatoriyanın nəzdində İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərir. Monumental-tərtibatçı rəssam beynəlxalq, respublika qrup sərgilərinin, Byennalların iştirakçısıdır. Onun əsərləri, Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya, Türkiyədə, Azərbaycanda nümayiş edilmişdir.

 

 

Etibar Aslanov

Aslanov Etibar Sahir oğlu 14 may 1963-cü ildə Bakıda anadan olmuşdur. O, 1983-cü ildə Ə.Əzimzadə adına Rəssamlq məktəbinin rəngkarlıq fakültəsini, 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir. Etibar Aslanov 1997-ci ildən Rəssamlar İttifaqının, 2006-cı ildən Azərbaycan Karikaturaçılar Cəmiyyətinin üzvüdür. O, 1985-ci ildə “Göyərçin” jurnalında rəssam kimi fəaliyyət göstərmişdir. Qrafika rəssamı 1997-ci ildən Türkiyədə, Moskvada, Qazaxstanda və başqa ölkələrdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgilərdə, 2003-cü ildə Beynəlxaq Ekslibris sərgi müsabiqəsində, 1999-cu ildə 1-ci 2001-ci ildə 2-ci Beynəlxaq Qrafika Biyennalında iştirakçısıdır. Etibar Aslanov Respublika gününə (1997), “Göyərçin” jurnalının 40 illiyinə (1998) həsr olunmuş, “Biz səninləyik Türkiyə” xeyriyyə (1999), “Samal” beynəlxalq qrafika sərgisi (2000, Qazaxıstan), II Beynəlxalq qrafika Biyennalı (2001, Rusiya), ADR-in 85 illiyinə həsr olunmuş beynəlxalq ekslibris sərgisi (2003, Bakı), “Azərbaycan 7 qəhrəmanı” müsabiqə sərgisi (2004, Bakı), “İnteryer üçün natürmort” (2004), “Yurdum mənim–Azərbaycan” müsabiqə sərgi, “Səməd Vurgun təsviri sənətdə” (2010), “Şərqdən şərqə” (2010), “6-cı mikrorayon rəssamları” (2012) sərgilərində iştirak etmişdir. Onun “Əsrin Müqaviləsi” (2004), “Əsrin Müqaviləsi”nin 15 illiyinə həsr olunmuş fərdi sərgiləri keçirilmişdir.

 

 

Eynulla Abdullayev

Abdullayev Eynulla İbad oğlu 15 yanvar 1948-ci ildə Bakıda anadan olmuşdur. O, 1968-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1988-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsini bitirmişdir. Rəssam 1966-ci ildən beynəlxalq və respublika sərgilərin iştirakçısıdır. Eynulla Abdullayev 1991-ci ildən Azərbaycanın Rəssamlar İttifaqının üzvüdür. O, 1982-ci ilə qədər Bədii İstehsal fondunda rəssam kimi fəaliyyət göstərmişdir. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Faiq Əkbərov

Əkbərov Faiq Əşrəf oğlu 22 fevral 1970-ci ildə Masallı rayonunun Təklə kəndində anadan olmuşdur. O, 1990-1997- ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbinin “Bədii nəqqaşlıq” fakültəsində, 1997-1999- cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Heykəltəraşlıq” fakültəsində təhsil almışdır. Rəssam 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetinin aspiranturasını bitirmişdir. Faiq Əkbərov 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Faiq Əkbərov 2000-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq kafedrasında pedagoji fəaliyyət göstərir. Rəssam Beynəlxalq Simpoziumların, beynəlxalq qrup sərgilərin iştirakçısıdır. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya, Türkiyə, İran, Avstriya və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Faiq Əliyev

Faiq Əliyev 1933-cü ildə anadan olmuşdur. O, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini və Moskva Dövlət Tarix-Arxiv İnstitutunu bitirmişdir. O, 1957-ci ildən “Kirpi” satirik jurnalı ilə əməkdaşlıq etmişdir. Onun karikaturaları “Bakinski Raboçi”, “Vışka”, “Baku” qəzetlərdə dərc olunmuşdur. Karikaturaçı –rəssamın əsərləri həyatımızda təsadüf edilən mənfilikləri və keçmişin qalıqlarını tənqid edir.

 

 

Faiq İbrahimov

İbrahimov Faiq Rəhim oğlu 16 yanvar 1943-cü ildə Şəki şəhərində anadan olmuşdur. O, 1964-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1969-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Faiq İbrahimov 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Faiq İbrahimov Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə 2002-ci ildə Əməkdar Rəssamı Fəxri adına layiq görülmüşdür. O, Beynəlxalq simpoziumlarda beynəlxalq qrup sərgilərin iştirakçısıdır. Faiq İbrahimovun əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya,Türkiyə İran, Avstriya və Azərbaycanda nümayiş edilib.

 

 

Fazil Nəcəfov

Nəcəfov Fazil 1935-ci ildə Bakıda anadan olmuşdur. O, 1955-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirmiş, elə burada Fuad Əbdürrəhmanov və Səlim Quliyev kimi sənətkarlardan heykəltəraşlıq dərsi almışdır. Fazil Nəcəfov 1961-ci ildə V.İ Surikov adına Moskva Ali Rəssamlıq İnstitutunu (H.V.Tomskinin emalatxanası) bitirmişdir. O, 1960-cı illərin əvvəllərində “İzahat” adlı heykəl kompozisiyası, daha sonra isə “Neftçi” əsəri ilə sərgilərdə iştirak etmişdir. Fazil Nəcəfov “Gənc qız”, “Rayanın portreti” (1961) kimi büstlərinin və “Neftçi” (1963), “Dalğıc” kimi əsərlərin müəllifdir. Heykəltəraşın “Osvensim”(1965) adlı heykəl-kompozisiyası “Sülhün keşiyində” adlı sərgidə müvəffəqiyyət qazanmışdır. Fazil Nəcəfovun “İçəri şəhər qadınları”, “Ana”, “Korların nəğməsi” əsərləri kompozisiya həlli, ideya-bədii məzmunu baxımından fərqlənir. Fazil Nəcəfovun “Teatr”, “H.B.Vəzirov” kimi əsərləri plastik baxımdan mürəkkəbliyi ilə seçilir. Rəssamın “Səhər”, “Həyatın mərtəbələri”, “Zamanın oyunları”, “Fortuna”, “Qulyabani” kimi əsərlər ictimai-problematik məzmunu ilə marağı cəlb edir. Fazil Nəcəfov İnsan portretlərində diqqəti təsvir olunan insanın zahiri bənzəyişinə, xarakterinin açılmasına yönəldir. Bu baxımdan “Qoca”, “Qız”, “Gənc qadın” kimi rəsmləri xüsusilə qeyd etmək olar. Rəssamın “Çılpaq qadın”, “Qadın”, “Oturmuş qadın” adlı rəsmləri ilə qarşısına qoyduğu əsas məqsəd ifadəliyə nail olmuşdur. O, Xalq Rəssamı fəxri adına, Prezident təqaüdünə və digər yüksək mükafatlara layiq görülmüşdür.

 

 

Feyzi Məmmədov

Məmmədov Feyzi Abdulla oğlu 29 mart 1957-ci ildə Şəki şəhərində anadan olmuşdur. O, 1976-cı ildə Bakı şəhəri 84 №-li Texniki rəssamlıq məktəbini bitirmişdir. Feyzi Məmmədov 1978-ci ildə hərbi xidmətini başa vurduqdan sonra, uzun illər Şəki rayon mədəniyyət evində rəssam kimi işləmişdir. O, 1991-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Feyzi Məmmədov 1989-cu ildən keçirilən qrup sərgilərin iştirakçısı və mükafatçısıdır. Onun əsərləri, Gürcüstan, Finlandiya, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilib. Feyzi Məmmədov 1986-cı ildən Respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Fərhad Əliyev

Əliyev Fərhad Baba oğlu 23 sentyabr 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1979-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Bədii konstruktivləşdirmə fakültəsini bitirmişdir. Fərhad Əliyev 1981-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Qrafik rəssam 1980-ci ildən bu günə kimi bir çox Beynəlxalq, qrup sərgilərin, simpoziumların iştirakçısıdır. Fərhad Əliyev 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim, dossent kimi fəaliyyət göstərir.

 

 

Fərhad Əliyev

Əliyev Fərhad Baba oğlu 23 sentyabr 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1979-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Bədii konstruktivləşdirmə fakültəsini bitirmişdir. Fərhad Əliyev 1981-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Qrafik rəssam 1980-ci ildən bu günə kimi bir çox Beynəlxalq, qrup sərgilərin, simpoziumların iştirakçısıdır. Fərhad Əliyev 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim, dossent kimi fəaliyyət göstərir.

 

 

Fərid Ələkbərov

Ələkbərov Fərid Kamal oğlu 16 iyul 1971-ci ildə Bakıda anadan olmuşdur. O,1990-cı ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbini, 1995-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Fərid Ələkbərov 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun beş fərdi yaradıcılıq sərgisi keçirilmişdir.  Rəssamın əsərləri, Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilib. Fərid Ələkbərov respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Fərman Qulamov

Fərman Səməd oğlu Qulamov 1945-ci ildə Astarada anadan olmuşdur. O, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində (1967), Tbilisi Rəssamlıq Akademiyasında (1976) təhsil almışdır. Rəssamın “Rəngləri sevən insan”, “Yenə Görüşdük”, “Strukturun plastikası-1”, “Mənzərə” , “Kompozisiya” adlı əsərlərini qeyd etmək olar. Fərman Qulamovun əsərləri dəfələrlə ölkəmizdə və xaricdə nümayiş etdirilib. 1987-ci ildə Azərbaycanın digər rəssamları ilə birgə onun da əsərləri Moskvada və Polşada sərgilənmişdir. 1993-cü ildə Moskvada “Sərgi” qalereyasında ümumi sərgidə iştirak etmişdir. 1994-cü ildə isə həmin qalereyada fərdi sərgisi keçirilmişdir. Rəssam 1993-1994- cü illərdə “Humay” mükafatına layiq görülmüşdür. Onun müxtəlif əsərləri 1996-1998- ci illərdə Beynəlxalq kataloqa düşmüşdür. Fərman Qulamov 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2001- ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq sənətindən dərs deyir. Əsərləri Rusiyanın Tretyakov qalereyası və Şərq Xalqları muzeyinin kolleksiyasına daxil edilmişdir.

 

 

Fəxrəddin Əliyev

Əliyev Fəxrəddin Sabir oğlu 18 sentyabr 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1982-cı ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin heykəltəraşlıq fakültəsini,1988-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutununu bitirmişdir. Fəxrəddin Əliyev 1988-1992- cı illərdə SSRİ Rəssamlıq Akademiyasının aspiranturasında təhsil almışdır. Onun diplom işi “Əməli ustad Zeynəddin bin Əbu Rəşid Şirvani” kompozisiyası olmuşdur. Heykəltəraş 1982-ci ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır Fəxrəddin Əliyev 1989-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam “Müşfiq ocağı” (1989), “Nigar Rəfibəyli” abidə (1998. Gəncə), “Ulu öndərin dünyası” barelyef (2008. Masallı), “Zərifə Əliyeva” abidəsinin (2008) müəllifidir. Onun əsərləri, Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Fəxrəddin Əliyev

Əliyev Fəxrəddin Vəli oğlu 12 may 1938-ci ildə Ermənistanın Meqri rayonunda anadan olmuşdur. O, 1956-cı ildə Ordubad Pedaqoji məktəbini, 1962-ci ildə Ə.Əzimzadə adına Bakı Dövlət Rəssamlıq məktəbini, 1969-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dekorativ tətbiqi sənət fakültəsini bitirmişdir. Dekorativ tətbiqi sənət rəssamıdır. Diiplom işi “Babək” qobeleni olmuşdur. Fəxrəddin Əliyev 1972-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam 1970-ci il “Həyatın gözəlliyi” adlı tablo ilə respublika sərgisində iştirak etmişdir. Onun “Atəşpərəstlər”, “Payız”, “Azərbaycan madonnası”, “Üç gül” qobeleni keçə, xalça kimi materiallardan toxunaraq respublika və xarici ölkələrdə nümayiş edilmişdir. Onun “Biçindən sonra”, “Ağ karvan”, “Narahat oba” və s yağlı boya əsərləri vardır. Fəxrəddin Əliyev 1979-cu ildə M.Şəhriyarın “Heydərbaba salam” poemasının bütün bəndlərinə, “Dədə Qorqud” 20 miniatür, Sahib Təbrizi “Mehr və Müşəri” 10 ədəd miniatür, “Nizami Gəncəvi” süjetli xalça yaratmışdır Mütəmadi olaraq Respublika və Xarici ölkələrdə keçirilən sərgilərin fəal iştirakçısı olan F.Əliyev, dəfələrlə diplom və mükafatlara layiq görülüb. Əsərləri Türkiyə, Litva, İran, və Azərbaycanda nümayiş etdirilib. O,1970-ci ildən Respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Fikrət Həşimov

Fikrət Həşimov 1948-ci ildə Şahbuz rayonunda anadan olmuşdur. O, 1968-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. 1976- ci ildən Sankt-Peterburq şəhərində, İ.Repin adına Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq institutunun rəngkarlıq fakültəsində təhsilini davam etdirmişdir. O, 1978-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilmişdir. Fikrət Həşimovun “Qayıtma”, “Azad olunmuş şəhərdə” tabloları onun yaradıcılığının ilk dövrünə aiddir. Rəssamın “Azarkeş qocalar”, “Dünyada sülh olanda”, “Balıqçı və qağayılar”, “Seans” lövhələri isə yaradıcılığının ikinci mərhələsinə aid edilmişdir. Müxtəlif janrlarda yaradılmış bu əsərlər Bakı, Moskva və Praqa şəhərlərindəki sərgilərdə nümayiş olunmuşdur. Fikrət Həşimov 1980-cı illər də “Dostluq palitrası” adlı beynəlxalq sərgidə iştirak etmişdir. Rəssam 1982-ci ildə Çexoslovakiya Sosialist Gənclər İttifaqının Fəxri fərmanına, 1985-ci ildə isə Çexoslovakiya komsomolunun, həmin ildə Çex-Sovet dostluq cəmiyyətinin fəxri nişanına layiq görülmüşdür. O, 1978-ci ildə “Qayıtma” əsərinə görə Ümumittifaq Xalq Nailiyyətləri Sərgisinin bürünc medalına, 1986-cı ildə isə Zaqafqaziya rəssamlarının I Byennale sərgisində “İntizar” əsərinə görə qızıl medala layiq görülmüşdür. Fikrət Həşimovun “Ağ paltarlı qız”, “Xatirə”, “İntizar”, “Rəssam Nazimin portreti”, “Qara paltarlı qız” Bülbül kimi oxuyardıq”, “Xatirə”, “Yaşıdlar”, “Qayıtma”, “Mənim Şahbuzum”, “Qağayılar uçub gəldilər”, “Bülbül kimi oxuyardıq”, “Qadın portreti” əsərlərinin adlarını qeyd etmək olar. Fikrət Həşimovun əsərləri Rusiya, Polşa, Almaniya, Çexoslovakiya və İtaliyada nümayiş etdirilmişdir.

 

 

Fikrət İbrahimli

İbrahimli Fikrət Əli oğlu 2 iyun 1955-ci ildə Salyan rayonun Xıllı kəndində anadan olmuşdur. O, 1976-cı ildə Əzim Əzimzadə adına Bakı Dövlət Rəssamlıq Məktəbini, 1982-ci ildə M.A.Əliyev adına Azərbaycan İncəsənət İnstitutunu bitirmişdir. Fikrət İbrahimli 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya,Türkiyə və Azərbaycanda nümayiş edilib. O, 1978-ci ildən Respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Fövziyə Əfəndi

Əfəndi Fövziyə Qorxmaz qızı 3 dekabr 1963-cü ildə Bakıda anadan olmuşdur. O, 1982-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsini, 1990-cı ildə Lvov Dövlət Tətbiqi və Dekorativ İncəsənət İnstitutunu bitirmişdir. Fövziyə Əfəndi 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1992-ci ildən mütəmadi olaraq Türkiyədə, Moskvada, Qazaxıstanda və başqa ölkələrdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgilərdə iştirak etmişdir.

 

 

Fuad Əbdürəhmanov

Fuad Əbdürrəhmanov 1915-ci il mayin 11-də Nuxada (indiki Şəki şəhəri) anadan olmuşdur. Azərbaycan Rəssamlıq məktəbi (1929–1932) və İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1935-1939) təhsil almışdır.1942–1948 illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs demişdir. Fuad Əbdürrəhmanov yaradıcılığa portret janrı ilə başlamışdır. 1930-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini Əbdürrəhimbəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Asəf Zeynallı və b. yaratmışdır. Həmçinin bu dövrdə “Atıcı” , “Gənc aşıq” və ilk monumental əsəri olan Füzulinin heykəlini (Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında) yaratmışdır. Sovet İttifaqı Qəhrəmanları G.Əsədovun, İ.Məmmədovun, Q.Məmmədovun, Böyük Vətən müharibəsi qəhrəmanı H.Əliyevin portretləri, Cavanşir, Babək və Koroğlunun barelyeflərində obrazlar dərin psixoloji ifadəliliyi ilə seçilir. 1950-ci illərdə dəzgah heykəltəraşlığı ilə məşğul olub, psixoloji portretlər yaratmışdır. Səttar Bəhlulzadə (1947), R.Mustafayev (1947), H.Aslanov (qəbirüstü abidə,1949), B.Bağırova (1951), S.Vurğun (1957), kubalı Xesus(1962) və başqalarının portretlərində, obrazların fərdi xüsusiyyətini, xarakterlərini aydın ifadə edə bilmişdir. Fuad Əbdürrəhmanovun yaradıcılığında monumental heykəltəraşlıq mühüm yer tutmuşdur. Nizaminin Gəncədə və Bakıdakı abidələri (1946, 1949), Bakıda S.Vurğunun abidəsi (1961) Azərbaycan monumental heykəltəraşlığının ən yaxşı nümunələrindəndir. Onun 1950 – 1960-cı illərdə yaratdığı “Çoban” (Azərbaycan İncəsənət Muzeyi 1950, gips; Tretyakov qalereyası 1951,tunc) ,”Azərbaycanlı qadın” (1951), “Azadlıq” 1957), “Azad qadın” (1960) əsərləri milli xüsüsiyyətlərlə zəngindir. F.Əbdürrəhmanov elm və mədəniyyət xadimlərinin, həmçinin müharibə və əmək qəhrəmanlarının surətlərini canlandıran heykəllər qalereyasını yaratmışdır. Monqolustanın görkəmli dövlət xadimləri Suxe-Bator və marşal X.Çoybalsanın büst-abidələri (1954), Rudəki (1963), S.Ayninin portretləri (1964), Düşənbədə Rudəkinin (1964), Buxarada İbn Sinanın abidələri (açılışı 1975 ildə olmuşdur) monumental əsərləri Fuad Əbdürrəhmanova şöhrət qazandırmışdır. Ömrünün son illərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin (1973 ildə Bakıda açılışı olmuşdur) monumental abidəsini yaratmışdır. Fuad Əbdürrəhmanov 1943-ci ildə Azərbaycanın Əməkdar rəssamı, 1956-ci ildə Azərbaycan Xalq rəssamı adını almışdır. 1949-ci ildə SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, 1947, 1951-ci ilərdə Azərbaycan Dövlət mükafat laureatı olmuşdur O, iki dəfə “Şərəf nişanı” ilə təltif olunmuşdur. Bakıda Fuad Əbdürrəhmanovun ev muzeyi fəaliyyət göstərir. Fuad Əbdürrəhmanov 1971-ci il iyunun 15-də Baki şəhərində vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

 

 

Fuad Salayev

Fuad Salayev Məmmədəmin oğlu 1943-cü ildə Bakı şəhərində anadan olub. Fuad Salayev 1959-64- cü illərdə Əzim Əzimzadə adına rəssamlıq məktəbində təhsil almışdır. Azərbaycanın xalq rəssamları Kamal Ələkbərov, Cəlal Qaryağdı kimi böyük sənətkarlar ona dərs demişdir. 1965-1971- ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır. Moskvada Fuad Salayev sovet heykəltəraşlarından N.V.Tomiskidən və M.F.Baburindən dərs almışdır. 1972-1975- ci illərdə SSRİ Rəssamlıq Akademiyasının nəzdində Bakıda xalq rəssamı Ömər Eldarovun rəhbərliliyi altında fəaliyyət göstərən rəssamlıq emalatxanasının aspirantı olmuşdur. Fuad Salayev 1962-ci ildən başlayaraq sərgilər də nümayiş olunan sənət əsərlərinin arasında kiçik plastika nümunələri ilə çıxış etməyə başlamışdır. Həmin ildə onun Bakıda açılmış “İncəsənət və məişət” şüarı altında sərgidə Leylək quşunu təsvir edən heykəli nümayiş olunmşdur. Daha sonra Rəssamlar İttifaqının sərgisində “Dumalar” əsəri ilə iştirak etmişdir Fuad Salayev ali təhsilini qurtardıqdan sonra ilk memorial heykəli “Sergey Yesenin”in tunc barelyefi Bakınin Mərdəkan qəsəbəsinin botanika bağın hasar divarını bəzəyir. Fuad Salayev yaradıcılığının ilkin dövründə qadın obrazlarına üstünlük vermişdir. Onun bu qəbildən “Gənc qadın”, “Kolxozçu qız”, “Ana”, “Zəhmətkeş qadın” və s. əsərlərini göstərmək olar. “Gənc ana” heykəli Moskvada SSRİ Rəssamlıq Akademiyasının xüsusi diplomuna layiq görülmüşdür. Azərbaycan müstəqilik əldə etdikdən sonra kommunizm ideologiyasından uzaqlaşan sənətkarlar artıq milli ənənələrə üstünlük verərək tam müstəqil abidələr yaratmağa başladılar. Fuad Salayevin sonraki yaradıcılığında yer alan fəlsəfi xarakterli əsərlər sırasına “Ekvilibrist”, “Kələfin ucunu axtaranlar”, “Qıl körpüsü”, “Qiyamət günü” “Tarazlıq”,və.s abidələrini göstərmək olar. Almaniya və Yuqoslaviyada keçirilən heykəltəraşlıq üzrə beynəlxalq simpoziumların, həmçinin respublikada və xaricdə keçirilən sərgilərin içtirakçısıdır. Əsərləri ABŞ, Rusiya, Kanada, İngiltərə, Fransa, İtaliya, Almaniya, Avstriya, Türkiyə və Yaponiyanın muzey, fond, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. O, əsasən bürünc üzərində işləsədə, digər materiallardan istifadə etmişdir. Fuad Salayev 1975-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. Heykəltəraş məsul vəzifələrdə də çalışmışdır. 1977- 1987-ci illərdə Rəssamlar İttifaqının idarə heyətinin katibi olmuşdur. 1994-ci ildə Əməkdar İncəsənət xadimi və 2002-ci ildə isə Azərbaycan Xalq rəssamı adına layiq görülmüşdür. Fuad Salayev, 1993-cü ildə Tokioda keçirilən “XVII xalqlararası təsviri sənət” sərgisində “Ən yaxşı işlər” diplomuna, 1994-cü ildə İtalya milli müsabiqəsinin təsviri sənət üzrə diplomuna, 1997-ci ildə “Sultan Məhəmməd” mükafatına layiq görülmüş, 2009-cu ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki adına, 2013-cü ildə Azərbaycan Respublikasında heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordenə layiq görülmüşdür. 1982-ci ildən Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət İnstitutda müəllim kimi fəaliyyətə başlamış və hal-hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, elm və yaradıcılıq üzrə prorektorudur.

 

 

Gennadi Brijatyuk

Gennadi Demyanoviç Brijatyuk 30 yanvar 1935-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O,1950-1958- ci illərdə Ə.Əzimzadə adına rəssamlıq məktəbində təhsil almışdır. Rəssamlıq fəaliyyətinə 1950-1960- ci illərdə başlamışdır. Onun yaradıcılığının əsasını çılpaq natura, sevgi səhnələri, güllər (əsasən qızılgül) və portretlər təşkil edirdi. Mənzərə janrı isə daha mühüm yer tutmuşdur. Brijatyuk özünü abşeron məktəbinə aid edirdi. Gennadi Brijatyuk “Qızıl güllər”, “Gecə”, “Dəvə”, “Güllər”, “Mənzərə” (1970), “Qadın portreti” (1994), “Kompozisiya” (1960), “Mütəfəkkir” (2000) əsərlərinin müəllifidir Rəssamın əsərləri Azərbaycan Milli İncəsənət muzeyində və Mosvada Azərbaycan səfirliyində sərgilənir. Əsərlərinin çoxu İtaliya, Türkiyə, Almaniya, İngiltərə, ABŞ, Fransada ölkələrdə muzey və kolleksiyalarında saxlanılır. Əsərlərin böyük hissəsi Bakıda şəxsi kolleksiyalarda saxlanılır. Rəssamın 300-ə yaxın əsəri Hüseyn Hüseynzadənin şəxsı kolleksiyasında yer tapmışdır. Gennadi Brijatyuk 1992-ci ildə Əməkdar rəssam adına layıq görülmüşdür. Gennadi Brijatyuk 11 iyul 2008-ci il Baki şəhərində vəfat etmişdir.

 

 

Görüş Babayev

Babayev Görüş Nurəddin oğlu 1943-cü ildə Bakıda anadan olmuşdur. O,1959-cu ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin heykəltəraşlıq fakültəsinə daxil olmuş, ali təhsilini isə Leninqradda (Sankt-Peterburq) Rəssamlıq Akademiyasının monumental heykəltəraşlıq fakültəsində almışdır. Görüş Babayev həm Azərbaycanda, həm də ölkəmizdən kənarda təşkil edilən müxtəlif sərgilərdə iştirak edib, beynəlxalq müsabiqələrin qalibi olmuşdur. Mirzə Şəfi Vazehə Gəncədə ucaldılan abidə, Türkiyənin Ərzurum şəhərində “Arfa çalan qız”, Sumqayıtda “Nizami Gəncəvi”, “20 Yanvar şəhidlərinə abidə” Görüş Babayevin uğurlu əsərlərdən sayılır. Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Nizami Gəncəvinin heykəli və Bakıda “Dədə Qorqud” abidəsinin müəllifidir. Görüş Babayev on il Türkiyədə müəllimlik fəaliyyəti ilə məşğul olmuş və “Türkiyə yuxuları” silsiləsindən əsərlərini yaratmışdır.

 

 

Gülbəniz Eminova

Eminova Gülbəniz Zaur qızı 22 avqust 1964-cü ildə Bakıda anadan olmuşdur. O, 1984-cü ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin heykəltaraşlıq fakültəsini, 1991-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun sənaye qrafikası fakültəsini bitirmişdir. O, 1995-ci ildən Respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Eminova Gülbəniz 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində olan İncəsənət Kollecində pedagoji fəaliyyət göstərir. Qrafik rəssamın 2003-cü ildə fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Gündüz Əlizadə

Əlizadə Gündüz Qurban oğlu 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1974- cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1977-ci ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Rəssam “Molla Nəsrəddin”, “Tək səbir”, “ Mozalan”, “Ədəbiyyat və incəsənət” qəzet və jurnallarında fəal çıxış etmişdir. O, “Gənclik” jurnalının baş rəssamı olmuşdur. Respublikada və xaricdə keçirilən sərgilərdə və müsabiqələrdə iştirak etmişdir. Gündüz Əlizadə 1999-cu ildə Ankara şəhərində keçirilən karikaturaçıların müsabiqəsində birinci mükafatı almışdır.

 

 

Hacımirzə Fərzəliyev

Fərzəliyev Hacımirzə Xanmirzə oğlu 29 avqust 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1969-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbini bitirmişdir. Hacımirzə Fərzəliyev 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın 2001, 2007 və 2013-cü illərdə fərdi yaradıcılıq sərgiləri keçirilmişdir. O, Beynəlxalq Byennal, simpoziumların, beynəlxalq qrup sərgilərin iştirakçısıdır. Hacımirzə Fərzəliyevin əsərləri, Moskva, Gürcüstan, Almaniya, Bolqarıstanda, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Hafiz Nəsiroğlu

Yahyayev Hafiz Nəsir oğlu 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1960-cı ildə 84№-li Texniki peşə məktəbinin tərtibçi-rəssam şöbəsini bitirmişdir. Uzun illər mətbuatda karikaturaçı rəssam kimi fəaliyyət göstərmişdir. Hafiz Nəsiroğlu 1990-cı ildə “Kirpi” satira-yumor jurnalında rəssam-texniki redaktor kimi çalışmışdır. O, 1992-ci ildən “Kirpi” jurnalının baş rəssamı kimi fəaliyyət göstərmişdir. Dəfələrlə beynəlxalq karikatura müsabiqələrində iştirak etmiş, çoxlu mükafatlara layiq görülmüşdür. O, 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Hafiz Nəsiroğlu 2005-ci ildən “Azərbaycan karikaturası” cəmiyyətinin vitse-prezedentidir.

 

 

Haşım Elçiyev

Elçiyev Haşım Baba oğlu 18 oktyabr 1948-ci ildə Bakıda anadan olmuşdur. O, 1973-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1985-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun senaye-qrafikası ixtisasını, 1986-cı ildə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstiututunun “plakat” şöbəsi üzrə aspiranturanı bitirmişdir. O, 1979-cu ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Haşım Elçiyev 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzüdür. Rəssam 1986-2001- cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində, 2001-cı ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında baş müəllim, dossent vəzifəsində çalışır. O, 1988-ci ildə Bakı incəsənət mərkəzində fərdi plakat sərgisi, Miniatür mərkəzinin sərgi zalında “Sənə həsr edirəm mənim Qarabağım” adlı fərdi sərgi, 1998-ci ildə Rəssamlar İttifaqında fərdi plakat sərgisinin iştirakçısıdır. Haşım Elçiyev “Azərbaycan bu gün” (1996. “Vaqif Mustafazadə” plakatı), Azərbaycan Teatr Afişasına həsr olunmuş (2005. “Leyli və Məcnun”, “O olmasın, bu olsun”), Qurtuluş gününə həsr olunmuş (1997 . “Lissabon sammit-96” plakatı), Paraolimpiya həsr olunmuş (2006), Bakı Carqo Terminal (2007), İranda beynalxalq plakat (2008) müsabiqələrdə iştirak etmişdir. Onun əsərləri, Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. Haşım Elçiyev 2006-cı ildə Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.

 

 

Həmzə Abdullayev

Abdullayev Həmzə Yusif oğlu 25 sentyabr 1946-cı ildə Bakıda anadan olmuşdur. O, 1967-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1974-cü ildə Moskva Poliqrafiya İnstitutunun dəzgah rəngkarlığı fakültəsini bitirmişdir. Həmzə Abdullayev 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedagoji fəaliyyət göstərir. O, Beynəlxalq Byennal, beynəlxalq qrup sərgilərin fəal iştirakçısıdır. Həmzə Abdullayevin “Daş salnamələr” triptix, “Babil qülləsi”, “Novruz ağacı”, “Gecə mənzərəsi”, “Hündür hasarlı bağ” əsərləri vardır. Həmzə Abdullayev 2002-ci ildə Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.

 

 

Həsən Haqverdiyev

Həsən Əli oğlu Haqverdiyev 1917-ci ildə Güney Azərbaycanın Mamağan şəhərində anadan omuşdur. 1931-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbində daxil olmuşdur. Həsən Haqverdiyev 1933-cü ildə öz məktəb yoldaşları T.Tağıyev, K.Xanlarov və başqaları ilə birlikdə ilk dəfə Azərbaycan rəssamlarının Respublika sərgisində iştirak etmişdir. Bir ildən sonra o, respublika rəssamlıq sərgisində “Gitara çalan oğlan”, “Qoca portreti” , “İçərişəhər motivləri” adlı etüdlərini nümayiş etdirmişdir. Həsən Haqverdiyev “Balaca çoban”(1959), “Çoban qız” (1964), “Dağ yolu” , “Yaylaqda” (1965) kimi tablo və mənzərələrin müəllifi olmuşdur. Rəssamın sülh mövzusunda işlədiyi əsərlərindən “Sülh üçün” (1965) tablosunu qeyd etmək olar. Həsən Haqverdiyev Azərbaycan qadınına həsr etdiyi “Oyanma” (1970) tablosunu və uşaq aləmi, psixologiyası ilə bağlı “Balaca rəssam” (1966), “İlk söz” (1970) kimi tablolarının adlarını çəkmək olar. Rəssamın rəsmlərinə “A.S.Puşkinin A.S.Qriboyedovun cənazəsi ilə qarşılaşması” (1937), “Əzim Əzimzadənin portreti” (1939), “Zemfiranın portreti”, “Xanların dəfni” (1960), “Füzuli oğlunun şerini dinləyərkən” (1958), “Rəssamlarımız yaradıcılıq növbəsində” (1959) kimi əsərləri daxildir. Həsən Haqverdiyev qrafika sahəsində də, fəaliyyət göstərmişdir.O, 1959-cu ildə çəkdiyi “Ölkəyə 600 min ton pambıq verək” adlı plakatına görə Kiyevdə keçirilən Ümumittifaq siyasi plakat sərgisində üçüncü dərəcəli diplomla mükafatlanmışdır. Rəssamı “Kuba deyir: Vətən ya ölüm!” (1961), “Sülh dostluq” (1962), “Qoy daim günəş olsun” (1964), “Amerika zindanlarında” (1971) və s. kimi plakatların müəllifidir. Həsən Haqverdiyevin tablolarından “1920-ci ilin baharı” (1970) qrafika üçün səciyyəvi olan kontur və cizgilərlə işlənmişdir. Rəssam “Azərbaycan”, “Ulduz”, “Təşviqatçı”, “Azərbaycan qadını”, “Pioner” və “Göyərçin” jurnallarının bədii tərtibində yaxından iştirak etmişdir. Həsən Haqverdiyev Azərbaycan qrafikasında dostluq şarjı janrının əsas nümayəndələrindən olmuşdur. Rəssamın yaratdığı portretlər qalereyasına Qara Qarayev, M.İbrahimov, Niyazi, S.Rüstəm, F.Əbdürrəhmanov, M.Abdullayev, T.Salahov, S.Bəhlulzadənin obrazları daxildir. Həsən Haqverdiyevin yaradıcılığına teatr-dekorativ sənəti xüsusi yer tutmuşdur. O, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulan bir neçə əsərin bədii tərtibatını vermişdir. Rəssam “Yevgeni Onegin” və “Qaratoxmaq qız” operaları, C.Məmmədovun “Dan ulduzu” pyesi üçün çəkilmiş dekor eskizlərin müəllifidir Rəssam K.Qoldoninin “İki ağanın bir nökəri” komediyasına, M.Təhmasibin “Rübailər aləmində” tarixi romantik dramına bədii tərtibatını vermişdir. 1967-ci ilin may ayında Bakıda Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda Həsən Haqverdiyevin fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Həsən Haqverdiyev 1978-ci ildə vəfat etmişdir.

 

 

Həsən Qurbanov

Qurbanov Həsən Bulut oğlu 14 iyul 1966-cı ildə Naxçıvan MR Naxçıvan şəhərində anadan olmuşdur. O, 1983-1989- cu ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin Bədii nəqqaşlıq fakültəsində təhsil almışdır. Rəssam 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Həsən Qurbanov 1990-cı ildə ilk dəfə sərgidə iştirak etmişdir. Onun əsərləri Naxçıvanda, Türkiyədə, İranda, Almaniyada, Fransada nümayiş edilib. Rəssam Respublika və beynəlxalq sərgilərdə fəal iştirak edir.

 

 

Həsənağa Məmmədov

Həsənağa Məmmədov 1949-ci ildə Neftçalada anadan olmuşdur. O, 1967-1971- ci illərdə Ə.Əzimzadə adına texnikumunu, 1973-1979- cu illərdə isə Tibilisi Dövlət Rəssamlıq Akademiyasını təhsil almışdır. Rəssamın ilk fərdi sərgisi 1985-1987- ci ildə keçirilmişdir. O, 1975-ci ildə Moskva Rəssamlar Birliyinin xüsusi diplomu, 1987-ci ildə Çexoslovakiyada Ekslibris sərgisinin mükafatı, 2003-cü ildə İstanbul Fuarının mükafatı ilə təltif olunmuşdur. Rəssam 2008-ci ildə İdmana aid sərgidə “Güləşçilər” əsəri ilə I yerə layiq görülüb. O, Almaniya, Finlandiya, Gürcüstan, Çexoslovakiya, Fransa, Türkiyə və Moskvada keçirilən bir sıra qrup sərgilərinin iştirakçısıdır. Hazırda Həsənağa Məmmədov Azərbaycan və Türkiyədə yaradıcılığını davam etdirir. Rəssamın əsərləri sırasına “Əli bəy Hüseynzadənin Nali Vətən şerinə ithaf”, “Əli bəy Hüseynzadənin Nali Vətən şerinə ithaf”, “Azərbaycan Muğam silsiləsi- Mahmud ağa və onun musiqi məclisi”, “Azərbaycan Muğam silsiləsi- Səttar və Seyid Əzim” aiddir. Rəssam 1970-1972- ci ildə SSRİ Rəssamlar İttifaqının, 1980-ci ildə Rəssamlar İttifaqının üzvü olmuşdur. Həsənağa Məmmədova 2006-cı ildə Əməkdar rəssam fəxri adı verilmişdir.

 

 

Həyat Abdullayeva

Həyat Həmdulla qızı Abdullayeva 14 oktyabr 1912-ci ildə Dərbənd şəhərində anadan olmuşdur. 1950-ci ildə Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun heykəltəraşlıq ixtisasını bitirmişdir. Diplom işi “İki dəfə Sosialist əmək qəhramanı Bəsti Bağırova pambıq yığımı zamanı” kompozisiyası olmuşdur. Diplom rəhbəri Viktor Aleksandiroviç Sinaysk olmuşdur. Heykəltəraşlığın dəzgah və dekorativ formaları üzrə fəaliyyət göstərərək bir sıra qiymətli kompozisiya qrupları və xırda heykələr yaratmışdır. Həyat Abdullayeva yaradıcığında lirik mövzular mühüm yer tuturdu. Heykəltəraşın yaradıcılığında portret janrı da inkişaf etmişdir. Həyat Abdullayevanın “Qız portreti” (1966), “Vaqif” (1957), “Həcər” (1959), “Vəcihə Səmədova”nın (1960) portretləri dövrünün müasir həyatını əks etdirir. Heykəltəraş, 1956-57- ci illərdə ardıcıl olaraq “Vaqif” (Şuşa şəhəri, Cıdır düzü) və “Nizami” portretlərini işləmişdir. Qaçaq Nəbinin həyat yoldaşı, “Həcərin portreti” kompozisiyası böyüklüyü və plastik bütövlüyü ilə fərqlənir. 1960-cı ildən sonra Həyat Abdullayeva qadın portretlərində səciyyəvi cizgilər, ifadəli, psixoloji cəhətdən zəngin obrazlar yaratmağa başlayır. Rəssamın fikirləri yaradıcılıq ideyaları Vəcihə Səmədova portretində xüsusilə aydın görünür. Rəssam Bakı farfor zavodu üçün bir sıra kiçik heykələr yaratmışdır: “Yeddi gözəl”, “Talış qız”. Gipsdan olan işlərindən “H. Zərdabi portreti” ( 1951 ), “Çay yığan qız” (1953), “Yaz” (1961) , “Kalxozçu qız” (1965) adlarını qeyd edə bilərik. 1964-ci ildə Azərbaycanın “Əməkdar rəssam” adina layiq görulmüşdür. Həyat Abdullayeva 2006-cı ildə Dərbənd şəhərində vəfat etmişdir.

 

 

Hikmət Qəhrəmanov

Qəhrəmanov Hikmət Əliheydər oğlu 7 dekabr 1944-cü ildə Bakıda anadan olmuşdur. O, 1967-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini, 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsin bitirmişdir. Hikmət Qəhrəmanov 1977-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1989-cu ildən N.Tusi adına Azərbaycan Pedagoji Universitetində pedaqoji fəaliyyət göstərir. Rəssam 1968-ci ildən Ümumittifaq, beynəlxalq sərgilərdə iştirak edib, diplomlara layiq görülmüşdür. Hikmət Qəhrəmanov VLKSM-in 50 illiyinə həsr olunmuş sərgidə (1968), Zakavkaziya rəssamlar sərgisində (1971, Moskva; 1972, Praqa; 1972, Berlin; 1972, Ulan-Bator; 1973, Bakı), “Ölkənin qənclii” ümuttifaq sərgisində (1976), Azərbaycan dekorativ tətbiqi sənət sərgisində (Bakı, 1984; Berlin, 1988; Novqorod, 1991), “Azərbaycan xalça və xalq sənəti” III beynəlxalq simpoziumunda (Bakı, 2003), “Azərbaycan 7 qəhrəman” (Bakı, 2004) sərgisində iştirak etmişdir.

 

 

Hüseyn Pariyab

Hüseyn Pariyab Mami oğlu 18 iyun 1928-ci ildə Bakıda anadan olmuşdur. O, 1952-ci ildə İran İslam Respublikasının Rəssamlıq məktəbini bitirmişdir. Hüseyn Pariyab 1960-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam yaradıcılığı ağac, sümük üzərində xətamkarlıqdan ibarətdir. Hüseyn Pariyab respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Hüseyn Əliyev

Hüseyn Əlirza oğlu Əliyev 1911-ci il aprel ayının 22-də Zəngəzurun Comərdli kəndində anadan olmuşdur. O, Bakı Rəssamlıq Texnikumunu (1927-1932) Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1932-1935) təhsil almışdır. Rəssam 1922-1931- ci ildə “Molla Nəsrəddin” satirik jurnalı, 1927-1987- ci ildə “Kommunist” nəşriyyatı ilə əməkdaşlıq etmişdir. Hüseyn Əliyev müxtəlif janr və üslublarda, əsasən romantik mənzərələr yaratmışdır. Hüseyn Əliyevin mənzərələrini formal olaraq iki yerə konseptual və situativ mənzərələrə bölmək olar. Rəssamın monotipiya texnikası ilə yaratdığı konseptual mənzərə-tablolarında bir neçə obrazlı-stilistik xətt diqqət çəkir. Hüseyn Əliyev “Qızıl payız”, “Üç ağac”, “Kəpəz”, “Qızıl qaya”, “Səhər”, “Bahar”, “Şəlalə”, “Quraqlıq”, “Nəğməli torpaq”, “Sülhsevər torpaq”, “Zəhmli torpaq” əsərlərin müəllifidir. Rəssamın yağlı boya ilə çəkdiyi ilk əsər “Zəngəzur” tablosu olmuşdur. Hüseyn Əliyev “Azıx mağarası”, “İlanlı dağı”, “Əlincə qalası”, “Urud qalası” kimi akvarellə isti və soyuq reng çalarları ilə çəkdiyi tablolarda bu yerlərin qədimliyi, qeyri-adi gözəlliyini göstərmişdir. Hüseyn Əliyevin “Göygöl mənzərələri” adlı albomunda rəssamın 17 mənzərə rəsmi verilmişdir. Müxtəlif sərgilərdə nümayiş etdirilən rəsmlər sırasında, onun Comərdli kəndində çəkdiyi “Yəhər Təpə” və “Mahmud bulağı” əsərləri özünəməxsus yer tutur. Hüseyn Əliyevə 1977-ci ildə Azərbaycan Respublikasının Əməkdar rəssam, 1982-ci ildə Xalq rəssamı adı verilmişdir. Hüseyn Əliyev 21 may 1991-ci ildə vəfat etmişdir.

 

 

Hüseyn Haqverdiyev

Hüseyn Həsən oğlu Haqverdiyev 1956-cı ildə Ucar rayonunda anadan olmuşdur. O, 1971-1975- ci illərdə Əzim Əzimzadə adına İncəsənət kollecində oxumuşdur. Rəssam, həmin il Vera Muxina adına Leninqrad Ali İncəsənət Akademiyasına daxil olmuş, heykəltəraşlıq fakültəsini 1980-ci ildə bitirmişdir. Hüseyn Haqverdiyev Azərbaycan Həvari Prefektinin baş kafedral kilsəsi olan Müqəddəs Bakirə Məryəm kilsəsindəki “Müqəddəs Məryəm”heykəlinin müəllifidir. Bu böyük heykəlin ümumiləşdirilmiş, lakonik formaları Hüseyn Haqverdiyev yaradıcılığının ümumi prinsiplərini özündə əks etdirir. Rəssam Səngəçal terminalının girişindəki “Xəzər dənizi əfsanəsi”əsərinin müəllifidir. Hüseyn Haqverdiyev, Bakıda rəssam Cavad Mircavadovun, akademiki Mir Əsədulla Mirqasımovun vә Moskvada bәstәkar Qara Qarayevin xatirә lövhәlәrinin müәllifidir. Hüseyn Haqverdiyevə 2003-cü ildə Azərbaycanın Xalq Rəssamı fəxri adı verilmişdir. Onun Hindistan, ABŞ, Almaniya, Gürcüstan, BƏƏ kimi ölkələrdə sərgi və simpoziumları baş tutmuşdur. Hüseyn Haqverdiyev Azərbaycanın digər rəssamları ilə birgə “USSR-remix” layihəsi üçün hazırladığı video-art və fotokompozisiyanın müəllifidir. Eyni prinsiplərə ayrı-ayrı fraqmentlərin bütöv halda mozaik birləşməyə Hüseyn Haqverdiyevin altı hissədən ibarət “Bizim həyatımız” (“Fly to Baku”) kompozisiyasında da rast gəlmək mümkündür. Hüseyn Haqverdiyevin iştirak etdiyi sərgilərə nümunə kimi “Qaçqınlar” (Vaşington. 1999), “Kim?” (Bakı. 2004), “Başqa Şəhər” (Bakı. 2013), “Daş” (Bakı. 2014), “Меtаmоrfoz” (Bakı. 2014) “Qırılma” (Bakı. 2015), “Hüdudları aşaraq” (56-ci Venesiya Biennale. 2015) göstərmək olar. Heykəltəraşın 2014-cü ildə Özbəkistanın Daşkənd şəhərində fərdi sərgisi baş tutmuşdur. Məkanın düşünülmüş şəkildə təhrif olunduğu nəhəng tablolar onun çoxölçülü və mozaik dünyasını real əks etdirir.

 

 

Hüseynqulu Əliyev

Əliyev Hüseynqulu Əli oğlu 3 fevral 1949-cu ildə Ordubad rayonunun Bist kəndində anadan olmuşdur. 1971-1975- ci illərdə Əzim Əzimzadə adına Bakı rəssamlıq məktəbində, 1977-1982- ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dekorativ tətbiqi sənət fakültəsində təhsil almışdır. 1982- 1988-ci illərdə Naxçıvan Dövlət Rəsm Qalereyasında işləmişdir. 1988-ci ildən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının baş rəssamı işləmişdir. Hüseynqulu Əliyev təsviri sənətin müxtəlif sahələrində – rəssam, heykəltəraş, dekorativ tətbiqi sənət ustası, geyim eskizləri tərtibatçısı kimi fəaliyyət göstərir. Heykəltəraş olaraq monumental, dəzgah, monumental-dekorativ və dekorativ heykəltəraşlıq növlərinə müraciət edərək “Koroğlu” və “Bəhruz Kəngərli” heykəllərini (Naxçıvan şəhəri), “Ana abidəsi” (Şəhidlər Xiyabanı), Şəhidlər abidəsini (Vənənd və Nehrəm kəndləri), C.Məmmədquluzadənin büstü (1985), “Qurbanəli bəy” hekayəsi mövzusunda barelyef (1989) yaratmışdır. Hüseynqulu Əliyev rəngkarlıqda üstünlük verdiyi janrlar: portret, mənzərə, natürmort, tematik tablolar, süjetli kompozisiyalardır. Rəssamın mənzərə janrında çəkdiyi əsərlərindən «Mənim Naxçıvanım» triptixi, «İlanlı dağ», «Meşə» adlarını qeyd etmək olar. H.Əliyevin “C.Məmmədquluzadə” (1990), “C.Məmmədquluzadə və H.Cavid” (1990), “C.Məmmədquluzadə oğlu Midhətlə” (1990), “C.Məmmədquluzadənin oğlu Ənvərin ailə üzvlərinin portreti” (1994) portret əsərləri vardır. Hüseynqulu Əliyev “Saqqallı uşaq” (1989), “Konsulun arvadı” (1989) əsərlərinə illüstrasiyalar yaratmışdır. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı üçün “Ölülər” tamaşasının geyim eskizlərini çəkmişdir . Hüseynqulu Əliyev həmçinin “Həyat”, “Bağda” tematik tabloların, “Yasəmənlər”, “Heykəllə natürmort”, “Dolça və almalar” natürmortların müəllifidir. Rəssamın əsərləri ölkəmizdə və xaricdə – İran, Türkiyə, Gürcüstan, Türkmənistan, Rusiya, Ukrayna və Koreyada sərgilərdə nümayiş olunmuşdur. O, 1986-cı ildən Azərbaycan Rəssamlar Birliyinin üzvüdür. Hüseynqulu Əliyev Naxçıvan Muxtar Respublikası Əməkdar incəsənət xadimi (1988), Azərbaycan Respublikasının Əməkdar rəssamı (1999), Azərbaycan Respublikasının Xalq rəssamı (2002) fəxri adlarına layiq görülmüşdür.

 

 

İbrahim Zeynalov

İbrahim Zeynalov İsmayıl oğlu 1934-cu il dekabrın 27 Bakıda anadan olmuşdur. 1962-ci ildə Xarkov Rəssamlıq İnstitutunun Heykəltəraşlıq fakültəsini bitirmişdir. İbrahim Zeynalov 1957-ci ildən müxtəlif respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısı olmuşdur. 1971-1973- cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim, 1973-1993- cü illərdə Azərbaycan Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor və kafedra müdiri kimi fəaliyət göstərmişdir. O, 1994-cü ildən 2003-cü ilədək Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru olmuşdur. Heykəltəraşın yaradıcılıq diapazonu genişdir, metalda və daşdan əsərlərinin sayı çoxdur. İbrahim Zeynalov yaradıcılığının ilk dövründə (1960-ci illər) kompozisiyalı heykəllər və portretlər, psixoloji xarakteristikalar diqqəti cəlb edir. 1980-ci illər heykəltaraşın yaradıcılığında məhsuldar dövr olmuşdur. İbrahim Zeynalov tarixi şəxsiyyətlərə müraciət edərək Əcəmi Naxçivani barelyef (1976), Şah İsmayil Xətai (1991), Karl Marks (1983), İmadəddin Nəsimi (1980,T.Məmmədovla birgə), Nizami Gəncəvi (1990), M.Beyləqani (1991), obrazlarlararını yaratmışdır. Heykəltəraş M.F Axundov (1963), S.Vurğun (1970), Üzeyir Hacıbəyov (1976), Müslüm Maqomayev (1977), Nəbi Xəzri (1978), R.Beybutov (1986), M.A. Useynov (1989) portret heykəllərin müəllifidir. 1977-ci ildə M.Məmmədyarovun (memar M.Şukayev) monumental büstünü yaradır. İbrahim Zeynalov yaradıcılığı qəhrəmanlıq mövzusu üzərində qələbəyə həsr olunmuş (1941-1945- ci illər) memoriyal abidələrin yaradılması ilə davam etmişdir. Belə əsərlərdən 1985-ci ildə İmişli şəhərində qurulmuş Qələbə Memoriyalı diqqət cəlb edir. 1975-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1988-ci ildə isə xalq rəssamı adına layiq görülmüşdür. O, 1972-ci ildə SSRİ Dövlət mükafatı, 1976-cı ildə Azərbaycan Dövlət mükafatı laureatı olmuşdur. İbrahim Zeynalov 6 mart 2008-ci ildə vəfat etmişdir.

 

 

İlham Səfərli

İlham Səfərli 1949-cu il dekabrın 8-də Bakı şəhərində anadan olmuşdur. O, 1965-1969- cu illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində,1969–1974- cu illərdə isə V.İ.Muxina adına Leninqrad Ali Bədii-Sənaye İnstitutunda təhsil almışdır. 1975-1978- ci illərdə Azərbaycan Rəssamlar Fondunda çalışmışdır. İlham Səfərli “Dinc kosmos uğrunda” adlı fərdi yaradıcılıq sərgisində batika sənət nümunələri nümayiş olunmuşdur. Rəssamın kosmos mövzusuna münasibəti əllidən artıq batika əsərlərində əks olunmuşdur. O, Rəssamlar İttifaqının göndərişi ilə SSRİ Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunda ezamiyyətdə olmuşdur. Dünyanın yaranması haqqındakı elmi ideyanın ifadəsinə həsr olunan ilk silsilə “Panspermiya” adlanır. İkinci silsiləyə daxil edilən batiklər “Elm” adı altında toplanmışdır. İlham Səfərlinin “Kvazarlar və kvazaqlar”, “İlk Qalaktikanın yaxınlaşması” batiklərində həm ulduz, həm də qalaktikalar kimi mövcud olan obyektə rəssam münasibəti əks olunmuşdur. Onun günəş sisteminə həsr olunmuş “Günəş sisteminin onuncu planeti”, “Tənha planet”, Uzaq-nağılvari Qalaktika”, “Nüvə zonası”, “Ulduzlara açılan pəncərə”, “Panspermiya” (üç iş), “Lazer-kainatın musiqisidir”, “Yeni Qalaktika”, “Yeni ulduzun partlayışı”, “Durna Qalaktikası”, “Kassiopeya bürcü” batik əsərləri diqqətçəkəndir. Rəssamın maraqlı forma-biçimi ilə seçilən batikalərindən biri “Okeanın dərinliyindən kainatın dərinliyinə” adlanır. İlham Səfərli 1976-cı ildən SSRİ Rəssamlar İttifaqının üzvü, 1991-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. Rəssam 1978-1995- ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.

 

 

İlqar Rzaquliyev

Rzaquliyev İlqar Azər oğlu 3 mart 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1984-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun bədii qrafika fakültəsini bitirmişdir. İlqar Rzaquliyev 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Qrafika Rəssamı 1986-cı ildə Y.Qaqarin adına pionerlər evində pedagoji fəaliyyət göstərmişdir. İlqar Rzaquliyevin əsərləri Moskva, Gürcüstan, Çində, Türkiyə, Özbəkistan və Azərbaycanda nümayiş edilmişdir. O, respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Inna Kostina

Kostina Inna Valentin qızı 3 sentyabr 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1983-cü ildə Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunu bitirmişdir. İnna Kostina 1991-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam 1995-2010- cu illərdə Şəkidə keçirilən illik Beynəlxalq Art-Simpozimların təşkilatçısı və iştirakçısıdır. O, 1996-2010- cu illərdə Azərbaycan Rəssamlar İttifaqının nəzdində “7 Əlvan kəpənək” Uşaq rəsm studiyasının rəhbəri olmuşdur. İnna Kostina 2004-2005- ci illərdə Beynəlxalq “Art-Kafkazus” Beynəlxalq rəsm yarmarkasının koordinatoru olmuşdur. Inna Kostina 2010-cu ildə İtaliyada keçirilən beynəlxalq sərgidə “Roma 2010” mükafatına layiq görülmüşdür. İnna Kostina 1986-cı ildən 2010-cu ilə kimi 100-dən artıq beynəlxalq rəsm festival və sərgilərdə iştirak etmişdir. Rəssamın 1996-cı ildən 2010-cu ilə kimi 22 fərdi yaradıcılıq sərgisi keçirilmişdir.

 

 

İradə Avşarova

Avşarova İradə Nizam qızı 2 yanvar 1956-ci illərdə Lənkəran şəhərində anadan olmuşdur. O, 1971-1975- ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, 1978-1983- cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Bədii qrafika fakültəsində təhsil almışdır. İradə Avşarova 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1997- ci ildən Beynəlxalq Byennal, Simpoziumların və beynəlxalq qrup, respublika sərgilərin fəal iştirakçısıdır. Rəssamın əsərləri Moskva, Gürcustan, Almaniya, Çexoslavakiya, İtaliya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. O, 1997-ci ildən respublika və beynəlxalq sərgilərdə iştirakçısıdır.

 

 

İsa Məmmədov

Məmmədov İsa Məmməd oğlu 5 mart 1956-ci ildə Ermənistanın Qafan rayonunda anadan olmuşdur. O, 1979-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbini, 1988-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu rəngkarlıq fakültəsini bitirmişdir. İsa Məmmədov 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın Türkiyədə (2009), Almaniyada (“Bakı-Berlin”qalereyası. 2010), Bakıda (2011) fərdi sərgiləri keçirilmişdir. Rəssam əsas mənzərə və portret janrında əsərlər yaradır. İsa Məmmədov “Göl kənarında” (1993), “Abşeron bağları” (1997), “Toxucu qadın” (1998), “Bakı bağları” (1999), “Toxucu qız” ( 2000), “Çətirli qadın” (2000), “Bakı Venesiyası” (2005), “Aşıq Pəri” (2005), “İsmayıllı” (2013) adlı əsərlərin müəllifidir. İsa Məmmədov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedagoji fəaliyyət göstərir. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. O, respublika və beynəlxalq,qrup sərgilərin fəal iştirakçısıdır.

 

 

İsmayıl Axundov

Axundov İsmayıl Hüseyn oğlu 15 aprel 1907-ci ildə Bakının Maştağa kəndində anadan olmuşdur. 1924-1928- ci illərdə Bakı Rəssamlıq Məktəbində təhsil almışdır. 1932-ci ildə Moskva Poliqrafiya İnstitutunun nəşriyyat fakültəsini bitirmişdir. Rəssam qrafika, karikatura və plakat janrlarında tablolar yaratmışdır. Uzun müddət “Kirpi” satirik jurnalında işləmişdir. İsmayıl Axundov 1937-1940- cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin direktoru, 1940-cı ildən Nizami adına Ədəbiyyat Muzeyinin direktoru və baş rəssamı vəzifəsində çalışmışdır. İsmayıl Axundov 1937-ci ildən Akademik Milli Dram Teatrında işləmiş, burada Mirzə İbrahimovun “Həyat” pyesinə, Mirzə Fətəli Axundzadənin “Hacı Qara” (1938), Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” (həmçinin 1940 və 1957-ci il quruluşlarında), Cabbar Məcnunbəyovun “Yanar dərə”, Səməd Vurğunun “Vaqif”, Cəfər Cabbarlının “1905-ci ildə” (1944), Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər”(1955) komediyasının tamaşalarında geyim rəssamı olmuşdur. O, 1938-ci ildə rejissor Məcid Zeynalovun hazırladığı “Müsyö Jordan və dərviş Məstəli şah” (Mirzə Fətəli Axundzadə) tamaşasında ilk tərtibatçı rəssam kimi çalışmışdır. Rəssam Onore de Balzakin “Ögey ana”, Mehdi Hüseynin “Şöhrət” (1939), Cəlil Məmmədquluzadənin “Ölülər”, Aleksandr Ostrovskinin “Tufan” (1943), Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz” (1945), Aleksandr Ostrovskinin “Günahsız müqəssirlər” (1948), Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” (1949), Sabit Rəhmanın “Aydınlıq”, Cəfər Cabbarlının “Solğun Çiçəklər”, Anatoli Boryanovun “O tayda”, Tur qardaşlarının “Bir evin sirri”, Karlo Haldoninin “Mehmanxana sahibəsi” (1952), Hüseyn Cavidin “Şeyx Sənan” (1956), Sabit Rəhmanın “Əliqulu evlənir”, Mehdi Hüseynin “Alov” (1961), Cəfər Cabbarlının “Oqtay Eloğlu” ( 1966) əsərlərinin tamaşalarına səhnə tərtibatı vermişdir. Teatr dekorasiya sənətinə müəyyən yeniliklər gətirmiş İsmayıl Axundov Azərbaycan Dövlət Musiqili Komediya Teatrında oynanılmış Üzeyir bəy Hacıbəyovun “Məşədi İbad”, Səid Rüstəmovun “Durna” (dramaturq Süleyman Rüstəm), Fikrət Əmirovun “Gözün aydın” (dramaturq Məhərrəm Əlizadə), Nəriman Məmmədov və Tofiq Bakıxanovun “Məmmədəli kurorta gedir” (dramaturq Akif Zeynallı) operettalarına əlvan tərtibatlar işləyib. Rəssam səhnə tərtibatlarında klassik üslubda işləməyə üstünlük verirdi. İsmayıl Axundov Əməkdar incəsənət xadimi (1940), Xalq rəssamı (1960) fəxri adlarına layiq görülmüşdür. 1950-ci ildə “Stalin mükafatı” ilə təltif olunmuşdur. İsmayıl Axundov 13 sentyabr 1969-cu ildə Krakovda vəfat etmişdir.

 

 

İsmayıl Məmmədov

Məmmədov İsmayıl Əsəd oğlu 31 mart 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1968-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1974-cü ildə İ.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunun dəzgah rəngkarlığı fakültəsini bitirmişdir. Rəssam 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1999-cu ildə “Qızıl Dərviş” və “Humay” mükafatlarının laureatıdır. İsmayıl Məmmədovun Bakıda (1985, 1993, 2008, 2009), Londonda (2001), Moskvada (2004) fərdi yaradıcılıq sərgiləri keçirilmişdir. O, Beynəlxalq Byennal, beynəlxalq qrup sərgilərin fəal iştirakçısıdır. İsmayıl Məmmədov teatr rəssamlığı ilə məşğul olmuşdur. O, 1996-cı ildən Akademık Milli Dram Teatrında quruluşçu rəssam, 1998-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş rəssam vəzifəsində çalışmışdır. İsmayıl Məmmədov Akademik Teatrda İlyas Əfəndiyevin “Hökmdar və qızı”, Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” (“Göytürklər”), “Dar ağacı”, Əli Əmirlinin “Köhnə ev”, “Varlı qadın”, Nazim Hikmətin “Kəllə”, Ramiz Novruzun”Hələ “sevirəm” deməmişdilər…”, Cəfər Cabbarlının “Ulduz, yaxud Ədirnə fəthi” dramlarının, Musiqili Komediya Teatrında Üzeyir bəy Hacıbəyovun”O olmasın, bu olsun”(“Məşədi İbad”), Rüfət Əhmədzadə və Emin Sabitoğlunun “Hələlik”, İmre Kalmanın “Maritsa”,”Qaraçı premier”, Ferens Leqarın “Şən dul qadın”, Qeybulla Rəsulov və Cavanşir Quliyevin “Məhəbbət oyunu”, Tamara Vəliyeva və Emin Sabitoğlunun “Bankir adaxlı”, Rauf Hacıyevin “Talelər görüşəndə” (“Romeo mənim qonşumdur”), Qara Qarayevin “Coşğun Qaskonlu” operettalarının, Azərbaycan Dövlət Rus Dram Teatrında Nəbi Xəzrinin “Burla xatun”pyesinin tamaşalarına bədii tərtibatçısı olmuşdur. İsmayıl Məmmədova 30 may 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adı verilmişdir.

 

 

Kamal Səmədzadə

Səmədzadə Kamal Əmirulla oğlu 25 dekabr 1932-ci ildə Xızı rayonunda anadan olmuşdur. O, 1960-cı ildə Ə.Əzimzadə adına Bakı dövlət Rəssamlıq məktəbini, 1967-cı ildə Moskva Tekstil Dekorativ Tətbiqi Sənəti fakültəsinin “parçanın bədii tərtibatı və onun istehsalı” ixtisası üzrə bitirmişdir. Kamal Səmədzadə 1972-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam 1968-2001- ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda, daha sonra 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim kimi fəaliyyət göstərir. Kamal Səmədzadə Batika üslubunda işlədiyi əsərləri ilə dəfələrlə Beynəlxalq qrup sərgilərdə iştirak etmişdir. Onun əsərləri, Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. Kamal Səmədzadə 2002-ci ildə Azərbaycanın Əmakdar rəssamı fəxri adına layiq görülmüşdür.

 

 

Kamal Əhmədov

Əhmədov Kamal Əhməd oğlu 1940-cı ildə Ağdam şəhərində anadan olmuşdur. Kamal Əhməd 1957-ci ildə Bakıda Əzimzadə adına Rəssamlıq məktəbinə daxil olmuşdur. O, Sovet Sosial Realizm məktəbinin göstərişlərinə əməl etməkdən imtina edərək incəsənətdə öz üslubunu yaratmışdır. Onun əsərləri çox vaxt tünd rənglərlə işlənmiş, qara fona malik simvollarla zəngindir. Onun obrazları qəribə, fantastik quşlar, itlər, uzunqulaqlar və digər heyvanlardır. Rəssam “Ağac” (1970) “İşığa doğru” (1980), “Xeyir və Şər” (1986), “Atın ay xiffəti” (1986) kimi işləri müəllifidir. Çoxfiqurlu tablo və portretlər, mənzərə və natürmortlar, abstrakt kompozisiyalar rəssama xasdır. Kamal Əhməd 1968-ci ildə Rəssamlar İttifaqının üzvü seçilmişdir. O, 1969-cu ildə Moskvada Ümumittifaq bədii sərgidə iştirak etmişdir. Rəssamın 1987-ci ildə Bakıda ilk fərdi sərgisi keçirilmişdir. O, “Abşeron qadınları” rəsminə görə Moskvada keçirilən beynəlxalq bədii sərginin diplomu ilə təltif edilmiş, 1989-cu ildə “Salvador Daliyə İthaf” əsəri Xəzəryani ölkələrin I Biyennale festivalında Qran-Pri almışdır. O, 1989-cu ildə İtaliyada Vareze şəhərinin Bədii qalereyasında təşkil olunan qrup sərgisində iştirak etmişdir. Kamal Əhməd 1992-ci ildə Azərbaycan Əməkdar İncəsənət xadimi fəxri adına layiq görülmüşdür. O, 1993-cü ildə Bakıdakı Novruz bayramına həsr olunmuş “Rəssamın ailəsi” silsiləsinə görə I dərəcəli mükafata layiq görülmüşdür. Kamal Əhməd 1994-cü ildə vəfat etmişdir.

 

 

Kamal Ələkbərov

Ələkbərov Kamal Camal oğlu 20 mart 1928-ci ildə Fuzuli rayonunda anadan olmuşdur. O, V.Surikov adına Moskva Rəssamlıq İnstitutunun heykəltəraşlıq fakültəsini bitirmişdir. Kamal Ələkbərovun çox saylı heykəltəraşlıq əsərləri Azərbaycan şəhərinin, muzey və qalereyalarında yer almışdır. Kamal Ələkbərov “Şamama Həsənova”, “Qələbə”, “Bəstəkar Arif Məlikov”, “Xalq artisti İsmayıl Dağıstanlı”, “Əcəmi Naxçıvani” və s. əsərlərin müəllifidir. Rəssamın 1941-1945- ci illər qəhrəmanlara həsr olunmuş Həzi Aslanov, General Abbasov, Quliyev və s heykəlləri vardır. Böyük Vətən müharibəsi qurbanlarının xatirəsinə həsr edilmiş 18 metrlik «Ana» Füzulidə qoyulmuş heykəli erməni vandalizminin qurbanı olmuşdur. Bu heykəlin 2.5 metrlik qips sürəti muzeylərin birində qorunub saxlanılır. Kamal Ələkbərovun son illərdə yaratdığı əsərlərdən “Azərbaycanfilm” kinostudiyasının həyətindəki “Cəfər Cabbarlı” heykəli, Naxçıvanda “Ə.Əcəmi” heykəli və başqa abidələri yaradıcılıq nümunələridir. O, 1982-ci ildə Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. Kamal Ələkbərov 21 may 2009-cu ildə vəfat etmişdir.

 

 

Kamil İskəndərov

İskəndərov Kamil Mikayıl oğlu 17 iyul 1933-cü ildə anadan olmuşdur. O, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil almış, daha sonra 1959-cu ildə keçirilmiş müsabiqənin qalibi olduğuna görə Tbilisi Bədaye Akademiyasına tələbə kimi qəbul olunmuşdur. Kamil İskəndərov 1972-ci ildə Mədəniyyət Nazirliyinin dəvət ilə Bakıdakı V.Lenin adına Respublika Sarayında (hazırkı H.Əliyev adına Respublika sarayı) baş rəssam vəzifəsində iş fəaliyyətini davam etdirmişdir. Kamil İskəndərov 1986-cı ildə Rəssamlar İttifaqının üzvü olmuşdur. Rəssamın əsərləri Rusiyada, İranda, Türkiyədə nümayiş edilib. O, respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Kamil Ramazanov

Ramazanov Kamil Ramazan oğlu 25 aprel 1934-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. O, 1961-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini, 1967-ci ildə Daşkənd Rəssamlıq İnstitutunun rəngkarlıq fakültəsini bitirmişdir. Kamil Ramazanov 1972-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın 41 fərdi vətənpərvərlik sərgisi olmuşdur. Kamil Ramazanov Bakı, Paris, Moskva, Təbriz, Sankt Peterburq, Daşkənd, Düşənbə, Tbilisi və başqa ölkələrdə keçirilən sərgilərin iştirakçısıdır. Fizulinin 500 illik yubileyi ilə əlaqədar Fransada keçirilən sərginin iştirakçısı olmuşdur. Hazırda onun rəsm əsərləri Dədə Qorqud kitabı, Lənkəran ensiklopedik məlumat kitabı, “Mədəniyyət”, “Xalq” qazetlərində, “Qobustan”, “Ulduz”, “Söz”, “Füzuli”, “İncəsənət”, “Cəmiyyət və Cəza” jurnallarda, Şeyx Zahid Gilani və sair dəyərli tarixi mənbələrdə yer almışdır. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində Rəssamlıq Kollecində müəllim kimi fəaliyyət göstərir. Rəssam 1973-cü ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Kamil Əliyev

Kamil Müseyib oğlu Əliyev 1921-ci il oktyabrın 22-də İrəvan şəhərində anadan olmuşdur. O, 1936-cı ildə Bakı Rəssamlıq Məktəbinə daxil olmuş və eyni zamanda “Azərxalça” birliyində rəssam kimi işləmişdir. İkinci Dünya müharibəsinin iştirakçısı Kamil Əliyev 1946-cı ildə ordudan qayıtdıqdan sonra peşəsini davam etdirmişdir. 1950-ci illərdən Kamil Əliyevin yaradıcılığında süjetli xalıların və portret-xalçaların yaradılması aparıcı yer tutmuşdur. Bu illərdə sənətkar bir-birinin ardınca Azərbaycan klassiklərinin Nizamiyə, Füzuliyə, Nəsimiyə həsr etdiyi portret xalçalarını yaratmışdır. Kamil Əliyevin ilk işi 1958-ci ildə Məhəmməd Füzulinin 400 illiyinə həsr ediyi “Füzuli” (Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi ekspozisiyası) portret- xalçası olmuşdur. Bir müddət sonra, İmadəddin Nəsimi (1973) və Nizami Gəncəviyə həsr edilmiş xalıların müəllifidir. Hazırda Bakıda Azərbaycan Xalça Muzeyində nümayiş etdirilən “Nizami Gəncəvi” xalısının iki başqa variantı da var. Onlardan birini müəllif Kiyevdə keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti günlərində özbək xalqına bağışlamışdır. Kamil Əliyevin portret-xalçalarının ikinci silsiləsi müxtəlif ölkələrin tanınmış siyasət və dövlət xadimlərinə həsr olunmuşdur. Rəssamın Süleyman Dəmirəlin (1994), İndira Qandi (1985), Şota Rustaveli (1981), Puşkin, Atatürk, Bill və Hillari Klinton (1997), Əli Xameni (1993), Puşkinin, B.N Yeltsin (1996), L.İBrejnev (1981), V.Putin (2001) portret-xalçaları buna nümunədir. 1999-cu ildə Kamil Əliyev ölkənin Ali Baş Komandanı Heydər Əliyevi general libasında portret xalçasını yaratmışdır. Heydər Əliyevin portreti ulu öndərin 75 illiyinə hədiyyə olunmuşdur. 1987-ci ildə Dehli, 1990-ci ildə Ankara, İzmir, İstanbul, 1994-ci ildə Tehran, 1999- ci ildə Londonda sərgiləri keçirilmişdir. 1954-cü ildə “Soyuz-Torq reklam”ın baş direktoru və baş rəssamı təyin olunmuş, 1961-ci ildə Bədii Fondun Yaradıcı-İstehsalat Kombinatının direktoru, 1964-1971- ci illərdə Bakı Zərgərlik Fabrikinin direktoru, 1971-ci ildə isə Yerli Sənaye Nazirliyinin İstehsalat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, 1993-cü ildən ömrünün sonunadək “Azərxalça” Elm-İstehsalat Birliyinin baş direktoru olmuşdur. O, 1968-ci ildə Əməkdar rəssam, 1980-ci ildə Xalq rəssamı adına layiq görülmüşdür. Rəssam 1999-ci ildə “İstiqlal” ordeni ilə təltif olunmuşdur. Kamil Əliyev martın 1-də 2005-ci ildə Bakida vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

 

 

Kamil Nəcəfzadə

Kamil Nəcəf oğlu Nəcəfzadə 29 dekabr 1929-cu ildə Lənkəran şəhərində anadan olmuşdur. 1948-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. Kamil Nəcəfzadə 1955-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunda təhsilini tamamlamış və C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında rəssam kimi çalışmışdır. Kamil Nəcəfzadə 40-a yaxın filmin quruluşçu rəssamı olmuşdur. O “Bir məhəlləli iki oğlan”, “Uzaq sahillərdə”, “Qara daşlar”, “Mən rəqs edəcəyəm”, “Bir cənub şəhərində”, “Səmt küləyi”, “Qaçaq Nəbi”, “Ad günü” filmləri quruluşçu rəssamı olmuşdur. Kamil Nəcəfzadə Azərbaycan teatr səhnəsində də fəaliyyət göstərmiş, H.Cavidin “Knyaz” (1964-cü il) və S.Vurğunun “Fərhad və Şirin” (1976) və s. əsərlərinə quruluş vermişdir Rəssam səhnəqrafiya və kino filmlərin bədii tərtibatı ilə yanaşı, rəngkarlıq və qrafika nümunələri yaratmışdır. Belə əsərlərdən “Əmək adamları”, “İlk traktor”, “Azərbaycan harayı”, “Yaylaqda səhər”, “Tarix bağışlamır”, “Çay kənarında”, “Əli Zeynalov”, “İmran Qasımov”, “Mahmud Esembayev” adlarını qeyd etmək olar. K.Nəcəfzadə əsərləri – Amerika, Böyük Britaniya, Yaponiya, Türkiyə, Çexoslovakiya, Almaniya, Fransa, Kanada, Monreal və başqa ölkələrin muzey və şəxsi kolleksiyalarda saxlanılır. O, 1986-cı ildə Vyetnamın Hanoy şəhərində fərdi sərgisinin açılışından sonra 29 əsərini Vyetnam xalqına hədiyyə etmişdir. Kino və rəngkarlıq sahəsindəki nailiyyətlərinə görə Kamil Nəcəfzadə 1964-cü ildə Çeçen-İnquş Respublikasının Əməkdar İncəsənət Xadimi, 1976-cı ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, 1987-ci ildə isə Azərbaycan Respublikasının Xalq rəssamı kimi yüksək fəxri adlara, iki dəfə Dövlət mükafatına layiq görülmüş, müxtəlif orden və medallarla təltif olunmuşdur. Rəssamın müstəqil respublikamızın ali mükafatına – “Şöhrət” Ordeninə layiq görülməsi onun sənəti və şəxsiyyətinə verilən qayğıdır. K.Nəcəfzadə 2011-ci il iyun ayının 29-da vəfat etmişdir.

 

 

Kamil Xanlarov

Kamil Əli Abbas oğlu Xanlarov 1915-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1931-1935- ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil almışdır. Kamil Xanlarovun yaradıcılığı 60 ilə yaxın böyük bir dövrü əhatə edir. K.Xanlarov dəzgah rəngkarlığının müxtəlif janrlarında, teatr dekorasiya rəssamlığı sahəsində çalışmışdır. Rəssam yaradıcılıqda daha çox mənzərə janrına üstünlük verirdi. Mənzərə janrına xüsusi sevgi, rəssamın doğma Azərbaycana olan məhəbbətindən qaynaqlanırdı. K.Xanlarov Azərbaycanın bütün guşələrini gəzərək, Naxçıvan, Ordubad, Culfa, Şərur, Qarabağ, Şuşa, Zaqatala, Astara və başqa bölgələrdə yaradıcılıq ezamiyyətlərində olmuş təbiət lövhələrini yaratmışdır. Rəssamın “Zaqatala dağları” (1946), “Astara” (1955), “Talış dağları” (1956), “Şuşa” (1964), “Cənub sərhəddində” (1972), “Noraşen vadisi” (1971), “Murovdağın görünüşü” (1972), “Mənzərə. Şuşa” (1983), “Ordubadda qış”, “Culfa. Araz sahilində”, “Araz sahilində”, “İlanlı dağ” və digər əsərlərini qeyd etmək olar. “Ordubadda qış” tablosu rəssamın yeganə qış mənzərəsidir. K.Xanlarovun süjetli rəsmlərində lirik duyğular oyadan təbiət lövhələrinə rast gəlmək olar. Belə tablolara misal olaraq, “Sahədə” (1963), “Ailə” (1964-65), “Azərbaycan tarlalarında”, “İşdən sonra”, “Bulaq başında” və başqalarını göstərmək olar. K.Xanlarovun əsərlərindən “Balaca Dilarə” (1951), “Dilarə” (1953), “Qoca” (1954), “Şəkili xalq sənətkarı Məmmədəli”, “Rövşanənin portreti”, “Ənvər Paşanın portreti” və s. adlarını çəkmək olar. O, 1961-ci ildə Çexoslovakiyada yaradıcılıq ezamiyyətindən dolğunluğu ilə seçilən maraqlı əsərlərlə qayıtmışdır. Çexoslovakiya mövzusunda “Praqada küçə”, “Karlovı Varıda meydan”, “Qızıl küçə”, “Praqada qüllə”, “Yan Qusun abidəsi” və digər tabloları vardır. Rəssam “Kəndlilər” (1937), “Fətəli xan”(1945) filmlərinə kişi geyim eskizlərini vermişdir. Abdulla Şaiqin “Nüşabə” pyesinin bədii tərtibatını hazırlamışdır. Kamil Xanlarovun əsərləri Avstriya, Macarıstan, Rumıniya, Almaniya, Misir, İraq, Kanada, Suriya, Norveç, Fransa, Finlandiya, Yaponiya, İran, Əfqanıstan, Türkiyə və Polşada açılan sərgilərdə nümayiş etdirilmişdir. Kamil Xanlarov 1939-cu ildə Rəssamlar İttifaqına üzv qəbul edilmiş, 1964-cü ildə “Əməkdar rəssam”, 1992-ci ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülmüşdür. Əsərləri həm ölkəmizdə, həm də digər ölkələrin muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Bir neçə dəfə Bakı şəhərində rəssamın əsərlərindən ibarət fərdi sərgilər təşkil olunmuşdur (1961, 1966, 1985, 1995, 2010). Rəssam uzun müddət (1938-1985) Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda pedoqoji fəaliyyət göstərmişdir. Kamil Xanlarov 1996-ci ildə vəfat etmişdir.

 

 

Kazım Kazımzadə

Kazım Kazımzadə 1913-cü il avqustun 10-da Bakı şəhərində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Rəssamlıq Texnikumunu, 1960-cı ildə İ.Y.Repinad. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirmişdir. Rəssam kitab qrafikası sahəsində fəalliyət göstərmişdir.Onun Mirzə Ələkbər Sabirin şeirlərinə çəkdiyi rəsmlər “İnqilab və mədəniyyət” jurnalında (1935), “Əlibaba və qırx quldur” nağılına çəkdiyi illustrasiyalar “Pioner” jurnalında (1937) çap olunmuşdur .1936-cu ildə “Kənd motivi” mövzusunda diplom işi müdafiə etmişdir. Nizaminin “İsgəndərnamə” (“İqbalnamə”), “Sirlər xəzinəsi” (1940), “Leyli və Məcnun” (1947), “Xosrov və Şirin”(1948) poemalarına, eləcə də uşaqlar üçün işlənmiş “Fitnə”, “Sehrli üzük”, “İsgəndər və çoban” kitablarına illüstrasiyalar çəkmişdir. Rəssam “Cəbhə yollarında” (1943) rəsmlər silsiləsində müharibənin fəlakətlərini əks etdirmişdir. Kazım Kazımzadə müxtəlif illərdə R.Rzanın “Vəfa”, M.Hüseynin “Nizami”, N.Hikmətin “Türkiyədə” pyeslərindəki, Ü.Hacıbəyovun “Köroğlu” , C.Cahangirovun “Azad” operasındaki personajların geyim eskizlərini hazırlamışdır. Kino sahəsində K.Kazımzadə “Qanun naminə”,“Bir qalanın sirri”, “Səmt küləyi”, “Ilic buxtası”, “Koroğlu”, “Əhməd haradadır?”, “”Qanlı zəmi, Üzeyir Hacıbəyov.Uzun ömrün akkordları” filmlərinin geyim eskizini vermişdir. Rəssam həmçininel sənəti ilə bağlı olan “Ənuşirəvan və bayquşların söhbəti”(L.Kərimovla birlikdə) xalçasının və 1949-cu ildə bir neçə müəlliflə birlikdə böyük bədii xalça üzərində işləmişdir. Yaradıcılığında Sovet dövrünə xas olan siyasi plakat və karikaturalar mühüm yer tutmuşdur. 1952-ci ildən “Kirpi” jurnalı ilə əməkdaşlığa başlamış, həmçinin tarixi- inqilabi və məişət mövzularında rəsm silsilələri (“Bakıda inqilabi-tarixi hadisələr”, “Tibb işçiləri”, İran silsiləsi) və tablolar (“416-cı diviziya döyüşdə”, “Azad Kubada”, “İraq lövhələri” və s.) yaratmışdır. Kazım Kazımzadə 1943-cü ildə Əməkdar incəsənət xadimi, 1965-ci ildə Azərbaycan SSR-in Xalq rəssamı adına layiq görülmüşdür.Stalin mükafatı (1950), SSRİ Dövlət mükafatı (1950) və Qırmızı Əmək Bayrağı ordeni laureatı olmuşdur. Kazım Kazımzadə 1992-ci ildə Bakıda vəfat etmişdir.

 

 

Kirman Abdin

Kirman Abdin Manaf oğlu 1959-cu ildə Şahbuz rayonunda anadan olmuşdur. O, 1982-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsini bitirmişdir. Kirman Abdin 1984-cü ildən, Azərbaycan və keçmiş SSRİ-nin ümumittifaq və beynəlxalq sərgilərində fəal iştirak etmişdir. Xaricdə keçirilən karikatura müsabiqələrində dəfələrlə mükafat almışdır. Kirman Abdin uzun illər Azərbaycan mətbuatında rəssam kimi fəaliyyət göstərmiş və əsərləri çap olunmuşdur. Hal-halzırda “İki sahil” qəzetində çalışır. 1989-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, “Azərbaycan Karikaturası” cəmiyyətini yaradanlardan biridir.

 

 

Laləndar Xanım Kərimova

Kərimova Laləndar Xanım Ələkbər qızı 1 oktyabr 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Sənaye Qrafika və dizayn fakultəsini bitirmişdir. O, 1985-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Laləndar Xanım Kərimova beynəlxalq qrup sərgilərdə yaratdığı qrafika, dizayn əsərləri ilə mütəmadi olaraq iştirak edir. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya, Türkiyə, Litva və Azərbaycanda nümayiş edilib. O, 1988-ci ildən 160 saylı klassik gimnaziyada rəsmxətt müəllimi işləyir. O, respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Lətafət Məmmədova

Məmmədova Lətafət Hafiz qızı 5 yanvar 1954-cü ildə Bakı şəhərində anadan olub. O, 1973-cü ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbini, 1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Lətafət Məmmədova 1979-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın 2000-ci ildə fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Onun əsərləri Türkiyə, Amerika, Fransa, Moskva və Bakıda nümayiş edilmişdir. Lətafət Məmmədova respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Lətif Feyzullayev

Feyzullayev Lətif Mirəbdülbaqi oğlu 1918-ci ildə anadan olmuşdur. O, 1939-cu ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbinə daxil olmuş, daha sonra təhsilini Moskvada – V. İ. Surikov adına Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq fakültəsində davam etdirmişdir. O, tələbə ikən “Qaçaq Nəbi” və “Qatır Məmməd”kimi tarixi mövzulu əsərləri ilə respublika sərgilərində iştirak etmişdir. Rəssam Böyük Vətən Müharibəsi illərində hərbi vətənpərvərlik ruhunda bir sıra əsərlər yaratmışdır, hərbi hissələrdə təbliğat-təşviqat xarakterli plakatların müəllifi kimi tanınır. Rəssamın əsərlərinin əsas mövzusu müharibə qəhrəmanları, fəhlələrin əməyi, kənd zəhmətkeşləri olmuşdur. Lətif Feyzullayev 1950-ci illərdə Neft Daşlarının istismara başlanılması münasibəti ilə Xəzər neftçilərinə həsr olunmuş silsiləyə “Vaxta” (1951), “Küləkli gün” (1957), “Tufandan qabaq” (1959), “Fantan” (1962) adlı əsərləri daxildir. Rəssam Abşeron təbiətinə həsr etdiyi mənzərə janrında çoxsaylı tabloların müəllifidir. Onun “Abşeronda bahar”, “Buruqlar”, “Yay”, “Abşeron qumları”, “Qayalar”, “Abşeron bağları” əsərləri buna nümunədir. Lətif Feyzullayev bir çox portretlərindən “Rəssam Vəcihə Səmədovanın portreti”, “Neftçi Gülbala Əliyev”, “Fatimə”, “Qoca”, “Abşeronun qonağı” və “Güclü” kimi əsərləri qeyd etmək olar. 1960-cı illərdə Lətif Feyzullayevin Bolqarıstana yaradıcılıq ezamiyyətində olmuş, bu ölkə haqqında təəssüratlarından ibarət sərgi təşkil olunmuşdur. Lətif Feyzullayev 1987-ci ildə vəfat etmişdir.

 

 

Lətif Qəmbərov

Qəmbərov Lətif Rza oğlu 26 mart 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dekorativ-tətbiqi sənət fakültəsini bitirmişdir. O, 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Lətif Qəmbərov 1999-cu ildən Respublika Dövlət İncəsənət Gimnaziyasında Təsviri-tətbiqi sənət şöbəsində keramikanın texnologiyası, modelləşdirilməsi ixtisasında dərs demişdir. Rəssamın əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. O, 1979-cu ildən Respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Lətifə Quluzadə

Quluzadə Lətifə Nəsir qızı 29 avqust 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1969-cu ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Lətifə Quluzadə 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1977-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Lətifə Quluzadə teatr tərtibatı ilə yanaşı müxtəlif janrlarda rəsm əsərləri də vardır. O, Əli Əmirlinin “Ağqoyunlular və Qaraqoyunlular” (Akademik Milli Dram teatrında), Fikrət Əmirovun “Sevil” (Opera və Balet teatrında. geyim üzrə), Rus Dram teatrında G.Koktonun «Muqəddə vəhşi», Gənc Tamaşaçılar teatrında “Quyu”, “Mağara”, “Ğara”, Kamera teatrında Qoqolun “Dəlinin qeydləri”, Musiqili Komediya teatrında “Məlikməmməd”, “Bazar günü gəzinti” və bir çox səhnə əsərlərinin quruluşçu rəssamı olmuşdur. Rəssam “Gözəl Vaselisa” (1976), “Hara gedirsən, dayça” (1978), “Yanoş Xari” macar operası (1979), “3 gömbul” (1979), “Qırmızı papaq” (1980), “Qar qız” (1986), “Gözüm Dürat, canım Qırat” (1993), A.Şaiq “Ovçu məstan” (2000), M.Seyidzadə “Cirtan” (2002), Azərbaycan nağılı “Şəngülüm, Məngülüm” (2005), Ə.Haqverdiyev “Pəri Cadu” (2008), Ü.Hacıbəyovun “O olmasın, bu olsun” (2010), R.Əlizadə “Sindibadın xoşbəxtlik adasına səyahəti” (2012) və başqa tamaşaların dekorasiya, geyim və kukla eskizlərini çəkmişdir. O, 2008-ci ildə Gənc Tamaşaçılar teatrında tərtibat verdiyi “Pəri Cadu” tamaşasına görə “Zirvə” mükafatına layiq görülmüşdür. Lətifə Quluzadə 2013-cü ildə Azərbaycan Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Lətifə Qarayeva

Qarayeva Lətifə Əbdülrəhim qızı 21 avqust 1942-ci ildə Bakıda anadan olmuşdur. O, 1965-ci ildə Kaliin adına Tətbiqi Sənət üzrə Ali Bədii məktəbini, 1972-ci ildə M.A Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Lətifə Qarayeva 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. O, 1965-1993- cü illərdə “Azərxalça” İstehsalat Birliyində rəssam kimi fəaliyyət göstərmişdir. Rəssam bir çox xalça “Qarmaqlı xalça”, ”Namazlıq xalça” (Azərbaycan Dövlət Xalza Muzeyində qorunurlar) və “Qotazlı xalça” əsərlərinin müəllifidir. Onun əsərləri arasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış Marqaret Tetçer, İosif Kobzon, Mstislav Rostropoviç kimi məhşur şəxslərin portretləri olan xalçalarda vardır. Lətifə Qarayeva 1965-ci ildən Beynəlxalq Byennal, simpoziumların, beynəlxalq qrup sərgilərin iştirakçısıdır. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Mahmud Rüstəmov

Rüstəmov Mahmud Aslan oğlu 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1986-cı illərdə Ə.Əzimzadə adına Rəssamlıq məktəbində və 1986-1992- ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetini heykəltəraşlıq fakültəsində təhsil almışdır. Mahmud Rüstəmov 1999-cu ildə fərdi sərgisi keçirilmiş və elə həmin ildə “İncəsənət hərəkətdə”, heykəltəraşlıq üzrə beynəlxalq incəsənət festivalında iştirak etmişdir. O, 2000-ci ildə Azərbaycanın “İlin ən yaxşı heykəltəraşı” mükafatı nominantı olmuşdur. Mahmud Rüstəmov 2001-ci ildə “Qaradağ Sement” şirkətinin heykəltəraşlıq müsabiqəsində həvəsləndirici mükafata layiq görülmüşdür. O, 2005-ci ildə “Kişi və qadın” müasir incəsənət sərgisinin iştirakçısı olmuşdur. 2006-cı ildə “Rüstəmovlar İncəsənət Evi” qalereyasının açılışı keçirilmişdir. Mahmud Rüstəmov təsviri sənətdə heykəltəraşlıqla yanaşı eyni zamanda rəngkarlıq və qrafika sahəsində də çalışmışdır. Heykəltəraşın “Qızılı xəttin sirri” və “Başlanğıc öncəsi yuxu” adlı işləri özünəməxsusdur. Mahmud Rüstəmov “Dördbucaqlı tisbağanın mahnısı” əsərini Türkiyədə yerləşən vadinin müasir interpritasiyası adlandırır. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

 

 

Mais Əliyev

Əliyev Mais Əlicabbar oğlu 14 may 1949-cu ildə Bakıda anadan olmuşdur. O, 1968-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra 1972 ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İntitutunun dəzgah qrafikası fakultəsinə daxil olub, 1981-ci ildə Lvov şəhəri L.Fyodorov adına Poliqrafiya İnstitutunun dəzgah və kitab qrafikası fakültəsində təhsilini davam etdirmişdir. Mais Əliyev 1991-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın ABŞ-ın Arizona ştatında (2000), “Abşeron” qalereyası (2002), “Bakı Muzey Mərkəzində” fərdi sərgiləri keçirilmişdir. Mais Əliyevin “Müdaxilə” (1986), “Çılpaq qadın” (1999), “Sınmış qəlb” (2002), “Keçid dövrü” (2004), “Meşə balladası” (2006), “Xocalı” (2006), “Dədə Qorqud” (2006), “Dutar çalan qız” (2008), “Şərq nağılı” (2009), “Qlobal istiləşmə” (2010) adlı əsərləri vardır. Qrafika rəssamı olan Mais Əliyev Beynəlxalq Simpoziumların, beynəlxalq qrup sərgilərin iştirakçısıdır. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. Mais Əliyevin əsərləri Lyudviqin kolleksiyasında (Almaniya), Faber-Kastel qalereyasında (Almaniya), İsrail Milli qalereyasında, Şərq Xalqlar muzeyində (Rusiya) saxlanılır.

 

 

Maral Rəhmanzadə

Maral Rəhmanzadə Yusif qızı 23 iyul 1916-cı ildə Mərdəkanda anadan olmuşdur. 7-ci sinfi bitirdikdən sonra Bakı İncəsənət Texnikumuna qəbul olundu. Texnikumu vaxtından əvvəl bitirən o, bir necə istedadlı tələbə ilə birlikdə Moskvaya, məşhur V.İ Surikov adına İncəsənət İnstitutuna göndərilmişdi. Onun müəllimləri arasında Vladimir Favorski, Aleksey Kravçenko, Dmitri Moor (Orlov) və bu kimi böyük qrafika ustaları vardır. Rəssamın Azərbaycan qadınlarına həsr edilmiş ilk diplom iş Surikov məktəbinin rektoru, məşhur rəssam və sənətşünas İqor Qrabar tərəfindən yüksək qiymətləndirilmişdir. Maral Rəhmanzadəni Surikov İnstitutunun Moskvanın bədii ədəbiyyat nəşriyyatlarından birinə kitab illüstratoru təyin etdilər, amma o, gözlənilmədən karyerasını yarımçıq qoyaraq, Bakıya qayıtmışdır. Az sonra Böyük Vətən müharibəsi başladı və gənc rəssam istedadının bütün gücünü hərbi vətənpərvərlik mövzularına həsr etmişdir. Maral Rəhmanzadənin bütün işləri sərt reallıq təşkil edir. İlk baxışdan onun qadınlara çox da yaxın olmayan mövzuda işlədiyi tablolarda müəllifin şəxsi iştirakı hiss edilir. 1947-ci ildə 10 lövhədən ibarət “Neft” adlanan linoqravürləri seriyası yaratmışdır. M.Rəmanzadə ardıcıllıqla Azərbaycanda neft hasilatının tarixi haqqında “Atəşpərəstlər”, “Mancanaqlar” tablosundan başlayaraq texniki tərəqqisini göstərmişdir. Silsilə “Tanker dənizə çıxır” dəniz mənzərəsi ilə tamamlanır. İndi rəssamın “Neftin daşınması”, “Neftçilər tankerdə” (1956-57), “Rezervuar parkı”, “Yeddi gəmi adası”, “Günəş şüaları”, “Ərzaq gətiriblər”, “Fırtına zamanı” (1950), “Fəhlə rayonu” (1954), “Növbəyə” (1965), “Xəzərin ortasında” (1959), “Azərbaycan albomu” (1964) kimi qrafik miniatürləri energetikası və romantikası ilə digər rəsmlərindən fərqlənir. Maral Rəhmanzadə 1957-ci ildə Moskvada onun “Bizim Xəzərdə” adlı albomu dərc olunmuşdur. Bu alboma daxil olan işlərin çoxu hazırda Tretyakov qalereyasında saxlanılır. Onlardan biri “Yeddi gəmi adası” adlı rəngli avtolinoqravürdür. Azərbaycan qadınlarına həsr olunmuş əsərlərini əsasən ağ qara linoqravür texnikasında işləmişdir. “Bizim qızlar”, “Üç çiçək”, “Odlar yurdunun qızları”, “Mənim bacılarım” seriyaları Maral Rəhmanzadə yaradıcılığında qeyri-adiliyi ilə seçilir. Maral Rəhmanzadə əsasən qadın obrazlarını tamamlamaq üçün onları milli geyimdə təsvir etmişdir. Buna misal olaraq “Məhsul yığımı”, “Üzüm yığımı”, “Dağlı qızlar” (1964), “İşdən sonra”, “Bulaqdan qayıdanlar” (1964), “İstirahət vaxtı” (1985), “Tarla sahibləri” (1985), “Qazet oxuyanlar” əsərlərinin adlarını qeyd etmək olar. Mənzərə janrı Maral Rəhmanzadənin yaradıcılığında əhəmiyyətli yer tutur. Qeyd etmək lazımdır ki, rəssam Azərbaycanı bütünlüklə qarış-qarış gəzmişdir. “Arifin həyəti” (1963), “Əshabi-Kəhf” (1963), “Naxçıvan” (1970), “İlan dağ” (1971), “Bacılar” (1973), “Atlı”, “Dağlar” (1972), “Xınalıq”, “Dağlar, ağaclar” (1971), “Xınalıq,Qızıl qaya” (1963), “Qarlı dağlar”, “Nəhəng.dağ mənzərəsi”, “Laçın.Qoşa-su” (1973), “Araz” (1964), “Dağ kəndi” (1964) kimi mənzərələri müxtəlif dövürlərdə işlədiyi “Azərbaycan”, “Naxçıvan”, “Lənkəran” silsiləıərinə daxildir. Maral Rəhmanzadə yaradıcılığında Azərbaycan klassiklərinin əsərlərinə çəkdiyi illüstrasiyalar önəmli yer tutur. Cəfər Cabbarlının “Aydın”, “Oqtay Eloğlu”, “Nəsrəddin Şah”, “Qız qalası” (1940), “Sevil”, “Almas”, “Solğun çiçəklər” (1950) pyes və poemalarına illustrasiyalar çəkmişdir. O, 1956-ci ildə M.S. Ordubadinin “Qılınc və qələm” tarixi romanının kitab tərtibatını etmişdir . Rəssamın əsərləri xarici sərgilərində (İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika , Suriya, Livan və s.) nümayiş etdirilmişdir. Bakıda, Moskvada və Azərbaycanın digər şəhərlərində eləcədə Şrlankada (1958), Kubada (1964) və İranda (1991) fərdi sərgiləri keçirilmişdir. Maral Rəhmanzadənin əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Qalereyası, Tretyakov qalereyası və s. muzeylərdə, İngiltərə və ABŞ-da şəxsi kolleksiyalarda saxlanılır. Rəssam Qırmızı Əmək Bayrağı , “Şərəf nişanı”, Azərbaycanın “Şöhrət” ordenləri ilə təltif edilmişdir. 1964-cü ildə Azərbaycan SSR-in Xalq rəssamı adını almışdır. Maral Rəhmanzadə 16 mart 2008 –ci ildə Mərdəkan qəsəbəsində vəfat etmişdir.

 

 

Mayis Ağabəyov

Mayis Əlişir oğlu Ağabəyov 1 may 1941-ci ildə Bakıda anadan olmuşdur. 1961-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmiş və təhsilini Moskvada davam etdirmişdir. O, 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirib. Təhsil aldığı illər ərzində M.Ağabəyov, M.Boqdanovun kursunda kino sənəti öyrənmişdir. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirdiktən sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işləməyə başlamışdır. Monumental, tarixi filmlərin quruluşçu rəssamı olan Mayis Ağabəyov, eyni zamanda rəngkarlıq, qrafika, heykəltəraşlıq nümunələri yaratmışdır. M.Ağabəyov “Babək”, “Nəsimi”, “Nizami”, “Nə gözəldir bu dünya”, “Özgə vaxt”, “Qətl günü”, “Şirbalanın məhəbbəti”, “Təkcə adanı özünlə apara bilməzsən”, “Həyat bizi sınayır”, “Ürək…Ürək…”, “Günaydın, mələyim!” kimi bir çox dəyərli filmlərə tərtibat vermişdir. Rəssamın əsərləri silsilə təşkil edir. Ən çox sevdiyi mövzusu isə “Ana”dır. Bu mövzuya aid rəssamın silsilə qrafik və rəngkarlıq əsərləri var. Yaradıcılığının ilkin dövründə daha çox qırmızı rəngə üstünlük verir. Rəssamın sonrakı işlərində mavi rəngin tonlarına tez-tez rast gəlinir. O, “Ədəbi motiv”, “Qızılquş ovu”, “Ailə”, “Dua”, “Danaya”, “Süd verən qadınlar”, “Rəssam və model”, “Novruz”, “Lampa işığı”, “Şərq qadınları” və s. rəngkarlıq və qrafika, “Ana”, “Atlı qız”, “Toreador”, “Model” kimi kiçik plastika əsərlərinin müəllifidir. Mayis Ağabəyov 1990-cı ildə Əməkdar Rəssam, 2000-ci ildə “Xalq rəssamı” fəxri adına layiq görülmüşdür. O, 1972-ci ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunmuşdur. Rəssam, 2008-ci ildə qələmə aldığı “Filmdə rəssamın rolu” kitabının müəllifidir. Mayis Ağabəyov 1996-cı ildən pedaqoji fəaliyyətə başlayıb. Elə həmin ildən Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, 2000-ci ildən Dövlət Rəssamlıq Akademiyasının rəngkarlıq kafedrasının müəllimidir. Rəssamın əsərləri Moskvada Şərq Xalqları Muzeyində, SSRİ İncəsənət Fondunda, Bakı İncəsənət Mərkəzində, Azərbaycan İncəsənət Muzeyində, həmçinin, Fransa, Türkiyə, London, Vyana, Almaniya, Yaponiya, İspaniya və Rusiyanın şəxsi kolleksiyalarında saxlanılır. M.Ağabəyov 1965-ci ildən bu günə qədər bir sıra beynəlxalq və respublika sərgilərində kino və rəngkarlıq əsərləri ilə iştirak etmişdir. İlk fərdi sərgisi 1988-ci ildə Bakıda keçirilmişdir. 1996-ci ildə isə Türkiyədə sərgidə iştirak edib.1994-ci ildə Fransa Avinyon, 2000-ci ildə İngiltərə- London, 2002-ci ildə Baki İncəsənər Mərkəzi, 2005-ci ildə Səttar Bəhlulzadə adına sərgi salonunda fərdi sərgiləri keçirilib. 2011-ci ildə rəssamın 70 illik yubileyinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə fərdi sərgisi keçirilib M.Ağabəyovun əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyin fondunda, Azərbaycan Rəssamlar İttifaqının fondunda, Moskva Dövlət Şərq Muzeyində saxlanılır.

 

 

Mehriban Zeynalova

Zeynalova Mehriban Lətif qızı 24 mart 1964-cü ildə Bakıda anadan olmuşdur. O, 1988-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetinin “Tekstil və xalça” ixtisası üzrə bitirmişdir. Mehriban Zeynalova 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın xalçaları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınıb və Milli İncəsənət Muzeyində saxlanılır. O, respublika və beynəlxalq sərgilərdə fəal iştirakçısıdır.

 

 

Məhəmməd Yüzbaşıyev

Yüzbaşıyev Məhəmməd Necməddin oğlu 1 iyul 1949-cu ildə Balakən rayonunda anadan olmuşdur. O, 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Məhəmməd Yüzbaşıyev 1986-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam 1983-cü ildən pedaqoji institutda təsviri sənət kafedrasında müəllim, 1992-ci ildə dosent, 1998-1999- cu illərdə bədii qrafika fakültəsinin dekanı kimi fəaliyyət göstərmişdir. Məhəmməd Yüzbaşıyev “İpək yolu”, “İçəri şəhər”, “Qızıl gül plantasiyası”, “Mənzərə”, “Dədə Qorqudun portreti”, “Dədə Qorqud dastanı. Bamsi Beyrəyin qayıtması” (Gözəl Sənətlər muzeyində daimi ekspozisiya), “Apşeron motivi. Buzovna” (Azərbaycan Dövlət İncəsənət Muzeyi), “Bayram axşamı”, “Səhər”, “Natürmort” əsərlərin müəllifidir. O,1970-ci ildən bir çox respublika və beynəlxalq sərgilərin, simpoziumların iştirakçısı olmuşdur. Rəssam İranda, Moskvada, Gürcüstanda, Türkiyədə, Fransada, Almaniyada keçirilən qrup sərgilərin iştrakçısıdır. O,1997-ci ildən respublika və beynəlxalq sərgilərin iştrakçısıdır.

 

 

Məhəmmədəli Ələkbərov

Ələkbərov Məhəmmədəli Şəmil oğlu 3 mart 1954-cü ildə Naxçıvan MR Babək rayonunda anadan olmuşdur. O, 1977-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsini, 1985-ci ildə Stroqanov adına Moskva Ali Sənaye Rəssamlıq məktəbini rəssamlıq fakültəsini bitirmişdir. Məhəmmədəli Ələkbərov 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam Beynəlxalq Byennal, simpoziumların, beynəlxalq qrup sərgilərin iştirakçısıdır. Əsərləri Moskva, Gürcüstan, Almaniya, Bolqaristanda, Türkiyə və Azərbaycanda nümayiş edilib.

 

 

Hüseynov Məhəmmədhüseyn

Hüseynov Məhəmmədhüseyn Allahqulu oğlu 10 aprel 1967-ci ildə Neftçalanın Qədimkənd kəndində anadan olmuşdur. O, 1986-cı ildə Əzim Əzimzadə adına məktəbini, 1996-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Məhəmmədhüseyn Hüseynov 2005-cı ildən Azərbaycan Rəssamlar İttifaqının, 2010-cu ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Elmi şurasının üzvüdür. O,1995-cı ildə “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyində rəssam kimi fəaliyyət göstərmişdir. Rəssam 1996-1998- ci illərdə Lətif Kərimov adına Azərbaycan Dövlət Xalça tətbiqi sənəti və xalça müzeyində bərpaçı-rəssam işləmiş və həmin illərdən etibarən müxtəlif sərgilərdə iştirak etmişdir. Məhəmmədhüseyn Hüseynov 1996-cı ildən iştirak etdiyi “Xəttatlıq”, Fransanın Paris şəhərində YUNESKOda Azərbaycanın xalq rəssamı L.Kərimovun 100 illik yubileyi ilə əlaqədar keçirilən Beynəlxalq Simpoziumunda, Quzey Kıprıs da keçirilən TÜRKSOY rəssamlarının sərgisində bir neçə əsəri ilə iştirak etmiş və TÜRKSOYun diplomu, ”Gənclər mükafatı”na və bir sıra mükafatlara layiq görülmüşdür Rəssam 2001-cı ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Xalçaçı rəssam” şöbəsinin baş müəllimi, 2008-cı ildən “Dekorativ Tətbiqi Sənət” kafedrasının dosentidir.

 

 

Məmməd Həsənov

Həsənov Məmməd Növzət oğlu 14 yanvar 1958-ci ildə Şəki şəhərində anadan olmuşdur. O, 1982-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbini bitirmişdir. Qrafikan rəssamı olan Məmməd Həsənov 1986-cı ildən Respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Məmməd Həsənov 1989-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O,1982-1987- ci illərdə Şəki Dövlət dram teatrında quruluşçu rəssam kimi fəaliyyət göstərmişdir. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Məmməd Orucov

Orucov Məmməd Zəlimxan oğlu 14 yanvar 1963-cü ildə Gürcüstanın Bolnisi rayonunda anadan olmuşdur. O, 1982-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1987-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Məmməd Orucov 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun əsərləri Moskvada, Türkiyədə, Gürcüstanda nümayiş etdirilmişdir. Rəssam respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Məmməd Məmmədov

Məmmədov Məmməd Səfər oğlu 20 fevral 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. Rəssam 1970-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. 1986-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1973-cü ildən etibarən Respublika və Ümumittifaq sərgilərin fəal iştirakçısıdır. Məmməd Məmmədov Beynəlxalq Byennal, Simpoziumların beynəlxalq qrup sərgilərin iştirakçısıdır. Rəssam 1980-ci ildən Respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Məmməd Quliyev

Quliyev Məmməd Kərim Həbib oğlu 14 avqust 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1966-cı ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1973-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. O, 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın “Döyüşən xoruzlar”, “Nardaran”, “Apşeron motivləri”, “Qacaq Nəbi” və s. əsərlərini qeyd etmək olar. Məmməd Quliyev 2002-ci ildə Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. O, respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Məmmədov Salxab

Məmmədov Salxab İsa oğlu 1943-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1962- 1968-ci illərdə Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təshil almışdır. Salxab Məmmədovun yaradıcılığı Azərbaycan incəsənətinin 1970-ci illərdə formalaşmışdır. Rəssamın saxsı və metalda işlənən relyef kompozisiyalarından “Xoş gəlmisiniz!” (1969, Panno “İnturist” binasının ön tərəfindədir), “İnturist” binasının interyeri üçün hazırlanmış “Şərq motivləri” silsiləsi, metalda işlənmiş “Şərq melodiyası”, “İçəri şəhər”, “Qarabağ melodiyaları” kimi pannolar, “Bakı-Neft şəhəri” mövzusunda bir sıra rəsmlər və vitraj, “Naxçıvan” mehmanxanasının parlaq vitrajları, Qobustana həsr edilmiş 16 kompozisiya, “İçəri şəhər” dekorativ ləyən formasında plastik metal kompozisiya, Almaniyanın Vuppertal şəhərində özəl kolleksiyada saxlanılan “Dostluq” relyefi, Azadlıq rəmzi” və digər əsərləri misal çəkmək olar. Almaniyanın Berlin şəhərində ucaldılmış “Xocalı” abidəsinin Roma Şəhərindəki “Villa Borghese” parkında ucaldılmış Nizami Gəncəvinin, Polşanın Qniezno şəhərində ucaldılmış “Dostluq” abidəsinin həmmüəlifidir. Salxab Məmmədov “Təsviri incəsənətdə rəsm”, “Rəsm sənəti” kimi maraqlı elmi əsərlərin müəllifidir. Rəssam 1970-ci ildən Azərbaycan Rəssamlıq İttifaqının Üzvü, 1982-1988- ci illərdə Azərbaycan Rəssamlar İttifaqının Məsul Katibi, 1993-ci ildən Azərbaycan Rəssamlar İttifaqının Katibi olmuşdur. Salxab Məmmədov 1988-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 2006-cı ildə Xalq rəssamı fəxri adına layıq görülmüşdür. O, 1989-1993- ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində müəllim, 1993-1999- ci illərdə Dövlət İncəsənət Universitetinin dosenti, 1999-cu ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Professoru, 2004-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərmişdir. S.Məmmədov dəfələrlə Azərbaycanda, Moskva, Peterburq şəhərləri kimi Rusiyanın mərkəzlərində və bəzi xarici ölkələrdə açılan bədii sərgilərin təşkilatçısı olmuş, baş rəssam və dizayner vəzifələrinin icrası üçün dəvət olunmuşdur.

 

 

Mənsur Əzizli

Əzizli Mənsur Qara oğlu 28 mart 1964-cü ildə Şəki şəhərində anadan olmuşdur. O, Bakı şəhəri 84 saylı Texniki Peşə məktəbinin tərtibatçı – rəssam fakültəsini bitirmişdir. Rəssamın yaradıcılığını təsviri sənətin rəngkarlıq, qrafika, miniatür sahəsi ilə yanaşı tətbiqi sənət nümunələr olan gəlincik və ağac üzərində oyma əsərləri əhatə edir. Mənsur Əzizli 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Mətanət Aslanova

Aslanova Mətanət Abgül qızı 24 mart 1963-cü ildə Bakıda anadan olmuşdur. O, 1985-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq fakultəsini, 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir. Mətanət Aslanova 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam 1987-ci ildə “Göyərçin” jurnalında rəssam kimi işləmişdir. Onun kitab qrafikası sahəsində yaradıcılığı özünə-məxsusluğu ilə seçilir. Rəssamın “Narın fəlsəfədi”, “Qəzəllər”, “Həyatın akkordları”, “Şair nətez qocaldın sən”, “Yuxu”, “Akkordlar”, “Gül üzlü dilbər”, “Həsrətin rəngi” qrafik əsərlərini qeyd etmək olar. O, 1995-ci ildən mütəmadi olaraq, Türkiyədə, Moskvada, Qazaxstanda və başqa ölkələrdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgilərdə müvəffəqiyyətlə iştirak etmişdir. Mətanət Aslanova 2006-cı ildən Azərbaycan Karikaturaçılar Cəmiyyətinin üzvüdür. O, Respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Məzahir Avşar

Məzahir Ərtuğ Babaşoğlu Avşar 12 yanvar 1955-ci ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. 1972-1978- ci illlərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində, sonra isə 1978-1984- ci illərdə V.İ.Muxina adına Sankt-Peterburq Ali Sənaye rəssamlığı məktəbində Dekorativ tətbiqi sənət fakültəsinin Keramika bölümündən təhsil almışdır. Bir müddət Bakıda çalışmış, 2000-ci ildən Türkiyədəki Səlcuq Universitetində pedaqoji fəaliyyətə başlamışdır. 1970-ci illərdən başlayaraq müxtəlif miqyaslı sərgilərin və beynəlxalq simpoziumların iştirakçısıdır. Məzahir Avşar yaradıcılığı xalqının tarixinə, türk dünyasına bağlıdır. Hələ Bakıda oxuyarkən onun xalq qəhrəmanı Babəkin, Sankt-Peterburqda isə Dədə Qorqudun obrazına müraciət eməsi hələ yaradıcılığının başlanğıcı idi. Onun zamanında Bakıda açılmış fərdi sərgisində nümayiş etdirdiyi “Danışan daşlar”, “Yaralı daşlar”, Gecə qonağı”, “Xürrəmilər”, “Dədə Qorqud”, “Göyçə qaçqını”, “Döyüşçü”, “Əsgəran”, “Axaltəkə”, “Qarabağ”, “Oğuz”, “Vedi didərgini”, “Avşaran” və s. əsərləri də bunun davamı oldu. Məzahir Avşarın yaradıcılığının Türkiyə mərhələsinə Səlcuq Universiteti şəhərciyində ucaldılan “Təkər” (2001), “Xəbərdarlıq” (2001), “Sarı Qamış şəhidlərinə” (2002) və “Soyağacı (“Totem”)” (2001) əsərlərini aid etmək olar. Onun şamotdan hazırladığı “Dərvişlər” (2001), “Balballar” (2003), “Panno” (2005), “Sirli yazılar” (2006), “Doğuluş” (2003), “Bəyaz qarğa” (2003), “Dədə Qorqud” (2001), “Göydən gələnlər” (2002) və “İlk türklər” (2006) silsilələri, “Müqəddəs yazılar” (2000), “Səlcuq döyüşçüsü” (2002) və “Qazi” (2006) diptixi, eləcə də “Səma vazaları” (2003-2004), “Mifologiya” (2004-2005) və “Ovçular” (2005) silsilələri vardır. Qrafik işlərindən onun papirus və kağız üzərində ərsəyə gətirdiyi lövhələri “Tarixdən məktublar” (2007) silsiləsini, eləcə də kağızda gerçəkləşən “Üçüncü üz” (2007), “Yurd” (2007), “Damğa” (2007), “Sultan” (2005), “Mövləvi” (2005) və “Pəri bacaları” (2005) əsərlərinin adlarını çəkmək olar. 1999-cu ildə Türkiyə prezidenti tərəfindən Ankara Çankaya Köşkündə “Türk Dünyasına Hizmət” mükafatı ilə təltif edilmişdir.1986-cı ildə SSRİ Rəssamlar İttifaqına, 1989-cu ildə SSRİ Dizaynerlər İttifaqına üzv qəbul olunub. Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dizaynerlər Birliyinin, UNESKO Beynəlxalq Plastik Sənətlər Dərnəyinin, GƏSAM – Türkiyə Mədəniyyət Nazirliyi Sənət Əsərləri Sahibləri Birliyinin üzvüdür.

 

 

Mikayıl Abdullayev

Abdullayev Mikayıl Hüseyn oğlu 1921-ci il dekabrın 19-da Bakıda anadan olmuşdur. İlk rəssamlıq təhsilini Bakı Rəssamlıq Texnikomunda almışdır. Daha sonra 1939-cu ildən təhsilini Surikov adına Moskva Dövlət İnstitutunda davam etdirmişdir. Əsərləri bütövlükdə milli ruhdadır. Tematik tablolar ustası kimi tanınan Mikayıl Abdullayevin yaradıcılığı klassik və müasir Azərbaycan ədəbiyyatına sıx bağlıdır. O bir çox yazıçı və şairlərin portretlərini, eləcədə onların əsərlərinə illüstrasiyalar üzərində işləmişdir. Bunların arasında N.Gəncəvi, İ.Nəsim, M.Füzuli, M.Vaqif, M.F.Axundov, Aşıq Ələsgər, M.Ə.Sabir, C.Cabbarlı, S.Vurğun, R.Rzanın və başqalarının əsərləri vardır. Doğma təbiəti təsvir edən “Axşam”, “Mingəçevir işıqları”, “Səadət quranlar” əsərləri ölkəmizdə və xaricdə də müvəffəqiyyət qazanmışdır. ”Körpəsinin ardınca”, “Manqabaşçısı Rəxşəndə” və s. tablolarında dövrünün kənd adamları təsvir olunmuşudur. “Sevinc” tablosu ana məhəbbətini əks etdirir. Mikayıl Abdullayevin yaradıcılığında 1956-71- ci illərdə Hindistan, Əfqanıstan, Macarıstan, Polşa, İtaliya və başqa ölkələrə səfərlər zamanı çəkdiyi rəsmlər silsiləsində (“Benqal qızları”, “Racəstan qadınları”, “Qoca əfqan”, “C.Mansu” və s) milli və fərdi xarakteristika, plastika, kolorit zənginliyi əsas yer tutur. M.Abdullayevin yaradıcılığında Bakı metrosunun “Nizami” stansiyasının interyerinin bədii tərtibatı xüsusi yer tutur. 1992-ci ildə “90-cı il qurbanlarına” həsr etdiyi “Nakamların dəfni” əsərini yaratmışdır. Rəssam SSRİ “Xalq rəssamı” adına layiq görülmüşdür. O, SSRİ Rəssamlıq Akademiyasına həqiqi üzv seçilən ilk rəssamdır. Cəvahirlər Nehru adına Belynəlxalq və Azərbaycan SSR Dövlət mükafatı laureatıdır. Müstəqil Azərbaycan Respublikasının “İstiqlal” ordeninə layiq görülmüşdür. Rəssamın Dehli, Monreal, Moskva, London və digər şəhərlədə fərdi sərgisi keçirilmişdir. Mikayıl Abdullayev 2002-ci il avqustun 21-də Bakıda vəfat edib.

 

 

Mir Mövsün Nəvvab

Mir Mövsün Nəvvab 1833-cü ildə Şuşada anadan olmuşdur. Rəssam ornamental divar rəsmləri işləmişdir. Mir Movsün Nəvvab özünün kiçik çapxanasında daşbasma üslubu ilə onları çap edər, cildləyib kitab şəklinə salardı. Əlyazmalar və kitabların (litoqrafiya üsulu ilə çap etdiyi) illüstrasiyalarını eləcə də portret, gül və quş təsvirləri yaratmışdır. Mir Movsün Nəvvabın müəllifi olduğu kitab illüstrasiyaları 1864-1865- ci illərdə yazdığı “Bəhr-ül həzən” (“Hüznlər dəryası”) adlı poetik əsərində təsvir olunur. Əsər hazırda Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır. Rəssam kitab illüstrasiyası və müxtəlif tipli qrafik rəsmlərlə yanaşı, yaradıcılığında portret janrına da müraciət etmişdir. Rəssamın 1902-ci ildə çəkdiyi “Teymurun portreti” adlı əsəri buna nümunədir. Azərbaycan Milli İncəsənət muzeyində saxlanılan bu əsərdə XIV yüzillikdə yaşamış Orta Asiyanın dövlət xadimi və sərkərdəsi Əmir Teymur portreti təsvir olunmuşdur. Mir Möhsün Nəvvabın geniş mövzulara həsr edilən orijinal kompozisiyalı iki çoxfiqurlu əsəri də vardır. Hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılan “Şuşa şəhərində aşura” (1873) əsərini Şuşada yaratmışdır. Mir Möhsün Nəvvabın şəxsi müşahidələri əsasında naturadan çəkdiyi əsərlər xüsusi əhəmiyyət kəsb edir. 1872-ci ildə işlədiyi “Quşlar” tablosu belə əsərlərindəndir. Mir Movsün Nəvvab 1918-ci ildə Şuşa şəhərində vəfat etmişdir.

 

 

Mir Teymur Məmmədov

Mir Teymur Məmmədov 21 yanvar 1947-ci il Bakıda anadan olmuşdur. O, 1964- 1968-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1968-1978- ci ildə Leninqrad Ali Sənaye-Rəssamlıq məktəbində, 1972-ci ildə Leninqrad Teatr, Musiqi və kino İnstitutunun quruluşçu rəssam fakültəsində təhsil almışdir. Mir Teymur Məmmədov 1963-1964- cü illərdə Yerli sənaye Nazirliyini Suvenir fabrikində keramika rəssamı kimi fəaliyyət göstərmişdir Keramika ustası Mir Teymur Məmmədovun yaradıcılığı milli ruhda və özünəməxsusdur. Onun keramika kompozisiyalarında tipik kişi və qadın obrazlar, heyvanlar, quşlar, damğalar, İçərişəhər memarlıq abidələri, Qobustan qaya üstü təsvirləri və müxtəlif simvollar geniş yer almışdır. Rəssamın yaradıcılığına keramik lövhələr, vazalar, plastik heykəllər, maskalar aiddir. Kopozisiyalarından “Zorxana”, “Nağıllar şəhəri” silsilələri, “Keçmişin ruhu” (İçəri şəhər muzeyi), “Balıq”, “Həyat ağacı”, “Qobustan triptixi”, “Vəzir”, “Şahmat fiqurları” (ABŞ şəxsi kolleksiya), “Qartal” və digər əsərlərinin adlarını çəkmək olar. Rəssam 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1998-ci ildən Gürcüstan Rəssamlar İttifaqının, 2007-ci ildən isə Azərbaycan “Karikaturaçı Rəssamlar Birliyi”nin fəxri üzvüdür. Mir Teymur Məmmədov həmçinin İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun baş rəssamı və İçərişəhər Ağsaqqallar Şurasının üzvüdür. Rəssam respublikada və xaricdə keçirilən beynəlxalq sərgilərin iştirakçısı və mükafatçısıdır. Onun Leninqradda (1970), Bakıda (1988, 1993, 1999), Sumqayıtda (1989), Bakıda Moskvada (1995) fərdi sərgiləri keçirilmişdir. O, 2004-cü ildə “Humay”milli mükafatına 2006-cı ildə “Sülhün elçisi”adına və Azərbaycan İncəsənətini xaricdə təbliğinə görə “Simurq” diplomu ilə təltif olunmuşdur. O, 1998 – “Dünya keramika ustaları” beynəlxalq kataloquna daxil edilmişdir. Mir Teymur Məmmədov 1963-2006- ci illərdə 47 qrup sərgisinin iştirakçısı olmuşdur. Mir Teymur Məmmədov 1500-ə yaxın elmi və publisistik məqalələrin müəllifidir Məqalələri: “Bakı.Qız-Qalası”, “Karvan saray”, “Təbriz miniatür məktəbi”, “İnsan fenomeni”, “İnformasiya daşıyıcısı”, “Peşə-memar” adlanır. Rəssamın əsərləri dövlət muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.

 

 

Mircəlil Seyidov

Seyidov Mircəlil Mirələkbər oğlu 1948-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.O, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra Sankt- Peterburqda Muxina adına Ali Bədii-Sənaye Məktəbini bitirmişdir. O, 1972-ci ildən bir sıra respublika, ümumittifaq və beynəlxalq sərgilərdə iştirak etmişdir. Rəssamın bütün əsərləri bədii kamilliyi və orijinallığı ilə seçilir. Mircəlil Seyidovun 20 Yanvara müsibətinə həsr olunmuş tabloları Azərbaycan xalqının faciəsini əks etdirir. Onun “Qaçqınlar”, “Əzab çəkmiş qoca” və “Həsrət” əsərlərində isə bir milyondan artıq qaçqının yaşadığı sarsıntıları kətan üzərinə köçürmüşdür. Mircəlil Seyidovun “Sənət və sənətçilər” şah əsəri sayılır. Mircəlil Seyidov öz yaradıcılığının böyük hissəsini şair və dramaturq Hüseyn Cavidə həsr etmişdir. Müxtəlif janr və üsullardan istifadə edən sənətkar bir-birinin ardınca “Cavidi düşünürkən”, “Cavid gəlir”, “Cavidlə İblisin dialoqu”, “Şairin yuxusu” və “Cavid dünyası” adlı əsərlər yaratmışdır. Rəssamın əsərləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin bədii fondunda, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda, Almaniya, Avstriya, ABŞ, Türkiyə, Fransa, İngiltərə və digər ölkələrin muzeylərində, rəsm qalereyalarında və şəxsi kolleksiyalarda yer almışdır. Rəssam “Naxçıvan payızı” (1972), “Naxçıvan Gənc rəssamlar” (1973), “Azərbaycan rəssamlarının Payız jurnalı” (1973), “Azərbaycan rəssamlarının Bahar jurnalı” (1974. Bakı), “Azərbaycan rəssamlarının Portreti” (1976. Bakı), “Emalatxanadan Bir Rəsm” (1977. Bakı), “Payız sərgisi” (1978. Bakı), “Akademik Naxış” (1979. Bakı), “Naxçıvan rəssamlarının Bakı sərgisi” (1980. Bakı), “Gənc rəssamların qarışıq səgisi” (1981. Bakı), “Naxçıvan – Bakı Sənət Ongünlüyü” (1982. Bakı), “Ölkələr arası” (1983. Daşkənd), “Moskva Sovetlər Birliyi və Şərqi Almanya gənc rəssamların” (1983), “Daşkənd Ölkələr” (1983), “Bakı və Moskva Azərbaycan rəssamlarının” (1984), Polşada Modern natürmort (1986), Bakı və Moskva qrup (1987), ABŞ-da, Almanya və Venesuellada qrup (1988), Fransa, İtalya və İsveçdə (1989), İspaniya, Hollandiya, Avstriya qrup (1990), Azərbaycan rəssamlarının (1990. Trabzon, 1990. İspanya, 1990. İstanbul), Sovet rəssamlarının rəsm sərgisi (1991. Avstralya, Suriya; 1992. Venesuella), Tekel şərq sərgisi (1993. İstanbul, İzmir, Ankara) sərgilərində iştirak etmişdir. O, 1999-2004- cü illərdə Türkiyədəki Antalya Ağdəniz Universitetinin müəllimi kimi fəaliyyət göstərmişdir. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Rəssamı fəxri adına layiq görülmüşdür Mircəlil Seyidov 18 iyun 2009-cu ildə Naxçıvan şəhərində vəfat etmişdir.

 

 

Mirəli Mirqasımov

Mirələsgər Mirəsədulla oğlu Mirqasımov 9 fevral 1924-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1944-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1950-ci ildə İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirdikdən sonra İ.Q.Perşudçevin emalatxanasında çalışmışdır. Heykəltəraşın tələbəlik illərində çəkdiyi əsərlər arasına “Oğlan portreti” (1947), “M.Ə.Sabirin portreti” (1948) daxil idi. M.Mirqasımov müharibədən sonrakı illərdə vətənin müdafiəçilərinə həsr olunmuş bir sıra əsərlər yaratmışdır. Belə əsərlərdən biri heykəltaraşın 1954-cü ildə yaratdığı “Sovet İttifaqı Qəhrəmanı Rauf Məmmədov”un portretidir. M.Mirqasımovun yaradıcılığında görkəmli yer tutan əsərlərindən biri – iki dəfə “Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırova”nın büstüdür (1950). “V.İ. Leninin portreti” və “Bəsti Bağırova”nın büstü 1957-ci ildə respublika yubiley sərgisində nümayiş etdirilmişdir. Rəssamın heykəl-portretlərindən (1954) “Qız portreti”, “Nana” (1956), “Ana” (1963) M.Mirqasımovun atası (1963), “Musa Babayevin” portreti (1951),“Neftçi” portreti (1964) əsərlərini qeyd etmək olar.1954-cü ildə “Qız göyərçin ilə portreti” Varşavada nümayiş etdirilmiş və onun müəllifi V Ümumdünya gənclər festivalı laureatı adına layiq görülmüşdür. Heykəltəraşın digər əsərləri sırasına “Mirzə Ələkbər Sabir”in büstü (1947, Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır), “Uxuru” heykəli (“Azadlıq”, 1961, Azərbaycan Dövlət Rəsm Qalereyasında), “Xəzri” (1970, Azərbaycan Dövlət Rəsm Qalereyasında) kimi adları qeyd etmək olar. 1960-cı ilin axırlarından başlayaraq, heykəltaraş monumental abidələr üzərində işləməyə başlamışdır. Monumental işlərindən “Lenin”in (1957), “Cəlil Məmmədquluzadə”nin (1974, Naxçıvan), “Cəfər Cabbarlı”nın (1982, Bakı) abidələri, “Nəriman Nərimanov”un büstü (1964, Sumqayıtda) adlarını çəkmək olar. M.Mirqasımov bir sıra ümumittifaq sərgilərində, Varşavada, Bolqarıstanda, ADR- da, Kanadada və s. ölkələrdə keçirilmiş sərgilərdə iştirak etmişdir. Heykeltəraş Azərbaycanın Əməkdar incəsənət xadimi (1962), Xalq rəssamı (1982) adlarına layiq görülmüşdür. Mirəli Mirqasımov 2003-cü ildə vəfat etmişdir.

 

 

Mirəli Mirqasımov

Mirələsgər Mirəsədulla oğlu Mirqasımov 9 fevral 1924-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1944-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1950-ci ildə İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirdikdən sonra İ.Q.Perşudçevin emalatxanasında çalışmışdır. Heykəltəraşın tələbəlik illərində çəkdiyi əsərlər arasına “Oğlan portreti” (1947), “M.Ə.Sabirin portreti” (1948) daxil idi. M.Mirqasımov müharibədən sonrakı illərdə vətənin müdafiəçilərinə həsr olunmuş bir sıra əsərlər yaratmışdır. Belə əsərlərdən biri heykəltaraşın 1954-cü ildə yaratdığı “Sovet İttifaqı Qəhrəmanı Rauf Məmmədov”un portretidir. M.Mirqasımovun yaradıcılığında görkəmli yer tutan əsərlərindən biri – iki dəfə “Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırova”nın büstüdür (1950). “V.İ. Leninin portreti” və “Bəsti Bağırova”nın büstü 1957-ci ildə respublika yubiley sərgisində nümayiş etdirilmişdir. Rəssamın heykəl-portretlərindən (1954) “Qız portreti”, “Nana” (1956), “Ana” (1963) M.Mirqasımovun atası (1963), “Musa Babayevin” portreti (1951),“Neftçi” portreti (1964) əsərlərini qeyd etmək olar.1954-cü ildə “Qız göyərçin ilə portreti” Varşavada nümayiş etdirilmiş və onun müəllifi V Ümumdünya gənclər festivalı laureatı adına layiq görülmüşdür. Heykəltəraşın digər əsərləri sırasına “Mirzə Ələkbər Sabir”in büstü (1947, Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır), “Uxuru” heykəli (“Azadlıq”,1961, Azərbaycan Dövlət Rəsm Qalereyasında), “Xəzri” (1970, Azərbaycan Dövlət Rəsm Qalereyasında) kimi adları qeyd etmək olar. 1960-cı ilin axırlarından başlayaraq, heykəltəraş monumental abidələr üzərində işləməyə başlamışdır. Monumental işlərindən “Lenin”in (1957), “Cəlil Məmmədquluzadə”nin (1974, Naxçıvan), “Cəfər Cabbarlı”nın (1982, Bakı) abidələri, “Nəriman Nərimanov”un büstü (1964, Sumqayıtda) adlarını çəkmək olar. M.Mirqasımov bir sıra ümumittifaq sərgilərində, Varşavada, Bolqarıstanda, ADR- da, Kanadada və s. ölkələrdə keçirilmiş sərgilərdə iştirak etmişdir. Heykəltəraş Azərbaycanın Əməkdar incəsənət xadimi (1962), Xalq rəssamı (1982) adlarına layiq görülmüşdür. Mirəli Mirqasımov 2003-cü ildə vəfat etmişdir.

 

 

Mirteyyub Xəlilov

Xəlilov Mirteyyub Mirseyfəl oğlu 9 aprel 1938-ci ildə Bakıda anadan olmuşdur. O, 1961-ci ildə Əzim Əzimzadə adına Bakı rəssamlıq məktəbini bitirmişdir. O, 1969-cu ildən Əzim Əzimzadə adına İncəsənət Kollecində pedagoji fəaliyyət göstərir. Mirteyyub Xəlilov 1972-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Mirteyyub Xəlilov naturadan etüdləri, özünə məxsus bir qədər sərt uslubda, akvarel, tempera, quaş və qarışıq texnikada işləyir. Bu qəbildən olan işlərlə o, 1965-ci ildə “Vətən” kino teatrında və Lenin rayonundakı mədəniyyət evində açılmış fərdi yaradıcılıq sərgilərində çıxış etmişdir. Rəssamın “Yağışlı gün”, “Dənizdə qayalar”, “Axşam” (1985), “Buzovnada”, “Qəsəbədə küçə”, “Şüşə qablarda naturmort”, “Qara Şəhər”, “Ağaclar” (1985), “Kənd mənzərəsi”, “Çiçəklənən ağaclar”, “Yol” (1987) mənzərələri ilə yanaşı, natürmort janrında işlədiyi “Natürmort” (1987), “Meyvələr” (1984), “Köhnə qablar”, “Dolça ilə meyvələr”, “Güllər”, “Vaza ilə natürmort” adlı əsərlərini qeyd edə bilərik. Mirteyyub Xəlilovun 1964-cü ildə “Xam torpaqlar” (Qazaxıstan, Petropavlovsk), 1984-ci ildə “Abşeron motivləri” (Maştağa Mədəniyyət evi), 1993 və 1998-ci ildə Rəssamlar ittifaqında fərdi sərgiləri keçirilmişdir. Mirteyyub Xəlilov 1969-cu ildən Respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Onun əsərləri, Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Mirzə Nəcəfov

Nəcəfov Mirzə Nadir oğlu 13 mart 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, Əzim Əzimzadə adına Bakı Dövlət Rəssamlıq məktəbini, 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dekorativ tətbiqi sənət fakültəsini bitirmişdir. Mirzə Nəcəfov 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Yaradıcılıq fəaliyyətinə 1980-cı ildən başlayan rəssam mütəmadi olaraq respublika və beynəlxalq sərgilərin fəal iştirakçısı olmuş, diplom və mükafatlara layiq görülmüşdür. Onun əsərləri Türkiyə, Litva, İran və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Mirzə Qədim İrəvani

Mirzə Qədim İrəvani 1825-ci ildə İrəvan şəhərində anadan olmuşdur. Mirzə Qədim, İrəvanda ibtidai təhsil aldıqdan sonra burada “Üsuli-cədid” məktəbini bitirmiş, Tiflisə gedərək orada progimnaziyanı qurtarmışdır. 1840-cı ildə İrəvana qayıdan Mirzə Qədim ömrünün sonunadək burada yaşamış və poçt teleqrafçısı vəzifəsində çalışmışdır. Yaradıcılığının ilkin mərhələsini şüşə üzərində təsvirlər təşkil edir. Onlardan ikisi bu gün Bakı İncəsənət Muzeyinin kolleksiyasına daxildir. “Rəqqasə” və “Dərviş” adlanan bu kiçik ölçülü əsərlər yağlı boya ilə çəkilmişdir. Rəssamın vəfatından sonra ailə arxivində yüzdən çox əsəri qalsa da günümüzə onların yalnız 23-ü gəlib çatmışdır. Yaradıcılığının ikinci mərhələsini yağlı boya ilə çəkilmiş əsərlər təşkil edir. Bu işlər vaxtilə İrəvan xanlığının iqamətgahı kimi inşa edilən Sərdar sarayını (XVIII əsr) bəzəyirmiş. Zəngin xarici və daxili tərtibata malik olan sarayın geniş salonunda zəngin koloritli naxışlar, tarixi və əfsanəvi süjetli divar rəsmləri, eləcə də “Qacar üslub”unda portretlər çəkilmişdir. 1850-ci ildə sarayın bərpa işləri zamanı rəssam burada əvvəllər işlənmiş divar bəzəklərini bərpa etmışdir. Tarixi sənədlərə əsasən saray XX əsrin əvvəllərində erməni millətçiləri tərəfindən dağıdılaraq Mirzə Qədimin işlədiyi iri ölçülü (200×100 sm) portretlər divardan çıxarılıb Tiflisə aparılmışdır. Hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanan “Sərkərdə” və “Fətəli şah” əsərləri rəssamın Sərdar sarayı üçün işlədiyi portretlərdəndir. Mirzə Qədim İrəvaninin yaradıcılığının məhsuldar dövrü 1860 – 1870-ci illərə təssadüf edir. Rəssamın hazırda bəlli olan on qiymətli əsərləri məhz bu illərdə aiddir. “Oturmuş qadın”,”Vəcihulla Mirzə”, “Şah Tələt”(hər üçü Gürcüstan Dövlət İncəsənət Muzeyi), “Molla”, “Gənc qadın”, “Fətəli şah”, “Abbas Mirzə”, “Naməlum qadın”(R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi) və s. başqa portretlər rəssamın bu dövrdəki yaradıcılığını əks etdirir.. Mirzə Qədim xalq sənətini dərindən bilən, ornamentalist rəssam olmuşdur.. Sankt- Peterburqda Dövlət Ermitajında saxlanan güzgünün qapıları üzərində çəkdiyi gül və çiçək təsvirləri, böyük sənətkarlıqla işlənmişdir. Mirzə Qədim Irəvani 1875-ci ildə vəfat etmişdir.

 

 

Mirzəağa Qafarov

Qafarov Mirzəağa Nəcəfəli oğlu 15 avqust 1927-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1950-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1958-ci ildə Muxina adına Leninqrad Rəssamlıq institutunu bitimişdir. Rəssam 1960-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Mirzəağa Qafarov 1960-1972- ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq məktəbində müəllim işləmişdir. Mirzəağa Qafarov Böyük Vətən müharibəsi veteranıdır. Rəssam respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Münəvvər Rzayeva

Rzayeva Münəvvər Məcid qızı 6 iyun 1929-cu ildə Bakıda anadan olmuşdur. O, 1946-1950- ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumunda, 1950- 1956-cı illərdə Moskvada Surikov adına Rəssamlıq Akademiyasında (N.V.Tomskinin sinifində) təhsil almışdır. 1958-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. M.Rzayeva Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü, Nizami adına Ədəbiyyat muzeyində bərpaçı heykəltaraş- rəssam kimi də fəaliyyət göstərmişdir. Heykəltəraş M.Rzayeva özünəməxsus dəsti-xəttə malik heykəltaraşdır. O, əsasən psixoloji portret ustası kimi tanınır. M.Rzayeva heykəllərini əsasən qranit, mərmər, bürünc və ağac materiallarından düzəldirdi. O, əsasən sənət adamlarının, dövlət xadimlərinin və əmək qəhrəmanlarının heykəl, büst barelyeflərini işləmişdir. Münəvvər Rzayevanın heykəllərində hər bir detal obrazın ümumi ideyasının açılmasında mühüm rol oynayır. Rzayevanın yaratdığı Nigar Rəfibəylinin (Gəncə, bürünc, 1998, Fəxrəddin Əliyevlə birgə), Sergey Yeseninin (Mərdəkandakı muzeyində), Məhsəti Gəncəvinin (Ədəbiyyat muzeyində) heykəlləridə öz emosionallığı ilə fərqlənir. M.Rzayeva Bakıda və Azərbaycanın digər bölgələrində qoyulmuş yüzə yaxın heykəlin müəllifidir. Bakıdakı heykəllərdən: Sevil Qazıyevanın borelyefini (bürünc, 1969), Mikayıl Müşfiqin (qırmızı qranit, 1970), Yeseninin (1977), Ayna Sultanovanın (1986), Nizami adına Ədəbiyyat muzeyində Bəhmənyarın (mərmər), Nəsiminin (ağac) heykəllərini qeyd etmək olar. Gəncə şəhərində hündürlükdə ucaldılmış Məhsəti Gəncəvi (bürünc 5 m, 1983) monumenti bütün bu xüsusiyyətləri özündə daşıyır. Xızıda Mikayıl Müşfiqin (bürünc, 1989, F.Əliyevlə birgə) heykəllərini yaratmışdır. M.Rzayevanın sonuncu işlərindən biri Qusar rayonunda yerləşən dağın 3763 m. hündürlükdəki “Heydər Zirvəsi”nə bərkidilən Heydər Əliyevin tunc barelyefi olmuşdur (barelyefin uzunluğu 82 sm, eni 59 sm). Münəvvər Rzayeva 6 iyun 2004-cü ildə Bakıda vəfat etmişdir.

 

 

Nadejda İbrahimova

İbrahimova Nadejda İvan qızı 27 yanvar 1951-ci ildə Sumqayıtda anadan olmuşdur. O, 1966-1970- ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, 1971-1976- ci illərdə V.İ Lenin adına Azərbaycan Dövlət Pedagoji İnstitutunda təhsil almışdır. Nadejda İbrahimova 1979-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın iki fərdi sərgisi keçirilmişdir. Onun əsərləri Gürcüstan, Moskva, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilib.

 

 

Nadir Axundov

Nadir Axundov 1925-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Rəssam Leninqrad Orta Rəssamlıq Məktəbinə daxil olmuşdur. O, burada dəzgah boyakarlığı və qrafika janrlarında fəaliyyətə başlamışdır. Lakın gənc rəssamın təhsili 3 il davam etmişdir. Nadir Axundov müahribə illərindən sonra müstəqil olaraq yaradıcılığa başlamışdır. O, ilk dəfə 1958-ci ildə respublika sərgisində iştirak etmişdir. O, boyakarlıq, qrafika və linoqravür növlərində bir sıra əsərlər yaratmışdır. Nadir Axundovun yaradıcılığında şəhər mənzərələrinə xüsusi yer tutur. Onun “Sənaye Bakısı” (1966), “Şirvanşahlar sarayı” (1971) linoqravuraları buna nümünədir. Nadir Axundovun yaradıcılığında əsas yeri portret janrı tutur. Boyakarlıq portretlərində əsas obrazlar kənd zəhmetkeşləri, ziyalılar və fəhlələrdir. Rəsamın “Fikirlər” (1961), “Çay süfrəsi” (1961), “Qoca qadın” (1963), “Kişi portreti” (1965), “Qəzet oxuyan fəhlə” (1965), “Düşüncə” (1968), “Tələbə qız” (1972), “Rəssam Rasim Babayev” (1975), “Füzuli” (1976), “M.Ə.Sabir” (1980), “C.Cabbarlı” (1980), “Fikrət Əmirov” (1982), “Y.Hacıbəyov” (1983), “Mərziyə Davudova” (1983), “Tibb bacısı R.Qasımova” (1985) portretləri fərdi cizgi və psixoloji cəhətlərinə görə fərqlənir. Rəssam Leninqrad, Daşkənd və Tiblisidə təşkil edilmiş sərgilərdə “Çay süfrəsi” (1961), “Çoban qız” (1961), “Kənd musiqiçiləri” (1966), “Dəniz kənarında qala” (1966), “Köhnə Bakı” (1967), “Dənizdə neft buruqları” (1969), “İçərişəhər” (1971),”Dəniz kənarında” (1976) qrafika və linqravüra əsərləri ilə iştirak etmişdir. Nadir Axundov 19 may 1999-cu ildə Bakı şəhərində vəfat etmişdir.

 

 

Nadir Bayrışov

Bayrışov Nadir Balayar oğlu 7 fevral 1956-ci ilin Neftçala rayonunda anadan olmuşdur. O, 1975-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsini bitirmişdir. Nadir Bayrışov 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam respublika və beynəlxalq sərgilərdə fəal iştirakçısıdır.

 

 

Nadir Əbdürrəhmanov

Nadir Qəmbər oğlu Əbdürrəhmanov 1925-ci il dekabrın 5-də Laçın şəhərində anadan olmuşdur. O, 1941-1944- cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, 1947-1953- cü illərdə isə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsilini bitirmişdir. Yaradıcılığına xas olan yeni forma axtarışları, sərt realist üslub və miniatür sənəti ilə səsləşən orijinal dəst-xətti, təsviri sənətdə dekorativliyə və kolorit zənginliyinə xüsusi diqqət yetirməsi rəssamın özünəməxsus üslubunun formalaşmasında mühüm rol oynamışdır. Onun müxtəlif janrlarda yaratdığı iriformatlı süjetli lövhələr qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə daxil olmuşdur. Fərdi yaradıcılıq axtarışları, orijinal bədii təsvir vasitələri, dərin emosional üslub Nadir Əbdürrəhmanovun “Kədərli xəbər” (1957), “İndustrial mənzərə” (1954), “Yaylaqda” (1957), “Dağlarda səhər” (1957), “Təzə nömrə “Kirpi” (1958) və s. əsərlərində aydın şəkildə görünür. Nadir Əbdürrəhmanovun tanınmış əsərləri arasında dövrünün müasir həyatını əks etdirən “Dağda toranlıq”, “Sevimli naxışlar”, “Talış qızlı”, “Talış qızları”, “Dağlarda bahar”, “Bizim dağların insanları”, “Firuzə dünyası” tablolarını qeyd etmək olar. O, Azərbaycanın dağlıq güşələrindən Lerik, Laçın, Şuşa mənzərələrinə həsr olunmuş “Laçın”, “Lerik. Bahar”, “Dağlarda göl”, “Şuşa”, “Qaragöl gölündə”, “Minkənd”, “Dağlarda kənd” tabloların müəllifidir. Əmək mövzusunda olan “Əlibayramlının DRES mühəndisləri”, “Yeddi ilik inşaat konturu” əsərlərini sərt monumental üslubda işləmişdir. Rəssamın “İraq-Əfqanistan” silsiləsi son yaradıcılıq eyzamiyyətlərindən, “Toranlıq”, “Bağdadda küçə”, “Mosul”, “Əfqanlılar”, “Kabulda küçə”, “Kabildən tələbələr” və başqa tablolarını işləmişdir. O, 1954-cü ildən Azərbaycan Rəssamlıq Məktəbində dərs demiş, 1984-cü ildən etibarən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi çalışmış, Azərbaycan Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasının rəhbəri olmuşdur. 1960-cı ildə rəssam Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, 1964-cü ildə isə Xalq rəssamı fəxri adlarını almışdır. Respublikamızın ali mükafatı “Şöhrət” ordeninə layiq görülməsi onun sənət və şəxsiyyətinə verilən qayğıdır. Nadir Əbdürrəhmanov 26 iyun 2008-ci ildə Bakıda vəfat etmişdir.

 

 

Nadir Qasımov

Nadir Qasımov 22 may 1928-ci ildə Bakıda anadan olmuşdur. O, 1941-1946- cı illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, 1947-1953- cü illərdə isə Sankt-Peterburqda İ.E.Repin adına Rəssamlıq Akademiyasında təhsil almışdır. Tələbəlik vaxtlarından Bakıda bir neçə portret və mənzərələrlə çıxış etmişdir. Rəssamın yaradıcılığı 50 ildən artıq bir dövrü əhatə edir. Sonuncu əsəri 1999-cu ildə çəkilmişdir. Xəzər dənizi mövzusu rəssamın yaradıcılığında əsas yer almışdır. Belə əsərlərdən “Dəniz qəzəblənir”, “Polad adam”, “Xəzərdə qızılı şəfəq”, “Neft buruqları”, “İliç buxtası” (Dövlət Tretyakov Qalereyası), “İliç buxtasının qurulması”, “Qırmızı borular” (Dövlət Tretyakov Qalereyası) adlarını çəkmək olar. Nadir Qasımov yaradıcılığın 1960-cı illərinə “Pambıq tarlasında”, “Çəltik zəmilərində”, “Lənkəran bazarında”, “Rəfiqələr”, “Lənkəran qızları” və s əsərlərini aid etmək olar Nadir Qasımovun “Daşkəsəndə qış” əsərini 1967-ci ildə Monrealda keçirilən Ümumdünya sərgisində uğurlu nümayiş olunmuşdur. Bundan sonra onun əsərləri ABŞ, Meksika, Almaniya, İtaliya, İngiltərə, Fransa, Belçika, Suriya, Yuqoslaviya, Misir və başqa ölkələrdə təşkil olunan sovet təsviri sənəti sərgilərində nümayiş etdirilmişdir. Rəssamın 100-ə yaxın əsəri Rusiyanın muzey kolleksiyalarında, MDB ölkələrinin muzeylərində, ABŞ, Belçika, Fransa, Almaniya, Türkiyə, İspaniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiyanın muzeylərində və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Nadir Qasımovun 1961 və 1977-ci ildə Bakıda fərdi sərgiləri keçirilmişdir. Nadir Qasımov Xalq rəssamı adına layiq görülmüşdür.

 

 

Nailə Məmmədova

Məmmədova Nailə Əli qızı 19 aprel 1949-cu ildə Bakıda anadan olmuşdur. O, 1972-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunun Memarlıq fakültəsini bitirmişdir. Nailə Məmmədova 1972-1989- cu illərdə Azərbaycan Dövlət Lahiyə institutunda memar kimi, 1992-2007- ci illərdə Azərbaycan Dövlət Tele-radio şirkətində rəssam kimi fəaliyyət göstərmişdir. Nailə Məmmədova 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür O, “8 mart”, “Novruz bayramı”, “Qarabağ”, “31 mart Azərbaycanlıların soyqırımı” (2010) sərgilərində iştirak etmişdir.

 

 

Nailə Sultanova

Sultanova Nailə Şamil qızı 5 sentyabr 1959-cu ildə Bakıda anadan olmuşdur. O, 1975-1979- cu ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində ,1979-1984- cü ildə M.Ə Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Nailə Sultanova 1991-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın Miniatür mərkəzində (1994, 1999, 2002, 2004), Art-gallery (1998) fərdi sərgiləri keçirilmişdir. Nailə Sultanova Venesiya Biennalısında (2009), Keramika simpoziumunda (2010. İsrail) iştirak etmişdir. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, İtaliya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Namiq Məmmədov

Məmmədov Namiq Zahid oğlu 23 dekabr 1957-ci il Gəncə şəhərində anadan olmuşdur. O, 1982-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini, 1988-ci ildə Litva Dövlət Rəssamlıq Akademiyasının dəzgah rəngkarlığı fakültəsini bitirmişdir. Rəssam öz yaradıcılıq fəaliyyətinə 1982-ci ildə keçirilən “Gənclər yaradıcılıq həftəsi” adlı sərgidə “Bizim bağ” və “Gimnast qız” əsərləri ilə başlamışdır. Namiq Məmmədov 1997-ci ildən Azərbayca Rəssamlar İttifaqının üzvüdür. Rəssamın 1996-2010- cu illər ərzində səkkiz fərdi sərgisi keçirlmişdir. O, 1997- 2001-ci illərdə keçirilmiş iki beynəlxalq simpoziumun iştrakçısıdır. Rəssam Polşada, Fransada, Almaniyada, Əlcəzairdə, Danimarkada, Türkiyədə, Mərakeşde, Tbilisidə və başqa ölkələrdə keçirilən sərgilərdə iştirak etmişdir. Namiq Məmmədov 1990-1991- ci illərdə azərbaycan rəssamlarının “20 yanvar faciyəsi”nə həsr olunmuş sərgisində (“Muharibənin rəqsi”, “Qaçqınlar”), 1993-cü ildə S.Bəhlulzadə adına sərgi salonunda “7-ci mərtəbə” qrup sərgisində iştirak etmişdir. Rəssam 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəngkarlıq kafedrasının müdüri vəzifəsində fəaliyyət göstərir.

 

 

Natiq Əliyev

Əliyev Natiq Kamal oğlu 10 avgust 1958-ci ildə Bakıda anadan olmuşdur. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1974-1978) və V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbində (1978-1983) təhsil almışdır. Natiq Əliyevin yaradıcılığında memorial heykəltəraşlıq geniş yer tutur. Onun əsasən 1987-ci ildən sonra yaratdığı bu tipli əsərləri sırasında Məmməd Səid Ordubadi (1987), Abdulla Şaiq (1988), Xurşudbanu Natəvan (1989), Cəlil Məmmədquluzadə (1992), general-leytenant Hüseyn Rəsulbəyov (1993), Afiyəddin Cəlilov (1994), akademik Lətif İmanov (1995), Şövkət Ələkbərova (1996), İlyas Əfəndiyev (1997), Mirvarid Dilbazi (2004), Əli Tudə (2005), Cabir Novruz (2006), dövlət xadimi Nəsrulla Nəsrullayev (2006), Zeynal Cabbarzadə (2007) xatirə lövhələrini, eləcə də Fəxri Xiyabanda qərarlaşan İlyas Əfəndiyev (1996), Həqiqət Rzayeva (1998), Cabir Novruz (2003), Bəşir Səfəroğlu (2005) və Osman Mirzəyevin (1992) məzarüstü abidələrini qeyd etmək olar. Natiq Əliyev, Əliağa Vahid (Rahib Həsənovla birlikdə) (Bakı 1990), Ümummilli lider Heydər Əliyev (memar Skulskiy Vladimir. Kiyev 2004), Rumın bəstəkari Corc Enesku (Baki 2006), Ümummilli lider Heydər Əliyev (Tiflis 2007), Norveç səyyahı Tur Heyerdalın abidəsi (Şəki. Kiş kəndi), Bəxtiyar Vahabzadə (Şəki 2010), Ümummilli lider Heydər Əliyev (Həştərxan 2010), Memar Zivərbəy Əhmədbəyov (Baki 2011), Motsart (Bakı 2011), Serb yazıçısı Milorad Paviçin (Belqrad 2011), Ümummilli lider Heydər Əliyev abidəsi (Belqrad 2011), Üzeyir Hacıbəyli (Serbiya. Novi-Sad şəhəri 2011), Xocalı soyqırımı (Sarayevo 2012), Xocalı soyqırımı abidəsi (Mexiko 2012), Hüseyn Cavid (Montoneqro. Podqoriça 2013), Knyaz Vladimir (Həşdərxan 2013), Xocalı soyqırımı abidəsi (Ankara 2013), Dostluq (“Bakı-Həştərxan” 2013), Xocalı soyqırımı (Qızılca- Hamam.Türkiyə 2014) abidələrinin müəllifidir Natiq Əliyev Sovet dönəmində Respublika Gənclər Mükafatının laureatı (1989) olmuşdur. Heykəltəraş 2000-ci ildə Azərbaycan Rəssamlar İttifaqının “Sultan Məhəmməd” mükafatına layiq görülmüşdür. O, heykəltəraşlıq sahəsində qazandığı uğurlara görə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatına (2008) layiq görülmüşdür. Natiq Əliyev 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı, 2005-ci ildə Xalq rəssamı adlarına layiq görülmüşdür. O, 2008-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib, akademiyanın “Dostoynomu” medalına layiq görülmüşdür. Natiq Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, indi isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dərs deyir.

 

 

Natiq Fərəcullazadə

Fərəcullazadə Natiq Nadir oğlu 24 yanvar 1960-cı ildə Zaqatala şəhərində anadan olumuşdur. O, 1979-cu ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1984-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Natiq Fərəcullazadə 1987-ci ildə Azərbaycan Rəsamlar İtifaqının üzvü olmuşdur. Rəssam dekorativ tətbiqi sənət sahəsində çalışmışdır. 2010-cu ildə fərdi sərgisi keçirilmişdir. Natiq Fərəcullazadə “SSRİ-nin 60 illiyi” (SSRİ Rəssamlar Akademiyası. Leninqrad. 1985), “Vətənin gəncliyi” (Respublika sərgisi. Bakı. 1987), “Şüşə və keramika” (1-ci Respublika sərgisi. Bakı. 1987), “Kiçik Forma” (Respublika sərgisi. Bakı. 1988), “31 Mart Soyqrımı” (Muzey Mərkəzi, Bakı. 2010), Fərdi sərgi (Azərbaycan Rəssamlar İtifaqı “Vəcihə Səmədova” adına sərgi salonu. Bakı. 2010), “Xocalı Soyqrımı” (Müsabiqə. Bakı. 2011) kimi sərgilərdə iştirak etmişdir. Rəssamın əsərləri sırasına “Yağışlı gün”, “Pəhlivanlar”, “Yaddaş” “Söhbət”, “Türkmənçay”, “Bahar” tabloları daxildir. Natiq Fərəcullazadə beynəlxalq qrup sərgilərin fəal iştirakçısıdır. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilib. Rəssam 1985-ci ildən Respulika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Nazim Babayev

Babayev Nazim Əliqulu oğlu 9 mart 1936-cı ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1959-cu ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsini bitirmişdir. Nazim Babayev 1962-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. O, Gəncə şəhəri rəssamlıq məktəbində müəllim işləmişdir. Həmin müddətdə Gəncə şəhərində keçirilən mədəni tədbirlərin tərtibatında iştirak etmişdir. Nazim Bababyev 2008-ci ildə Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. Müxtəlif ölkələrdə keçirilən sərgilərin iştirakçısıdır. Rəssam respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Nazim Məmmədov

Məmmədov Nazim Tağı oğlu 27 fevral 1973-cü ildə Ucar rayonunda anadan olmuşdur. O, 1996-cı ildə Dövlət Rəssamlıq Akademiyasının nəzdində Rəssamlıq kollecini bitirdikdən sonra, 2005-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsilini davam etdirmişdir. Rəssamın “Kompozisiya”, “20 Yanvar” (1994), “Bahar gülləri”, “Kənd mənzərəsi”, “Xocalı faciəsi”, “Mənzərə” adlı əsərlərini qeyd etmək olar. Nazim Məmmədov 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın 2012-ci ildə “Xocalı soyqrımı” adlı 2 fərdi yaradıcılıq sərgisi keçirilib. O, respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Nazim Yunusov

Yunusov Nazim Rzaqulu oğlu 2 yanvar 1956-cı ildə Bakıda anadan olmuşdur. O, 1976-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirmiş, daha sonra Lvov Dövlət Tətbiqi sənət institutunda təhsil almışdır. Nazim Yunusov 1991-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Geyim dizayn” kafedrasının müdiri vəzifəsində çalışır. Rəssam Ankara şəhərində “Qazi” universitetində qarışıq sərgidə “Xəzər”, “Bakı”, “Natürmort” və s. əsərləri ilə çıxış etmişdir. Nazim Yunusov Milli “Para olimpiya” komandasının (2008, Pekin) və “YUNESKO” xətti ilə Fransada keçirilən musigi baxışının iştrakçılarının geyimlərini hazırlamışdır. Onun “Köhnə Bakı” (Fransa), “Milli qablarımız” (İsrail), “Bizim şəhər” (Hollandiya) “Bahar” (Bakı) adlı əsərləri şəxsi kolleksiyalarda saxlanılır.

 

 

Nəcəfqulu İsmayılov

Nəcəfqulu Əbdülrəhim oğlu İsmayılov 15 mart 1923-cü ildə Bakıda anadan olmuşdur. 1936-1940- cı illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil almış və II Dünya müharibəsinin başlanması onun ali təhsilini davam etdirməsinə imkan verməmişdir. Nəcəfqulu İsmayılov məharətli qrafika ustası kimi tanınmışdır. O, 1952-ci ildə “Kirpi” jurnalının baş rəssamı olmuş və 1979-cu ilə qədər burada çalışmışdır. Otuz ilə yaxın jurnalın baş rəssamı kimi minlərlə maraqlı karikaturalar, şarjlar və başqa qrafik əsərlər yaratmışdır. O, bu jurnal üçün rəsm və karikaturalar, plakatlar işləmiş, Cəlil Məmmədquluzadənin hekayələrinə, Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalar böyük maraqla qarşılanmışdır. Nəcəfqulu İsmayılov dəzgah rəngkarlığı və qrafika sahəsində bir-birindən maraqlı əsərlər qalereyası yaratmışdır. Rəssamın yaradıcılığında portret janrı xüsusi yer tutur. “Qubalı Fətəli xan”, “General H.Aslanov”, “Sara Aşurbəyli”, “Şair M.Ə.Möcüz”, “Yazıçı A.Şaiq”, “Ana”, “Yazıçı Cəlil Məmmədquluzadə”, “Şair S.Vurğun”, “Akademik M.Hüseynov”, “S.Bəhlulzadə”, “Ü.Hacıbəyli”, “Nəsirəddin Tusi” və digər portretləri buna misal ola bilər. Nəcəfqulu Ismayılovun süjetli tablo və mənzərə janrındaişlədiyi əsərləri sıarasına “Nəsiminin edamı”, “Qrand-opera”, “Içərişəhərdə küçə”, “Səadət”, “Realist rəssam” vəs. daxildir. Nəcəfqulu İsmayılov 1970-1982- ci illərdə Məhəmməd Füzulinin, Sabirin, Üzeyir Hacıbəylinin misdən barelyeflərini yaratmışdır. Onun əsərləri Almaniyanın, Kanadanın, Livanın, Rusiyanın və digər ölkələrin sərgi salonlarında nümayiş etdirilmişdir. Nəcəfqulu İsmayılov Azərbaycanı gəzərək, gördüyü neqativ hallara qarşı münasibətini öz karikaturalarında satira hədəfinə çevirmişdir. Onun yaratdığı “Qayğıkeş ferma müdiri”, “Əsl şərəf lövhəsi belə olar”, “Axır ki dil tapdıq”, “Sözsüz” və s. bu baxımdan xarakterikdir. Rəssam “Kirpi” jurnalında çalışdığı illərdə çəkdiyi karikaturaların sözlərini də özü yazmışdır. O, bir çox sənət adamlarının portretlərini işləmiş, eyni zamanda onların dostluq şarjlarını da çəkmişdi. Tahir Salahov, Mikayıl Abdullayev, Fikrət Əmirov, Cəlal Qaryağdı, Bəşir Səfəroğlu və başqalarının portretləri dostluq şarjlarına misal ola bilər. Rəssam 1963-ci ildə Azәrbaycan Əmәkdar incәsәnәt xadimi adını almışdır. Nəcəfqulu Ismayılov 1990-ci ildə vəfat etmişdir.

 

 

Nərgiz Məmmədova

Məmmədova Nərgiz Süleyman qızı 27 mart 1967-cı ildə Bakıda anadan olmuşdur. O, 1986-cı ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir. O, 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun əsərləri Türkiyə, Gürcüstan, Azərbaycanda nümayiş edilmişdir. O, 1997 – 2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Qrafika kafedrasının müəllimidir. Rəssam 1996-2006- cı illərdə “Göyərçin” jurnalında rəssam kimi işləmişdir. O, 2011-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Qrafika” kafedrasının dosentidir. O, Respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Nəriman Məmmədov

Məmmədov Nəriman Qəhrəman oğlu 27 iyun 1956-cı ildə Salyanda anadan olmuşdur. O, 1978-1982- ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbinin heykəltəraşlıq fakültəsində, 1982-1988- ci illərdə Azərbaycan dövlət Mədəniyyət və İncəsənət universitetinin heykəltəraşlıq fakültəsində təhsil almışdır. Nəriman Məmmədov 1989-cu ildə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Nəriman Məmmədov “Qarabağ suitası”, “Əlibey Hüseynzadə” (1993), “Heydər Əliyev” (2007) monumental abidələrinin müəllifidir. Onun əsərləri İngiltərə, Almaniya, Fransa, Türkiyə, Polşa, Rusiya qalereyalarında nümayiş etdirilir. Heykəltəraş 1989-cu ildən Bakı İncəsənət Gimnaziyasında pedagoji fəaliyyət göstərir.

 

 

Nəsir Hüseynov

Hüseynov Nəsir Həbib oğlu 12 sentyabr 1959-cu ildə Zaqatala şəhərində anadan olmuşdur. O, 1978-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini, 1988-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsini bitirmişdir. Nəsir Hüseynov “Payız”, “Ata və oğul”, “Güllər” əsərlərinin müəllifidir. Nəsir Hüseynov 1991-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəngkar beynəlxalq Byennal, Simpoziumlarda, beynəlxalq qrup və respublika sərgilərinin fəal iştirakçisıdır. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilib.

 

 

Nicat Məmmədov

Nicat Məmmədov 1929-ci ildə Bakının Maştağa qəsəbəsində anadan olmuşdur. 1946-51- ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində heykəltəraşlıq üzrə təhsil almışdır. Nicat Məmmədov 1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun heykəltəraşlıq fakültəsinə qəbul olunmuşdur. Burada məşhur heykəltəraş N.Tomski və V.Şvarsdan dərs almışdır. 1957-ci ildə Moskvada “Ailə” adlı diplom işini müvəffəqiyyətlə müdafiə etmişdir. 1954-cü ildə “Məktəbli qız” portreti ilə sərgilərdə iştirak etmişdir. Onun müsabiqə uğurları 1958-ci ildən başlamışdı. Bakıdakı Xatirə kompleksi üçün keçirilən müsabiqədə iştirak etmiş və qalib olmuşdur. Yaratdığı bu əsərə görə 1966-ci idə Dövlət mükafatına layiq görülüb. Rudakinin Düşənbədə ucaldılacaq abidəsi üçün elan olunan müsabiqədə o, həvəsləndirici mükafatını almışdır. Bir il sonra isə Biruninin Daşkənddə qoyulacaq abidəsi üçün keçirilən müsabiqədə üçüncü mükafata layiq görülmüşdü. Nicat Məmmədovun Aşqabad şəhərində ucaldılacaq “Mehdiqulunun heykəli” üçün elan olunmuş müsabiqəyə (1960) təqdim etdiyi əsəri də yarışmanın həvəsləndirici mükafatını almışdır. Nicat Məmmədovun 1950-60- ci illərə təsadüf edən yaradıcılığında həm xəyali obrazlar, həm də müasirlərin portretlərinə müraciət etmişdir. “Məktəbli qız” (1954), “Katya” (1953), “Qız portreti” (1958), “Tələbə qız” (1959), “Nəriman Nərimanov” (1959), “Qızım Yeganə” (1963) portretlərinin, eləcə də “Ailə” (1957) və “Səadət” (1959) çoxfiqurlu kompozisiyalarında müəllifidir. 1958-ci ildə heykəltəraş Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmişdir. Nicat Məmmədov 1966-ci ildə qızı ilə birlikdə mənzilində qaz sızması nəticəsində vəfat etmişdir.

 

 

Nurhüseyn Mahmudov

Mahmudov Nurhüseyn Ağa oğlu 2 aprel 1936-cı il Bakıda anadan olmuşdur. O, 1959-cu ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini, 1966-cı ildə Daşkənd Dövlət rəssamlıq İnstitutunu bitirmişdir. Nurhüseyn Mahmudov 1970-ci ildən Azərbayan Rəssamlar İttifaqının üzvüdür. Rəssam 1978-1982- ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbinin direktoru,1968-ci ildən Əzim Əzimzadə adına Rəssamlıq məktəbində müəllim kimi fəaliyyət göstərir. Nurhüseyn Mahmudov 1997-ci ildən keçirilən qrup sərgilərin iştirakçısı və mükafatçısıdır. Onun əsərləri Gürcüstan, Finlandiya, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümaiş edilmişdir. Rəssam 1983-cü ildən respublika və beynəlxalq sərgilərin iştirakçısıdır.

 

 

Nüsrət Fətullayev

Fətullayev Nüsrət Möhsün oğlu 25 sentyabr 1913-cü ildə Lənkəran rayonunda anadan olmuşdur. O, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil alıb (1930-1934). Rejissor Yusif Yulduzun 1934-cü ildə quruluş verdiyi Aleksandr Korneyçukun “31-43” (“Eskadranın məhvi”) dramının tamaşası ilə Akademik Milli Dram Teatrında ilk işinə başlamışdır. 1938-ci ilin ikinci yarısından teatra baş rəssam təyin olunmuş və ömrünün sonunadək həmin vəzifəni icra etmişdir. Nüsrət Fətullayev əsasən realist səhnə tərtibatına üstünlük vermişdir. O, Mirzə Fətəli Axundzadənin “Molla İbrahimxəlil kimyagər” komediyasına (1938, Gənc Tamaşaçılar Teatrı), Rauf Hacıyevin “Tələbələrin kələyi” (1940, Musiqili komediya Teatrı), Zülfüqar Hacıbəyovun “Əlli yaşında cavan” (1943), Fikrət Əmirovun “Ürəkçalanlar” (1944), Süleyman Ələsgərovun “Məhəbbət gülü” (1945), Vladimir Dolidzenin “Keto və Kote” (1945), Üzeyir bəy Hacıbəyovun “Arşın mal alan” (1972) operettalarına səhnə tərtibatı vermişdir. Nüsrət Fətullayev Milli Dram Teatrında əllidən çox tamaşanın rəssamı olub. Onların arasında forma əlvanlığına və monumentallıq xüsusiyyətlərinə görə səhnəqrafiyada xüsusi yeri: Cəfər Cabbarlı “Almaz”, (1936), Jan Batist Molyer “Skapenin kələkləri” (1936), Mirzə İbrahimov “Həyat” (1937), Mirzə Fətəli Axundzadə “Hacı Qara” və Səməd Vurğun “Vaqif” (1938), Əbdürrəhim bəy Haqverdiyev “Pəri cadu” (1940 və 1957), Cəfər Cabbarlı “Aydın” və “Oqtay Eloğlu” (1940), Sabit Rəhman “Xoşbəxtlər” (1941), Səməd Vurğun “Fərhad və Şirin” (1941), Məmməd Səid Ordubadi “Dumanlı Təbriz” (1945), Abdulla Şaiq “Nüşabə” (1946), İlyas Əfəndiyev “İşıqlı yollar” (1947), Lope de Veqa “Rəqs müəllimi”, (1949), Nikolay Qoqol “Müfəttiş”(1952), Vilyam Şekspir “Qış nağılı” (1955), Hüseyn Cavid “Səyavuş”, (1963), Avksenti Saqareli “Xanuma” (1975), Mirzə Fətəli Axundzadə “Müsyö Jordan və dərviş Məstəli şah” (1978), Aleksandr Ostrovski “Cehizsiz qız (1979), Leonqard Frank “Yad adam” (1980), Anar “Təhminə və Zaur” (1985) əsərləri tutur. Nüsrət Fətullayev Əməkdar incəsənət xadimi (1940) və Xalq rəssamı ( 1949) fəxri adlarına layiq görülmüşdür. O, “Şərqin səhəri” (Ənvər Məmmədxanlı) tamaşasına görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” dramının tamaşasının tərtibatı üçün isə 1972-ci ildə Azərbaycanın Dövlət mükafatı laureatı olmuşdur. Nüsrət Fətullayev 1 oktyabr 1987-ci ildə Bakıda vəfat etmişdir.

 

 

Oleq İbrahimov

İbrahimov Oleq İbrahim oğlu 18 dekabr 1943-cü ildə Bakida anadan olmuşdur. O,1974-cü ildə V.Muxina adına Leninqrad Dövlət Ali Bədii-Sənayə məktəbini bitirmişdir. Rəssam “BAM-ın tikintisində”, “Abşeron gecə”, “Balıqçılar” və s. əsərlərin müəllifidir. Oleq İbrahimov 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, respublikamızda və xarici olkələrdə keçirilən sərilərin iştrakçısıdır. Onun əsərləri Almaniya, Avstriya, Türkiyə, Çexiyada, Slovakiyada, Bolqarıstada, İranda və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Ömər Eldarov

Eldarov Ömər Həsən oğlu 21 dekabr 1927-ci ildə Dərbənd şəhərində anadan olmuşdur. 1941-1945- ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil almışdır. 1951-ci ildə İ.E.Repin adına Sankt-Peterburq Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda, Matveyevin sinfini bitirmişdir.1946-ci ildən etibarən sənətkar mütəmadi olaraq müxtəlif respublika və beynəlxalq bədii sərgi və müsabiqələrin iştirakçısıdır. 1953 ildən Ömər Eldarov SSRİ Rəssamlar İttifaqının üzvüdür. Yaradıcılığının əvvəllərində, bir sıra maraqlı kompozisiya qrupları ilə çıxış etmişdir. O, hələ İ.E. Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirərkən yaratdığı “Gənc qvardiyaçılar” (diplom işi,1951), “Gələcək naminə” (1955), “Səadət” (1957), “Dəniz neftçiləri”(1963) əsərlərinin məzmununu açıqlayan dramatik, lirik və romantik təsvir vasitələrinə müraciət etmişdir. Ömər Eldarovun yaradıcılığı Azərbaycan monumental heykəltəraşlığının inkişafında mühüm yer tutur. Sənətkarın əsərləri respublikamızın və bir sıra xarici dövlətlərin şəhərlərini bəzəyir. Bu cür əsərlər sırasında Zoya Kosmodemyanskaya (1951-54), Natəvan (1960, Bakı), Hüseyn Cavid (1993, Bakı) və başqa abidələrin adlarını çəkmək olar. 1962-cü ildə Ömər Eldarovun Tokay Məmmədovla birlikdə bitirdiyi və Milli Dram Teatrının binası qarşısında ucaldılmış Füzulinin abidəsi, keçmiş Sovet monumental heykəltəraşlığının xüsusilə də şərq monumental sənətinin böyuk nəalliyyətidir. Müəlliflər məhz xalq təsəvvüründəki Fizuli obrazını realistik cizgilərlə, inandırıcılıqla yaratmağa müvəffəq olmuşlar. Elə bu naliyyətinə görə də həmmüəlliflər SSRİ Rəssamlıq Akademiyasının gümüş medalı ilə mükafatlandırılmışlar. Ömər Eldarov yaradıcılığının sonrakı illərində Səttar Bəhlulzadənin (1974, Bakı) obrazı xüsusi ilə seçilir. “Zamanın dörd fəsli”(1973), “Bacılar”, “Gənc oğlan” kompozisiyaları Ömər Eldarov yaradıcılığının fərdi manerasına məxsus novatorluğu, romantik və lirik plastizmi aydın şəkildə özünü göstərir. Heykəltəraşın, Çaparidze(1980), 72 –ci diviziyanın azərbaycanlı əsgərlərin həsr olunmuş “Azərbaycanın qorxmaz oğul və qızlarının – Sapun-Dağa hücumu iştirakçılar”ının(1974, Sevastopol) memorial xatirə abidələri böyük şöhrət qazanmışdır. 1979-ci ildə Düşənbə şəhərində Sədrəddin Ayninin xatirəsinə ucaldılan abidəyə görə Ö. Eldarov SSRİ Dövlət Mükafatına layiq görülmüşdür. Ömər Eldarovun yaradıcılığında Üzeyir Hacıbəyovun qəbrüstü abidəsi dərin məzmunu ilə seçilir. 2006-cı ildə Avropada Vyana şəhərində bəstəkarın unikal büstü ucaldılmışdır. Heykəltaraş Zərifə Əliyevanın obrazını yüksək ustalıqla yaratmışdır. Heykəltəraş abidəyə “Elegiya” adı (1998) vermişdir. Obrazda romantizm, yüksək mənəvi keyfiyyətləri bir arada cəmlənmişdir. Ümummilli lider Heydər Əliyevin obrazı heykəltəraşın yaradıcılığında önəmli yer tutur. Heydər Əliyev ikinci dəfə Sosiolist Əməyi Qəhrəmanı fəxri adı ilə təltif olunduqdan sonra, 1987-ci ildə Ömər Eldarov Naxçıvan şəhərində onun büstünü ucaltmışdır. Bu portret bir başa canlı naturadan işlənmişdir. Ömər Eldarov H.Əliyevin vəfatından sonra ucaldılmış bir neçə xatirə abidəsinin müəllifidir. Bunlardan fəxri xiyabandakı qəbrüstü abidəsi (2004), Ali Hərbi Məktəbin qarşısında ucadılmış general geymindəki monumentini xüsusilə qeyd etmək lazımdır. Heydər Əliyevin daha bir xatirə abidəsi 2001-ci ildə Qars şəhərində qoyulmuşdur. Ömər Eldarov digər heykəltaraşlıq əsərlərindən İbn Siman (1980, Düşənbə), İhsan Doğramacı(2001, Anqara), Üzeyir Həcibəyov (1955, qəbrüstü), Vagif Mustafazadə (1984, qəbrüstü), Hüseyn Ərəblinski (1979, qəbrüstü), Niyazi(1989, qəbrüstü), Süleyman Rəhimov (1991, Bakı), Fikrət Əmirov (1988,qəbrüstü), Ziya Bünyadov (2000, qəbrüstü), Həsən Əliyev (1988, qəbrüstü), Əzim Əzimzadə (2001, Bakı), Yusif Səmədoğlu (2001, qəbrüstü), Rəşid Behbudovun (1996, qəbrüstü) xatirə abidələrinin adlarını qeyd etmək olar. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir. Bu qəbildən “Qızım Lalənin portreti”, “Oğlum Müslümun portreti”, “Analıq”, yazıçı Rabindranat Taqorun heykəl portretləri müxtəlif vaxtlarda nüfuzlu respublika və beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilmişdir. Onun yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. 1962-ci ildə Əməkdar rəssam adına layiq görülmüşdür. 1967-ci ildə SSRİ Rəssamlar Akademiyasının müxbir üzvü, 1988-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1995-2000- ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olmuşdur. 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının akademikidir. Azərbaycan Respublikasının Xalq Rəssamı (1982), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının ilk rektorudur. “Fəxri nişan” , “İstiqlal” (1997) , “Qırmızı əmək bayrağı”(1986) ordeni və Rusiya Rəssamlıq Akademiyasının medalı(1988) ilə təltif olunmuşdur.

 

 

Oqtay Murtuzayev

Murtuzayev Oqtay Şirağa oğlu 4 mart 1952-ci ildə Bakıda anadan olmuşdur. O, 1972-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq məktəbini rəngkarlıq ixtisasını,1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin “Bədii Xalça” fakültəsini bitirmişdir. Onun diplom işi “Zorxana” süjetli xovlu xalça olmuşdur. Oqtay Murtuzayev 1975-1985- ci illərdə Baki Soveti nəznində “Şəhər Tərtibatı və Reklamı” idarəsində tərtibatçı rəssam kimi fəaliyyət göstərmişdir Oqtay Murtuzayev 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 2000-ci ildən Azərbaycan Dövlət Memarlıq və İnşaat universitetinin “Təsviri incəsənət ” kafedrasında baş müəllim kimi fəaliyyət göstərir. Rəssamın 2003-cü ildə Memarlıq və İnşaat universitetində fərdi sərgisi keçirilmişdir. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslovakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. Oqtay Murtuzayev Azərbaycan Respublikası Kömrüyünün 200 illiyinə həsr edilmiş yubiley sərgisində “Azərbaycan Kömrük yolu” xalça əsəri və “İpək yolu” metal üzrə döymə əsərləri ilə, “Xocalı faciyəsi” adlı sərgidə “Xocalı fəryadı” əsəri ilə iştirak etmişdir. O, “Azərbaycan rəssamları” (1990. Trabzon, Samsun, Ərzirum), “Narkotiklara Yox” plakat sərgisi (2007), “Narkotikalara Yox deyək” (2011) adlı sərgilərin iştirakçısıdır. Onun əsərləri Rusiya Federasiyasının Patriarxı 2-ci Aliksiy, Türk Cumhuriyəti Turizm naziri İlhan Aküzüm, Kiyev Şəhərinin meri D.Ruxadze, İtaliya neft şirkətinin prezidenti Aleksandrellonun şəxsi kolleksiyalarında saxlanılır.

 

 

Oqtay Quliyev

Quliyev Oqtay Məmməd Həsən oğlu 11 aprel 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1968-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1976-cı ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun rəssamlıq fakültəsini bitirmişdir. Oqtay Quliyev 1980-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1979- cü ildən Azərbaycan Dövlət televiziyasında quruluşçu rəssam işləmişdir. Rəssamın əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. O, 1976-cı ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Oqtay Sadıqzadə

Sadıqzadə Oqtay Seyid Hüseyn oğlu 24 fevral 1921-ci ildə Bakının Novxanı kəndində anadan olub. O, tanınmış ədiblər – yazıçı Seyid Hüseynin və şairə Ümmügülsüm xanımın ailəsində dünyaya gəlib. Valideynlərini repressiya illərində itirən Oqtay Sadıqzadə gənc yaşlarından rəssamlığa, ədəbiyyata maraq göstərməyə başlayıb. O, 1939-cu ildə Bakı Rəssamlıq Texnikumunu, 1956-cı ildə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun qrafika ixtisası üzrə təhsilini bitirmişdir. Oqtay Sadıqzadə tematik tablo, kompozisiya və portret janrlarında işləmişdir. Ayrı-ayrı janr və mövzularda yaratdığı boyakarlıq və qrafika əsərləri təsvir formalarının sadəliyi, rəngarəngliyi incəsənət tariximizdə özünəməxsus yer almışdır. O, respublika sərgilərində iştirak etmişdir. O.Balzakın “Qorio ata”, V.Hüqonun “Səfillər”, S.Turgenevin “Atalar və oğullar”, M.Qorkinin “Artamonovların işi” əsərlərinə illüstrasiyalar çəkmişdir. “Çağırışçılar” tablosu rəssamın yaradıcılığında xüsusi yer tutur. Azərbaycanın elm və mədəniyyət xadimlərinə həsr edilmiş “Nizami Gəncəvi və dünya mədəniyyəti” adlı monumental silsilə əsərlərinin Qətran Təbrizinin, “Xurşidbanu Natəvan”ın portretinin, “1937-ci il repressiyasının qurbanları” tablosunun və “Hüseyn Cavidin aləmi” triptixi kimi əsərlərin müəllifidir. Oqtay Sadıqzadə “Əməkdar incəsənət xadimi”, “Xalq rəssamı”, “Şöhrət” , “Şərəf” ordeni və təsviri sənətin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatı ilə təltif edilmişdir . Rəssamın qrafika və rəngkarlıq əsərləri hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində, eləcə də Tretyakov Qalereyası kimi mötəbər mədəniyyət mərkəzlərində nümayiş edilmişdir. Amerika Birləşmiş Ştatları, Almaniya, Kanada, İsrail, Belarus, Pakistanda və digər ölkələrdə əsərlərdən nümunələr şəxsi kolleksiyalarda saxlanılır. Oqtay Sadıqzadə 20 dekabr 2014- cü ildə Bakıda vəfat etmişdir.

 

 

Oqtay Şıxəliyev

Oqtay Şıxəliyev 3 sentyabr 1931-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1947- ci il Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olmuşdur. 1952-ci ildə Rəssamlıq Məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbinə daxil olmuşdur. Leninqrad şəhərində təhsil alarkən 1955-ci ildən kiçik yaradıcılıq işləri ilə sərgilərdə iştirak etmişdir. 1958-ci ildə Ali Rəssamlıq Məktəbini bitirmişdir. Oqtay Şıxəliyev Sankt-Peterburq şəhərində təhsilini bitirdikdən sonra aparıcı rəssam-monumentalistlər qrupuna daxil olmuşdur. Meksikada, Almaniyada, Kanadada, Rusiyada olarkən, hər bir ölkənin həyatı ilə tanışlığı, onu yeni kompozisiyalar və sənət əsərləri yaratmağa həvəsləndirmişdir. XX əsrin 60-cı illərdən etibarən bir çox ictimai binaların – idman sarayı, məktəb, zavod, metrostansiya, park və s və binaların eksteryeri və interyerinin bədii tərtibatını vermişdir. Rəssam öz əsərlərini freska rəngkarlığı ilə yanaşı mozaika və kaşı sənətinin bütün imkanlarından, plastik materiallarından istifadə etməklə yaratmışdır. O.Şıxəliyev H.Rəcəbovla birlikdə ictimai binaların müxtəlif interyer və eksteryerində mürəkkəb, orijinal kompozisiyalar işləmişdir. Rəssam Bakıdakı «Novbahar» (1964), «Ana və uşaq» (1965) kafesi, Bakı sirkininin foye divarlarının (1968), Bakıdakı 18 saylı məktəbin yeni binasının fasadında «Ulduzlara doğru» (1968) mozaik pannoların, monumental divar rəsmlərinin müəllifidir. Rəssam 70-ci illərdə yaratdığı əsərlərində şəbəkə, divar rəsmləri, mis üzərində döymə, orta əsr miniatürləri, xalça sənəti və ornamentləri, memarlıq detallarından yararlanmışdır.O.Şıxəliyev H.Rəcəbovla birlikdə hazırladığı “Respublika Ovçular Evi”nin 1971-ci ildə tikilmiş binasının iclas zalının tərtibatını Azərbaycanın canlı təbiətinə həsr etmişdir. Oqtay Şıxəliyev Lokomotiv depo stansiyası Biləcəri (1969), Bakı Dəniz Vağzalının (1970), Bakı kondisioner zavodunun (1975), “Turist” mehmanxanasının (1973), Bakı ayaqqabı fabrikinin (1980), “Memar Əcəmi” metro stansiyasının monumental divar rəsm və mozaika pannolarını işləmişdir. Oqtay Şıxəliyevin dəzgah rəngkarlığının müxtəlif janrlarında yaratdığı əsərlər sırasına: “Çənlər” (1969), “Kürün ram edilməsi” (1970), “Ancaq sülh” (1970), “Sallaqxana” (1970), “Mənim buketim” (1971), “Kapella” (1980), “Muğam” (1982) və s. tablolarını qeyd etmək olar. Rəssamın portret və mənzərə janrında işlədiyi “Mənim qaracam” (1970), “Tarzən Bəhram Mansurov” (1972), “Rəssam Rasim Babayev” (1975), “SSRİ Xalq Artisti Mirzəağa Əliyev” (1974), “Nigar” (1975), “Rəssamın ailəsi” (1976), “Qobustan daşları” (1966), “Sumqayıt boruları” (1970), “Meksika həyəti” (1982), “Aydın səma” (1974) və s. əsərlərindəndir. Oqtay Şıxəliyev 1980-ci ildə Meksika təəssüratları əsasında çoxsaylı, kiçik həcmli, rəngkarlıq, qrafik əsərlər işləmişdir. Məsələn, rəssam: “Dağların ətəyində”, “Gün batanda”, “Piramida”, “Köhnə qəsr”, “Toreador”, “Mexiko”, “Tasko”, “Kilsə”, “Açal-pala abidələri”, “Quadalxara”, “Akapulko”, “Balıqçı” və digər tabloları yaratmışdır. Oqtay Şıxəliyevin əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Novosibirsk Milli İncəsənət Muzeyi, Moskva və Sankt-Peterburqun Şərq İncəsənət muzeylərində nümayiş etdirilir, “Qaraca qız” (1970) rəsmi isə Əlcəzair muzeyində saxlanılır. Bəzi tabloları Azərbaycan, Fransa, Almaniya şəxsi kolleksiyalarında qorunur. O.Şıxəliyev 1960-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. 1964-cu ildən M. Əliyev adına İncəsənət İnistutunda pedaqoji fəaliyyətə başlamış, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim və professor kimi çalışmışdır. O,1982-ci ildə SSRİ Əməkdar rəssamı və 1992-ci ildə Azərbaycan Xalq rəssamı adlarına layiq görülmüşdür. Oqtay Şıxəliyev 31 yanvar 2012-ci ildə vəfat etmişdir.

 

 

Oqtay Vəliyev

Vəliyev Oqtay Ələsgər oğlu 5 avqust 1953-cü ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1977-ci ildə Gəncə Rəssamlıq məktəbini bitirmişdir. Rəssam 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Oqtay Vəliyevin əsərləri Moskva, Gürcüstan, Türkiyə, Özbəkistan və Azərbaycanda nümayiş edilib. O, respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Pinxos Sabsay

Pinxos (Pyotr) Vladimir oğlu Sabsay 19 iyun (1 iyul) 1893-cü ildə Odessada anadan olmuş, P.Sabsay 1915-ci ildə Odessa Rəssamlıq Məktəbini, 1925-ci ildə isə Ümumrusiya Bədae Akademiyasının heykəltəraşlıq şöbəsini bitirdikdən sonra, 1926-ci ildə Bakıya gəlmiş və sərbəst yaradıcılığa başlamışdır. Heykəltəraş ömrünün 55 ilini Azərbaycanda yaşayıb-yaratmışdır. Yerli memarlarla birlikdə P.Sabsay şəhərin heykəl və fontanlarla bəzənməsində fəal iştirak etmişdir. 1927-ci ildə P.Sabsay indiki Suraxanı rayonundakı stadion üçün “İdmançı” heykəlini hazırlayıb. Stadionun qapısı üzərində yüksələn bu heykəl, əmək və müdafiəyə hazır olan gənc Bakı fəhləsini təsvir etmişdir. 1928-ci ildə S.Şaumyanın, S.Çaparidzenin, M.Əzizbəyovun, İ.Fioletovun Bakıda, 26 komissarları meydanında qoyulmuş büst-abidələrini, Sabsay yenidən 1943-cü ildə işləmiş və həmin meydanda ucaltmışdır. 1930-cu illərdə yaratdığı əsərlər içərsində P.Sabsay portret janrına daha çox üstünlük verməsini görürük. Bu dövrün Mirzə Ələkbər Sabir (1933-cü il. Şamaxı şəhəri), P.L.Şimidt, M.F.Axundovun (1934) abidə-büstləri xüsusilə seçilir. İkinci dünya müharibəsindən əvvəlki illərdə Sabsay neft sənaye fəhlələrinin həyatına aid bir sıra barelyef və heykəl qrupları yaratmışdır. P.Sabsayın müharibədən əvvəlki dövr yaradıcılığında vaxtilə Dağüstü Parkda qoyulmuş S.M.Kirovun abidəsi əhəmiyyətli yer tutmuşdur. 1940-1941- ci illərdə P.Sabsay Bakıda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin təşkili ilə əlaqədar olaraq bir neçə heykəl üzərində işləmişdir. Muzeyin fasadında yerləşən M.F.Axundovun heykəlini hazırlamışdır. Samur-Dəvəçi kanalının birinci növbəsinin tikinti işləri başa çatdırılan zaman, P.Sabsay da kanalın dekorativ tərtibatında iştirak etmiş, “Əmək”, “Bolluq” və “İstirahət” mövzusunda barelyeflər yaratmışdır. Müharibə zamanı heykəltəraş sovet ittifaqı qəhramanlarının, arxa cəbhədə iştirak edən sovet adamlarının surətləri üzərində işləmişdir. Sovet İttifaqı Qəhramanları X.Mustafayev, M.Quliyevin, P.Klimovun və başqalarının portretləri bu illərin məhsuludur. 1943-cü ildə P.Sabsay “Yenilməzlər” adlı məşhur heykəl qrupu ilə respublika sərgisində iştirak etmişdir. P.Sabsay Bakı neftçilərinin qabaqcıl nümayəndələrinin obrazlarını canlandırmaqla yanaşı, Ağa Nemətulla, Gülbala Əliyev, Baba Pir Məmməd, Mixail Kaveroçki, Ağa Qurban Əliyevin və başqalarının heykələrini işləmişdir. Həmçinin dövrünün qabaqcıl kolxozçularından Q.Səmədovun, mühəndis S.Vəlixanovanın, elm və mədəniyyət xadimlərimizdən professor İ.Yesmanın, S.Ruhullanın, yazıçı S.Rəhimovun, S.Rüstəmin büstləri də onun yaradıcılığına aiddir. P.Sabsay heykəltaraşlıq materialı kimi mərmərə üstünlük versədə alüminium və ağac ilə də işləmişdir. 1960-cı ildən başlayaraq P.Sabsayın portret janrında işlənmiş əsərlərində psixoloji xarakter biruzə verirdi. “Neftçi Kaveroçkin”, “Rəssam S.Bəhlulzadə”, “Neftçi Babayev”, “Yazıçı Süleyman Rəhimov”, “S.Vurğun” (ev-muzeyi üçün), “A.S.Puşkinin portreti” (“Elegiya”) monumental portretləri, onun ən kamil əsərlərindəndir. 1965-ci ildə keçirilmiş payız sərgisində P.Sabsay R.Behbutovun, S.Rəhmanın, Q.Yaronun portretlərini nümayiş etdirmişdir. Həmçinin onun bu ildə 70 illiyi ilə əlaqədar olaraq böyük fərdi yaradıcılıq sərgisi təşkil edilmişdir. P.Sabsaya Azərbaycan SSR-in Əməkdar İncəsənət xadimi (1959), SSRİ-nin Xalq rəssamı (1973) fəxri adları verilmişdir. Həmçinin, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1947), 1-ci dərəcəli “Stalin mükafatı” laureatı olmuşdur. 1980-ci il iyunun 25-də dünyasını dəyişmiş Pinxos Sabsay, Fəxri xiyabanda dəfn olunmuşdur.

 

 

Pyotr Şandin

Pyotr Şandin 1919-cu ildə anadan olmuşdur. O, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəsamlıq məktəbini bitirmişdir. Rəssam 1952 ci ildən “Kirpi” jurnalı ilə əməkdaşlıq edir, eyni zamanda Respublikada çap olunan dövri mətbuatda öz əsərləri ilə günün vacib məsələlərinə toxunur, nöqsanlarımızı tənqid edir. Pyotr Şandin aktual mövzuda satirik plakatlar da yaratmışdır.

 

 

Qamət Vəlicanov

Vəlicanov Qamət Səməd oğlu 1954-cü ildə Şəki rayonunda anadan olmuşdur. O, 1976-cı ildə APİ-nin coğrafiya fakültəsini , 1992-ci ildə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. Rəssam 1995-ci ildən Jurnalistika sahəsində fəaliyyətə başlamışdır. Respublikada keçirilən sərgilərin iştirakçısıdır. O, “Dəryaz” satira yumor qəzetinin bədii redaktorudur. Qamət Vəlicanov “Hesabat” jurnalında karikaturaçı-rəssam işləyir. Qamət Vəlicanov 2005-ci ildə “Dəryaz” qəzetinin təskil etdiyi üçün respublika müsabiqəsində birinci yerə layiq görülmüşdür.

 

 

Qeysər Kaşıyeva

Qeysər Seyfulla qızı Kaşıyeva 7 iyun 1893-cü ildə Tiflisdə anadan olmuşdur. Yeddi yaşında Tiflisdəki qız pansionunda oxumuş, sonra isə Qızlar Gimnaziyasında təhsil almışdır. Gimnaziyada oxuduğu illərdən rəssamlığa həvəsi yaranmış, eyni zamanda bədii qurama və bədii toxuma işlərinə də maraq göstərmişdir. Qeysər Kaşıyeva professional rəssamlıq təhsili alan ilk azərbaycanlı qadındır. O, sovet hakimiyyəti illərində Əli Bayramov adına qadınlar klubunda çalışmış, “Şərq qadını” jurnalına illüstrasiyalar çəkmişdir. Rəsm albomları Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır. Qeysər Kaşıyeva təsviri sənətin rəngkarlıq və qrafika sahəsində fəaliyyət göstərmişdir. O, Tiflis şəhərində doğulsa da, müsəlman qızlarının təhsil almasının yasaq edildiyi bir dövrdə o, peşəkar rəssamlıq təhsili almışdır. Qeysər Kaşıyeva 1907-1908- ci illərdə burada rəssamlığın sirlərini öyrənmişdir. Rəssam yaradıcılığının ilk dövründə Tiflisdə qadın xeyriyyə cəmiyyətlərinin keçirdiyi mədəni tədbirlər üçün afişa və məramnamələr tərtib edirdi. Onun portret janrına həvəsi daha böyük idi. Təhsil aldığı illərdə portret janrında da çəkdiyi əsərlər Tiflisdə təşkil edilmiş rəssamlıq sərgilərində uğur qazanmışdı. Qeysər Kaşıyeva 1907-1915 illərdə akvarel, qara tuş, karandaş və kömürlə çoxlu rəsm, portret və mənzərə çəkmişdir (“I.Qonçarovun portreti”, 1909, “Azərbaycan ziyalısı”, 1912, “Göl sahili”, 1914, “Küpəgirən qarı”, 1915). O dövrün tanınmış rəssamları sayılan R.Zommer və O.Şmerlinqdən dərs alan Qeysər xanımın yaradıcılığı müxtəlif janrlı rəsmlərlə zəngindir. Onun kömür, tuş, sulu və yağlı boya ilə çəkdiyi əsərlərin arasında “Ziyalı qadın”, “Qoca keşikçi”, “Gürcü qızı”, “Ovçu”, “Yanğınsöndürən”, “Qoqolun portreti”, “Azərbaycan ziyalısı”, “Küpəgirən qarı”, “I.Qonçarovun portreti”, “Azərbaycan ziyalısı”, “Göl sahili” və s. realizm ənənələrinə tapınan əsərləri özünəməxsus sənətkarlığı ilə seçilir. Rəssam (1923-1938- ci illərdə Bakıda çap olunan “Şərq qadını” jurnalına) illüstrasiyalar da çəkmişdir. Qeysər Kaşıyevanın adı çoxuna bəlli olmasa da, onun rəsm əsərləri təsviri incəsənətimizi qiymətli nümunələrindəndir. Qeysər xanım Azərbaycanın, eləcə də Şərq dünyasının ilk peşəkar qadın rəssamıdır. Onun azsaylı əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Qeysər Kaşıyeva 1972-ci ildə Bakıda vəfat etmişdir.

 

 

Qədirulla Bağırov

Bağırov Qədirulla Əbilhəsən oğlu 15 avqust 1949-cu ildə Naxçıvanın Şahbuz rayonunda anadan olmuşdur. O, 1972-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin tərtibatçı rəssam ixtisasını bitirmişdir. Qədirulla Bağırov 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın yaradıcılığında dekorativ tətbiqi sənət əsərləri ilə yanaşı, rəngkarlıq və qrafika əsərləri də yer tutur. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmiş, 1980-ci ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Qəyyur Yunus

Qəyyur Yunus 1948-ci ildə Bakıda anadan olmuşdur. 1971-ci il də Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmiş, daha sonra Tbilisi Rəssamlıq Akademiyasında təhsilini davam etdirmişdir. Rəssamın yaradıcılığında müxtəlif səpkili mövzular, lirik lövhələr, mənzərə və təbiət hadisələri yer alsa da o, daha çox portret janrında işləmişdir. Qəyyur Yunusun portretlərində ümumiləşdirlimiş şərq qadının obrazı diqqət çəkir. Rəssamın “Azərbaycan gözəlləri” , “Xəzər gözəli” , “Heyran xanım” , “Çəhrayi evin sakinləri” kimi tablolalarında şərq qadınının cızgiləri ustalıqla verilmişdir. “Həqiqət yolu”, “Zikr” , “Qədr gecəsi”, “Çərşənbə axşamı” və başqa əsərləri obrazların ruhani və ilahi dünyagörüşünün ifadəsidir. Şәrq fәlsәfәsi onun bütün yaradıcılığının ana xәttini tәşkil edir. Fırça ustasının yaradıcılığında Avropa ilә Şәrqi birlәşdirәn üslub, cәlbedicilik özünü göstәrir. Miniatür janrının zәiflәdiyi bir zamanda Qacar mәktәbinin әnәnәlәrini Qәyyur Yunus yeni bir dönәmdә, fәrqli, özünәmәxsus şәkildә bәrpa etmişdir . Qәyyurun portretlәrində ön planda Şәrq dayanır. “Tac Mahal”, “Sәttar”, “Ağabәyim ağa”, “Cahan şah”, “Heyran xanım” kimi әsәrlәrindә şәrq koloriti, millilik daha çox güçlüdür. Rəssamın 20 Yanvar faciəsinə həsr olunmuş “Bakı” tablosunu, “Şuşa qalası haqqında əfsanə”, “Qarabağın ümid yeri” və “Qarabağ göyərçinləri” lövhələri əski və yeni psixoloji yaşantıla təsvir edilmişdir. Qəyyur Yunus 2015-ci ildə Xalq rəssamı adına layiq görülmüşdür. Rəssamın Amerikada, Fransada, İngiltərədə, Almaniyada, Rusiyada, Türkiyədə, Suriyada, İranda və daha neçə-neçə ölkədə təşkil olunan sərgilərə qatılmışdır. Londonda və Alma-Atada açılan fərdi sərgiləri uğurla nümayiş etdirilmişdir.

 

 

Rafael Qədimov

Qədimov Rafael Sabir oğlu 29 sentyabr 1969-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1988-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirmişdir. Rafael Qədimov M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla teatrında baş rəssamıdır. Rafael Qədimov 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1989-cu ildən keçirilən qrup sərgilərin iştirakçısı və mükafatçısıdır. Rəssamın əsərləri Gürcüstan, Finlandiya, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Rafael Abbasov

Abbasov Rafael Abbas oğlu 28 noyabr 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1960-1965- ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq məktəbində, 1968-1974- ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət Universitetində təhsil almışdır. Rafael Abbasovun yaradıcılığın əsasını portret, natürmort və mənzərə janrı təşkil edir. Rəssamın “Qızıl payız”, “Qala”, “Neft qaramaçılar”, “M.Abbasovun portreti”, “Yaşıl göl”, “Qala kənd.Gecə”, “Bilgəh”, “Bahar təranəsi” adlı əsərlərini qeyd etmək olar. O,1967-ci ildən Respublika və Beynəlxalq sərgilərin iştirakçısı olmuşdur. Rafael Abbasov 1979-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. Rəssam, 2006-ci ildə Əməkdar rəssamı adına layıq görülmüşdür. Onun əsərləri Azərbaycan, Almaniya, ABŞ, Meksika, Kanada, Koreya, Türkiyə, Özbəkistan, Latviya, Belarusiya, Rusiya qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır.

 

 

Rafail Əlizadə

Əlizadə Rafail Həsən oğlu 3 sentyabr 1946-cı ildə Bakıda anadan olmuşdur. O, 1967-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini, 1977-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutun memarlıq fakültəsini bitirmişdir. Rafail Əlizadə 1986-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1969- cu ildən Azərbaycan Dövlət Teleradio Şirkətində quruluşçu rəssam kimi fəaliyyət göstərir. Rafail Əlizadə 1984-cü ildən respublika və beynəxalq sərgilərin iştirakçısıdır. Onun əsərləri Moskva, Gürcüstan, Türkiyə, Çexoslavakiya və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Rafayel Muradov

Rafayel Həsən oğlu Muradov 25 yanvar 1943-cü ildə Bakıda anadan olmuşdur. O, Əzim Əzimzadə adına Bakı Dövlət Rəssamlıq məktəbini bitirmişdir. Rəssam 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının, 1996-cı ildən isə Azərbaycan Dizaynerlər ittifaqının üzvüdür. O, 1966-cı ildən müxtəlif sərgi və müsabiqələrin fəal iştirakçısıdır. Rafayel Muradov Zaqafqaziya ölkələri rəssamlarının sərgisi (1970), Xəzəryanı ölkə rəssamlarının Byennalının (1988), 1989-cu ildən etibarən Azərbaycan – Almaniya rəssamlarının birgə sərgilərinin iştirakçısıdır. O, 2002-ci ildə Azərbaycan Təsviri sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycanın Əməkdar Rəssamı fəxri adına layiq görülmüşdür.

 

 

Rafiq Abbasov

Abbasov Rafiq Əlibaba oğlu 25 avqust 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1959-cu ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Rafiq Abbasov 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun əsərləri Moskvada, Tiflisdə, Türkiyədə və Bakıda nümayiş olunmuşdur. Rəssam respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Rafiq Mehdiyev

Mehdiyev Rafiq Mahmud oğlu 1933-cü il iyunun 10-da Naxçıvan MR Şahbuz rayonunda anadan olmuşdur. İlk təhsilini Əzim Əzimzadə adına rəssamlıq texnikumunda (1948-1953), Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitunun qrafika fakültəsində (1953-1958) ali təhsil almışdır. E.A.Kibrik, N.A.Ponomaryov, B.A.Dexteryov kimi sənətkarların emalatxanalarında rəssamlığın sirrlərini öyrənmişdir. Rafiq Mehdiyevin yaradıcılığının formalaşıb inkişaf etməsində rus rəssamlıq məktəbinin təsiri böyük olmuşdur. Rəssam tələbəlik illərində respublika təsviri sənət sərgilərində iştirak etmişdir. Belə sərgilərdən nümunə kimi 1959-cu ildə Moskvada keçirilən “Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi” və “Ümumittifaq təsviri incəsənət sərgisi” göstərmək olar. Rəssam kitab qrafikası sahəsində ardıcıl fəaliyyət göstərmişdir. Cəlil Məmmədquluzadənin müxtəlif illərdə nəşr olunan “Poçt qutusu”, “Saqqalı uşaq”, “Danabaş kəndinin əhvalatı”, “Qurbanəlibəy” əsərlərinə illüstrasiyalar çəkmişdir. Onun Həsən Seyidbəyli və İmran Qasımovun “Uzaq sahillərdə” povestinə çəkdiyi illüstrasiyalardan Mehdi Hüseynzadə obrazı 1968-ci ildə Kubada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə nümayiş olunmuşdur. Rafiq Mehdiyev M.İbrahimovun “Gələcək gün” (1959), H.Süleynanovun “Qaraçı qızı”, M.F.Dostayevskinin “Bəyaz gecələr” kitablarına üz qabığı və illüstrasiyaları çəkmişdir. Rəssamın yaradıcılığında əsas və mühüm yeri dəzgah qrafika əsərləri tutur. R.Mehdiyevin “Axşam” və “Səhər” (1970-ci illər) adlı ofortlarında lirik kənd mənzərəsi əks olunur. Onun linoqravüra texnikasında yaratdığı əsərləri maraq doğurur. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə rus yazıçısı N.Poqodinin “Silahlı adam”, eləcə də M.İbrahimov “Gələcək gün” romanına çəkdiyi linoqravüralar nümayiş etdirilmişdir. Rafiq Mehdiyevin linoqravüraları arasında inqilabi hərəkata (1920-ci illər) həsr olunmuş “Bakı-inqilab şəhəridir” silsiləsi əsərləri xüsusi əhəmiyyətə malikdir. Silsiləyə daxil olan rəngli linoqravürləri içərisində “Şəhərdə”, “Kəndlilərin üsyanı”, “Kasıb ailə”, “Etiraz” əsərləri böyük təsir gücünə malikdir. Rəssamın “Nahar fasiləsində” adlı linoqravüru 1965-ci ildə Misir Ərəb Respublikasında təşkil olunmuş “Sovet Azərbaycanı” rəssamlıq sərgisində nümayiş olunmuşdur. O, İ.Qasımovun və H.Seyidbəylinin “Uzaq sahillərdə” əsərinə “Almanlar” (1965), “Güllələnmə” (1965), “Xalq” linoqravürlərini işləmişdir. Rafiq Mehdiyevin yaradıcılığında silsilə qrafik əsərləri diqqət çəkəndir. Onun “Bizim kəndin qadınları” (1965), “Bakı inqilab seriyası”, “Bizim diyar”, “Mənim Azərbaycanım seriyası”, “Bizim kənd”, adlı silsilələri buna misaldır. Rafiq Mehdiyevin monotipya texnikasında bir sıra əsərlər yaratmışdır. Onların içərisində “Kənd”, “Uşaqlar”, “Qadın uşaqla birlikdə”, “Bazarda”, “Bir cərgə”, “Son gün”, “Gülələnmə”, “Bir cərgə”, “Yağışdan sonra” tablolarının adlarını qeyd etmək olar. O, yaradıcılığında uşaq kitablarının tərtibatına xüsusi yer ayırmışdır. Belə ki, R.Mehdiyevin rəssamlığı ilə Moskva və Bakı nəşriyyatlarında çap olunmuş “Düyməcik”, “Utancaq oğlan”, “Qarışqa”, “Sürayyə”, “Yellənəcək” kitabları kiçik oxucularına təqdim olunmuşdur. Rafiq Mehdiyev uzun müddət yazıçı Tofiq Mahmudun rəhbərlik etdiyi “Göyərçin” uşaq jurnalında rəssam kimi çalışmışdır. Rəssam, dəzgah qrafikası ilə yanaşı gözəl rəngkarlıq nümunələri yaratmışdır. O, 1965-ci ildə Moskvada təşkil olunmuş “Sülhün keşiyində” Ümumittifaq bədii sərgisində nümayiş etdirilən “Həyat” tablosu, elə həmin il Bakıda təşkil olunmuş “Sülhün keşiyində” respublika bədii sərgisində də iştirak etmişdir. Rafiq Mehdiyevin “Əməyə eşq olsun” respublika bədii sərgisində “Üzüm yığanlar”, “Təzə xəbər”, “İstirahət”, “Natürmort” tabloları nümayiş olunmuşdur. Rəssamın əmək fəaliyyətinə nəzər salsaq Əzim Əzimzadə adına rəssamlıq texnikomunda müəllim (1962), sonra M.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dekan, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim vəzifəsində çalışmışdır. Rafiq Mehdiyev 1980-cı ildə Əməkdar rəssam, 1988-ci ildə dosent, 1992-ci ildə isə professor və Xalq rəssamı adına layiq görülmüşdür. Rafiq Mehdiyev 2009-cu ildə Bakıda vəfat etmişdir.

 

 

Rafis İsmayılov

Rafis Rza oğlu İsmayılov 1939-ci ildə Bakıda anadan olumuşdur. 1962-cı ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirmişdir. Həmin ildən “Azərbaycanfilm” kinostudiyasında işləmiş, 30-dan artıq bədii filmə rəssamlıq üzrə quruluş vermişdir. O, “Qatır Məmməd”, “Sevinc buxtası”, “Üzeyir ömrü”, “Qara gölün cəngavərləri”, “Qəribə adam”, “Oxuyur Müslüm Maqomayev”, “1001-ci qostrol”, “Yapon və yaponiyalı”, “Pirverdinin xoruzu”, “Dantenin yubileyi”, “Anın quruluşu”, “Özgə ömür”, “Təhminə” kimi filmlər üzərində çalışmışdır. 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1976-ci ildən Azərbaycan kinematoqrafiyaçılar İttifaqının üzvü olmuşdur. 1970-2007- ci ildə Rafis İsmayılov “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunmuş 25 bədii filmdə quruluşçu rəssam kimi fəaliyyət göstərmişdir. 2003-2005- ci ildə Azərbaycan Akademik Milli Dram Teatrı və Azərbaycan Dövlət Opera və Balet Teatrında bir sıra tamaşalara bədii tərtibat vermişdir. “Danışan işıqlar”, “Xeyir və Şər”, “Göyçək Fatma”, “Lağım” cizgi filmlərinin quruluşçu-rəssamı, “Oda” filminin rejissoru, ssenaristi və rəssamı olan Rafis İsmayılov “Xətai”, “Metexan”, “Romeo və Cülyetta”, “Spartak”, “Oliver Tvist”, “Qaçaqlar”, “Kventin Dorvard” və başqa kitablara illustrasiyalar yaratmışdır. Atalar sözləri, Dədə Qorqud motivləri və xalq mahnıları mövzusunda çox sayda rəsm əsərlərinin müəllifidir. 2008-ci ildə rəssamın “Şərqdən-Şərqə” adlı sərgisi keçirilmişdir. 1978-ci ildə Azərbaycan Dövlət mükafatı, 2006-cı ildə “Soltan Məhəmməd” adına mükafatı, 2015-ci ildə “Sübhün səfiri” filminə görə “Ən yaxşı rəssam işi”nominasiyasında “Qızıl Pəri” mükafatına layıq görülmüşdür. 2000-ci ildə Azərbaycanın Xalq rəssamı fəxri adı verilmişdir. Rafis İsmayılovun əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılır. Rəssamın ayrı – ayrı əsərləri yerli və xarici şəxsi kolleksiyalarda saxlanılır.

 

 

Rahib Qədimov

Rahib Qədimov 1920-ci ildə anadan olmuşdur. O, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. Rahib Qədimov Respublika mətbuatında, o cümlədən “Kommunist” qəzetində əməkdaşlıq etmişdir. O, ”Kommunist” qəzetinin səhifələrində onun beynəlxalq siyasət mövzülarında çəkdiyi karikaturalar çap olunmuşdur. Onun əsərlərinin məzmunu müharibəni qızışdıranlar, insan hüquqlarını tapdalayanlar və qəsbkar dövlətlərdir.

 

 

Rahim Ağaliyev

Ağaliyev Rəhim Nuri oğlu 5 fevral 1948-ci ildə Nefçala şəhərində anadan olmuşdur. O,1967-ci ildə Ə.Əzimzadə adına Bakı Dövlət Rəssamlıq məktəbini bitirmişdir Rəhim Ağaliyev 1985-cı ildən qrafika rəssamı kimi fəaliyyət göstərir. O,1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəhim Ağaliyev dəzgah qrafikası və kitab tərtibatı ilə məşğul olur. Rəssamın əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş etdirilib. O, respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Rahim Hüseynli

Hüseynli Rahim Məmməd oğlu 23 oktyabr 1970-ci il Əlibayramlı şəhərində anadan olmuşdur. Onun rəsmləri 1996-cı ildən respublika mətbuatında çap olunur. Azərbaycanda və xaricdə keçirilən sərgilərdə iştirakçısıdır. Rəssam 2005-cı ildə “Molla Nəsrəddin-100” beynəlxalq sərgidə” Qran-pri” mükafatı almışdır. Rahim Hüseynli “Azərbaycan Karikaturası” Cəmiyyətinin üzvüdür.

 

 

Ramil Əhmədov

Əhmədov Ramil Ramiz oğlu 2 fevral 1961-ci ildə Naxçıvan MR Şərur şəhərində anadan olmuşdur. Ramil Əhmədov 1-ci qrup fiziki məhdudliyətli rəssamdır. O, 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam 2001-ci ildə Naxçıvan MR Gənclər və İdman Nazirliyi tərəfindən “Ən yaxşı gənc rəssam” adına layiq görülmüşdür. Rəssam 2000-cı ildən sərgilərdə iştirak edir. Onun əsərləri Naxçıvanda, Türkiyədə, İranda, Almaniyada, Fransada nümayiş etdirilmişdir. Ramil Əhmədov respublika və beynəlxalq sərgilərdə fəal iştirak edir.

 

 

Ramiz Quliyev

Quliyev Ramiz Hüseynəli oğlu 24 iyun 1945-ci ilə Bakı şəhərində anadan olmuşdur. O, 1968-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun rəssamlıq fakültəsini dekorativ-tətbiqi sənət bölməsini bitirmişdir. Rəssam 1974-cü ildə Moskva və Berlin şəhərlərindəki keçirilən “Dizayn və Proyektləşdirilmə” sərgisinin iştirakçısı olmuşdur. O, 1989-cu ildə Respublika sərgisində tətbiqi sənət əsəri ilə iştirak etmişdir. Ramiz Quliyev 1968-ci ildən Moskvada İntelektual “Dizayn” studiyasının üzvü olmuşdur. Ramiz Quliyev 1980-ci ildən Rəssamlar İttifaqının üzvü olmuşdur. Yaradıcılığında dekorativ tətbiqi sənət əsərləri ilə birgə rənqkarlıq və qrafika əsərlər də yer tutur. Rəssam Beynəlxalq Simpozium və qrup sərgilərin iştirakçısıdır. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş etdirilmişdir. Ramiz Quliyev 1968-ci ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Rasim Babayev

Rasim Babayev 1927-ci ildə Bakıda anadan olmuşdur. İlk ixtisas təhsilini Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Texnikumunda, ali təhsilini isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda almışdır. Təsviri sənətimizin rəngkarlıq və qrafika sahəsində yüksək bədii təsir gücünə malik, bir-birindən maraqlı əsərlərin müəllifidir. Rəssamın yaradıcılığında xüsusi yer tutan “Qobustan”, “Səma”, “Xəyalpərəst div”, “Söhbət”, “Püstə ağacı”, “Sahil”, “Torpaq”, “Səma” əsərləri muzey ekspozisiyalarında nümayiş etdirilmişdir. Rasim Babayevin dəzgah qrafikasında yaratdığı linoqravür silsilələrinə və dəzgah rəsmləri nümunələrinə misal olaraq “Neft çənləri”, “Neftin doldurulması”, “Qız”, “Qara şəhər”, “Daşkəsən yollarında”, “Fəhlənin portreti”, “Almaniyada”, “Xınalıq”, “Dəvələr”, “Hamamlar”, “Qaçaq Nəbi”, “Köhnə Bakı”, “Narlar”, “Kənd”, “Qədim qəbiristanlıq”, “Rəssam Ə.Rzaquliyev” və başqa əsərlərini göstərmək olar. Rasim Babayev həmçinin kitab qrafikası sahəsində də uğurlu fəaliyyət göstərmişdir. N.Hikmətin “Kəllə”, T.Drayzerin “Dahi”, R.Taqorun “Fəlakət”, Y.V.Çəmənzəminlinin “Hekayələr”inə, “Cırtdan” xalq nağılına və başqa ədəbi nümunələrə çəkdiyi illüstrasiyalar diqqəti cəlb edir. 1959-cu ildə Rəssamlar İttifaqına üzv qəbul edilib. R.Babayev 1964-cü ildə “Əməkdar rəssam”, 1989-cu ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. Dəfələrlə xaricdə yaradıcılıq ezamiyyətlərində olmuşdur. Rasim Babayevin bəzi əsərləri Moskvada Tretyakov qalereyasında və Şərq Xalqları İncəsənəti Muzeyində və şəxsi kolleksiyalarında saxlanılmış, fərdi sərgiləri təşkil edilmişdir. Rasim Babayev 24 aprel 2007-ci ilde Baki şəhərində vəfat etmişdir.

 

 

Rasim Nəzirov

Nəzirov Rasim Məmməd oğlu 19 oktyabr 1949-cu ildə İmişli şəhərində anadan olmuşdur.O, 1969-cu ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1979-cu ildə Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasını bitirmişdir Rasim Nəzirov 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1981-1982- ci illərdə “Yazıçı” və Azərbaycan Dövlət Nəşriyyat Komitəsində bədii redaktoru, 1984-cü ildə Uşaq Təsviri İncəsənət mərkizinin şöbə müdiri, 1986-1999- cu illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim kimi fəaliyyət göstərmişdir. Rəssam 1985-ci ildə Azərbaycan Rəssamlar İttifaqının idarə heyətində, miniatür və kitab bölməsinin büro üzvü seçilmişdir. Qrafika rəssamı 1999-2002- ci illərdə Türkiyədə yaradıcı tədris müəssisəsində çalışmışdır.O, 2002-ci ildən Azəbaycan Dövlət Rəssamlıq Akademiyasında Rəsm kafedrasında dosent kimi fəaliyyət göstərir. Rasim Nəzirov 2008-ci ildə Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışıdır. Rəssam Beynəlxalq Byennal, simpoziumların, beynəlxalq qrup sərgilərin iştirakçısıdır.

 

 

Rasim Rzayev

Rzayev Rasim Əyyub oğlu 14 iyun 1948-ci ildə Bakıda anadan olmuşdur. O, 1969-cu ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini, 1974-cü ildə Moskva Dövlət Ali Bədii Sənayə məktəbini, 1976-cı ildə Lvov Dövlət Dekorativ-Tətbiqi Sənət İnstitutunu, 1980-ci ildə Belorus Bədii Teatr İnstitutunu bitirmişdir. Rasim Rzayev 1986-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam Beynəlxalq Byennal, simpoziumların, beynəlxalq qrup sərgilərin iştirakçısıdır. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilib. Rasim Rzayev Bakı şəhəri və rayonlarda yeni açılmış bir çox şirkətlərin tərtibatçısıdır.

 

 

Rauf İsmayılov

İsmayılov Rauf Əbdülhüseyn oğlu 28 iyun 1957-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. O, 1974-1980- ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq texnikumunda, 1980- 1985-ci illərdə Leninqrad şəhəri Muxin adına Rəssamlıq İnstitutunda hazırlıq şöbəsində təhsil almışdır. Rəssam 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin xalçaçılıq ixtisasını bitirmişdi. Rauf İsmayılov 1980-ci ildən Respublika və beynəlxalq sərgilərin iştirakçısıdır. Rauf İsmayılov Azərbaycanda keçə sənəti ilə məşğul olan ilk və yeganə rəssamdır. Rauf İsmayılov “Ana məhəbbəti”, “Hünər meydanı”, “Fəryad”, “Gəl rəqs edək”, “Gecə görüntüləri”, “Qurtuluş”, “Məhəbbət sorağında”, “Tənha ağac” və s. əsərlərin müəllifidir. O, 2002-ci ildə “Humay” Milli mükafatına, 2005-ci ildə Azərbaycan Rəssamlar İttifaqının təsis etdiyi Soltan Məhəmməd adına xüsusi mükafata, 2005-2006- cı illərdə İran İslam Respublikasının, 2006-cı ildə Alman səfirliklərinin xüsusi diplomlarına layiq görülmüşdür. Rəssamın “Həyatın bir anı” (Bakı, 2006), “Ulu sənət” (2009), “Ulu xalq-ulu sənət” (2010) adlı fərdi sərgiləri təşkil olunmuşdur. Onun əsərləri ABŞ, İsveç, Türkiyə, İran, Hollandiya, İngiltərə ölkələri muzeylərin və şəxsi kolleksiyalarında saxlanılır.

 

 

Reyhan Topçubaşova

Topçubaşova Reyhan İbrahim qızı 15 dekabr 1905-ci ildə Quba şəhərində anadan olmuşdur. O, 1931-1935- ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil almışdır. Reyhan Topçubaşova 1941-1945- ci illərdə Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədr müavini olmuşdur. Reyhan Topçubaşova portret, məişət, mənzərə janrlarında işləmiş, eləcə də süjetli kompozisiyalar və natürmortlar çəkmişdir. Mənzərələrində Abşeron təbiətinin təsviri əsas yer tutur. Mahnı və rəqs ansamblları üçün geyim eskizləri də hazırlamışdır. Rəngkarın portretlərindən “M.Ə.Sabir”, “Qəmər Almaszadə” (1938-1939), məişət mövzusunda “Köhnə bazar ”, “Toy” (1935), “Küçə ” və mənzərə janrında isə “Qız qalası”, “Dəniz ”, “Mərdəkanın görünüşü”, “Gecə vaxtı dənizin mənzərəsi” adlarını qeyd etmək olar. Rəssamın əsərləri 1936-cı ildən respublika sərgilərində nümayiş etdirilmişdir. Topçubaşova Reyhan 1943-cü ildə Azərbaycan SSRİ Əməkdar incəsənət xadimi adına layiq görülmüşdü. Reyhan Topçubaşova 5 mart 1970-ci ildə Bakıda vəfat etmişdir.

 

 

Rəfail Əsədov

Əsədov Rəfail Hüseyn oğlu 19 iyul 1944-cü ildə Azərbaycanın Masallı rayonunda anadan olmuşdur. O, 1996-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini,1977- ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. Rəfail Əsədov Teatr kino rəssamıdır. Rəfail Əsədov 1989-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1968-ci ildən AzTv-də quruluşçu rəssam kimi fəaliyyət göstərir. Rəssam 1997-ci ildə “Humay”mükafatına layiq görülmüşdür. Rəfail Əsədov 2001-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. O, respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Rəşid Bağırov

Bağırov Rəşid İmanverdi oğlu 13 may 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1972-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbini, 1980-ci ildə Lvov Dövlət Dekorativ tətbiqi sənət İnstitutunu, 1986-ci ildə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasını bitirmişdir. Rəşid Bağırov 1986-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1980-ci ildən kimi Ümumittifaq və Respublika sərgilərində iştirak edir. Dekorativ – tətbiqi sənət rəssamı 2007-ci ildə Soltan Məhəmməd Beynəlxalq mükafatının laureatı olmuşdur. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslovakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.

 

 

RƏSUL HÜSEYNOV

Rəsul İsmayil oğlu Hüseynov 30 oktyabr 1946-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1968-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmişdir. 1976-ci ildə İ.Repin adına Leninqrad (S.Peterburq ) Rəssamlıq Akademiyasının “Qrafika” fakültəsini bitirmişdir. 1981-ci ildə SSRİ Rəssamlıq Akademiyasında tam təhsil almışdır. Rəsul Hüseynov 1983-cü ildən Dövlət İncəsənət Universitetində “Rəsm” kafedrasında pedaqoji fəaliyyətə başlamışdır. 2000-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Qrafika” kafedrasının dosenti və müdir vəzifəsində çalışır. Onun əsərləri “Balıqçılar” silsiləsi – Leningrad Akademiyasının muzeyində, “Uzun əks-səda” silsiləsi – Moskva Şərq Ölkələri muzeyində, “Almaniya Azərbaycan rəssamların gözu ilə” – silsiləsi Almaniya Müasir İncəsənət Muzeyində və Bakıda R.Mustafayev adına incəsənət muzeyin daimi ekspozisiyalarında saxlanılır. Rəsul Hüseynov “Nifrət”, “Dalğalı Xəzər”, “Amerikalı qonaq” (2009), “Portret” (1990), “Çətinliyə düşmüş insan” (1995) kimi əsərlərin müəllifidir. 1978-ci ildən Rəssamlar İttifaqının üzvüdür. Bir çox Respublika və xarici ölkələrdə keçirilən sərgilərin iştirakçısıdır. 1996-ci ildə Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkil etdiyi musabiqə sərgisində, 2000-ci ildə Milli Olimpiya Komitəsinin təşkil etdiyi musabiqə sərgisində, 2003 Azərbaycan Rəssamlar İtifaqının təşkil etdiyi “Faciələrimiz”, 2003-ci ildə H.Əliyevin 80 illik yubileyinə həsr olunmuş “Beynəlxalq ekslibris” adlı müsabiqə sərgilərində iştirak etmişdir. 2004-cü ildə Milli Olimpiya Komitəsinin təşkil etdiyi “İdman və Olimpiada-2004” sərgisində iştirak etmişdir.

 

 

Rizvan Quliyev

Rizvan Quliyev 1924-cü ildə anadan olmuşdur. O, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır. Rizvan Quliyev “Kirpi” jurnalı və respublika qəzətlərinin səhifələrində karikaturaçı rəssam kimi çıxış edir. Rəssam karikaturalarında müasir həyat və məişət mövzularına, beynəlxalq məsələlərə toxunub.

 

 

Rza Avşarov

Avşarov Rza Muxtar oğlu 26 sentyabr 1949-cü ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1969-cu ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq məktəbini,1977-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun Bədii qrafika fakültəsini bitirmişdir. Rza Avşarov 1982-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun əsərləri, Moskva, Gürcüstan, Türkiyə, Özbəkistan və Azərbaycanda nümayiş edilmişdir. Rəssamın 2000-2001, 2010-2012- ci illərdə, Tallində, Türkiyədə fərdi sərgiləri keçirilmişdir. Rza Avşarov 2009-cu ildə Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. O,respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Sabir Çopurov

Çopurov Sabir Salman oğlu 18 avqust 1956-cı ildə Gürcüstan Dianisi rayonunda anadan olmuşdur. O, 1972-1976- cı ildə Bakıda Rəssamlıq məktəbini bitirmiş, sonra isə Tblisi Rəssamlıq Akademiyasında təhsilini davam etdirmişdir. O, 1986-cı ildən (SSRİ) Rəssamalar İttifaqının, 1997-cü ildən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, beynəlxalq byennal, beynəlxalq qrup sərgilərin fəal iştirakçısıdır. Rəssamın 1986-ci ildə Tbilisidə ilk fərdi yaradıcılıq sərgisi açılmışdır. Sabir Çopurovun 1987-ci ildə Bakıda sərgisi, 2007-ci ildə İstiqlal muzeyində “Xocalı qan yaddaşımızdır” adlı fərdi sərgisi, 2007-ci ildə Almaniyanın Ervitte-Nori şəhərində sərgisi keçirilmişdir. Sabir Çopurov 2008-ci ildə Bakıda neft və qaz sərgisi Beynəlxalq sərgsində neftlə çəkilmiş 80 əsərlə fəal iştirak etmişdir. Rəssam 2006-cı ildə II Beynəlxalq rəssamlar Simpoziumu sərgisində Xəzər neftilə çəkilmiş “Xəzərin simfoniyası” adlı əsəri ilə I yerə layiq görülmüşdür. Sabir Çopurov yeganə rəssamdır ki, Xəzərin xam nefti ilə 1990-cı ildən bu günə kimi 500-dən çox rəsm əsəri işləmiş, müxtəlif Beynəlxalq Biennal, Simpozium və sərgilərdə iştirak edib və müxtəlif fəxri fərman, diplomlara layiq görülmüşdür. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə, Norveç, İsveç, Şotland və Azərbaycanda nümayiş edilib.

 

 

Sahib Quliyev

Quliyev Sahib Babayar oğlu 26 oktyabr 1954-cü ildə Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. O, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, (1972-1978) sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (1981-1989) Heykəltəraşlıq fakültəsində təhsil almışdır. Sahib Quliyevin diplom işi “Mirzə Ələkbər Sabir” adlı heykəldir. Sahib Quliyev çoxsaylı kiçik plastika nümunələrinin yaratmışdır. Sahib Quliyev bədii plastika nümunələrinin səthlərində milli ornamentlərdən istifadə etmişdir. Bu naxışların əksər hissəsini “Bico” xalçasından götürülmüş ornamental motivlər təşkil edir. Sahib Quliyevin ilk müstəqil yaradıcılıq işi “Qız portreti” (1978) olmuşdur. Onun bu əsəri 1979-cu ildə Praqada baş tutan sosialist ölkələrinin “Mənim müasirim” adlı kiçik həcmli heykəltəraşlıq sərgisində nümayiş etdirilmişdir. Sahib Quliyevin yaradıcılığında qadın obrazları geniş yer tutur. Heykəltəraşın “Ana və uşaq” (2003), “Uzanmış qadın” (2006), “Oturmuş qadın” (2009), “Leyli və Məcnun” (2009) “Süvari qadın” (1990), “Tomris” (1997), “Gəlin” (2008), “Möminə Xatun” (2009), “Şirin” (2010) və s. adlı heykəlləri belə əsərlərindəndir. Heykəltəraşa ən uğur gətirən kompozisiyaları metalla daşın vəhdətindən yaranan əsərlərdir. Belə əsərlərdən ikisi “Oturmuş qadın. İntizar”, (1996), “Daranan qadın” (1999) heykələridir. S.Quliyev tarixi mövzulara müraciət edərək bu sahədə maraqlı əsərlər yaratmışdır. Onun 2010-cu ildə işlədiyi “Dədə Qorqud” adlı əsəri bu qəbildəndir. O, 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Sahib Quliyev “Kiçik ölçülü heykəllər sərgisi” (1984. Bakı), “Beynəlxalq Portret sərgisi” (1986. Praqa), “Azərbaycanlı rəssamların sərgisi” (1988. Varşava), “Ümumittifaq Daş Heykəl Simpozyumu” (1988. Mərdəkan), “2 rəssamla birgə sərgi” (2005. London), “Qrup sərgi” (2007. Berlin), “Azərbaycan rəssamlarının sərgisi” (2010. İstanbul), “VI Beynəlxalq Türk mədəniyyəti, incəsənəti və mədəni irsin mühafizəsi simpoziumu” (2012. Milan), “Əmrulla İsrafilovla birgə sərgi” (2014. Bakı Azərbaycan Rəssamlar İttifaqının sərgi salonu) iştrakçısı olmuşdur. Sahib Quliyevin əsərləri Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin fondunda, Dövlət Rəsm Qalereyasında və Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.

 

 

Sakit Məmmədov

Məmmədov Sakit Qulam oğlu 1958-ci ildə anadan olmuşdur. 1974-1978- ci illərdə Ə.Əzimzadə adına Rəssamıq məktəbini, 1981-1987- ci illərdə isə İ.E.Repin adına Leninqrad (Sankt-Peterburq) Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsini bitirmişdir. 1983-cü ildən müxtəlif sərgilərdə iştirak edir. Sakit Məmmədov tablolarında zəngin rəng palitrasından istifadə edərək “Xatirə şəkli”, “Məşq”, “Falabaxanlar”, “Toy”, “Metro”, “13 nömrəli avtobus”, “Həvəskar” “Emalatxana” (1997), “Xatirə şəkil” (1997), “Leninqrad xatirələri” (1997), “Yaşasın İstanbul” (1997), “Adəm və Həvva” (2000), “Oyun” (2003), “Səhnəyə hazırlıq” (2003), “Əbədiyyə doğru” (2006), “Bayram” (2006), “Ad günü” (2007), “Günaydın” (2009), “Mən indi gəlirəm” (2009), “Mən hamıdan qəşəng düşmüşəm”(2010), “Mən yorulmuşam” (2011), “Yatmış mələk” (2013), “Xatirələr” (2014)və s. kimi əsərlərini yaratmışdır. Rəssamın yaradıcılığında qadın obrazları xüsusi yer tutur. “Alma ağacının altında” (2008),“Qara qız” (2009), “İstrahət” (2010), “Aktrisa” (2012), “Güzgü qarşısında” (2013), “Küsəyən” (2015), “Qulaq asan” (2015) əsərlərində qadın gözəlliyini vəsf etmişdir. Sakit Məmmədovun mənzərə tablolarına “Altıağac” (2003), “Səhər” (2007),“Çinarlar” (2008), “Neftçala” (2009), “Kəndimiz” (2010), “Moskva” (2010), “Bahar” (2012), “Quba” (2012), “Bazar” (2014) nümunə göstərə bilərik. Rəssamın yaradıcılığında portret də önəmli yer tutur. “Aynur” (1988), “Atamın portreti” (1988), “Bağban” (1998), “Roma papasının portreti” (2004), “Nərgiz” (2010), “Turan” (2011), “Lala” (2012), “Rəssam” (2012), “Şəhzadə” (2013) və digər portretləri buna nümunədir Qrafik əsərlərindən “Gənc aktrisa” (2000), “Balerinalar” (2007), “Rəqs” (2011) rəsmlərini qeyd etmək olar. 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2003-cü ildə Şah İsmayıl Xətai mövzusunda sərginin Qızıl medalına, H.B.Zərdabi adına fəxri diploma layiq görülüb. 2005-ci ildə isə YUNESCO-nun Rəssamlar Birliyinə üzv seçilib. Sakit Məmmədov Rusiyanın “Minilliyin adamı” medalına layiq görülmüşdür. Bu mükafati Vladimir Putin, patriarx II Aleksi kimi nüfuzlu simalar da alıb.

 

 

Salahov Məmədnicat

Salahov Məmədnicat Qulam oğlu 1943-cü ildə Bakıda anadan olmuşdur. O, 1958-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbinin “heykəltəraşlıq” şöbəsini bitirmiş, iki il “Azərbaycanfilm” kinostudiyasında çalışmışdır. Salahov Məmədnicat 1958-ci ildə “Komsomolun 40 illiyinə” həsr olunmuş sərgidə “Gənclik” (R.Mustafayev adına Azərbaycan Milli İncəsənət muzeyində saxlanılır) kompozisiyası ilə iştrak etmişdir. Həmin muzeydə Salahovun tuncdan tökülmüş “Ucalın portreti” əsəridə saxlanılır. Heykəltəraş 1960-1966- cı illərdə Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təhsil almışdır.O, 1968-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində pedaqoji fəaliyyətə başlamışdır. Məmədnicat Salahov 1970-ci ildə Azərbaycan Rəssamlar ittifaqının üzvüdür. O, Cövdət Hacıyevin(1967) Qulam Salahovun, Y.Kərimovun, Usta Pirməmmədin, Həmid Sultanovun, Əliağa Həsənovun, Tofiq Bəhramovun, M.F Axundovun, Gənc fəhlə və başqalarının portretlərini yaratmışdır. Heykəltəraş1941-1945 – ci il müharibəsinə həsr olunmuş xatirə abidələrinin bir neçəsinin müəllifidir. Məmədnicat Salahov “Gövkəm” (1980) kompozisiyasının, yazıçısı İmran Qasımovun xatirə lövhəsinin, respublika kitabxanasının lodcasında qoyumuş Soltan Məmmədovun 3 metrlik fiqurun müəllifidir. O,Neft daşları dəniz nefçilərinə həsr olunmuş abidə ansamblını T.Yusifovla birliktə yaratmışlar Heykəltəraş müxtəlif beynəlxalq heykəltaraşlıq sərgilərində, Simpoziumlarda uğurla iştirak etmişdir. Onun əsərləri, Moskva, Gürcüstan, Almaniya, Türkiyə, və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Salam Salamzadə

Salamzadə Salam Əbdülqasım oğlu 7 mart 1908-ci ildə Bakıda anadan olmuşdur. O, 1929-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Tenikumununu bitirmişdir. Yaradıcılığının erkən dövründə əsasən tematik tablolar çəkmişdir. Onun “Sap sexi” (1930), “MTS-in açılışı” (1932) “Gəncə toxuculuq fabrikində”, “Komsomolçular iş vaxtı” (1930) əsərləri bu qəbildəndir. Salam Salamzadə Azərbaycan təbiəti və məişət səhnələri təsvir olunan tabloların, portret və mənzərələrin müəllifidir. Rəssamın “Günəş altında” ( 1958) “N.Nərimanovun portreti” (1958), “Sovxoz çölləri” (1959), “Suya gedən qadınlar” (1968), “Çay plantasiyası” (1970), “Rezervuarlar” (1976), “Lənkəran çaybecərənləri” (1977), “Toya gedənlər” (1974-1982), “S.A.Orucovun portreti” (1979-1982) adlı rəngkarlıq əsərləri diqqət çəkəndir. Salam Salamzadə dəfələrlə Yaxın və Orta Şərq ölkələrində səfərdə olmuş, bu ölkələrin həyatını və təbiətini təsvir edən tablolar yaratmışdır. “Ərəb ölkələrində” silsiləsi (1961-1970) buna misaldır. Dünyanın bir sıra şəhərlərində fərdi sərgiləri təşkil olunmuşdur. Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm (Şəkil) Qalereyasında və s. muzeylərdə saxlanılır. “Şərəf nişanı” ordeni və medallarla təltif edilmişdir. O, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1940), Azərbaycan SSR Xalq rəssamı (1982) fəxri adlara layıq görülmüşdür. Salam Salamzadə 1997-ci ildə Bakıda vəfat etmişdir.

 

 

Salar Məmmədov

Məmmədov Salar Məmməd oğlu 4 avqust 1941-ci ildə Bakıda anadan olmuşdur. O, 1955-1960- cı illərdə Əzim Əzim Əzadə adına Rəssamlıq məktəbində, 1960- 1966-cı illərdə V.Muxina adına Leninqrad Ali Bədayə Rəssamlıq məktəbində təhsil almışdır. Rəssam 1966-1968- ci illərdə V.İ.Lenin adına (indiki Hacı Zeynalabdin Tağıyev adına) Bakı Toxuculuq Kombinatında rəssam kimi işləmişdir. Salar Məmmədov 1960-1970- ci illərdə Azərbaycan nəşriyatında 30-a yaxın kitaba, onların İçində Fikrət Qocanın, Qılman İlkinin, Qasım Qasımzadənin, Sərdar Əsədin əsərlərinə bədii tərtibat vermişdir. Rəssam 1970-1980- ci illərdə ictimai binaların interyerləri üçün bir sıra monumental əsərlər yaratmışdır.Bu əsərlərin əksəriyyəti böyük həcmli mozaykalar, vitrajlar, döymə-çekankalar və taxta üzərində oyma ornamentlərdən ibarət olmuşdur. Salar Məmmədov 1962-ci ildən respublika və beynəlxalq sərgilərin fəal iştrakçısıdır. O, 1980-1992- ci illərdə Bakı Bədii Fondunda Yaradıcılıq İstehsalat Kombinatında tərtibatçı rəssam vəzifəsində çalışmışdır. Eyni zamanda bu illərdə həcmli qobelenlər toxumuşdur. Salar Məmmədov 1972-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdü olmuşdur. O, 1968-1980- ci illər Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim, 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında baş müəllim, dosent vəzifəsində fəaliyyət göstərir. Rəssamın Bakıda (1963, 2007), Əlcəzair və Leninqradda (1965) fərdi sərgiləri keçirilmişdir. Onun əsərləri Moskva, Gürcüstan, Çexoslavakiya, Türkiyə və Azerbaycanda nümayiş edilmişdir.

 

 

Şamil Həsənov

Həsənov Şamil Məmməd oğlu 9 sentyabr 1942-ci ildə Bakıda anadan olmuşdur. O, 1967-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirmişdir. Şamil Həsənov 1969-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun əsərləri, Moskva, Gürcüstan, Almaniya, Çexoslovakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. Qrafika rəssamı 1968-ci ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Şamil Buksayev

Buksayev Şamil Ağabala oğlu 17 iyul 1948-ci ildə Bakıda anadan olmuşdur. O, 1971-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq məktəbini bitirmişdir. Şamil Buksayev 1979-cu ildən Azərbaycan Rəssamlar İttifaqının və İdarə Heyətinin üzvüdür. O, Beynəlxalq Byennal, beynəlxalq qrup sərgilərin fəal iştirakçısıdır. Şamil Buksayev 2006-cı ildə Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. Monumental rəngkarlıqla məşğul olan rəssam respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Samir Qazıyev

Qazıyev Samir Arif oğlu 25 mart 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1986-1990- cı ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin heykəltəraşlıq fakültəsini, 1990-1996- cı ildə M.A.Əliyev adına Dövlət İncəsənət İnstitutunun heykəltəraşlıq fakültəsini bitirmişdir. Samir Qazıyev 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 2000-ci ildə rəssamlıq sənəti sahəsində qazandığı uğurlara görə “Heykəltəraşlıq” nominasıyası üzrə Azərbyacan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər mükafatı”na layiq görülmüşdür. Rəssamın əsərləri Kanada, İngiltərə, ABŞ, Almaniya, Avstriya, Türkiyə və Azərbyacanda nümayiş edilmişdir. O, 1986-cı ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Şamo Abbasov

Şamo Abbasov 1955-ci ildə anadan olmuşdur. O, 1970-1974- cu illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, 1978-1984- cu illərdə V.Muxina adına Ali Sənayə rəssamlıq məktəbində təhsil almışdır. Diplom işi “Sirk” adlı keramik etudlar olmuşdur. Tələbə vaxtları “Nilüfərin portreti” ilə “Çiskinli Baki” bahar sərgisində çıxış etmişdir. Şamo Abbasov yaradıcılığı milli koloriti, abşeron insanlarının obrazları və komik halları ilə seçilir. Rəssam 1986-ci ildən Azərbaycan və SSRi rəssamlar ittifaqının üzvü olmuşdur. Şamo Abbasov “Şəhzadə”, “Səttar Bəhlulzadənin xatirəsinə” keramik lövhələr, “Yoldaşın portreti”, “Avtoportret”, “Çayxana”, “Səttar Bəhlulzadənin portreti” keramik əsərlərinin müəllifidir. Onun rəngkarlıq əsərlərindən “Gül əməliyyatı”, “Pivə bokalı arxasında”, “Xüsusi təyinat briqadası”, “Xalq təbabəti”, “Dünyəvi layihə”, “Maneken ustası”, “Xoruz oğrusu”, “Bağçada görüş”, “Yeni həyat” (2009) adlarını qeyd etmək olar. Şamo Abbasov “Gənc rəssamlar” (1982), “Beynəlxalq 43-cu keramika” simpoziumu (İtaliya. 1985), “SSRİ gənc rəssamlar” (Moskva. 1988), “13-cu beynalxalq keramika” simpoziumu (1988. Çexoslovakiya), “BTM-50” sərgi- müsabiqə (1995), “Novruz” beynəlxalq sərgisi (Türkiyə), “Noyabr interyer” (Serbiya. 2003), “Kişi və Qadın” (Baki. 2005) və s sərgilərdə iştirak etmişdir. Rəssamın 2000-ci ildə “Mercy Corps İnternational”da fərdi sərgisi keçirilmişdir. Şamo Abbasovun əsərləri Azərbaycan Dövlət İncəsənət muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Russiya Mədəniyyət nazirliyində, Ştiqlitz adına Tədbiqi sənət muzeyində, Beynəlxalq keramika muzeyində (Çexiya), ABŞ-da Azərbaycan səfirliyində və şəxsi kolleksiyalarda saxlanılır. Şamo Abbasov 7 may 2014-cü ildə Baki şəhərində vəfat etmişdir.

 

 

Seyran Cəfərli

Seyran Cəfərli 1956-cı ildə İmişli rayonunda anadan olmuşdur. O, 1992-ci ildə Jurnalist Sənətkarlıq İnstitutunu bitirmişdir. Seyran Cəfərli 1982-ci ildən Respublikamızda çap olunan mətbuat orqanlarında karikaturaçı rəssam kimi çox fəal iştirak etmişdir. Rəssam dünyanın müxtəlif ölkələrində keçirilən yarış festival və sərgilərdə 100-dən artıq kataloqlarda çap olunub. Bir çox karikatura yarışlarında münsiflər heyətinin tərkibində ölkəmizi təmsil etmişdir. Seyran Cəfərli 2002-ci ildən Azərbaycanda hər il keçirilən “Molla Nəsrəddin” beynəlxalq karikatura müsabiqəsinin təşkilatçısıdır. O, ”Karikatura” jurnalının baş redaktoru, Azərbaycan Karikaturaçıları Birliyinin prezidentidir. Beynəlxalq karikatura yarışlarında 29 mükafat almışdır.

 

 

Səadət Əliyeva

Əliyeva Səadət Baba qızı 13 sentyabr 1949-cu ildə Bakıda anadan olmuşdur. O, 1968-1973- cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Səadət Əliyeva 1997-ci ilə qədər Azərbaycan Dövlət Elmlər Akademiyası nəzdindəki “Elm” nəşriyyatında bədii redaktor vəzifəsində çalışmışdır.O, 1983-cü ildən Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyət göstərir. Səadət Əliyeva 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.Onun əsərləri Gürcüstan, Finlandiya, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Səbinə Şixlinskaya

Şixlinskaya Səbinə Aleksandr qızı 26 aprel 1962-ci ildə Bakida anadan olmuşdur. O, 1981-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini, 1983-cü ildə V.Muxina adına Leninqra Dövlət Ali rəssamlıq məktəbini, 1988-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir. Səbinə Şixlinskaya 1991-ci ildən Azərbaycan Rəssamlar İttifaqının,1996-ci ildə “Labirint” bədii qrupunun, 2009-cu ildən Beynəlxalq Muzeylər Komitəsinin Müasir İncəsənət Kolleksiyasının üzvüdür. Rəssam əllidən artıq Beynəlxalq Byennal, Simpozumlarda beynəlxalq qrup sərgilərin və lahiyələrin fəal iştakçısıdır Səbinə Şixlinskaya 2006-ci ildə Azərbaycanın Əməkdar rəssamı adına layiq görülmüşdür. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslovakiya, Türkiyə, Venesiya, Danimarka, Avstriya, Norveç və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Şəhla Əsgərova

Əsgərova Şəhla Cahangir qızı 20 aprel 1958-ci ildə Azərbaycanın Hacıqabul şəhərində anadan olmuşdur. O, 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin filalogiya fakültəsini bitirmişdir. Şəhla Əsgərova 2005-ci ildən Rəssamlar İttifaqının üzvüdür. Rəssamın 2000-ci ildə fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Şəhla Əsgərovanın əsərləri Türkiyə, Amerika, Fransa, Moskva və Bakıda nümayiş edilib. O, respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Səmayə Rzayeva

Rzayeva Səmayə İslam qızı 10 may 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1974-cü ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1981-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Səmayə Rzayeva 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın yaradıcılığında rəngkarlıq və qrafika əsərləri xüsusi yer tutur. O, beynəlxalq qrup sərgilərin iştirakçısıdır. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslovakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. O, Azərbaycan İncəsənət Gimnaziyasında “Təsviri və tətbiqi sənət” şöbəsində müəllim kimi çalışmışdır. O, 1980-ci ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Səmədağa Cəfərov

Cəfərov Səmədağa İbrahim oğlu 27 aprel 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1971-ci ildə Əzim Əzimzadə adına Bakı Dövlət Rəssamlıq Məktəbini, 1978-ci ildə B.İ.Muxina adına Leninqrad Ali Rəssamlıq İnstitutunu bitirmişdir. Səmədağa Cəfərov 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslovakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. Rəssam 1978-ci ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Şəmil Mustafayev

Mustafayev Şəmil Murtuz oğlu 1 iyul 1929-cu ildə Ordubad şəhərində anadan olmuşdur. Rəssam 1951-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirmişdir. O, Rəssamlıq məktəbini bitirdikdən sonra Ordubad şəhəri 1№-li məktəbdə və Naxçıvan Dövlət Pedaqoji İnstitutunda müəllim işləmişdir. O, 1971-1981- ci illərdə Naxçıvanda yaranmış Rəssamlar İttifaqının sədri seçilmişdir. Rəssam beynəlxalq qrup sərgilərin fəal iştirakçısı olmuşdur. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. Şəmil Mustafayev Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət xadimi, 2002-ci ildə Azərbaycanın Əməkdar rəssamı fəxri adlarına layiq görülmüşdür. 1970-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

 

 

Sənan Qurbanov

Qurbanov Sənan Şamil oğlu 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin heykəltəraşlıq fakültəsində (1955-1959), V. İ. Muxına adına Leninqrad Ali Rəssamlıq – Sənayə məktəbinin heykəltəraşlıq fakültəsində (1960-1963), M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutun teatr rejissorluğu fakültəsində (1963- 1967) təhsil almışdır. Sənan Qurbanov Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Müxtəlif respublika və ittifaq sərgilərinin iştirakçısı olmuşdur. Sənan Qurbanov mükəmməl qrafika ustası və heykəltəraş olmaqla yanaşı bir çox Azərbaycan teatr tamaşalarında quruluşçu-rəssam kimi çalışmışdır. Rəssamın 1990-1994- cu illərdə Polşanın Qdansk şəhərində Elçin Məmmədovla birgə sərgisi və fərdi sərgisi təşkil olunmuşdur. Daha sonra rəssamın əsərləri Polşanın Qdansk şəhərində incəsənət hərracınada qoyulmuşdur. Sənan Qurbanovun 1995 və 1999-cu illərdə Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda fərdi sərgilər keçirilmişdir. O, 1996-cı ildə “Türk Standartı” Qrafika Müsabiqəsində Azərbaycan üzrə birinci yer tutmuşdur. Sənan Qurbanov 1967-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Soltan Məhəmməd adına mükafatına layiq görülmüşdür. Rəssam 1997-ci ildə Bakı şəhərində Rastropiçlərin Ev-muzeyinin memorial lövhəsini işləmişdir. Sənan Qurbanov 1999-cu ildə vəfat etmişdir.

 

 

Əbdiləli Şərifov

Şərifov Əbdiləli Məhəmmədhüseyn oğlu 14 mart 1952-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1972-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1985-ci ildə Azərbaycan Dövlət Pedoqoj İnstitutunun bədii qrafika fakültəsini bitirmişdir. Qrafik rəssam 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Əbdiləli Şərifov simpozium və beynəlxalq qrup sərgilərin, kitab sərgilərinin fəal iştirakçısıdır. Onun əsərləri Moskva, Gürcüstan, Çində, Türkiyə, Özbəkistan və Azərbaycanda nümayiş edilmişdir. O, 1972-ci ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Sadıq Şərifzadə

Sadıq Şərifzadə Hüseyn oğlu 5 dekabr 1912-ci ildə Cənubi Azərbaycanda anadan olmuşdur. O, 1932-ci ildə Azərbaycan Dövlət Rəssamlıq texnikumunu bitirdikdən sonra, 1936-cı ildə Kiyev Rəssamlıq İnstitutunda Volokdni, Traximenko və Qriqoryevdən dərs almışdır. Sadiq Şərifzadə 1939-1940- ci illərdə Surikov adına Moskva Rəssamlıq İnstitutuna keçirilib, orada təhsilini davam etdirmişdir. Rəssam 1940-1958- ci illərdə bir sıra tarixi və müasir mövzularda əsərlər yaratmışdır. Belə əsərlərdən “Üzüm yığımı”, “Səttar xan Fədailərinin Təbrizi müdafiəsi”, “Ağa Neymətulla”, “Gəray Əsədov”, “Babək”, “Mirzə Ağa Əliyev”in portreti, “Göy-göl” mənzərəsi, “Dənizdə neft buruqları”, “Xətib Təbrizi və Əbülüla Müərri” və bir sıra xalqın həyatını əks etdirən tabloları qeyd etmək olar. Sadıq Şərifzadə həm də teatr rəssamı kimi tanınmışdır. Rəssam görkəmli teatr xadimlərindən Abbas Mirzə Şərifzadə, Kazım Ziya, A.A.Tuqanov və başqaları ilə birlikdə işləmiş və onlardan teatr sənətinin incəliklərini öyrənmişdir. Şərifzadənin A.Şaiqin “Fitnə”, S.Rüstəmin “Qaçaq Nəbi”, “Qastello”, M.Hüseynin “Cavanşir”, Lope de Veqanın “Sevilya ulduzu”, İ.Səfərlinin “Göz həkimi”, İ.Qurbakovun “Əcəb işə düşdük”, İ.İbrahimovun “Kəndçi qızı” və b. tamaşalarının bədii tərtibatını vermişdir. 1958-ci ildə rəssam Məhəmməd Füzulinin obrazını yaratmış və bu tabloya görə respublikanın II dərəcəli mükafatına layiq görülmüşdür. 1959-cu ildə Şərifzadə öz əsərlərini Moskvada keçirilmiş Azərbaycan Ədəbiyyat və İncəsənət ongünlüyündə nümayış etdirmişdir. Rəssama 1959-cu ildə Əməkdar İncəsənət xadimi adı verilmişdir. Sadıq Şərifzadə 2 yanvar 1986-cı ildə Bakıda vəfat etmişdir.

 

 

Səttar Bəhlulzadə

Səttar Bəhlulzadə Bəhlul oğlu 1909-cu ildə Bakının Əmircan kəndində anadan olmuşdur. 1927-1931- cı illərdə Azərbaycan Rəssamlıq Məktəbində oxumuşdur. Əzim Əzimzadənin rəhbərliyi ilə “Kommunist” qəzetində yaradıcılığa başlamışdır. 1931-1933- cü illərdə qəzetdə onun müasir məzmunlu ilk karikaturaları çap olunmuşdur. 1933-1940- ci illərdə Səttar Bəhlulzadə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olmuşdur. Məşhur rəssamlar V.A.Favorski və Q.M.Şaqalın rəhbərliyi altında rəssamlıq sənətini, o cümlədən də boyakarlığı öyrənmişdir. Moskvadan qayıtdıqdan sonra S.Bəhlulzadənin yaradıcılığında tarixi mövzular və tarixi şəxsiyyətlərin təsviri (“Babək üsyanı”, “Fətəli xan”, “Xəttat Mir Əli” və s.) əsas yer tutmuşdur. Müharibədən sonrakı illərdə rəssam Abşeronun neft mədənlərini, bağ və kəndlərini təsvir edən rəsmlər yaratmışdır. S.Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyl getdikcə güclənmiş, o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlamışdır. Səttar Bəhlulzadənin “Qədim atəş”, “Odlu torpaq”, “Əbədi məşəllər”, “Abşeron tağı” mənzərələrində fərdi lirik hisslər böyük rol oynamışdır. Azərbaycanın müxtəlif rayonlarını qarış-qarış gəzən rəssam bir çox təbiət mənzərələri yaratmışdır. “Doğma düzənliklər”, “Gölməçələrdə ördəklər” mənzərələrində Lənkəranın təbiətini əks etdirən rəssam, “Yuxarı Daşaltı”, “Cıdır düzü”, “Dumanlı dağlar”, “Yaşıl xalça” lövhələrində Qarabağın səfalı yerlərini kətan üzərində canlandırmışdır. Abşeronun təbiətinə həsr etdiyi “Neft daşları” mənzərə silsiləsi onun yaradıcılığında xüsusi yer tutur. Səttar Bəhlulzadənin gərgin yaradıcılıq axtarışlarının məhsulu olan “Xəzər gözəli”, “Suraxanı atəşgahı”, “Əfsanəvi torpaq” əsərlərində rəssam tədricən rəng palitrasını zənginləşdırmişdir. “Xəzər üzərində axşam” mənzərəsi rəssamın şöhrət qazanmış əsərlərindəndir. Hal- hazırda Səttar Bəhlulzadənin əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Rəsm Qalereyasında, eləcə də Moskvada, xarici ölkə muzeylərində və çox böyük hissəsi şəxsi kolleksiyalarda saxlanılır. Bəhlulzadə görkəmli Azərbaycan rəssamı, müasir Azərbaycan boyakarlıq sənətində mənzərə janrının yaradıcılarından biri sayılır. Mənzərə-peyzajlarında intim-lirik natürmortlarında, incə xalça ornamentlərinin düzülüşünü əks etdirən ənənəvi xalq yaradıcılığı motivləri hiss edilir. Bəhlulzadənin fərdi sərgiləri Əlcəzair, Misir, Livan, Suriya Tunis, Norveç, ADR, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və dünyanın bir sıra başqa ölkələrində nümayiş etdirilmişdir. Dünyanın onlarla muzeylərində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır. Rəssam Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan xalq rəssamı, Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuşdur. 2009-cu ildə YUNESKO- nun qərarı ilə Səttar Bəhlulzadənin 100 illik yubileyinin bütün dünyada qeyd olunmuşdur. Səttar Bəhlulzadə 1974-cü ildə Moskvada vəfat etmiş,Əmircana gətirilərək doğma kəndində dəfn olunmuşdur.

 

 

Sima Ağayeva

Ağayeva Sima Abbas qızı 15 mart 1932-ci ildə Gürcüstanın Axalsix şəhərində anadan olmuşdur. O, 1957-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1964-cü ildə Tbilisi Rəssamlıq Akademiyasının “Keramika” fakültəsini bitirmişdir. Rəssam 1967-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1964-cü ildən Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Rəssam, heykəltaraşlıq və boyakarlıq” kafedrasında dosent işləmişdir. Sima Ağayeva 2006-cı ildə Təsviri sənətin inkişafındakı xidmətlərinə görə Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. O, respublika və beynəlxalq sərgiləri dövri mətbuatda işıqlandırılması sahəsində fəal iştirak etmişdir.

 

 

Siruz Mirzəzadə

Mirzəzadə Siruz Yadulla oğlu 22 noyabr 1944-cü ildə İranın Zəncan şəhərində anadan olmuşdur. O, 1966-cı ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1972-ci ildə Stroqonov adına Moskva Dövlət Ali Rəssamlıq məktəbini bitirmişdir. Siruz Mirzəzadə 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Monumental-rəngkarlıq ilə məşğul olan rəssamın 1987- 2004-ci illərdə altı fərdi yaradıcılıq sərgisi keçirilmişdir. O, 1996-cı ildə «Humay» mükafatına layiq görülmüşdür. Siruz Mirzəzadə 2002-ci ildə Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. Onun əsərləri, Moskva, Gürcüstan, ABŞ, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. Rəssam respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Sitarə Rəhimova

Rəhimova Sitarə Cavanşir qızı 21 mart 1945-ci ildə Tiflis şəhərində anadan olmuşdur. O, 1969-cu illərdə Ə.Əzimzadə adına rəssamlıq məktəbini, 1974-cü ildə Ç.İldırım adına Politexnik İnstitutunun “Memarlıq” fakultəsini bitirmişdir. Tikmə ustası Sitarə Rəhimova yaradıcılığının ilk günlərindən Azərbaycanın və digər ölkələrinin bir çox tətbiqi incəsənət üzrə sərgilərinin iştirakçısı olmuşdur. Onun 1980-1983- cü illərdə işlədiyi “Səməndər quşu” , “Qızıl güllər” və “Buxça” əsəri ilə 1983-cü ildə Moskvada K.T.N-ri sərgisində sərgilənib və qızıl medala layiq görülmüşdür. Sitarə Rəhimova “Qızıl Cüyürlər” (1984-1985), “M.K Atatürk” portreti (1995-1996. M.K Atatürk muzeyi), “Ulduzlar Aləmində” (1992-2005), “Oğlaq Bürcü” (2004), “Lətif Kərimov” şarj (1987), “Araqçın” (1985), “Cənnət Quşu” (1986), “Leyli və Məcnun-göz yaşları” (1984), “Ağla Qərənfil Ağla” (1990), “Qaranquşlar” (1991) əsərlərin müəllifidir. O, 1995-ci ildə Pekində IV Ümumdünya qadın qurultayı konfransının iştirakçısı olmuşdur. Sitarə Rəhimova Dizayn və Rəssamlar İttifaqının üzvüdür. Onun əsərləri Pekin, Hollandiya, Türkiyə, Moskva, Yalta, Bolqariya və Hindistanda nümayiş etdirilmişdir.

 

 

Soltan Soltanlı

Soltan Soltanlı 1976-cı ildə Ağsu rayonunda anadan olmuşdur. O, 2000-ci ildə Azərbaycan Pedaqoji Universitetini bitirmişdir. Rəssamın karikaturaları vaxtaşrı dövri mətbuatda dərc edilmişdir. Onun “Soltan gülür” , “Drawings of Soltan”, “Karikaturalar” adlı üç kitabı dərc olunmuşdur. Soltan Soltanlı bir çox beynəlxalq karikatura yarış və festivallarında əsərləri nümayiş etdirilib. Onun xarici ölkələrdə keçirilən müsabiqələrin qalibi, xüsusi beynəlxalq mükafatlarla təltif olunmuşdur. Soltan Soltanlı karikatura evinin direktoru, Azərbaycan Karikaturaçılar Birliyinin üzvüdür.

 

 

Sultan Rüstəmov

Rüstəmov Sultan Mahmud oğlu 23 mart 1943-cü ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. O, 1963-cü ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirmişdir. Sultan Rüstəmov 1963-cü ildə Muxina adına Leninqrad Ali Rəssamlıq məktəbinə daxil olmuş, daha sonra isə 1974-cü ildə Stroqanov adına Moskva Rəssamlıq İnstitutunun heykəltəraşlıq fakültəsini bitirmişdir. Heykəltəraş “Mirzə Şəfi Vazeh”in portreti, “Anlıq” , “Gedənlərin xatirəsinə” əsərlərinin müəllifidir. Sultan Rüstəmov 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Sultan Rüstəmov, 1977-cı ildən respublika, Byennali və beynəlxalq qrup sərgilərin fəal iştirakçısıdır. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilib. Sultan Rüstəmov 2006-cı ildə Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.

 

 

Tahir Salahov

Salahov Tahir Teymur oğlu 1928–ci il noyabrın 29–da Bakı şəhərində anadan olmuşdur. 1957–ci ildə V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu rəssam–nəqqaş sənəti üzrə bitirmişdir. Azərbaycan İncəsənət İnstitutu, eləcə də V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda pedaqoji fəaliyyət göstərən ustad sənətkar sərt üslubda işləyən realist rəssam kimi tanınır. Onun əsərləri mövzu və janr zənginliyi, bədii forma əlvanlığı və estetikliyi ilə seçilir. Peşəkar rəssam kimi ilk əsəri kətan üzərində əks etdirdiyi “Gecə növbəsindən qayıdanlar” adlı diplom işi olub. Sənətkarın məhz bu tablosu Azərbaycan təsviri sənətində “Sərt üslub” deyilən yeni istiqamətin ilk nümunələrindən biridir. Ümumittifaq Rəssamlıq Sərgisində nümayiş etdirilən iki əsəri – “Bəstəkar Qara Qarayevin portreti” və “Təmirçilər” böyük uğur qazanmışdır. T.Salahovun kətan üzərində yerinə yetirdiyi rəngkarlıq əsərləri daha çox sərt və tünd rəngləri ilə fərqlənir. Bir – birindən fərqli mövzulara müraciət etmişdir,əmək mövzulu “Səhər eşelonu” və “Rezervuar parkı” adlı sənaye mənzərələri, “Abşeron qadınları” və “Aydan” tabloları təsviri sənətə yol tapa bilmişdir. Bəstəkar Dmitri Şostakoviç, Fikrət Əmirov, şair Rəsul Rzanın psixoloji portretləri sənət sevənlərin böyük marağına səbəb olmuşdur. Rəssamın doğma diyara həsr etdiyi bir neçə əsərinin reproduksiyaları 2008–ci ildə buraxılan iki təqvimə də daxil etmişdir. Həmin əsərlərdən “Köhnə Bakı”, “Səhər ovu”, “Nardaran qarpızları”, eləcə də “Odlar Yurdu” triptixi – “Atəşgah”, “Xəzər bu gün” və “Qız qalası”nın adlarını qeyd etmək olar.T.Salahov son illərə aid tabloları ilə portret qalereyasını daha da zənginləşdirib. Salahovun şah əsərlərindən biri mərhum Heydər Əliyevin portretidir. Digər məşhur əsəri portret isə dünya şöhrətli həmyerlimiz Mstislav Rostropoviçin monumental portretidir. Tahir Salahov Sovet İttifaqının yüksək mükafatlarını almışdır. O, Sosialist Əməyi Qəhrəmanıdır, Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə” ikinci və üçüncü dərəcəli ordenlərinə, 2008-ci ildə Tahir Salahova “Heydər Əliyev”, “İstiqlal” ordeninə eləcə də Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin, ordenlərinə layiq görülmüşdür. MDB–nin rəssamlıq akademiyalarınin, Madriddəki San–Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvüdür. Fransa Zərif Sənətlər Akademiyasına SSRİ–dən seçilən sənətkarlardan biri də Tahir Salahovdur. O, həm də Amerika Birləşmiş Ştatlarının bir neçə şəhərinin və Montana ştatının fəxri vətəndaşıdır Bakıda yaşadığı dövrdə Azərbaycan Rəssamlar İttifaqının sədri, 1973–cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi seçilmişdir. T.Salahov eləcə də YUNESKO–nun nəzdində Millətlərarası Rəssamlar Federasiyasının vitse–prezidenti, 1997–ci ildə Rusiya İncəsənət Akademiyasının vitse–prezidenti seçilmişdir. Buna görə də, çox zaman onu “incəsənətin səlahiyyətli səfiri” adlandırırlar. 2011-ci ildən Avropa Elm və İncəsənət Akademiyasının incəsənət bölməsi üzrə həqiqi üzvüdür.

 

 

Tahir Həmidli

Həmidli Tahir Əhmədiyə oğlu 6 yanvar 1953-cü ildə Şəki şəhərində anadan olmuşdur. O, 1968-1972- ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq texnikumunda, 1972-1978- ci illərdə N.Ostrovski Daşkənd Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır. Tahir Həmidli 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. O, 1982-1997- ci illərdə Şəki Dövlət Rəsm Qalereyasının direktoru, 1997-2009- cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Şəki filialında müəllim kimi fəaliyyət göstərmişdir. Tahir Həmidli 1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqının Şəki təşkilatının sədridir. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda numayiş edilmişdir.

 

 

Tahir Məcidov

Məcidov Tahir Zakir oğlu 28 avqust 1953-cü ildə Quba rayonunda anadan olmuşdur. O, 1971-1977- ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində,1978-1983- cü illərdə M.A Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Tahir Məcidov Vətənin gəncliyi sərgisində “Ağ şanı qara şanı” xalçası (1987. Moskva), Moskvada Azərbaycan təsviri sənət günlərində “Şamaxı” (1986), Ümum İttifaq VIII akvarel sərgisində “Mənim Azərbaycanım” triptixlə, Zaqafqaziya rəssamların sərgisində “Uşaqlıq illəri”, Azərbaycan və və orta Asiya rəssamlarının sərgisində “Tiflisdə Azərbaycan Məscidi”, “Vətənin gənclik” sərgisində “Krım seriyaları” (1986) əsərləri ilə çıxış etmişdir. Tahir Məcidov 1991-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1983- cü ildə Xalça Simpoziumunun iştrakçısıdır.

 

 

Tahir Rəsulov

Rəsulov Tahir Qasım oğlu 17 iyun 1954-ci ildə Goranboy rayonunda anadan olmuşdur. O, 1972-ci ildə Əzim Əzimzadə adına Bakı rəssamlıq məktəbini, 1979- cu ildə isə Lvov Dövlət Tətbiqi sənət İnstitunu bitirmişdir. Tahir Rəsulov Dekorativ tətbiqi sənət rəssamı kimi fəaliyyət göstərir. Tahir Rəsulov 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş etdirilib. Tahir Rəsulov respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Tair Tairov

Tairov Tair Rəşid oğlu 30 may 1948-ci ildə Bakıda anadan olmuşdur. O,1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir Tair Tairov 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam 1969-cu ildən Azərbaycanın Milli Dram, Opera və Balet, Rus Dram və Gənc Tamaşaçılar teatrlarında quruluşçu rəssam kimi fəaliyyət gostərmişdir. Rəssam Opera və Balet Teatrının səhnəsində F.Əmirovun “Sevil”, “Min bir gecə”, “Nizami”, C.Verdinin “Travita” operalarına, Donisettinin “Arlekinada”, P.İ.Çaykovskinin “Romeo və Cülyetta”, T.Bakıxanovun “Xəzər balladası”, X.Mirzəzadənin “Ağ və Qara”, Q.Qarayevin “Leyli və Məcnun” baletlərinin səhnə tərtibatının və geyim eskizlərinin müəllifidir. Tair Tahirov bir çox dövlət əhəmiyyətli tədbirlərin Qanlı Yanvar hadisələrinin, M.Dilbazi, S.Vurğun, Ə.Əliyev, Füzuli ildönümü, Prezidentin and içmə mərasimlərinin quruluşçu rəssamı olmuşdur. Tair Tairov 2002-ci ildə Əməkdar rəssamı, 2013-cü ildə Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. O, respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Tamilla Seyidova

Tamilla Əbdürrəhman qızı Seyidova 29 fevral 1940-cı ildə Şəkidə anadan olmuşdur. O, 1958-1963- ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır. 1963-1964- cü illərdə Vilnüs Rəssamlıq İnstitutunda, sonra Sankt Peterburdakı V.Muxina adına Ali sənayə rəssamlıq məktəbində “Şüşə-keramika” ixtisasında təhsilini davam etdirmişdir. 1968-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində pedaqoji fəaliyyətə başlamışdır. Tamilla Seyidova rəngkarıq janrında müxtəlif mövzulu süjetli tablolar yaradır. “Qarabağ şikəstəsi” silsiləsi (1991), “Abşeron” (1982), “Bakının səhəri” (1988), “Sevginin gücü” (1992), “Gənc qız” (1993), “Füzulinin oğluna nəsihəti” (1996), “Rast muğamı” (1997), “Çoban” (1999), “Fələyin çarxı” (2000), “Gələcəyə doğru” (2005), “Duyğu” (2013) və s rəngkarlıq əsərləri məhz bu qəbildəndir. Rəssam potret janrında “Avtoportret” (1977), “Qız portreti” (1992), “Rəssam qadın”, “İlhamə” (1999), “Şah İsmayıl Xətayi” (2001), “Rəsmiyyə xanımın portreti” (2012) əsərlərini qeyd etmək olar. Tamilla Seyidovanın “Şəki. Dağ döşündə” (1978), “Təbiət qoynunda” (1986), “Dağlarda əbədiləşən yaddaş” (1993), “Nərgiz gülü” (1996), “Bəyaz buludlar” (1997), “Yay günü” (2000), “Xəzərim” (2002), “Göygöl” (2005),“İçərişəhərdə” (2006), “Alça ağacı” (2008), “Xəzər” (2014) kimi mənzərə janrında əsərləri vardır. “Payız natürmortu” (1992),“Şamlarla natürmort” (1993), “Çıraq ilə natürmort” (1994), “Yemişlə natürmort” (1998), “Nərgizlər” (2000), “Ədəbiyyatımız və tariximiz” (2005), “Çobanyastığı çiçəyi” (2013) tabloları mənzərə və natürmort jarılarının uğurlu vəhdədini təşkil edir. Tamilla Seyidovanın heykəltaraşlığda ilk əsəri 1963-cü ildə Mikayıl Müşfiqə həsr olunmuş diplom işidir. İri ölçülü heykəllərdən “Şairin portreti” (1962), “Saz çalan qız” (1963), “Nar pərisi” (2013), “Ney sədası” və kiçik plastika “Sürüşən oğlan” (1961), “Ana məhəbbəti” (1962), “Yaşlı qadın” (1963), “Rəfiqələr” (2002) nümunələrinin adını çəkmək olar. Qrafik əsərlərinə “Moyka” (1965), “Belarus motivi” (1967), “Keçi” (1967), “Bayquşlar” (1968), “Sevgi” (1970), “Zemfiranın portreti” (1972), “Bəstəkar Azər Rzayev” (1990), “Neft mədənlərində” (1996), “Alim Lütfizadənin portreti” (1999) nümunədir. 1978-ci ildə SSRİ Rəssam İttifaqına qəbul olunmuşdur. 1963-cü ildə “Bizim müasirimiz” respublika sərgisində, 2010-2013- cü illərdə Trabzon şəhərində keçirilən qadın rəssamların Beynalxalq festivalında iştirak etmişdir. Onun əsərləri ölkə və xarici muzeylərində, eləcədə Azərbaycan, Amerika, Çin, Mərakeş, Türkiyə, Almaniya, Rusiyada şəxsi kolleksiyalarında saxlanılır.

 

 

Tamilla Qurbanova

Qurbanova Tamilla Arif qızı 29 aprel 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1980-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin heykəltaraşlıq fakültəsini, 1986-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Sənaye qrafikası fakültəsini bitirmişdir. O, 2005-ci ildən Rəssamlar İttifaqının üzvüdür. Tamilla Qurbanovanın 2012-ci ildə fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. Rəssam 2000-ci ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Tatyana Ağababayeva

Ağababayeva Tatyana Odtekin qızı 29 noyabr 1953-cI ildə Qazaxstanın Alma- Ata şəhərində anadan olmuşdur. O, 1975-ci Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1982-ci ildə V.İ.Muxina adına Leninqrad Ali Rəssamlıq-Sənaye məktəbini, 1967-ci ildə V.Muxina adına Leninqrad Ali Rəssamlıq İnstitutunu bitirmişdir. Tatyana Ağababayeva Batikanın Azərbaycanda inkişafı istiqamətində önəmli rolu olan rəssamlardan biridir. O, ölkəmizdə sənətin bu növündə yüzlərlə əsər yaratmış yeganə rəssamdır. Onun “Gecə” (1994), “Venesiya” (1999), “Yasəmən” (2002), “Şərq və Qərb” (2003), “Xəzərin qoruyucu mələyi” (2003), “Barama qurdu alleqoriyası”, “Dəfnə” (1999), “İçəri şəhər” (2006), “Əks olunmuş dünya” triptix (2008) əsərlərini qeyd etmək olar. Tatyan Ağababayeva 1991-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1976-cı ildən etibarən Ümumittifaq, beynəlxalq və respublika sərgilərinin fəal iştirakçısı olmuşdur. Rəssamın 1991-ci ildən 2009-cu ilə kimi beş fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Onun əsərləri, Gürcüstan, Almaniya, Amerika, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Telman Abbasov

Abbasov Telman Mürsəl oğlu 16 fevral 1956-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1976-cı ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. Rəssam 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1993-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində əvvəl müəllim, baş müəllim 2000-ci ildən dosent vəzifəsində işləmişdir. Rəssam beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Telman Abbasovun əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. O, 1975-ci ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Telman Abdinov

Abdinov Telman Manaf oğlu 1 iyul 1954-cü ildə Naxçıvan MR Şahbuz rayonunda anadan olmuşdur. O, 1978-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirmişdir. Rəssam 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Telman Abdinov Bakı, Paris, Moskva, Təbriz, Sankt-Peterbuq, Daşkənd, Düşənbə, Tblisi və başqa ölkələrdə keçirilən sərgilərin iştirakçısıdır. O, 2002-ci ildə Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. Rəssam 1979-cu ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Telman Babayev

Babayev Telman Məmməd oğlu 9 iyul 1941-ci ildə Bakıda anadan olmuşdur. O, 1959-1964- cü illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini, 1962-1968- ci illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunun Memarlıq fakültəsində təhsil almışdır. Telman Babayev 1972-ci ildə Azərbaycan Memarlıq İttifaqının, 2005-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1996-cı ildə Azərbaycan Dövlət Ali Məktəbində rəssamlıq və memarlıq sahəsində pedagoji fəaliyyət göstərmişdir. Telman Babayev 1993-cü ildə Sumqayıt şəhərinin Tarixi muzeyində fərdi sərgisi keçirilmişdir. Rəssam “Novruz-2001” (2001, V.Səmədova adına sərgi salonu), Heydər Əliyevin 75 illiyinə həsr edilmiş sərgidə, “8 mart qadınlar bayramı”, “Novruz bayramı”, “Qarabağ”, Dünya Azərbaycanlılarının Bakıda keçirilən konqresində təşkil olunmuş sərgilərdə iştirak etmiş və müsabiqələrin qalibi olmuşdur. Onun 75-dən yuxarı rənkarlıq tabloları ABŞ, Avstraliya, Almaniya, Türkiyə, Polşa və İsraildə şəxsi kolleksiyalarda saxlanılır.

 

 

Telman Qafarov

Qafarov Telman Həsən oğlu 24 mart 1940-cı ildə Gəncədə anadan olmuşdur. O, 1965-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirmiş, 1965-1972- ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Telman Qafarovun “Baykal gölü”, “Sakit okean”, “Qarabağın Daşbaşaltı kəndi” əsərlərindən geyd etmək olar. Telman Qafarov 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam Gürcüstanda keçirilən Beynəlxalq Biennalın qızıl medalına layiq görülmüşdür. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Təbriz Abdullayev

Abdullayev Təbriz Fətulla oğlu 21 yanvar 1955-ci ildə Neftçala çəhərində anadan olmuşdur. O. 1979-cu ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini, 1985-ci ildə Kiyev Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq fakültəsini bitirmişdir. Təbriz Abdullayev 1986-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun əsərləri Rusiyada, İranda, Türkiyədə, ABŞ-da, Kanadada, Yaponiyada nümayiş edilmişdir. Rəssam “Cənub şəhərində bir gün”, “İmprovizasiya”, “Yay”, “Günorta”, “Harmoniya”, “İnteryer”, “Əhval-ruhiyyə”, “Gün” adlı əsərlərin müəllifidir. Təbriz Abdullayevin 2002-ci ildə fərdi sərgisi keçirilmişdir. Təbriz Abdullayev 2007-ci ildə Əməkdar rəssam adına layıq görülmüşdür. O, “Ölkənin gəncliyi” (Moskva, 1987), “Azərbaycan İncəsənəti” (Fransa, 1988; Danimarka, 1990), “Gənc Azərbaycan Rəssamlarının əsərləri” (İstanbul, 1995) , “20 Azərbaycan Rəssamı” (Paris, 2004) adlı sərgilərdə iştirak etmişdir.

 

 

Tələt Şıxəliyev

Şıxəliyev Tələt Ağalar oğlu 1 may 1928-ci il Masallı rayonunun Digah kəndində anadan olmuşdur. O, 1951-ci ildə Azərbaycan Dövlət Rəsm məktəbini, 1960-ci ildə Kiyev Dövlət rəsm akademiyasını bitirmişdir. Tələt Şıxəliyev 1962-ci ildən dünyanın bir çox ölkələrində keçirilən sərgilərdə iştirak etmişdir. İlk fərdi sərgisi 1976-ci ildə Vəcihə Səmədova adına sərgi salonunda keçirilmişdir. Rəssam 1972-ci ildə öz dəsti xəttini tapır, o palitrasında qızılı sarı və dinamik yaxmalardan (mazok) istifadə etmişdi. Rəssam yaradıcılığında portret janrına üstünlük verir. Onun ilk əsərlərindən “Güzgü ilə qız” (1968), “Qız qalası” (1971) əsərlərin adlarını qeyd etmək olar. Tələt Şıxəliyev “Yol” (1958), “Roza” (1969), “Natürmort” (1970), “Portret” (1971), “Brijatyuk” (1972), “Kəlin kəlləsi” (1973), “Qadın portreti” (1973), “Xoruz ilə oğlan” (1975), “Oğlumun portreti” (1976), “Analıq” (1976), “Həkimin qəbulunda” (1978), Yelləncəkdə (1978), “Gül ilə qız” (1980), “Şeydanın portreti” (1984), “Molla Nəsrəddinin Lətifələri” (1986), “Tütək çalan oğlan” (1986), “Avtoportret” (1974; 1985) və s əsərlərin müəllifidir. Tələt Şıxəliyev 1964-cu ildə Azərbaycan və SSRİ Rəssamlar İttifaqının üzvü seçilmiş, 1982-ci ildə isə Əməkdar rəssam fəxri adına layıq görülmüşdür. Tələt Şıxəliyev 1987-ci ildə vəfat etmişdir.

 

 

Təvəkkül Abbasov

Abbasov Təvəkkül İbrahim oğlu 9 iyun 1949-cu ildə Xanlar şəhərində anadan olmuşdur. O, 1970-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirmişdir. Təvəkkül Abbasov 1991-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. O, 1972-ci ildən respublika və beynəlxalq qrup sərgilərin fəal iştirakçısıdır.

 

 

Tofiq Əliyev

Əliyev Tofiq Əli oğlu 29 dekabr 1943-cü ildə Bakıda anadan olmuşdur. O, 1963- cü ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbini bitirmişdir. Rəssamın əsərlərinin əksəriyyəti qədim milli məcməyi formasında döymə və oyma texnikasında işlənmişdir. Tofiq Əliyev 1986-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Dekorativ Tətbiqi Sənət rəssamı Byennal, beynəlxalq qrup sərgilərin fəal iştirakçısıdır. Tofiq Əliyev 1991-2005- ci illərdə Azərbaycan Rəssamlar İttifaqının İstehsalat Yaradıcılıq Kombinatında baş rəssam vəzifəsində çalışmışdır. O, 1997-ci ildən Respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş etdirilmişdir.

 

 

Tofiq Ağababayev

Tofiq Ağababayev 8 sentyabr 1928-ci ildə Bakıda anadan olmuşdur. 1946-1951- ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil almışdır. 1953-1959 Baron Ştiqlits adına Rəssamlıq Akademiyasının (keçmiş V.Muxina adına ali- sənaye rəssamlıq məktəbi) keramika – şüşə fakültəsində təhsilini davam etdirmişdir. Həmin illərdə yaradıcılığa başlayan rəssam dekorativ, monumental rəngkarlıq janrlarında fərqli əsərlər yaratmışdır. 1960-ci illərdə keramika sənəti üzrə bir sıra əsərlər yaratmışdır. Onun “Azərbaycan lirikası” adlı keramik triptixi (Dövlət Statistika Komitəsinin, Memarlıq və İnşaat Universitetinin idman salonunda mozaik işləri) onun ilk yaradıcılıq işlərindəndir. 1962-1970- ci illər rəssam ozunu monumental sənətdə sınayir. Tofiq Ağababayev əsərlərində milli kolorit, əsl azərbaycanlı ruhu duyulan bir rəssamdır. Novruzun gəlişini əks etdirən “Bahar” mozaik lövhəsi buna sübutdur. Tofiq Ağababayev Bakı Dövlət Sirkinin interyeri bəzəyən “Azərbaycan sirki” mozaik lövhəsini yaradıb. Bundan başqa “Abşeron qoruğu”, ”Bakı nefti cəbhəyə”, ”Meşəbəyi”, “Torpağın nəfəsi”, “May”, “1945-ci il, Bakı” və s. kimi əsərlər yaradıb. Tofiq Ağababayev dəzgah rəngkarlığı və qrafik janrlarda da işləyib. 1966-cı ildə Tofiq Ağababayev Bakı şəhərinin ilk baş rəssamı vəzifəsində işləmişdir. Bakı Soveti binasının üzərindəki gerbin bərpası, bəzi heykəllərin yerləşdirilməsi, şəhərimizin simvolik açarının düzəldilməsi və s. işlər onun adı ilə bağlıdır. Tarixi janrında olan portretlər arasında “Məhəmməd Füzuli” (1996) və “Şah İsmayıl Xətai” (2000) əsərlərinin adını çəkmək olar. Onun çəkdiyi “Sofi Həmid” (2000) və “Allahu-əkbər” (2001), “Nardaran piri” lövhələrində dini dəyərlərin tarixiləşən məqamlarına bədii görüntü verilib. Rəssamın işləri rəng cəhətdən çox millidir. Belə əsərlərdən “Ümid rəngləri”, “Sözsüz”, “Yaz mahnısı”, “Şərq motivi”, “Yaz nəfəsi” kimi əsərlərin adlarını çəkmək olar. Fərdi sərgiləri V.Səmədova adına sərgi salonu (1994), Baki mədəniyyət sərgi salonu (1996), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetin sərgi salonu (1977), eləcədə Moskvada (2002) keçirilib. Tofiq Ağababayevin əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Rəssamlar İttifaqının fondunda, ABŞ, İngiltərə, Kanada və bir çox başqa ölkələrin muzeylərində, şəxsi qalereyalarda saxlanılır. Tofiq Ağababayevin yaradıcılığı dövlət tərəfindən daima qiymətləndirilmiş, 1981- ci ildə Azərbaycan Respublikasının “Əməkdar ali məktəb işçisi”, 1992-ci ildə Azərbacan Respublikasının “Əməkdar incəsənət xadimi”, 2006-cı ildə isə Azərbaycan Respublikasının Xalq rəssamı adlarına layiq görülmüşdür.

 

 

Tofiq Cavadov

Cavadov Tofiq 1925–ci ildə Bakı şəhərində anadan olmuşdur. 1945-1948–ci illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. O, 1948-1952- ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsində təhsil almışdır. Rəssamın ilk fərdi yaradıcılıq dövrü elə həmin illərə təsadüf edir. Onun 1953-1954- cü illərdə yaratdığı “Xalça ilə natürmort” və “Balıq stol üstündə” əsərləri kolorit və kompozisiya quruluşuna görə diqqət çəkir. Tofiq Cavadov təkcə “Abşeron məktəbi”nə aid olan rəssamlar sırasında deyil, həmin dövrdə Azərbaycan təsviri sənətinin realist rəssamlarından biri olmuşdur. Rəssamın yaradıcılığında istər Bakının dəyişən siması və sənaye obyektləri, istərsə də adi məişət səhnələri, mənzərə və natürmortları dəqiq əks olunmuşdur. 1950-ci illərin ikinci yarısından etibarən Tofiq Cavadov forma və məzmun axtarışlarında yeni mərhələyə – sərt və ekspressiv realizm və ya daha dəqiq desək, neorealizm dövrünə keçid almışdır. Bu dövrün məhsulu olan “Neftçilər” (”Növbədən gələnlər”), “Sənaye mənzərəsi”, “Operatorçu qız”, “Neftçi”, “Poladəridən sexdə”, “Poladəridənin portreti” kimi əsərləri kompozisiya quruluşunun dinamikliyi və ekspressivliyi ilə seçilir. 1958-1959- cu illər arası Tofiq Cavadov “Neft daşları”na həsr olunmuş özünün proqram xarakterli “Neftçilər” (”Növbədən gələnlər”) panno-tablosunu yaratmışdır. Azərbaycan rəngkarlığına sərt realizm gətirmiş bu tablo milli təsviri sənəti tarixində neft mövzusuna həsr olunmuş ilk böyük əsərdir. Rəssamın industrial motivli mənzərələrinə “Lökbatan”, “Sənaye mənzərəsi”, “Çənlər”, “Sexdə” və bu kimi bir sıra əsərlər daxildir. Abşeron mənzərələri rəssamın yaradıcılığında əsas yer tutur. “Buzovnada küçə”, “Kənd mənzərəsi”, “Buzovna aşırımı” kimi silsilələri buna nümunədir. Rəssamın monumental portretləri neorealistikdir. Onun bir çox natürmort və mənzərələri kimi portretləridə tünd rənglərlə haşiyələnmişdir. Rəssamın portretlər silsiləsinə fəhlə obrazları da daxildir. Fəhlə obrazları onun digər portretləri ilə müqayisədə daha sərtdir. “Tofiqin portreti”(1958-1959), “Poladəridənin portreti” (1958-1959), “Fəhlə portreti” (1950-ci illərin sonu) kimi əsərlər buna nümunədir. Portretlər sırasına Tofiqin “Avtoportret”i dramatizminə görə fərqlənir. Rəssam 1960-cı illərin əvvəllərində “Şamamalarla natürmort” tablosunu işləmişdir. Rəssam 1950-ci illərin sonu 60-cı illərin əvvəllərində kubofuturistik eksperimentlərinin nəticəsində “Natürmort“ (“Dəmir qablarla natürmort”), “Portret“ (“Avtoportret”), “Həvəngdəstə ilə natürmort”, “Armudlarla natürmort”, “Uşaq portreti”, “Külək” kimi əsərlərini işləmişdir. Tofiq Cavadovun yaradıcılığının sonuncu tablosu “Külək”(1963) əsəri olmuşdur. Tabloda sərt Abşeron küləyinə qarşı hərəkət edən bir qrup qadın təsvir olunmuşdur. Tofiq Cavadov 1963-cü ildə vəfat etmişdir.

 

 

Tofiq Məmmədov

Məmmədov Tofiq Məmmədağa oğlu 27 fevral 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Rəssam 1972-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbini bitirmiş, 1984-1988- ci illərdə M.A.Əliyev adına Dövlət İncəsənət İnstitutunda təhsil almış, ailə vəziyyətinə görə təhsilini başa vurmamışdır. Tofiq Məmmədov 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 2006-cı ildən Azərbaycan Karikaturaçılar Birliyinin üzvüdür. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmşdir. Tofiq Məmmədov 1986-cı ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Toğrul Nərimanbəyov

Toğrul Fərman oğlu Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakıda anadan olmuşdur. 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə Litva Dövlət İncəsənət İnstitutunu bitirmişdir. T.Nərimanbəyovun romantik aspektdə işlənmiş tabloları gərgin ritm və ekspressiv əlvanlığı ilə zəngindir. Rəssamın yaradıcılığı abstraksionizm və figuratizm uslubuna aid edilir. Mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi və özünəməxsus üslubu ilə səciyyələnmişdir. Fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ Azərbaycan incəsənətinin rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlı olmuşdur. Toğrul Nərimanbəyov insanların daxili aləminin təsvirini verən portretləri öz orijinallığı ilə seçilmişdir. Ayrı-ayrı tamaşalara verdiyi bədii tərtibatlarla Azərbaycan teatr rəssamlığının dəyərli nümunələrini yaratmışdır. Rəssamın Monumental boyakarlıq və divar rəsmi janrında işlənmiş tabloları xəlqilik ruhu ilə seçilir. Portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi əsərləri dünyanın sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində uğurla nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır. T.Nərimanbəyovun “Xəzər üzərində şəfəq”, “Baltika balıqçıları” tablolarında gənc entuziastların romantik obrazları əks olunmuşdur. “Emalatxanada”, “S.Bəhlulzadə” (1959), “Mahnı”, “Məhsuldarlıq”, “Polyaçka”, “Sevinc”, “Musiqiçilər” (1965) lirik lövhələrində işıqlı həyati anlar əks olunmuşdur. T.Nərimanbəyov Azərbaycan və dünya incəsənətinin ən yaxşı ənənələrinə əsaslanaraq “Baku” (1965),“Göyçay bağlarında” (1965), “Bahar yarmarkası”, “Narlar və armudlar” (1961), “Bayram qabağı” (1971), “Çiçəklər”, “Köhnə çinar”, “Qız qalası”, “İçərişəhər xatirələri” (2009) natürmort və peyzajları üzərində işləmişdir. T.Nərimanbəyov 1967-ci ildə Azərbaycan SSRİ Xalq rəssamı, 1989-ci ildə SSRİ Xalq rəssam adlarına layiq görülmüşdür.1980-ci ildə SSRI mükafatı, 1974-ci ildə Azərbaycan SSRİ Dövlət mükafatı almış, 2000-ci ildə “İstiqlal”, 2010-ci ildə “Şərəf” ordenləri ilə təltif olunmuşdur. Azərbaycanın dünya şöhrətli rəssamı Toğrul Nərimanbəyov 2 iyun 2013-cü ildə Parisdə vəfat etmiş, şəhərin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunmuşdur.

 

 

Tokay Məmmədov

Tokay Məmmədov 1927-ci ilin iyulun 18-də Bakıda anadan olmuşdur. Anası Zivər xanım Azərbaycanın ilk qadın heykəltəraşıdır. 1942-ci ildə Tokay Məmmədov Bakı Rəssamlıq Məktəbinə daxil olmuş və ilk milli heykəltəraşımız F.Əbdürrəhmanovdan sənətin sirlərini oyrənmişdir. 1945-ci ildə Tokay Məmmədov Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin üçüncü kursunu bitirdikdən sonra, İ.E.Repin adına Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnistitutunun heykəltəraşlıq fakültəsinə qəbul olmuşdur. Burada görkəmli rus sənətkarları V.Senayski, A.Matveyev və M.Kerezindən dərs almışdır. Ali təhsil aldığı dövrdə, yəni 1947-ci ildə Azərbaycanın xalçaçı rəssamı Lətif Kərimovun portret büstünü hazırlamışdır. Tokay Məmmədov 1948-ci ildə Moskvada təşkil edilmiş sərgidə rus şərqşünaslığının banisi, Mirzə Kazımbəyin portretini nümayiş etdirmişdir. 1951-ci ildə ali təhsilini başa vuran Tokay Məmmədovun yaratdığı diplom işi “26 Bakı Komissarları”na həsr edilmişdir. Dörd fiqurdan ibarət kompozisiyada Bakı kommunasının rəhbərləri təsvir olunmuşdur. Tokay Məmmədov ali təhsilini bitirdikdən sonra Leninqrad şəhərində heykəltəraş kimi işə başlayır və Leninqrad Rəssamlar İttifaqının üzvü seçilir. Heykəltəraş Bakıya qayıtdıqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq məktəbində pedaqoji fəaliyyətə başlamişdir. T.Məmmədov bir çox şairlərin, alimlərin, sadə əmək adamlarının, dövlət xadimlərini və öz sənət dostlarının büst portretlərini yaradıb. O, 1953-cü ildə ilk dəfə ağacdan Azərbaycanın klassik şairi Nizami Gəncəvinin portretini yonub. Heykəltəraşın yaratdığı “Nizami Gəncəvi” portreti 1955-ci ildə Varşavada Gənclərin Beynəlxaq Ümumdünya sərgisində nümayiş etdirilmişdir. Əsər hazırda şairin adını daşıyan Ədəbiyyat Muzeyində qorunub saxlanıraq nümayiş olunur. Azərbaycan heykəltəraşlığında ağac materialdan ilk dəfə olaraq Tokay Məmmədov istifadə etmişdir. Sənətkar müxtəlif illərdə ağac materialdan bir çox şairlərin, dövlət xadimlərinin və sadə əmək adamlarının portretlərini yaradır. Bu qəbildən onun “Səməd Vurğun”, Xalq rəssamı “Qəzənfər Xalıqov”, dövlət xadimi, həkim və yazıçı “Nəriman Nərimanov”, sadə iş adamı “Şirəli Müslümov”və b. portretlərini qeyd etmək olar. Heykəltəraş həmçinin mərmər, tunc, gips materiallardan portret işləmişdir. Bu nümunə kimi Üzeyir Hacıbəyov, Rüstəm Mustafayev, Vəcihə Səmədova, Süleyman Rəhimov, F.Şopen və V.A.Motsartın büst portretlərini qeyd etmək olar. Heykəltəraşın yaradıcılığı monumental heykəllərlə zəngindir. Tokay Məmmədovun monumental obrazları Azərbaycanın şairləri, alimləri, dövlət xadimləri və qəhrəmanlarının surətlərini yaşadır. Tokay Məmmədovun Bakıda ucaldılan bəstəkar Üzeyir Hacıbəyov (1960). (Azərbaycan Dövlət Musiqi Akademiyasının binası qarşısı), Məşədi Əzizbəyov (1976) monumental heykələrinin adlarını çəkmək olar. Onun monumental heykəlləri yaradıcılığına Azərbaycan şairi “İmaməddin Nəsimi” və “XI qızıl Ordu” (indiki “20 yanvar” meydanında yerləşirdi) abidələrini də əlavə etmək olar. T.Məmmədov bir neçə qəbirüstü abidənin də müəllifidir. O Mir Möhsün Nəvvab (1956-ci il, Şuşa), Bülbülün qəbirüstü abidələri üzərində işləmişdir. 2012-ci ildə Bakı şəhərində ucaldılmış Koroğlu abidəsinin müəllifi də T.Məmmədovdur. 1962-ci ildə Əməkdar İncəsənət Xadimi, 1973-cü ildə isə Xalq rəssamı fəxri adına layiq görülmüşdür. 1975-ci ildə SSRİ Rəssamlar Akademiyasının müxbir üzvü seçilmişdir. 1963-ci ildə Bakı şəhərində (Ö.Eldarovla birlikdə) yaratdığı M.Füzulinin abidəsinə görə SSRİ Rəssamlar Akademiyasının gümüş medal ilə mükafatlandırılmışdır. Tokay Məmmədov yaratdığı işlərə görə 1978-ci ildə SSRİ Dövlət Mükafatı, 1982-ci ildə isə Azərbaycan Dövlət Mükafatına layiq görülmüş həmçinin “Şərəf nişanı”, “Xalqlar dostluğu”, “Şöhrət” ordenləri ilə təltif olunmuşdur.

 

 

Ülvi Abdullayev

Abdullayev Ülvi Fərhad oğlu 18 iyul 1974-cü ildə Bakıda anadan olmuşdur. O, 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetini bitirmişdir. Ülvi Abdullayev 1996-cı ildən Azərbaycan Dizaynerlər İttifaqının, 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Ülvi Abdullayev “Ekologiya”, “Tarixi abidələrin qorunması”, “Novruz”, “Sosial və siyasi problemler” mövzularında plakatlar və kompozisiyalar yaratmışdır. Rəssam “Azərbaycan bu gün” (1993-2003), “İşıqlı gələcəyə doğru” (2002), “Narkomaniya və narkotiklər ilə mubarizə” adlı plakat müsabiqələlərin iştirakçısıdır. O, 1994-ci ildən bu günə kimi müxtəlif sərgi və müsabiqələrin fəal iştirakçısıdır. Rəssam iştirak etdiyi plakat müsabiqələrində diplom və mükafatlara layiq görülmüşdür.

 

 

Umuxanım Mehdiyeva

Mehdiyeva Umuxanım Yaqub qızı 8 iyun 1954-cü ildə Bakıda anadan olmuşdur. O, 1971-1976- cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Umuxanım Mehdiyeva 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam İnstitutu bitirdikdən sonra “Maarif” nəşriyyatında redaktor, 1983-cü ildən Bakı Dövlət İncəsənət Gimnaziyasında müəllim kimi fəaliyyət göstərir. Dekorativ Tətbiqi sənət rəssamı respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Valentina Ağababayeva

Ağababayeva Valentina Aleksey qızı 5 oktyabr 1927-ci ildə Rusiyanın Stavropol vilayətində anadan olmuşdur. O, 1949-cu ildə Alma-Ata Dövlət Teatr-Rəssamlıq məktəbini bitirmişdir. Plakatçı rəssam 1955-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 2001-ci ildə fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Rəssam beynəlxalq byennal, simpozimlarda beynəlxalq qrup sərgilərdə iştirak etmiş və keçirilən bir çox plakat müsabiqələrin qalibi, diplomantı olmuşdur. Rəssamın əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. Valentina Ağababayeva 1966-cı ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. O, 1966-cı ildən “Sarsılmaz dostluq” plakatına görə SSRİ Rəssamlar İttifaqının (Moskva) katibliyinin diplomu, “Sülh və Əmək” plakatlarına görə Respublika müsabiqəsinin (Azərbaycan) ikinci mükafatı, 2003- cü ildə “Azərbaycan bu gün” müsabiqəsində “Evə” plakatına görə sertifikata layiq görülmüşdür. Valentina Ağababayeva 2001-cı ildə V.Səmədova salonunda fərdi sərgisi keçirilmişdir. O, 1956-cı ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. Rəssam “Qaçqınlar” (1989), “Bazar” (1998), “Füzüli” (1998), “Şəhərdə ağaclar” (1980), “Uşaqlar və it” (1989), “İki qadın” (1987), “Bihuşdarı” (1988), “Falçı” (1988), “Novuz” (2007), “Göy quşun dalınca” (2010) və.s rəngkarlıq əsərlərinin müəllifidir. Valentina Ağababayeva “Sarsılmaz dostluq” (1964), “Uşaqlara sülh lazımdır” (1967), “Daha çox pambıq” (1988), “İncəsənət əbədidir” (1996), “Qadınlar sülh uğrunda mübarizədə” (2001), “Evə” (2003) kimi plakatları vardır. Rəssamın əsərləri Azərbaycanda və xarici ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

 

 

Vaqif Ağayev

Ağayev Vaqif Xosrov oğlu 18 aprel 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1968-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1976-ci ildə isə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutun dəzgah qrafikası fakültəsini bitirmişdir. O, qrafika rəssamı kimi fəaliyyət göstərmişdir. Vaqif Ağayev 1977- 2000-ci illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rəssamlıq fakültəsinin dekanı, 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəssamlıq fakültəsinin dekanı olmuşdur. O, Azərbaycanın Əməkdar rəssamıdır. Vaqif Ağayev respublika və beynəlxalq sərgilərin fəal iştirakçısı olmuşdur. O , 1979-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

 

 

Vaqif Məmmədov

Məmmədov Vaqif Həsən oğlu 5 noyabr 1941-ci ildə Bakıda anadan olmuşdur. O, 1968-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirmişdir . Vaqif Məmmədov 1975-ci ildən SSRİ Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam Beynəlxalq Byennal, Simpoziumların beynəlxalq qrup sərgilərin iştirakçısıdır. Vaqif Məmmədov “Volebol”, “Aerodrom”, “Muğam”, “Böyük neft”, “Torpaq”, “Pirşağı dənizi”, “Şamaxı”, “Sükut” adlı əsərlərin müəllifidir. Əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş etdirilmişdir. O, 1972-ci ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Vaqif Nəzirov

Nəzirov Vaqif Osman oğlu 12 may 1940-cı ildə Gədəbəy rayonunda anadan olmuşdur. Rəssam 1960-cı ildə Əzim Əzimzadə adına Bakı rəssamlıq məktəbini, 1967-ci ildə isə Tiflis Dövlət Rəssamlıq Akademiyasını bitirmişdir. O, 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Vaqif Nəzirov 1968-ci ildə Sumqayıt şəhərində baş rəssam vəzifəsində çalışmışdır. Rəssam Sumqayıt şəhərində qoyulan bir çox abidələrin müəllifidir. O, beynəlxalq qrup sərgilərin fəal iştirakçısıdır. Monumentalist rəssamın əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. O, 1969-cu ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Vaqif Ucatay

Vaqif Hüseyn oğlu Ucatay 1955-ci ildə Dəvəçi rayonunda anadan olmuşdur. 1972-ciildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olmuş,1978-ci ildə diplom işi olan “Doğmalıq” adlı tablosunu çəkmişdir. 1981-ci ildə Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasının boyakarlıq fakültəsinə daxil olmuşdur. Rəssam 1982-ci ildə II Dünya müharibəsi zamanı Leninqrad vuruşmalarına həsr edilmiş “İnam işığı” tablosunu çəkmişdir. Vaqif Ucatay 1987-ci ildə Akademiyadakı təhsilini “Nizami işığında” adlı tablosunu işləməklə bitirmişdir. O, 1998-2000- ci illərdə Əziz Şərifin portretini işləmişdir. Aqif Ucatay 1990-cı illərdən karikatura ilə məşğul olmağa başlamışdır. Əsərləri bir sıra kitab və jurnallarda çap olunnuşdur. Rəssam 1993-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq Kollecində pedaqoq-rəssam kimi fəaliyyət göstərmişdir. Bir çox sərgilərin və müsabiqələrin iştirakçısıdır. 2007-ci ildə fərdi sərgisi açılmişdır. 2006-cı ildən Azərbaycan “Karikaturaçı Rəssamlar Birliyi”nin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. Vaqif Ucatayın 2009-cu ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqrım mövzusunda 33 rəsmdən ibarət fərdi sərgisi keçirilmişdir.

 

 

Veronika Şəmsiyeva

Şəmsiyeva Veronika İvan qızı 2 may 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. R əssam 1980-ci ildə Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunun bədii–qrafika fakültəsini bitirmişdir. Veronika Şəmsiyeva 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın dəfələrlə fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. Rəssam respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Vəcihə Səmədova

Səmədova Vəcihə Əli qızı 1924-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, təhsilini 1939-1944- cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda almışdır. Daha sonra, Vəcihə Səmədova V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna qəbul olmuş və V.Yakovlev və P.Korinindən dərs almışdır. Rəssam 1951-ci ildə tamamladığı diplom işi “Azərbaycan bəstəkarları” əsəri olmuşdur. Vəcihə Səmədova Azərbaycanın ilk peşəkar qadın rəngkarı sayılır. Rəssamın yaradıcılığı forma və məzmun dolğunluğuna, mövzuya sərbəst yanaşma ustalığı və kompozisiya quruluşuna, zəngin kolorit həllinə, ritmik rəng keçidlərinə, dinamik plastika və işıq-kölgə münasibətlərinə görə seçilir. Onun portret əsərlərinə misal olaraq “Avtoportret”, “Aktrisa Leyla Bədirbəylinin portreti” , “Sürəyya Kərimovanın portreti”, “Söhbət İbrahimovanın portreti”, “Gənc skripkaçı”, “Geoloq Minurə Məmmədbəylinin portreti” və digərlərini göstərmək olar. Rəssamın tematik tablolarından “Mahnı”, “Toy günü”, “Nişan aparanlar”, “Kür qırağında”, “Xəbər gözləyənlər”, “İmtahandan əvvəl”, “Gözləmə” diqqəti cəlb edir. Onun ən yaddaqalan əsərlərindən “Kür qırağında” tablosu mürəkkəb kompozisiya quruluşuna və dərin bədii ifadə həllinə malikdir. Mənzərə əsərlərindən “Qoşqar yaylağında”, “Göy göl”, “Kəpəz”, “Kür sahillərində”, “Zığ”, “Çadırlar” və s. qeyd etmək olar. Vəcihə Səmədovanın 1962-ci ildə Bolqarıstana yaradıcılıq ezamiyyəti yeni istiqamətin inkişafına təkan verir. Rəssamın bu silsiləyə daxil olan əsərlərinə “Sofiya bazarında”, “Qoca bolqar qadınları”, “Plovdiv qayaları”, “Türk qızı”, “Tırnovo”, “Sozopolun dənizdən görüntüsü ” və başqalarını qeyd edə bilərik. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Vəcihə Səmədovanın yaradıcılığına həsr olunmuş “Azərbaycan rəngkarlığının kraliçası” sənədli filmi çəkilmişdi. Vəcihə Səmədova Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətinin üzvü və rəngkarlıq seksiyasının sədri olmuş (1960), Azərbaycan SSRİ Əməkdar İncəsənət Xadimi (1965) adına layıq görülmüşdür. 1965-ci ildən Azərbaycan Rəssamlar İttifaqının sərgi salonu Vəcihə Səmədovanın adını daşıyır. Vəcihə Səmədovanın 1962-ci ildə Azərbaycan SSRİ Mədəniyyət Nazirliyinin sərgi salonu, 1967-ci ildə Vəcihə Səmədova adına sərgi salonlarında fərdi sərgiləri keçirilmişdir. 1973-cü ildə V.Səmədova və L.Feyzullayevin sərgisi (Mərkəzi sərgi zalı, Moskva, Rusiya), 2005-ci ildə V.Səmədovanın 80 illik, L.Feyzullayevin 85 illik yubileyinə həsr olunmuş sərgiləri keçirilmişdir. V.Səmədovanın əsərləri Vyana, Qahirə, Beyrut, Pekin, Varşava, Budapeşt, Sofiya və digər dünya şəhərlərində sovet incəsənəti təmsil edən beynəlxalq sərgilərdə dəfələrlə nümayiş olunub. Vəcihə Səmədova 25 oktyabr 1965-ci ildə Bakıda vəfat etmişdir

 

 

Vəfa Allahyarova

Allahyarova Vəfa İbrahim qızı 1965 –ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1984- cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1990-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirmişdir. Vəfa Allahyarova 1990-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunuda 2000-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoq- rəssam kimi fəaliyyət göstərir. Vəfa Allahyarova 1991-ci ildən Rəssamlar İttifaqının üzvüdür. O, ”Vəfa” ədəbi-bədii, elmi-publisistik jurnalının baş rəssamıdır. Dəfələrlə fərdi sərgilərini keçirilib, yerli və beynəlxalq sərgilərin iştirakçısıdır. Vəfa Allahverdiyeva “Azərbaycan karikaturası” cəmiyyətinin üzvüdür.

 

 

Vidadi Nərimanbəyov

Nərimanbəyov Vidadi Yaqub Fərman oğlu 13 iyul 1926-cı ildə Fransanın Kann şəhərində anadan olmuşdur. O, 1943-1944- ci illərdə Əzim Əzimzadə Rəssamlıq Texnikumuna daxil olmuş əsgərlik xidmətini bitirdikdən sonra 1950-1953- cü illərdə isə təhsilini davam etdirmişdir. 1953-1956- ci illərdə – V.Muxina adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbini, 1960-ci ildə Tbilisi Rəssamlıq Akademiyasını bitirmişdir. V.Nərimanbəyov tələbə olduğu vaxtlar “Düşmənin sevinci” tablosu ilə şöhrət qazanmışdır. Vidadi Nərimanbəyov sərt uslubda işləmişdir. Onun əsərlərinin əsas qəhrəmanı insandır. Tablolarda onların müxtəlif anları, ovqatları əks olunmuşdur. Vidadi Nərimanbəyovun yalnız keçmiş SSRİ məkanında deyil, Macarıstanda, Çexiyada, Bolqarıstanda, Rumıniyada, Əlcəzairdə, Finlandiyada, bütövlükdə dünyanın 20 xarici ölkəsində fərdi sərgisi olmuşdur. Rəssamın “Bakılılar. 41-ci il” (1970), “Böyük Vətən müharibəsi” (1971), “Yolda” (1963), “Nazifenin portreti” (1965), “Yaddaş” (1967), “Andiçmə” (1969), “Zəncirotu” (1975), “Oğlun portreti” (1972), “Tələbə qız” (1977), “Adsız hündürlüydə” (1978), “Qızı Nigarın portreti” (1970), “Böyük Vətən müharibəsi. Yaddaş” (1977), “İlandağ” (1997), “Uşaqlıq xatirələri” (1998), “Abşeron mənzərəsi” (2000) adlı əsərlərin müəllifidir. Vidadi Nərimanbəyov Azərbaycan SSR Əməkdar rəssamı (1977), Azərbaycan SSR Xalq rəssamı (1982) adlarına layiq görülmüşdür. 2001-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Vidadi Nərimanbəyov 13 dekabr 2001-ci ildə vəfat etmişdir.

 

 

Viktor Tatarintsev

Tatarintsev Viktor 1936-cü ildə Bakıda anadan olmuşdur. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. Rəssamın karikaturaları 1961-ci ildən “İdman”, “Bakı”, “Vişka”, “Bakinski raboçi” və s. qəzətlərdə dərc olunmuşdur. Viktor Tatarintsev 1965-ci ildən “Kirpi” satira-yumor jurnalı ilə əməkdaşlıq etmişdir. Beynəlxalq səciyyəli satirik və məişət karikaturaları, idman yumoru rəssamın əsas yaradıcılıq mövzularının təşkil edir. Axır illərə qədər mətbuatda, xüsusi ilə, “Kirpi” jurnalında çap olunan rəssam öz əsərlərində erməni terrorizmini pisləyir, düşmənə barışmaz mövqeyini göstərir.

 

 

Vsevolod Ternavski

Vsevolod Ternavski 1923-cü ildə anadan olmuşdur. O, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. Rəssam yaradıcılığa 1950-ci illin əvvəllərində karikatura və satirik plakatlar çəkməklə başlamışdır. Vsevolod Ternavski qrafik – İllüstrasiyaçı və karikaturaçı rəssam “Kirpi” jurnalı, “Bakinski raboçi”, “Baku” və başqa qəzetlərdə daim əməkdaşlıq etmişdir.

 

 

Vüqar Muradov

Muradov Vüqar Bilal oğlu 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1986-cı ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirmiş, sonra Mədəniyyət və İncəsənət Universitetinin rəngkarlıq fakültəsində təhsil almışdır. Vüqar Muradov 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın işləri İlk dəfə Rəssamlar İttifaqında təşkil olunan sərgidə nümayiş olunmuşdur. Rəngkarın “Simalar” silsiləsinə aid olan “Muğam”, “Adəm və Həvva”, “Mancanaqlı köhnə neft buruğu” rəsmləri olduqca diqqət çəkəndir. Vüqar Muradov 1998-ci ildə Vaşinqtondakı “Lobbi Qalareyası”nda təşkil olunan “Müasir Azərbaycan rəssamları” sərgisində iştirak etmişdir. 2007-ci ildən Azərbaycan “Karikaturaçı Rəssamlar Birliyi”nin üzvüdür. 2006-cı ildə “Türksoy-9” proyekti çərcivəsində sərgidə, 2008 Danimarkada Beynəlxalq İncəsənət Festivalında iştirak etmişdir. 2007-cı ildə Beynəlxalq FEKO təşkilatının üzv olmuşdur. Vüqar Muradovun 2001-ci ildə Fransanın Azərbaycandakı səfirliyində, 2009-cu ildə Bakıda “VüqART” fərdi sərgisi fərdi sərgiləri keçirilmişdi. Əsərləri Azərbaycan, ABŞ, Fransa, Almaniya, Yaponiya, Lüksemburq, Rusiya, Hollandiya, İran və digər ölkələrdə dəfələrlə nümayiş olunmuş, muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.

 

 

Xalid Kürəbəyov

Kürəbəyov Xalid Əmirşah oğlu 14 yanvar 1940-cı ildə Quba şəhərində anadan olmuşdur. O, 1968-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirmişdir. O, 1991-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam 1968-ci ildən təyinat üzrə 84 №li Texniki-peşə məktəbində pedaqoji fəaliyyət göstərmişdir. O, 1992-ci ildən ümumittifaq, beynəlxalq sərgilərdə əsərləri ilə iştirak edib fəxri fərman və diplomlara layiq görülmüşdür.

 

 

Xalidə Səfərova

Səfərova Xalidə Ələkbər qızı 1926-cı il avqustun 25-də Gəncə şəhərində anadan olmuşdur. Xalidə Səfərova 1944-cü ildə Ə.Əzimzadə adına İncəsənət məktəbini bitirmişdir. Onun təhsil illəri böyük Vətən Müharibəsi ilə üst-üstə düşmüş və valideynləri repressiya olunmuşdurlar. Məktəbdə oxuyarkən gələcək həyat yoldaşı, 56 il boyunca birgə yaşayıb-yaradacağı Mahmud Tağıyevlə tanış olmuşdur. 1946-cı ildə ailə həyatı quran rəssamlar Azərbaycanın bölgələrinə etdiyi səfərlərin hesabatını, 1947-ci ildə Bakıda keçirilən ilk birgə sərgidə vermişdilər. Sərgidə 150-dən çox etüd, mənzərə və natürmort əsərləri nümayiş olunmuşdur. Təqdim olunan əsərləri sırasına “Üç palıd”, “Yağışdan əvvəl”, “Bağda natürmort”, “Üzümlükdə natürmort” kimi işləri xüsusilə qeyd etmək olar. Rəssam 1955-ci ildə Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (VQİK) rəssamlıq fakültəsini bitirimişdir. Xalidə Səfərovun diplom işi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasına çəkilən illüstrasiyalar SSRİ Rəssamlıq Akademiyasının sərgisində, eləcə də VQİK-in yubleyində Praqa və Parisdə nümayiş olunur. Xalidə Səfərova 1960-cı illərdə idman mövzusunu işləmiş və inkişaf etdirmişdir. Rəssam idman mövzusu çərçivəsində futbol oyunları, velosipedçi yürüşü, avarçəkmə təsvirlərindən ibarət çoxfiqurlu kompozisiyalar çəkirdi. Onun “Gimnastlar”, “Estafet”, “Yaxt klub”, “Velosipedçi” (1969) əsərləri buna nümunədir. Onun portretlərindən “Qapıçı”, balerina “Leyla Vəkilovun portreti”, rəssam “Maral Rəhmanzadənin portreti”, rəssam “Mahmud Tağıevin portreti” adlarını çəkmək olar. Rəssamın yaradıcılığının əsasını mənzərə və natürmort janrında çəkilən əsərləridir. Xalidə Səfərovun güllərlə natürmort silsiləsinə “Paızgülü” (1956), “Zinya çiçəyi” (1971), “Bahar çiçəkləri” (1971), “Mommartr gülləri” (1985) kimi əsərləri daxildir. Xalidə Səfərova yaradıcılığının 1970-ci illərin yaddaqalan əsəri “Mənim diyarım” triptixidir. Əsərin mərkəzi “Bürkü”, yan hissələri isə “Səhər” və “Axşam” adlanır. 1985-ci ildə Fransada olarkən rəssam gözəl nümunələr yaratmışdır. Bunların sırasına “Paris. Sakit guşə”, “Gül dükanı”, “Arldə üzüm bağı”, “Pol Sezanın evi”, “Mistral”, “Provansda payız”, “Notr Dam kilsəsindən Paris mənzərəsi” tablolarını aid etmək olar. Yaradıcılığının müxtəlif illərində Xalidə Səfərovanın əsərləri Rusiya,Türkiyə, Rumıniya, Macarıstan, Polşa, Əlcəzair, İsrail və digər ölkələrdə sərgilənmişdir. Xalidə Səfərova Azərbaycanın Əməkdar rəssam (1977), Xalq rəssamı (1989) adına fəxri adlarına layiq görülmüşdür. Xalidə Səfərovanın 1984-cü ildə Bakıda, 1990-cı ildə Moskvada fərdi sərgiləri keçirlmişdir. 2003-cü ildə Fransanın Bakıdakı səfirliyində fərdi sərgisi təşkil olunmuşdur. Xalidə Səfərova 23 dekabr 2005-ci ildə Bakı şəhərində vəfat etmişdir.

 

 

Xanlar Məmmədov

Məmmədov Xanlar Süleyman oğlu 12 dekabr 1945-ci ildə Bakıda anadan olmuşdur. O, 1970-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsini bitirmişdir. Rəssam 1970-ci ildə “Bakı Buxtası” adlı əsərlə ilk dəfə sərgidə iştirak etmişdir. Xanlar Məmmədov 1979-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Xanlar Məmmədovun Macarıstanda (1989), İspaniyada (1992), Polşada (1993), – cü Pakistanda (1994) sərgiləri keçirilmişdir. Onun Türkiyədə (1996), Almaniyada (2003), Bakı İncəsənət Mərkəzində (1996-2008) fərdi yaradıcılıq sərgiləri təşkil olunmuşdur. Xanlar Məmmədov 1995-ci ildən YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasına qəbul olmuşdur. Rəssam 1970-2011- ci illər əlliyə yaxın respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Xanlar Əhmədov

Əhmədov Xanlar Əhməd oğlu 12 iyun 1946-ci ildə Bakıda anadan olmuşdur. O, Ə.Əzimzadə adına Rəssamlıq texnikumu (1961-1966), Daşkənd Teatral-Bədii İnstitutunda (1966-1972) təhsil almışdır. Əsasən dəzgah və monumental heykəltəraşlıq sahəsində işləyən Xanlar Əhmədov bir sıra məşhur monumental layihələrin müəllifidir. Xanlar Əhmədov Xocalı faciəsini əks etdirən silsilə əsərlərini yaradıb. Bu cür heykəltəraşlıq və qrafika əsərləri sırasında “Nalə”, “Ana körpəsi ilə”, “Yanmış qadın”, “Ata fəryadı”, “Fikir”, “Ana”, “Tomris ana”, “Soyunan”, “Leyli və Məcnun”, “Əzimkarlıq” əsərlərini misal çəkmək olar. “Azadlıq prospekti” metro stansiyasında böyük həcmli relyef əsərlərinin müəllifidir. Həmçinin, metronun foyesində Azərbaycan tarixi abidələrini əks etdirən əsərləri yaradıb. Xanlar Əhmədov 1975-ci ildə SSRİ Rəssamlar İtifaqının üzvü olmuşdur. O,1982 VDNX- nın bürünc medalı,1995 və 1998-ci ildə Heykəltəraşlıq nominasiyasında Milli “Humay” mükafatı almışdır. Xanlar Əhmədov 2002-ci ildə Azərbaycanın Əməkdar rəssamı, 2006-ci ildə Azərbaycanın Xalq rəssamı fəxri adına layıq görülmüşdür Onun əsərləri Fransa, Almaniya, İran, Polşa, Rusiya, Ukrayna, Özbəkistan və digər ölkələrdə nümayiş etdirilib. Bir sıra əsərləri müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanılır.

 

 

Xəlil Musayev

Xəlil Musayev 1890-cı ildə Dağıstanın Çox kəndində anadan olmuşdur. O, 1912-ci ildə Tiflis İncəsənəti Təşviq Cəmiyyəti yanında Rəssamlıq və Heykəltəraşlıq Məktəbinə qəbul olmuşdur. 1914-cü ilin iyulunadək Bavariya Təsviri sənət Akademiyasında Qabriel Ritter fon Hakenin sinifində təhsil almışdır. Amma I Dünya müharibəsinə zamanı təhsilini yarımçıq qoyur və vətənə dönmüşdür. Xəlil Musayev 1912-1913- cü illər arası “Molla Nəsrəddin”, “Kəlniyət”, və rusdilli “Baraban” satirik məcmuələrində “Qəribə tərəzi”, “Bizim əyləncələrimiz”, “Bizim əyləncələrimiz”, “Rus və müsəlman qadını”, “Şamaxıda məktəb barəsində şura” – ümumilikdə 20-yə yaxın karikaturası dərc olunmuşdur. O, 1917-ci ildən Dağıstanın “Tenq Çolpan” (“Dan Ulduzu”) satirik jurnalının nəşrində iştirak etmişdir. Xəlil Musayev akvarellə çəkilən rəsm, portret və mənzərə ustası kimi məşhurdur. Xəlil Musayev 1920-ci ildə Xalq Maarif Komissarlığında İncəsənət bölməsinin rəhbəri olmuşdur. Rəssam 1925-ci ildə Bavariya Təsviri Sənət Akadenmiyasına qayıtmış və təhsilini başa çatdırmışdır. Daha sonra Bavariya Rəssamlar Gildiyası üzvlüyünə qəbul olumuşdur. O, 1925-1947- ci illərdə Cenevre, İstanbul, Münxen, Roma, Berlin, Florensiya, Madrid, Tehran, Nyu-York kimi şəhərlərdə sərgilər keçirmişdir. Xəlil Musayevin Luiza Laporta birgə yazılan “Sonuncu bahadırlar ökəsi” adlı kitabı 1936-ci ildə Münxendə çap olunmuşdur. Rəssam 1942-ci ildən etibarən Bakıda nəşr edilən “Kəlniyyat”və “Molla Nəsrəddin” jurnallarında əməkdaşlıq etmişdir. Xəlil Musayev 1949-cu ildə vəfat etmişdir.

 

 

Xurşidbanu Natəvan

Xurşidbanu Mehdiqulu qızı Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlmuşdur. Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan dövrünə görə mükəmməl təhsil almışdır. Onun tərbiyəsi ilə Qarabağın məşhur insanlarından biri – öz hesabına Qarabağ ərazisində bir çox dini və ictimai binalar tikdirmiş bibisi Gövhər xanım məşğul olmuşdur. Natəvan ərəb və fars dillərini öyrənmiş, musiqi, şeiri, rəssamlığı sevmişdi. Artıq gənc yaşlarında Natəvan bir çox elmləri öyrənmiş və Firdovsi, Nizami, Sədi, Hafiz, Nəvai, Füzuli kimi klassiklərin əsərlərini oxumuşdur. Xurşidbanu Natәvan gözәl şair, ictimai xadim, hәm rәssam vә bәdii tikmә ustası olmuşdur. Şairәnin çәkdiyi rәsmlәr o dövrdә yaradılan tәsviri sәnәt nümunәlәri arasında özünәmәxsusluğu ilә seçilir. Natəvanın 1886­cı ildә hazırladığı 227 sәhifәlik albomu, M.Füzuli adına Әlyazmalar İnstitutunda saxlanılır. Mütәxәssislәrin “Gül dәftәri” adlandırdıqları bu albomda şairә­rәssamın yazdığı on üç qәzәllә yanaşı, sulu boya vә karandaşla çәkdiyi müxtәlif mәnzәrә vә bitkilәrin tәsvirlərə dә rast gәlmәk mümkündür. Natəvanın rəsmləri qәdim Çin­uyğur bәdii әnәnә və ümumilәşdirmәlәri ilә Tәbriz miniatür mәktәbi nümunәlәri ilә sәslәşir. Naturadan çәkdiyi “Üzüm salxımı”, “Lalә”, “Gül”, “Çiçәk”, “Süsәn”, “Qәrәnfil” vә s. rәsmlәri Azәrbaycan tәsviri sәnәtindә sonradan geniş yayılacaq natürmort janrının ilkin nümunələri olması baxımından da әhәmiyyәtlidir. Xurşudbanu Natәvan həmin albomda çәkdiyi “Bülbül”, “Bәnövşә”, “Gül”, “Qәrәnfil” vә “Pәrvanә” tәsvirlәrinin yanında şeirlәrini yerlәşdirmәklә әdәbiyyatla tәsviri sәnәtin seçilən sintezini yaratmağa nail olmuşdur. Bütün bәdii yaradıcılığı boyu Xan qızı nәbati motivli rәsmlәri ilə yanaşı, fauna hәsr etdiyi әsәrlәri də çəkmişdir. Onun artıq Azәrbaycan tәsviri sәnәtindә möhkәmlәnmәkdә olan Qәrb rәssamlığına xas ifadә vasitәlәrindәn geniş istifadә etmәsini çәkdiyi mәnzәrәlәrdә görmək mümkündür. Bu mәnzәrәlәr özündә hәm ayrı­ayrı tәbiәt detallarını, hәm dә şәhәr vә dәniz mәnzәrәlәrini әhatә edir. Natәvanın Qarabağ ünvanlı lövhәlәrlә yanaşı, “Bakı mәnzәrәsi”, “Dağlara yol”, “Dәniz kәnarı”, “Mәscidli qala”, “Sahil kәnarında körpü” rəsmlərində müşahidә etmәk olar. Xurşidbanu Natəvan Tiflisdә oğlu Mehdiqulu xanın yanında olarkәn çəkmiş olduğu “Metex qalası”, “Şeyx Sәnan dağı”, “Narınqala”, “Kür qırağı” vә “Müctәhid bağı” mәnzәrәlәri xüsusi tarixi әhәmiyyәt kәsb edir. Gürcüstan paytaxtının XIX әsrdəki görkәmi təsvir edilmişdir. Xurşudbanu Natәvanın “Gül dәftәri”nә daxil edilmiş bәdii yaradıcılıq nümunәlәri arasında tarixi әhәmiyyәtә malik digәr rәsmlәrindә Şeyx Şamilin evinin vә “Qunib qalası”ın rəsmi vardır. Ehtimal edilir ki, bu rәsmlәr şairәnin hәyat yoldaşı Xasay xan Usmiyevlә birlikdә Dağıstana sәfәrlәri zamanı çәkmişdir. Natәvanın C.Cabbarlı adına Azәrbaycan Dövlәt Teatr Muzeyindә qorunan gül­ çiçәk motivli dörd rәsm әsәri dә, özünün ifadәli görünüşünә vә incә rәng hәllinә görә maraq doğurur. Xurşudbanu Natәvan qrafika vә dekorativ­tәtbiqi sәnәt sahәsindә yaratdığı әsәrlәri ilə XIX әsr Azәrbaycan incәsәnәtinin inkişafında mühüm rol oynamışdır. Xurşidbanu Natəvan 2 oktyabr 1897-ci ildə Şuşa şəhərində vəfat etmişdir.

 

 

Yaqub Mehdiyev

Mehdiyev Yaqub Ağa oğlu 26 mart 1948-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1967-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1972-cı ildə Moskva Ali Rəssamlıq məktəbinin monumental dekorativ rəngkarlıq fakültəsini bitirmişdir. O, müxtəlif monumental bədii tərtibat işlərinin müəllifidir. Onun əsərləri, Rusiyada, İranda, Türkiyədə, nümayiş edilib. Yaqub Mehdiyev 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Yaqub Mehdiyev 1999-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunda, 2000-cı ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında baş müəllim işləyir. Rəssam respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Yavər Əsədov

Əsədov Yavər Şahsuvar oğlu 3 may 1956-cı il Cəbrayıl rayonunda anadan olmuşdur. O, 1975-ci ildə Ə.Əzimzadə adına Azərbayca Dövlət Rəssamlıq məktəbini, 1980-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Rəssam 1981-cı ildən Jurnalistlər birliyinin üzvüdür. Yavər Əsədov 2000-2004- cü illər arasında “Zarafat” qəzetinin baş redaktoru olmuşdur. Yavər Əsədov respublikada və xaricdə keçirilən beynəlxalq karikatura sərgilərinin iştirakçısı olmuşdur.

 

 

Yelena Haqverdiyeva

Haqverdiyeva Yelena Rafail qızı 26 avqust 1963-cü ildə Rusiyanın Xabarovsk şəhərində anadan olmuşdur. O, 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəngkarlıq fakültəsini bitirmişdir. Rəssam “Naməlum qadın”, “Günəşli bir gün”, “Dərviş”, “Gəzinti”, “Park”, “Filarmoniya”, “Qızıl bağ” əsərlərin müəllifidir. Yelena Haqverdiyeva 1997-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. Yelena Haqverdiyeva “Art Caucasus” (2004. Tbilisi), Beynəlxaq incəsənət sərgisi (2004, Alma-ata), Beynəlxalq simpozium (2003. Şəki), Beynəlxalq rəsm simpoziumu (2003. Kazaxstan), “Abşeron” (2002. Bakı), ЦДХ-2000 (2000. Moskva), “Land art” (2000. Moskva), “The Labyrinth Show” (1998) sərgilərində iştirak etmişdir.

 

 

Yelizaveta Tripolskaya

Yelizaveta Rodionovna Tripolskaya Poltava quberniyasının Oposnya kendində anadan olmuşdur. Heykəltaraş Azərbaycanda otuz ildən artıq fəaliyyət göstərmişdir. E.R.Tripolskayanın monumental xarakterli ilk böyük işi Elmlər Akademiyası Rəyasət heyətinin yerləşdiyi binanın interyerini bəzəyən barelyef və qorilyeflərin müəllifidir. 1923-cü ildə heykəltəraş E.Tripolskaya memar İ.Lalaviçlə “26 Bakı Komissarının” əsərini işləmişdir. E.R.Tripolskaya Samur-Dəvəçi kanalının quraştırılmasında iştirak etmişdir. Naturadan işləyərkən ümumiləşmiş “Kolxozçu” obrazını yaradır. E.R.Tripolskaya tərəfindən Nizami adina Milli Ədəbiyyat Muzeyinin eyvanındakı altı heykəldən birinin – Xurşudbanu Natəvanın obrazını yaratmışdır. E.R.Tripolskayanın müharibə dövrü və 1950-ci illərdə yaratdığı işlərdən’ “R.Yelçiyev” və Sovet İttifaqı Qəhrəmanı “M.Abbasova” portretləri diqqətə layiqdir. Müharibədən sonrakı illərdə heykəltəraş kiçik formalı heykəllər üzərində işləmişdir. O, Verbilkanın farfor zavodunun istehsalını bilavasitə öyrənmiş (1930- 34), “Türkmən”, “Türkmən qızı”, “Azərbaycanlı qadın çadrada”, “Hambal”, “Türkmən şaxmatı”, “Sosializim sənayesi” kimi stolüstü heykəllər yaratmışdır. E.R.Tripolskayanın bütün yaradıcılıq yolu qadın obrazları ilə bağlıdır. Bu əsərlər stolüstü heykəlciklərdən tutmuş böyük həcmli mövzuları da əhatə edir. “Bakılı qadın çadranı atarkən”, “Çadralı qadın”, “Hambal” əsərləri Azərbaycanın inqilabdan sonrakı dövrünü təsvir edir. E.R.Tripolskaya 1928-ci ildə Azərbaycan SSRİ Rəssamlar İttifaqının üzvü olmuş,1955-ci ildə R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində kiçik biçimli işlərindən ibarət fərdi sərgisi keçirilmişdir. Yelizaveta Tripolskaya 6 noyabr 1958-ci ildə Bakıda vəfat etmişdir.

 

 

Yusif Mirzəyev

Mirzəyev Yusif Əli oğlu 1 iyun 1959-cu ildə Laçın şəhərində anadan olmuşdur. O, 1981-ci ildə Azərbaycan Pedoqoji İnstitutunun rəsm-rəsmxətt ixtisası üzrə bitirmişdir. Yusif Mirzəyev 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın 1980-ci ildən bu günə kimi səkkiz fərdi sərgisi keçirilmişdir. Rəssam “Avtoportret” (1995), “Ailə” (1996), “Xatirə” (1998), “Dialoq” (2002), “Yaz” (2003),“Ayrılıq” (2005), “Adəm və Həvva” (2008), “Ağ gəmi” (2009), “Unudulmuş şəhər” (2010) adlı əsərlərin müəllifidir. O, 1983-cü ildən beynəlxalq və respublika sərgilərində iştirak etmiş və diplomlara layiq görülmüşdür. Onun əsərləri, Moskva, Gürcüstan, Almaniya, Türkiyə, və Azərbaycanda nümayiş edilmişdir.

 

 

Yusif Hüseynov

Hüseynov Yusif İsmayıl oğlu 15 oktyabr 1928-ci ildə anadan olmuşdur. O, 1949- cu ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbinin və 1955-ci ildə V.İ Surikov adına Moskva Dovlət rəssamlıq İnstitutunu bitirmişdir. Yusif Hüseynovun yaradıcılığı Azərbaycan qrafikasının 1950-ci illərinə aiddir. Rəssam yaradıcılığı kitab və dəzgah qrafikası, siyasi plakatlarlar və rəngkarlıq əsərləri ilə zəngindir. Rəssamın ilk illüstrasiyalarından Moskvada “Gənclik” Y.Akimın şeirləri üçün çəkdiyi rəsmləri qeyd etmək olar. Yusif Hüseynov N.Nərimanov “Bahadur və Sona”, M.Əliyeva “Dağların oğlu”, S.Rəhimov “Gülən balıq” (1964) kitablarına illustrasiyalar çəkmişdir. O, eləcə də “Tapmacalar”, “Cücələr”, “Əkil-Bəkil” uşağ kitablarına akvarel rəsmlərin müəllifidir. Rəssam 1951-ci ildə Asıya və Afrika azadlıq hərəkatına həsr olunmuş plakatlar yaratmışdır. İlk dəzgah ilustrasiya sisiləsi Mehdi Hüseyn “Komisar” romanına çəkilmiş rəsmlədir (“Ailə faciəsi”, “Ana ilə görüş”) . Rəngkarlıq əsərlərinən “Yelkənlər”, “Kürün sahilində”, “Toy”, “Gənclik”, “May 1945-ci il”, “Araz”, “Balıqçılar” qeyd etmək olar. 1961-ci ildən Ə.Əzimzadə adına rəssamlıq məktəbində, 1964-cu ildən Azərbaycan Dövlət İncəsənət Universitetində, 2000-ci ildən Azərbaycan Dövlət Rəsm Akademiyasında pedaqoji fəaliyyət göstərmişdir. Yusif Hüseynov 1964-cü ildə Əməkdar rəssamı, 1979-cu ildə Xalq rəssamı fəxri adlarına layıq görülmüşdür. Yusif Hüseynov 1 sentyabr 2009-cu ildə vəfat etmişdir.

 

 

Zahid Hüseynov

Hüseynov Zahid İsa oğlu 20 mart 1945-ci ildə Gürcüstanın Qaraçöp mahalında anadan olmuşdur. O, 1970-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını monumental keramika ixtisası üzrə bitirmişdir. Zahid Hüseynov 1975-ci ildən SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvü, 1998-ci ildən isə Gürcüstan Rəssamlar İttifaqının üzvüdür. Zahid Hüseynov mövzu baxımından çoxsaylı maraqlı əsərlər yaratmışdır. Bir çox beynəlxalq, ümumittifaq və respublika sərgilərinin, simpoziumlarının iştirakçısı olmuşdur. O, 1998-ci ildə Tbilisidə keçirilən keramika üzrə I Beynəlxalq simpoziumda rəssamın “Əsrin müqaviləsi” əsəri qızıl medala layiq görülmüşdür. Rəssamın yaratdığı monumental və keramika nümunələri Azərbaycan, Gürcüstan, Rusiya, Latviya, Litva, Türkiyə, Rumıniya, Macarıstan Almaniya, İtaliya və s. ölkələrdə uğurla nümayiş etdirilərək müasirliyi, milli koloriti, aktuallığı ilə seçilir. Zahid Hüseynovun monumental divar rəsmlərini həm ölkəmizdə (Naftalan, Yardımlı, Lənkəran, Astara, Ağcabədi və s.), həm də xaricdə Moskva və Çernobılda görmək olar. Gürcüstanda (Qaraçöp) ucaldılmış “Tbilisi, 9 aprel 1989 – Bakı, 20 yanvar 1990-cı il” monumental əsərin müəllifidir. Bu əsərə görə o, Gürcüstan Respublikasının ən yüksək dövlət mükafatı ilə təltif edilmişdir. Zahid Hüseynov 2006-cı ildə Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülmüş, Gürcüstan Respublikasının “Şərəf” ordeni ilə təltif edilmişdir. Zahid Hüseynov 27 iyul 2012-ci ildə vəfat etmişdir.

 

 

Zakir Əhmədov

Əhmədov Zakir Əhməd oğlu 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1978-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin, 1988-ci ildə isə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun heykəltəraşlıq fakültələrini bitirmişdir. Zakir Əhmədov 1978-ci ildən dünyanın bir çox ölkələrində keçirilən sərgilərdə iştirak edir. 1985-ci ildə Finlandiyada Azərbaycan günləri (1985), SSRİ xalqlarının sərgisi (1986), Bakıda Azərbaycan günləri (1987), Moskvada Sovet gənclər günləri (1988) Polsada müasir heykəltəraşlıq sərgisi (1989), Bakıda qrup (2006, 2013) sərgilərdə iştrak etmişdir. Heykəltəraşın “Doğma Azərbaycan” (Metro “Azadlıq”. 2009) divar qabartmaları, “Köhnə Bakı” divar qabartmaları (Nizami küçəsində. 2010), “Çayçı” heykəli (Zabitlər Parkı 2011), “Köhnə Bakı” (Üzeyir Hacıbəyov küçəsi. 2011), İçərişəhərdə “Qoca bağban” (2012) heykəllərini qeyd etmək olar. Zakir Əhmədov “Yaz” (1984), “Toy” (1998), “Fortuna” (1999), “Sevgi” (2002), “Yeddi gözəl” (2005), “Muğam” (2006) və s əsərlərin müəllifidir. Heykəltəraş 1989-cu ildə Azərbaycan və SSRİ Rəssamlar İttifaqının üzvü seçilib.O, 2005-ci ildə "Humay" milli mükafatına layiq görülüb. Rəssamın fərdi sərgiləri Bakıda (1995, 1998, 1999, 2000), Ankarada (2003),. İstanbulda (2004), Antalyada (2005) keçirilmişdir Zakir Əhmədovun heykəlləri Azərbaycan, Türkiyə, Rusiya, Polşa, Çexiya, Cənubi Afrika, Fransa, Almaniya, Böyük Britaniya, ABŞ və başqa ölkələrin şəxsi kolleksiyalarda saxlanılır.

 

 

Zakir Həsənov

Həsənov Zakir İkram oğlu 12 sentyabr 1951-ci ildə Gəncədə anadan olmuşdur. O, 1969-1973- cü illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində təhsil almışdır. Zakir Həsənov 1981-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam respublika dövlət yubileyləri, sərgilər, şəhər və rayonların tərtibatı, Azərbaycan müstəqilliyi, Xocalı soyqırımı, xalq sənətlərin aşkarlanması və bərpası üzərində işlər aparılmasında fəal iştirak edir. Onun əsərləri Gürcüstan, Moskva, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilib.

 

 

Zenfira Əliyeva

Əliyeva Zenfira Hüseyn qızı 23 sentyabr 1947-ci ildə Bakıda anadan olmuşdur. O, 1966-cı ildə Əzim Əzimzadə adına Bakı dövlət Rəssamlıq Məktəbini, 1973-cü ildə V.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. Zenfira Əliyeva 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun əsərləri Türkiyə, Gürcüstan, Azərbaycanda nümayiş edilmişdir. Rəssam “Narla qız”, “Natürmort”, “Yatmış körpə ilə ana”, “Rəssamın portreti” əsərlərinin müəllifidir. Rəssam 1982-2001- ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəngkarlıq kafedrasının dossentidir. Zenfira Əliyeva respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.

 

 

Zeynalabdin İsgəndərova

İsgəndərova Zeynalabdin Əli oğlu 26 iyul 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 1970-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1977-ci ildə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. Zeynalabdin İsgəndərov 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Heykəltəraş 1979-cu ildən Respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Onun iki fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Zeynalabdin İsgəndərov 2011-ci ildə İtaliyanın Roma şəhərində keçirilən Beynəlxalq heykəltaraşlıq Simpoziumunda iştirak edib və Simpoziumun mükafatına layiq görülmüşdür. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, İtaliya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. Rəssam 1977-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dosent vəzifəsində işləyir. Zeynalabdin İsgəndərova 2006-ci ildə Azərbaycanın Əməkdar rəssamı fəxri adını almışdır.

 

 

Zəkiyə Axundova

Axundova Zəkiyə Əlipaşa qızı 8 iyul 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1969-cu ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1976-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “sənaye qrafikası” fakültəsini bitrimişdir. Zəkiyə Axundova dekorativ tətbiqi sənət sahəsində çalışmışdır. Zəkiyə Axundova 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1993-cü ildən Əzim Əzimzadə adına rəssamlıq kollecində ixtisas müəllimi kimi işləmişdir. Rəssam 1970-ci ildən Sovet Azərbaycanın 50 illiyi münasibətilə keçirilən sərgidə “Yubiley vazası” ilə iştirak etmişdir. O, “Qobustan vazası”, “Abşeron” çay dəsti, Şamotdan hazırlanmış dekorativ bulud “Həvva”, şüşə qablardan “Qırmızı lalə”, “Tülpan”, dekorativ vazaların müəllifidir.

 

 

Zivər Məmmədova

Şərqin ilk heykəltəraş qadını Zivər xanım Məmmədova 1902-ci ildə Bakı şəhərində Nəcəfqulu Tağıyevin ailəsində anadan olmuşdur. O, ilk orta təhsilinə yeddi yaşında “Müqəddəs Nina” qızlar gimnaziyasında başlamışdır. Zivər xanım Azərbaycan rəssamlıq məktəbində oxumaqla yanaşı Dövlət türk musiqi məktəbinin skripka bölməsində təhsil almışdır. Zivər xanım Şərqin ilk heykəltəraş qadını olmaqla yanaşı həmdə gözəl skripka çalırdı. Üzeyir Hacıbəyov öz sevimli skripkasını ona bağışlamışdır. Zivər xanım 1924-cü ildə Bakı Ali Rəssamlıq məktəbini bitirmiş, bir müddət S.D. Erziya və P.V. Sabsayın emalatxanasında çalışmışdır. Zivər xanım portret ustası kimi tanınmış və zəngin bir qalereya yaratmışdır. O, hələ tələbəlik illərində Hüseynqulu Sarabskinin büstünü yaratmışdır. Sonralar isə Məhsəti Gəncəvinin, Nizaminin əsərlərinə illüstrasiyalar işləmişdir. Sənətkar 1930-40- cı illərdə rəssam Əzim Əzimzadə, Sali Süleyman, Gəray Əsədov, İdris Süleymanov və Hüseynbala Əliyevin portretlərini yaratmışdır. Zivər xanımın yaratdığı ilk qadın təyyarəçilərindən olan Leyla Məmmədbəyova və pambıqçı Bəsti Bağırovanın büst əsərləri dövrünün gözəl heykəltəraşlıq nümunələrindəndir. Sənətkar dəfələrlə Üzeyir Hacıbəyov obrazına müraciət etmiş, böyük ustadın bir neçə variantda büst və heykəlini yaratmışdır. O, görkəmli pedaqoqun mühazirələrinin dinləyicisi olmuş, bəstəkarın 1922-ci ildə yaratdığı və rəhbərlik etdiyi Dövlət Simfonik Orkestrində skripka çalmış, 1923-cü ildə “Arşin mal alan” operettasının ilk tamaşasında əsas ifaçılardan olmuşdur. Zivər xanım 1924-cü ildə Həbib Məmmədovla ailə qurur. İlk övladı Gülbəniz xanım, bir il sonra isə gələcəkdə tanınmış heykəltəraş kimi ad qazanacaq oğlu Tokay dünyaya gəlir. Zivər Məmmədova sevimli müəllimi Əzim Əzimzadənin obrazınada müraciət etmişdir.Həmin abidə Fəxri xiyabanda Əzim Əzimzadənin məzarı üzərindədir. Zivər Məmmədova milli heykəltaraşlıq sənətimizin ilk yaradıcılarından sayılır. O, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, musiqisinin inkişafında mühüm xidmətləri olan insanların bədii obrazları, daşlaşmış surətlərini yaratmağa böyük əmək sərf etmişdir. Zivər Məmmədova 22 aprel 1980-ci ildə Bakıda vəfat etmişdir.

 

 

Ziya Kərimbəyli

Ziya Kərimbəyli 1922-ci ildə anadan olmuşdur. O, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. Rəssam 1952-ci ildən “Kirpi” jurnalı ilə əməkdaşlıq etmişdir. Daha sonra “Təbliğat plakatı”nda çalışmışdır. Ziya Kərimbəyli məişət nöqsanları tənqid edən çoxlu qəzet və jurnal karikaturalarının, din əleyhinə satirik plakatların müəllifidir.

 

 

Zülfüqar Fərzəliyev

Fərzəliyev Zülfüqar İslam oğlu 14 dekabr 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, daha sonra Tblisi Rəssamlıq Akademiyasını bitirmişdir. Zülfüqar Fərzəliyev 1982-ci ildən Azərbaycan Rəssamalar İttifaqının üzvüdür. Rəssam Azərbaycan Mədənyyət və Turizm Nazirliyinin Təsviri incəsənət idarəsinin rəis müavini, Respublika Bədii ekspert komissiyasının sədri olmuşdur. O, beynəlxalq byennal, beynəlxalq qrup sərgilərin fəal iştirakçısıdır. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. Zülfüqar Fərzəliyev 1992-ci ildə Azərbyacanın Əməkdar İncəsənət xadimi fəxri adına layiq görülmüşdür. Rəssam 1980-cı ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.