07.08.2017

Şəki şəhəri «Yuxarı Baş» tarix-memarlıq qoruğu . “Şəki Xan Sarayı”

Antik mənbələrdəki məlumata əsasən əsası eramızdan əvvəl birinci minillikdə , təxminən 2700 il bundan qabaq qoyulmuş Şəki (köhnə Nuxa) şəhəri Azərbaycanın şimal-qərbində Böyük Qafqaz sıra dağlarının ətəklərində , təbiətin füsunkar bir guşəsində yerləşir. Şəhərin adı eramızdan əvvəl VII əsrdə Azərbaycan ərazisinə gəlib burada yaşamış saklarla bağlıdır. Orta əsrlərə aid mənbələrdə onun adı Şəkə, Şaka, Şəkin kimi müxtəlif şəkillərdə işlənmişdir. Şəki şəhəri uzun müddət Nuxa da adlandırılmışdır. Şəhər III-IV əsrlərdə Azərbaycanın şimal hissəsi – Qafqaz Albaniyasının şimal qərbində yerləşən Şəki vilayətinin mərkəzi idi. Şəki Azərbaycanın açıq səma altında muzey-şəhəridir. Şəkinin 233 ha ərazini əhatə edən tarixi hissəsi Azərbaycan Respublikası Nazirlər Sovetinin 24.11.1967-ci il tarixli 594 saylı Qərarı ilə “Yuxarı Baş” Dövlət tarix- memarlıq qoruğu elan edilmişdir. Qoruğun ərazisində dünya memarlıq abidələrinin ən gözəl nümunələrindən olan Şəki Xan Sarayı yerləşir. Azərbaycan orta əsr memarlığının klassik nümunələrindən olan Şəki Xan Sarayı , xalq arasında ona "Müştaq imarəti" də deyilir, memarlığın və boyakarlığın harmonik sintezindən yaradılmış bir abidədir. Öz orijinallığı ilə seçilən Şəki xanlarının yay sarayı 1761-1762-ci illərdə Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə tikilmişdir. Qala divarları ilə əhatə olunan Xan sarayı ikimərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir. Binanın hər iki mərtəbəsi eyni quruluşdadır. Sarayın bütün giriş qapıları və pəncərələri şəbəkə üsulu ilə hazırlanıb. Onların hazırlanmasında mismar və yapışqandan istifadə olunmamışdır. Müxtəlif rəngli şüşələrdən yığılmış pəncərələrin sadə hissələrində hər bir kvadrat metrdə beş mindən çox , mürəkkəb hissələrində isə on dörd minə yaxın taxta və şüşə parçaları var. Abidədə işlədilən şəbəkələr çinar, digər taxta qisimləri isə fıstıq ağacından yığılmışdır. .Mürəkkəb stalaktitli portallar iki yarusla həll olunmuşdur. İkinci yaruslarda kiçik eyvanlar təşkil edilmişdir. Şərq portalının qapısı rəsmi qəbul, qərb portalının qapısı isə xanın şəxsi istifadəsi üçün istifadə edilirdi. Sarayın bütün qapılarının kandarında taxta arakəsmələr qoyulub. Bu qapıdan otağa keçənlərin başlarını əyərək , hörmət əlaməti olaraq , otaqda əyləşənlərə baş əymək mənasını verir. Həmin qapıların üstündə , 1895-1896- cı illərdə sarayın bərpa işlərində iştirak etmiş şamaxılı naqqaş Mirzə Cəfərin adı qeyd edilmişdir. Xan sarayında müxtəlif dövrlərdə , yəni 1848-1851 ; 1884-1887 ; 1895-1896 ; 1929 ; 1958-1966- cı illərdə bərpa və təmir işləri aparılsa da, illərin təsiri bu gözəl memarlıq abidəsində yenidən restavrasiya zərurətini yaratmışdır. Ümummilli liderimiz , cənab Heydər Əliyevin müstəqil Azərbaycan Dövlətinin rəhbərliyinə qayıdışından sonra , bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsinə də göstərdiyi diqqətin nəticəsində ölkəmizin bir çox tarixi abidələrinə, o cümlədən "Xan Sarayı"na ikinci həyat verildi. Belə ki , Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Asossasiyasının arasında bağlanmış kredit sazışı əsasında "Mədəni İrsin Qorunması " layihəsi həyata keçirilirdi. Bu layihə çərçivəsində Şəki "Xan Sarayı"nın əsaslı təmirini 2002-ci ilin sentyabr ayından 2004-cü ilin noyabr ayına kimi həyata keçirmişlər. 2002-ci ilin noyabr ayında Heydər Əliyev şəxsən abidədə aparılan işlərlə tanışlıq məqsədilə Şəki “Xan Sarayı”nı ziyarət etmişdir. Düşünülmüş memarlıq planlaşma kompozisiyasına malik olan saray dövrünün ən kamil binası kimi memarlıq xəzinəmizi zənginləşdirir.