• Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “İzmir Dövlət Türk Dünyası Dans və Müzik Topluluğu” və “Tolige” qrupların konserti
07.08.2017

Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “İzmir Dövlət Türk Dünyası Dans və Müzik Topluluğu” və “Tolige” qrupların konserti

Uğurla davam edən Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalının dördüncü günü, iyunun 30-da günorta saatlarında musiqisevərlər Türkiyədən gəlmiş “İzmir Dövlət Türk Dünyası Dans və Müzik Topluluğu”nun çıxışını izləyiblər. XVIII əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana-kompleksinin həyətində keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, festivala dəvət olunan qonaqlar, musiqisevərlər iştirak ediblər. İzmir kollektivinin solisti Yusuf Bayırbeyin türk və Azərbaycan dilində ifa etdiyi bəstəkar və xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertin sonunda kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim edilib. Davam edən “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyunun 30-da axşam musiqisevərlərə Gürcüstanın “Tolige” uşaq xoreoqrafik ansamblının konserti təqdim olunub. “Marxal” müalicə-istirahət kompleksinin Yay Teatrında keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, musiqisevərlər, həmçinin kompleksdə istirahət edən yerli və xarici qonaqlar iştirak ediblər. Konsert zamanı rəqs ansamblının təqdim etdiyi bir-birindən maraqlı, oynaq, şux rəqslər, həmçinin Şəkinin gənc musiqiçilərinin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertdən sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək festivalda fəal iştirak etdiklərinə görə Gürcüstan rəqs kollektivinin üzvlərinə təşkilatçılar adından minnətdarlıqlarını bildiriblər. Kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.