07.08.2017

Təsviri Sənət

Təsviri sənətin nəzəriyyəsi, növləri və janrları: İncəsənət ictimai şüurun formalarından biridir. İncəsənət insanın mənəvi aləminin onun həyata bədii estetik münasibətin ifadəsidir və nəhayət, incəsənət həyatın bədii əksidir. İncəsənətin müxtəlif növləri məlumdur. Məsələn, memarlıq, heykəltaraşlıq, xalçaçılıq, teatr, ədəbiyyat, kino, musiqi, aktyor sənəti və s. Təsviri sənət İncəsənətin bir növüdür. Xalq arasında incəsənət sözünün mənası bacarıq, ustalıq deməkdir. Təsviri sənət hər hansı bir əşyanı fəzada düzgün qeyd etmək və yaxud fikrindən keçəni təsvir etmək bacarığıdı. Təsviri sənət deyəndə insanın bədii yaradıcılığı nəzərdə tutulur. Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustanın "Böyükdaş", "Kiçikdaş", "Cingirdağ", "Şonqardağ" və digər qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri – piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir. Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələri e.ə. 8-ci minilliyə təsadüf edir. Qədim meqalitik abidələr, menhirlər, dolmenlər, mağaralar, müdafiə tikililəri, kurqanlar, metal alətlər, dulusçuluq, zərgərlik sənəti Azərbaycan yaşayış məskəni üçün xarakterik olmuşdur. Monumental qaya rəsmlərində xalqın mədəniyyəti və estetik təsəvvürləri öz ifadəsini tapmışdır. Füzuli şəhərinin yaxınlığındakı Azıx mağarası (uz. 215-220 m) Azərbaycanın dünyada ən qədim insan məskənlərindən biri olduğunu sübut edir. Orta əsrlərdə Azərbaycan təsviri sənəti dekorativ tətbiqi sənətlə vəhdət təşkil etmiş, Gəncə, Beyləqan və digər şəhərlərdən tapılmış keramika nümunələri üzərində nəbati və həndəsi ornamentlərlə yanaşı, iti caynaqlı quşu, yaxud vəhşi heyvanı oxla vuran cəngavər təsvir edilmişdir. Bu dövr Azərbərbaycan İntibah mədəniyyəti Nizami Gəncəvinin yaradıcılığı ilə sıx bağlı olmuş, o, poemalarında memar, heykəltəraş, nəqqaş və rəssam obrazları yaratmışdır (Fərhad, Şapur, Simnar). Təsviri sənətə daxildir: – rəngkarlıq; -qrafika; – heykəltaraşlıq; – dekorativ tətbiqi sənət:
1. Rəngkarlıq
2. Qrafika
3. Heykəltaraşlıq
4. Dekorativ-tətbiqi sənət