21.08.2017

Sumqayıt şəhər Dövlət Rəsm Qalereyası

1967-ci ildə daha bir mədəniyyət obyekti – Sumqayıt şəhər Sərgi Salonu təsis edildi. 1981- ci ilə qədər Azərbaycan Rəsmlər Qalereyasının filialı kimi fəaliyyət göstərmiş, elə həmin il , dekabrın 31-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 583 saylı sərəncamı ilə Sumqayıt Dövlət Rəsm Qalereyası statusu almışdır. Qalereyanın fonunda 280 rəsm əsəri var. Yarandığı gündən bu günə qədər Sumqayıt şəhər Rəsm Qalereyasında Azərbaycan təsviri incəsənətinin inkişafında mühüm rolu olan bir çox xalq rəssamlarının, həvəskar rəssamların, xarici ölkə rəssamlarının fərdi sərgiləri nümayiş olunur. Son illər Sumqayıt şəhər Dövlət Rəsm Qalereyasında nümayiş olunan sərgilər mövzuca daha rəngarəng olması ilə seçilir. “Sumqayıt – doğma şəhərim mənim”, “Narkomaniya – əsrimizin bəlasıdır” mövzularında tərtib olunmuş sərgilər, III Respublika karikatura sərgisi, Azərbaycanda məskunlaşan məcburi köçkün uşaqların rəsm əsərlərindən, məktəblilərin dekorativ – tətbiqi sənət sahəsinə aid olan əl işlərindən ibarət olan sərgilər, “Gənclər şəhərinin palitrası”, “Xalq Sənətkarlarının İnteraktiv Sərgisi”, Sumqayıt rəssamlarının əsərlərindən ibarət “Rənglərin aləmi” adlı sərgilər, gənc rəssamların fərdi sərgiləri, məktəblilər arasında sərgi- müsabiqələr keçirilir. İstər əlamətdar günlər – “18 Oktyabr-Dövlət Müstəqilliyi Günü”, “17 Noyabr- Dirçəliş Günü”, “15 İyun-Qurtuluş Günü”, ”31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” ilə bağlı, istərsə də tarixə qanla yazılmış günlər – “20 Yanvar”, “Xocalı” faciəsi, “31 Mart – Azərbaycanın soyqırımı günü” ilə bağlı tərtib olunmuş sərgilər ənənəvi olaraq hər il qeyd olunur. Sumqayıt şəhər Dövlət Rəsm Qalereyası bu gün də öz işini inamla davam etdirir.